adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
29 Aprel 2020 14:40
15636
GÜNDƏM
A- A+

Alın o 190 manatı, qoyun pulunuzun üstünə!

Anam 190 manat üçün "e-sosial”da qeydiyyatdan keçib. Üstündən bir həftə keçib, mesaj gəlib ki, hörmətli Nazxanım Əliyeva, qeydiyyatda sizin adınıza maşın var, ona görə də sizə 190 manat düşmür.

Deməli, atam 10-15 il əvvəl bir qohumuza anamın adına maşın alıb verib. O qohum da çoxdan maşını satıb kiməsə. Bəlkə o adam da başqa kiməsə satıb. Atam özü 7 ildir yoxdu. Yəni o maşın hal-hazırda nə bizdədi, nə də qohumda. Nə bilim, bəlkə də çoxdan metalloma-zada veriblər. 

Yaxşı edirsiz. O 190 manat, o da siz. Anamdan çox sizin ehtiyacınız var, kasıb adamlarsınız. Biz də o maşını sürmək üçün benzin pulu tapmırdıq, dedik o 190 manatla benzin vurarıq maşına. Olmasın! Neyləyək?!

Bir gün ata oğluna 20 qəpiyi verib deyir ki, al bunu, verərsən dilənçiyə.

Uşaq evdən çıxır, gedib Zeynəlabidin Tağıyevin qapısını döyür. Tağıyev qapını açır, uşaq onu görcək deyir:

- Alın bu pulu.

Tağıyev təəccüblə:

- Bu nə puldu?

Uşaq deyir:

- Atam dedi ki, bu pulu verərsən dilənçiyə, mən də sizə gətirdim.

Tağıyev əsəbi halda:

- Ay əclaf, mən dilənçiyəm səninçün? Ələ salırsan məni?

Uşaq deyir:

- Bu pulu dilənçiyə versəm qədrini bilməyəcək. Bu pulun qədrini siz daha yaxşı bilərsiz. Alın, qoyun pulunuzun üstünə.