İMTAHAN

İRADƏ TUNCAY
49649 | 2007-06-13 05:44

Havalar hər mənada istilənir. Gəlirlər, gedirlər, danışırlar, gülürlər, məzələnirlər. Havalar hər mənada istilənsə də, insanlar arasında münasibətlərin soyuqluğu azalmır. Hələ son günlər şimal ölkələrindən gəlmiş dayılar özləri ilə sərin havalar da gətiriblər. Onlar bilsin, başbilənlərimiz bilsin. Görünən budur ki, gəlib-gedənlər bizimlə dərsini yaxşı oxumayan uşaq kimi rəftar edirlər. Və biz də millət və dövlət olaraq bu çətin siyasi mənzərənin fonunda ciddi imtahan qarşısındayıq...
   
   
   ***
  
   
   Ya övladları, ya özləri ali məktəblərdə oxuyanlar bilirlər ki, semestr imtahanları başlayıb, havalar bu mənada da istilənib. İmtahan başlayıbsa, valideynin başqa qayğıları da çoxalıb. Hansı qayğılar, yəqin ki, bilirsiniz. Qiymət almaq üçün pul düzəltmək. Bu bizim təhsil ocaqlarımızın bugünki reallığıdır. Kimsə deyə bilər ki, özü oxuyan uşaqlar var - onlar niyə pul verib qiymət alsın. Doğrudur, mən də sizinlə razıyam. Amma deyirlər ki, orta məktəblərdə oxudun-oxumadın attestat almaq üçün filan qədər dollar ödəməlisən. Ali məktəblərdə də müəllimlərin əksəriyyəti deyir ki, mənə dəxli yoxdu, oxuyursan özün üçün oxu, mənim pulumu gətir. 17-18 yaşındakı uşağın qəlbində indidən həyatdakı bu ədalətsizliklərlə barışmaq məcburiyyəti yaranır. Sabah nə olacaq? Ya onlar da bu axara qoşulub hamıdan biri olacaq, ya barışa bilməyib ölkəni tərk edəcək, ya da başına hava gələcək. Hər halda biz bu gün bu şəkildə sabahkı günümüzü, gələcəyimizi itiririk.
   
   Çox yaxın rəfiqəmin qızı ölkənin ən prestijli universitetlərindən birində təhsil alır. Yüksək balla, böyük zəhmət bahasına daxil olub. Heç bir kömək-filan olmadan. Birinci kursu bitirəndə müəllimlərindən biri demişdi ki, imtahan haqqı 90 dollar pul gətirsin. Niyə 100, niyə 80 yox, yəqin özü bilir. Uşaq əvvəlcə əsəbi hallar keçirib, ağlayıb-sıtqayıb ki, mən həmin fənni çox gözəl bilirəm, niyə pul verim? Nə isə, görüb çarə yoxdu, yığıb-yığışdırıb evdəki pulları verib imtahana (çox vaxt bizim anlamımızda imtahan vermək pul verməklə sinonim kimi səslənir). Müəllim də ki, açıb konvertdəki pulları hesablayanda görüb 10 dollar azdı, qızın üzünə baxıb ki, hanı bəs, niyə 10 dollar çatışmır? Uşaq da cavab verib ki, müəllim, mən rüşvət verməyə öyrəncəli deyiləm, ona görə də yəqin düz saymamışam.
   
   İbrətamiz hadisədi. Müəllimlər niyə oxuyan uşaqları belə sındırırlar? Qorxurlar ki, bu millətin içində oxumaq ənənəsi yaranar? Şüurlu surətdə bu millətin övladlarını maviliyə, narkomanlığa və daha nəyə sürükləmək siyasəti gedir. Müəllimlərimiz də bu siyasətin tərkib hissələridir. Əgər bu gün bizim böyüyən nəslin içində nə şəkildəsə belə faktlara etiraz etmək istəyənlər tapılırsa, buna sevinmək lazımdır. Ancaq məni bu uşaqların taleyi, aqibəti çox düşündürür. "Palaza bürünüb, elnən sürünə bilməyənlər" sabah bu cəmiyyətdə necə yaşayacaqlar?
   
   Mən nə bu universitetin, nə də müəllimin adını çəkə bilmirəm. Birincisi, mərdməzarlıq eləmək istəmirəm. Tək-tək görünən hal deyil. İkincisi, həmin universitetin müəllimləri dünyanın düz vaxtında, Sovet dövründə də rüşvət alırdılar. Raykom katibləri, kolxoz sədrləri qızlarına ordan diplom alıb cehiz verirdilər. Orda bu ənənə var, industriya şəklində. Həmin universitetdə rüşvət almayan müəllimə anormal adam kimi baxırlar, başqa cür mümkün deyil. Üçüncüsü, qorxuram ad çəkməyə, sübut edə bilmərəm, həm də pullu adamların arxası möhkəm olur. Elə eləyərlər, məlum olar ki, həmin pulu o uşaqdan sən demə mən almışammış.
   
   Yayın girməsi ilə ali məktəbə imtahan verəcək uşaqların, həm də valideynlərin narahat, qaynar günləri başlayır. Bu çox təbii hissdir. Hər bir valideyn istəyər ki, zəhmət çəkib böyütdüyü, gözünün yağını yedirtdiyi övladı həm də yaxşı diplom almış olsun. Fikir verdinizmi, mən təhsil demədim, diplom dedim. Yəni bizim üçün təhsildən daha önəmli olan diplomdur. Diploma olan maraq bizə sovetlərdən miras qalıb. İnsafla danışsaq, həmin rejim özü vətəndaşlarının savadlı olmasına çalışırdı. Məsələn, deyək ki, hansısa bir dağ kəndindən bir çobanın oğlu canına cəfa verib oxusaydı ümid ola bilərdi ki, lap gedib Moskvada təhsil ala biləcək. Amma çobanın ali məktəbdə oxuyan oğluna baxıb ürəyindən qara qanlar axan kolxoz sədri də məcbur idi ki, öz kütbeyin oğlunu da hardasa instituta düzəltsin. Qonşudan geri qalmasın. Bax, əsas bu prinsip idi - qonşudan qalma dala!
   
