adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
02 May 2020 09:57
74644
MARAQLI
A- A+

“Yuxu kimi ölkə”

Bu günlər Şimali Koreya ilə bağlı məsələlər yenə gündəmdədir. Koreya lideri Kim Çen İnin sağ və ya ölmüş olması barədə söhbətlər səngimək bilmir.

Yarım əsrdən çoxdur Koreyanın şimalına nəzarət edən ata, oğul, nəvə xanədanlığının həyat tarixçəsini sizə təqdim edirik.


O gün ölkənin düşməndən qurtuluş il dönümü idi. Nəhayət, adını bildiyi vaxtdan bu yana babasının hüzuruna çıxacağı an gəlmişdi. Hər yer bayraqlar və ona aid sözlərlə bəzədilmişdi. Mavi önlüyünü geyindi. Məktəbə getdi. Dostlarıyla birlikdə muncuq kimi düzülmüşdülər. Yağışın altında üşüyən balaca bədənlər müəllimlərinin təlimatlarına qulaq asmışdılar. Hər şey günün müqəddəsliyinə uyğun olmalı idi. Məsələ ulu öndəri anmaqdırsa kimin və ya nəyin önəmi ola bilərdi ki? Minlərlə adam məzara doğru axışdılar. Marşlar, liderə səcdə etdirilən bədənlər. Nəfəs almadan bir nöqtəyə gözünü zilləyən çatmaqaş hərbi formalılar. Baxanı ürpəşdirən bir tablo yaradırdılar. Bəli, bəli nəhayət uca liderlərinin ayaqlarının dibindəydilər. Başını qaldırdı. Balaca gözləri ilə önündə yüksələn onlarla tonluq bürünc adamın gözlərini görməyə çalışdı. Uşaq ağlıyla babasının danışa biləcəyini düşünürdü. Əgər göz-gözə gələ bilsələr soruşacaqdı: " Bizim burada nə işimiz var?”

Bu gün dünyanın ən qapalı rejimi Şimali Koreyadır. Cənubdakı qardaşı elektronik ixracat rejimiylə ən varlı ölkələr sırasında top qovub vətəndaşları rəfah nemətlərdən istifadə edərkən şimaldakılar qəpiyə güllə atır. Marşlar və quru şüarlarla dövlət qürurlarını məcburi yolla şişirdirlər, şorbaya qatıq qatırlar.
Bütün totalitar rejimlər mədə bulandırandır. Amma inanın, heç biri Şimali Koreyanın əlinə su tökə bilməz. Yerdən qopmuş bir planetə bənzəyən bu ölkənin memarısa Kim Jong İldir. Daha doğrusu beyinlərə yeridilmiş adıyla "Uca lider”. Sizə bir millətin zehnini üyüdərək özünə səcdə etdirən bir bütün hekayəsini təqdim edirik.

Gözünü açdı, yaponları gördü


Yapon işğalı altındakı Çində doğulanda ölkədə qarmaqarışıqlıq idi. Gəncliyi yaponlara qarşı mübarizə hərəkatında keçdi. Yaponların təzyiqi artanda Kimin ailəsi Mancuriyaya qaçdı. Kim Çin məktəblərində oxumağa başladı. 1925-ci ildə həyatında önəmli rol oynayacaq Koreya Komunist Partiyası yaradıldı. Bir müddət gizli fəaliyyət göstərən Kim yaponların Mancuriyada silaha əl atmasından sonra silaha sarıldı. 1932-ci ildə Mancuriyada yaponlara qarşı mübarizə hərəkatının komandiri olmuşdu. Yaponlar 200 min nəfərlik koreyalı və çinli döyüşçünü bir dəfəyə əzmişdi. Lakin Kim yaxşı döyüşçü idi. Yaponlar onu məhv etmək üçün xüsusi dəstə yaratmışdı. 1937-ci ildə başlayan ıı Sino-Yapon müharibəsi bölgəni daha da qarışdırdı. Çinlə döyüşən Yaponiya bir yandan da müstəmləkəsi Koreyanın boğazını sıxırdı. Bütün koreyalılar yapon adı götürməyə və yaponca danışmağa məcbur edilirdi. Həmin günlərdə Kimin ilk arvadı da yaponların qurbanı olacaqdı. 1941-ci ildə Şimali Koreyanın gələcəkdəki lideri yaponların tuta bilmədiyi tək döyüşçü olmağın ləzzətini yaşayırdı. Yaxın adamlarıyla Sibirə qaçmaq məcburiyyətində qaldı.

