adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
27 Aprel 2020 16:10
67493
MƏDƏNİYYƏT
A- A+

Azərbaycan mədəniyyətində liderlik və liderlər...

Həyat bir yarış meydanına bənzəyir. Məğlubu və qalibinin eyni olduğu bu yarışın hakimi isə əlçatmazdır. Əgər içərisində yaşadığımız, havasını udub, suyunu içib, nemətlərindən bəhrələndiyimiz iki tərəfdən basıq ellipsvari topu kənardan müşahidə etsək,bizə əzəmətli görünən bu aləmin çox kiçik nöqtələr kimi olan təsvirlərinə baxıb heyran qalarıq. Ən böyük fiquru insan olan sirlər aləmində kütlə ilə təklər qarşı-qarşıya dayanır. Kütlə tabe olan, idarə edənlər isə xüsusi cəhətlərinə görə seçilmişlər olur.Seçilmişlik pul, var-dövlət vəya ad-san ilə olmur.Yəni adına öndərlik, liderlik deyilən bu qiyafə hər kəsin əyninə biçilmir. Bu libası geyinən insan ən önəmlisi yüksək insani keyfiyyətlərə sahib olmalıdır. Bu silsiləyə aid edilən insanlar mütləq gözəl və dolğun nitqə malik olmalıdır. Ən əsası ona görə ki, insanlar qəlbən inandıqları fikirləri mənimsəyib o kəslərin arxasınca gedirlər. Həyatın enişinə-yoxuşuna, əyrisinə düzünə tabe olub bu sınaqlardan böyük məharətlə çıxan insanlar o zirvəyə yüksəlir.

Həyat qarı ilə zaman qocanın yağışına, küləyinə dözüb yorulmadan yeriyən, qarşısına çıxan ilk dalanda dayanıb ağ saqqallı nurani ilə həmsöhbət olub müdrikliyi ilə onu belə heyran qoyan insanların köhlən atla cövlanıdır liderlik meydanı. Ən çətini isə insanların beynində aydınlıq çırağını yandırmağı bacarmaqdır. Məhz o kəslər gələcəyin zəkalılar məktəbini yaradır. O məktəbin məzunları isə gənc nəsillərə öndər olur. Həyat adlı bu fırfıra bax beləcə dövr eləyir. Kiminin gözünə kül üfürür, kimini isə gül yağışına qərq edir O güllərin ətri bürüyür dünyamızı. O kəslər isə cəmiyyətimizə, milliyyətimizə, zəkamıza nur çiləyir. Əsrlər ötsə də o adlar qorunur tarixin yaddaşında. O adların qüdrəti ilə ucalır mədəniyyətimiz.Biz isə onları lal sətirlərin dərin məna yükündən oxuyub öyrənirik. Məsum bir körpənin dili ilə bizə mənəvi zənginliyi aşılayan Cavid əfəndinin , öz əsərlərində işlətdiyi dərin mənalı adlarla Azərbaycanda ad inqilabı edən Cəfər Cabbarlının, qısa ömründə hər şeyə rəğmən gündən-günə gözəlləşən dünyamızı vəsv eyləyən bu aləmdən əlçəkməyin deyə hayqıran Müşfiqin və daha neçə ustadın beyin xəzinəsinin məhsulu olan gözəlliklərlə böyüyən, saflıq qazanan insanların yaratdığı cəmiyyətdə əyrilərlə düzlərin kontrastı belə zövq bəxş edir insanlığa.

Hələ əsrlərin o tayından neçə-neçə sirlərə xəzinə olan o ölümsüz sənətkarın dünyası, həqq yolunda dərisi soyulsa da ənəlhəqq söyləyən şərq fatehimiz, söz mülkünə sultan olan Füzulinin adları sadalanası neçə söz ustadının izi ölümsüzlük qazanıb od diyarında. Seyidlər, Sabirlər, Zakirlər Azərbaycan ədəbiyyatının liderləri sırasında deyilmi? Məhsəti, Heyran xanım, Xurşudbanu Natəvan, Turan Cavid həm qeyrət və namus, həm də əzəmət rəmzi olan ağ örpəkli analarımız mədəniyyət, sənət və söz xəzinəmizi ucalara qaldırmaq üçün həyatlarını fəda etməyiblərmi?

Bu siyahını sonsuz sayda dəyərli adlarla çox daha geniş etmək olar. Amma bir məqalənin həcmi dairəsində sayıla biləcək qədər incilər sıralamaq istədik. İstədik ki, hər yaşa və dünya görüşünə malik olan insanların fəxr zirvəsində bir zərrə də olsa payımız olsun. Liderliyin mədəniyyətdə və ədəbiyyatda mövcud olan dəyərini anlataq. Çünki insanın özünü dərk etdiyi zamanlardan qılıncın fəth edə bilmədiyi neçə alınmaz qalaları qələm əlçatan edib. Bünövrəsi təbiətdə qoyulan liderliyin ən ali məqamı insan zəkasıdır.

Təbiətin dağı da var, aranı da. Uzaq səfərə çıxan insanlar o dağı qəth edəndə çox yorulur. Ancaq başı buludları dələn zirvələrdən ətrafı seyr etmənin dadına varanda əzabını unudur. Zirvənin əzəməti isə düzənlikdən aldığı gücdür. Əgər düzlər olmasa dağın ucalığı bilinməz. Əsas olan aləmin seyrini sehri ilə dərk etməyi bacarmaqdır. Bax o zaman liderlik də bilinər, liderlərin də qüdrətinə aludə olan insanların sayı milyonları ötər.

Rəfiqə NƏSİROVA

Mədəniyyət Üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin əməkdaşı