   Bir vaxtlar "oxutmuram əl çəkin", deyənlər sonra rüşvət verib uşaqlarına diplom satın alırdılar. Unikal millətik. Diplom qızların da cehizinin tərkib hissəsi idi - ən bahalı mebelin yanında Tibb İnstitutunun diplomu olmalı idi. Orda oxuyan qızları da istəyənlər çox olurdu. Ona görə yox ki, həkimdi. Ona görə ki, orda oxuyan qızlar varlı qızları idi. Əksəriyyəti də ərə gedəndən sonra işləmirdi. Və yaxşı ki, işləmirdi. Təsəvvür edin ki, bunlar həkim olsaydılar nə qədər adamı şil-şikəst edərdilər. Ona görə də bu gün imkanlı adamlar öz xəstələrini burda müalicə etdirməyib xaricə aparanda təəccüblənməyin. Onlar dünən öz bacı-qardaşlarının institutda necə oxuduqlarını çox yaxşı xatırlayırlar. İmkanlı oğlanlar da bir qayda olaraq hüquq fakültəsindən diplom alırdılar. Demək istədiyim odur ki, bizim millətin təhsilə olan marağı dönüb-dolaşıb diplomla məhdudlaşır. Bizi başımızdakı yox, bu kiçik, amma bahalı kağız parçası maraqlandırır.
   
   Test üsulu ilə imtahan şübhəsiz ki, irəliyə doğru bir addımdı. İlk illərində daha ədalətli, daha obyektiv olsa da, sonradan işbazlar ona da çarə tapdılar. İndi heç cürə demək olmaz ki, uşaq oxuyurdu, bilikliydi, amma məktəbə girə bilmədi. Oxuyan, bilikli uşaqları çox vaxt ödənişli yerlərə salırlar. Sonrası da məlum. Bir də ki, millətin psixologiyasını bilənlər çox sayda əldəqayırma universitetlər açıblar. Hamısında da hüquq fakültəsi, tibb fakültəsi var. Məzunlarını hesablasan hər adambaşına iki-üç prokuror, hakim, müstəntiq düşür. Ancaq kimsə anlamaq istəmir ki, satın aldıqları bu diplom heç nəyə yaramır.
   
   Bu millətin içində hüquq-mühafizə orqanlarına və ağ xalata olan maraq hardandı? Bəlkə tarixi səbəbləri var. Əvvəllər bu işlərdə başqa millətlər çalışırdı. Yəqin onlardan asılı olmaq insanları bezdirmişdi. Amma ona qalsa mühəndis və müəllimlər haqqında da eyni sözü demək olar. Demək, məsələ təkcə tarixi köklərdə deyil. Çox yerlərdə körpə oğlan uşaqlarını sevəndə, oxşayanda "mənim milisioner balam" deyirlər. Yəni arzulayırlar ki, uşaq tapança gəzdirsin, ona "rəis" desinlər, ondan qorxsunlar. Əsas olan da bu qorxudu. Çünki qorxu pul qazanmağa zəmanət verir. Biz paqonun, uniformanın, zabit şərəfinin nə olduğunu anlamaq istəmirik. Nə zaman ki, bizim cəmiyyətdə də insanlar yaratdığı qorxuya görə yox, ağlına, qabiliyyətinə, istedadına görə pul qazanacaqlar, bax o zaman bizdə təhsilin nəyə yarayacağı da anlaşılacaq. Uşaqlar o vaxt həqiqətən yaxşı oxumağa başlayacaq ki, gözünün işığı ilə qazandığı biliklər onlara yaxşı mövqe tutmağa, pul qazanmağa yardım edəcək. Bir neçə il bundan qabaq yadınızdadırsa imtahan nəticələri ləğv olunmuşdu. Məlum olmuşdu ki, suallar əvvəlcədən kimlərəsə satılıbmış. Bu barədə çox danışıldı. Uşaqlar bunu görür və cəmiyyətin bütün eybəcərliklərini canlarına hopdururlar. Və sabah gedib "milisoner" olanda qanunun aliliyini təmin eləməli olanlar ən çox qanun tapdalayan şəxslərə çevrilirlər. Təhsil nazirimiz bir çıxışında demişdi ki, "Təhsil haqqında" qanun Konstitusiyadan sonra ən vacib qanun sayılmalıdır. Biz də bu fikirlə tam razıyıq. Amma həyat təcrübəsində gördüyümüz tamam başqa şeylərdi. Cəmiyyətin əsas qanunu hətta Konstitusiya da deyil, cəngəllik qanunlarıdı. Bu cəngəllikdən çıxmaq üçün diplomlu yox, savadlı topluma ehtiyac var. Bu gün imtahan verən uşaqlar, böyüklərə baxıb korlanmayın. Hər qaranlıq gecənin bir işıqlı sabahı var.
  
   
   ***
   
   Necə fikirləşirsiniz, bugünki imtahanlar bizi toplum olaraq sabahın imtahanlarına hazırlaya biləcəkmi? Əvvəlcədən proqnoz vermək çətindir. Çünki imtahanlar da asan imtahan deyil. Görünən budur ki, biz bu imtahanı da öyrəşdiyimiz şəkildə verməyə hazırlaşırıq. Öz zehniyyətimizə uyğun.

TƏQVİM / ARXİV