adalet.az header logo
  • Bakı 18°C
28 Aprel 2020 12:56
34946
ƏDƏBİYYAT
A- A+

Elman Tovuz: "Şuşa" xəyalım...


Durub gedəsən birbaş Yevlaxa,
Oradan Bərdəyə.
Bərdə avtovağzalında qulağına
Taksi sürücülərinin qarışıq səsi gələ:
- Ağdama bir nəfər, Ağdama...
- Xocalı, Xocalı.. Gedən var Xocalıya?
- Ağcabədiyə yer qalmadı ha...
- Tərtərə on manat adama...
- ...
Bu səs-küydən yox,
Həyəcandan hava gələ başına.
Heç kimə və heç nəyə baxmadan
Qaçıb əyləşəsən
Ağdama gedən maşına.
Ahın köksünü deşə,
Ürəyin çıxa yerindən.
Yol haqqını qabaqcadan verəsən
Tələsdiyindən...
Yol boyu heç yana baxmayasan -
Nə dağ-daş,
Nə də bir ağac görəsən...
İçin özündən qabaq yetişə
Ağdamdakı "Cay evi”nin qarşısına.
Çat-çat ola dodaqların
Yadına çay düşməyə,
Unudasan yeməyi də.
Unudasan
Sürücüyə "sağ ol" deməyi də.
Düşüb yüyürəsən
Bir az aralıdakı boş taksiyə tərəf...
Gözün dola...
Dodağın əsə...
Boğa səni qəhər...
Özünü toparlayıb birtəhər
Salam-kalamsız
Titrək səslə soruşasan:
- Şu...şa...ya apararsız?..