adalet.az header logo
  • Bakı 13°C
05 May 2020 08:16
92515
ƏDƏBİYYAT
A- A+

Bərk dirəşsən Anardan lap çox pul alarsan - Vahid Qazi yazır

1981-ci ilin yayı yaddaşımda Şuşaya aşiq olduğum yay kimi qalıb. O yayın az qala hər günü dünən kimi yadımdadır. Hövsələni basıb yazsan, inanın, bir kitab eləyər…

Atamın dostları Hafiz əmi, Vahid əmi ailələriylə birgə "Turbaza”ya yaxın beşmərtəbəli evin axırıncı mərtəbəsində üzbəüz mənzilləri kirayələmişdilər. Məni də aparmışdılar. Gah Hafiz əmigildə, gah da Vahid əmigildə qalırdım. Şəhərin yuxarı başı olduğundan hər yan ovuc içi kimi görünürdü.

Hafiz Sədrzadə məşhur Şuşa müctəhidi Məhəmməd ağanın oğludur. Ağdam, Şuşa məscidlərində azan onun lentə alınmış səsiylə verilirdi.

Ötən əsrin 70-80-ci illərində isə Hafiz əmi azan oxumurdu, Qarabağ toylarının ən hörmətli xanəndələrindən idi. Yanıqlı səsinə indi də tüküm biz-biz olur. İllər öncə "Şeyximizin bəyənmədiyi azan sədası dünyanı dolaşır” yazısında ondan söz açmışam.https://vahidqazi.com/…/seyximizin-b%c9%99y%c9%99nm%c9%99d…/

Vahid əmi isə Ağdamda qonşumuz idi. Dəli-dolu adam. Atamın xətrini çox istəyirdi. Yaşda xeyli kiçik olsa da, atam onunla tay-tuşu kimi rəftar edirdi. 02-68 AQE nömrəli yaşıl "Jiquli”miz vardı. O yay maşınımızı atamdan çox Vahid əmi sürən gördüm.

Vahid əminin yoldaşı çox qısqanc idi. Əlində durbin bütün günü balkonda bitib şəhərdə yaşıl "Jiqilu”ni gəzirdi. Qəribəydi, maşın hər gün dörd bir yanı dolansa da, axşama yaxın "Turbaza”ya gəlirdi. Belə vaxtlarda xanımın dediklərini eşitməmək üçün ən yaxşı yol Hafiz əmigilə keçmək idi.

Nə baş verdiyini anlamırdım deyə uşaq marağı məni bürüyürdü. Bir gün "ver mən də baxım” dedim. Durbini alıb baxanda nə görsəm yaxşıdır – Vahid əmi maşına söykənib kimisə gözləyir. Və budur, bir sarısaç turist qadın gəldi, maşınımıza minib teleqüllə tərəfə, oradan da aşıb Allah bilir hara getdilər.

Mən adaşımı çox istəyirdim. Bəlkə bu istəyə görəydi ki, hətta o boyda "cinayət”i bizim maşında elədiyini atama da demədim.
Bütün günü Vısotskinin mahnılarına qulaq asırdı. Hökumət haqda o vaxt anlamadığım qəribə şeylər danışırdı.

Urusetdən, başqa rayonlardan qonaqları gələndə həyətində açdığı məclisin səsi Ağdamın hər yanına çatmasa da, bizim "Köhnə hamam” məhləmizi başına götürürdü. Gah Rəmişin gitarasının səsi, gah Vısotskinin mahnıları ətrafa yayılırdı.
Məclislərin birində Rəmişin pianodakı ifasının səs yazısını bağışlamışdı mənə. Heyif, itirdim sonralar.

Qarabağda dava başlayanda, xüsusən də yollar bağlananda bölgəyə məsul olan məmur Polyaniçko cəsur adam kimi məhz onu özünə sürücü götürdü. Yaşadığı stresslər özünü göstərdi. Ağdamın işğalından əvvəl ürəktutmasından öldü.

***
Həmin yay atam dayımla Şuşadakı İstirahət evində dincəlirdilər. Hərdən onlarla da qalırdım. Ən çox da kino çəkilən günlər.
Anar Üzeyir Hacıbəyovdan film çəkirdi. "Uzun ömrün akkordları”nı. Çəkilişlər İstirahət evinin bağında aparılırdı. Elə xoşum gəlirdi o çəkilişlərə baxmaqdan! Ən çox da kadrarxası olayları seyr etməkdən zövq alırdım. Kino çəkənlər səhnəyə baxırdı, mən də onlara. Elə özü kino kimi bir şey idi kino çəkmək.
Atamla, dayımla birlikdə baxardıq. Onlar Cabbar Qaryağdı rolunu oynayan Qədir Rüstəmova azarkeşlik edirdilər. Mən də Anara.

Bir gün "Qaya” restoranında xəngəl yeyirdik. Anar da çəkiliş qrupundan bir neçə adamla aralıda, çinarın altındakı masada əyləşmişdi. Gördük Qədir Rüstəmov gəlir. Dayımı gözü aldı, masamıza yaxınlaşdı. Stul çəkib oturdu. Ona dəhşət maraqla baxırdım. Bəs necə, Ağdam camaatının kumiriylə bir stolda oturmuşdum.

Dayımın Qədirin yanında əməllicə hörməti varmış, nə desə, Qədir elə "düz deyirsən” deyirdi. Dayım gileyləndi ki, Anarı incitdiyindən danışırlar, çəkilişlərə gecikirsən deyirlər.

"Ay Sabir, maa deyirlər ki, hərifsən, ayağını yerə bərk dirəsən Anardan lap çox pul alarsan”. Qədirin bu sözünə dayım belə cavab verdi: "O pulu onsuz da toylardan qazanırsan də, burda səni tarixə yazırlar. O gün biz də qıraxdan baxırdıq. Əla alınır sənin rolun. Kişiləri incitmə”.

"Nə deyim vallah, o da düzdür, düz sözə nə deyəsən” – Qədir Rüstəmov təslim oldu.

Yemək yemədi Qədir. Eləcə bir neçə stəkan çay içib getdi. Biz duranda dayım Anargilə yaxınlaşdı. Tarixi iş gördüyünü söylədi, maraqlı film alınacağına inandığı dedi, Qədirin şıltaqlığına səbrini basdığına görə təşəkkür elədi, axırda "Sizə uyğun bir axşam hamınızı qonaq dəvət eləyirəm” dedi. Anar qonaqlıq təklifinə görə minnətdarlıq etdi, vaxt darlığından gileyləndi.

Şuşanın İstirahət evi bir vaxtlar Bəhmən Mirzə Qacarın (Fətəli şahın nəvəsi, Abbas Mirzənin oğlu, Azərbaycan hakimi və taxt-tacın varisi) mülki olmuş böyük ərazidə yerləşirdi. Bağ Qala divarlarına qədər uzanırdı. Hərdən Qala divarına çıxar, Qarabağın üfüqəcən uzanan genişliyinə tamaşa edərdim. İndi də hərdən gecələr yuxum ərşə çəkiləndə xəyalən o divara dırmaşır, quş kimi özümü o sonsuzluğa atıram, uçuram, beləcə yuxuya keçirəm.

…O yay dayımla aramda qəribə münasibət yarandı. Mən onun ağlına, savadına, oxuduğu kitablara, camaat arasında hörmətinə, o yerlərin tarixinə aid bilgisinə məəttəl qaldım.
Atamla bu şəkli həmin yay elə İstirahət evinin həyətində çəkdiriblər. Həmin gün bir az tez gəlsəydim, indi bu fotoda mən də olardım. Mən gələndə fotoqraf getmişdi.



Dayımı Salmanoğlu Sabir çağırırdılar. Daha yaşlıların ona Dəmirçioğlu dediklərini də eşitmişəm.

Tağı bəyin oğlu Dəmirçi Salman mənim ana babamdır. O, Ağdamın məşhur dəmirçilərindən olub. 1960-cı illərdə Ağdam məscidini də bağlayıb anbara çevirmək istəyirmişlər. Babam 41-45 müharibəsində aldığı döyüş medallarını da taxıb birbaşa raykom katibinin yanına gedib, Bakını, Moskvanı bir-birinə qatacağını deyib, məscidin açılmasına nail olub. O vaxt Ağdamda birinci katib işləmiş Nadir Abbasov sonralar babamın yasında danışırmış bunu.

Ağdamın 1 may günlərində adətən paraddan sonra dayımgilə yığışardıq. Bütün qohum-əqrəba bilərdi ki, onlarda böyük süfrə açılıb. Yaz göyərtilərindən kətə, sac qovurması, manqalda kabab, tüstülü samovar… O məclislər ayrıca bir söhbətin mövzusudur, qalsın başqa vaxta.

Durub getməsəm, bu foto hələ məni çox danışdıracaq. Səki dayımın doğum gününə təbrik yazmaq istəyirdim, foto huşumu apardı. Axı 1 may Salmanoğlu Sabirin 90 illiyidir.

Durum hazırlıq görüm…

Vahid Qazi
2020-ci il