Onu səhnəyə gətirən ruslar oldu


Qanadları altına sığındığı ruslar Kim və adamlarını kəşfiyyat məlumatları toplamaq üçün yenidən Mancuriyaya göndərdi. Kimin Çin və Rusiya ilə olan əlaqələri o günlərdən başladı. Ruslar gələcəyin `tanrı lideri`ni sabotaj, kəşfiyyat və əlaqələr baxımdan yetişdirib bol-bol ideologiya şərbəti içirdilər. Kommunist fəlsəfəsi ilə başlarını doldurdular. Kim və adamlarının ruslarla əlaqəsi müharibənin sonuna kimi davam etdi. Yaponların Amerikaya hücum etməsi onların sonunu gətirdi, Kim üçünsə yolun başlanğıcı açıldı. Yaponlar Sakit okeanda Amerikaya hücum ardınca hücum edəndə Kim ikinci dəfə evləndi. Bu gün Şimali Koreyanın rəhbəri olan Kim Jong İl 1942-ci ilin 16 fevralında Sibirdəki hərbi bazalardan birində dünyaya gəldi. Lakin daha sonralar bu Sibir əhvalatları qeydlərdən silinəcəkdi. Şəxsiyyətə pərəstiş amilini nəzərə alan Kim Jong İlin Şimali Koreyanın ən yüksək və müqəddəs yeri olan Paektu-san zirvəsində doğulduğu uydurulacaqdı. Hətta bu da kifayət etməyəcək, onun doğulduğu anda göy üzündə cüt göy qurşağı olduğu, parlaq bir ulduzun ortaya çıxdığı və cənnətdən yer üzünə bir qaranquş endirildiyi deyiləcəkdi.


Soyuq müharibə bitdi


Ikinci dünya müharibəsinin bitməsi Kimin həyatında dönüş nöqtəsi oldu. Müharibədən sonra Koreya müharibənin qalibləri və soyuq müharibənin yeni düşmənləri olan SSRİ və Amerika arasında iki yerə bölünmüşdü. Hər iki tərəf təsiri altında olan Koreyada özlərinə uyğun rejim qurmuşdu. Artıq iki Koreya var idi:Kommunist Şimal və Demokratik Cənub.

1946-cı ildə Koreya Əmək Partiyasının rəhbərlərindən olan Kim İl Sung qısa müdət için ölkəyə damğasını vuran işlərə başladı. Cinslər arası bərabərlik yaradıldı, din nəzarət altına alındı. Bir vaxtlar yaponlara və rejim düşmənlərinə aid olan torpaqlar və sənaye obyektləri milliləşdirildi. Sovet kimi planlama həyata keçirildi. 1948-ci ildə Koreya yarımadasının bölünməsi rəsmiləşdirildi. Öncə Cənub daha sonrasa Şimali Koreya ayrı-ayrı dövlətlər olaraq səhnəyə çıxdı. Hər iki tərəf də Koreya yarımadasının rəsmi təmsilçisi olduğunu iddia edirdi. Bir yandan cənubdakı qardaşlarına düşmən gözüylə baxan Kim digər yandan da partiya daxilindəki müxaliflərini aradan götürürdü. Mütləq rejimə gedən yolunu asfaltlayırdı. 1949-cu ildə Amerikanın təhlükəsizlik xaricində olduğuna görə öz ordusunu Cənubdan çıxartması Kimi daha da həvəsləndirdi. Amerikanın taktiki baxımdan geri çəkildiyini və Cənubun Şimalı işğal etməsinə zəmin hazırladığını iddia edən Kim " iki Koreyanı birləşdirən qəhrəman” olmaq üçün qollarını çırmaladı. Həmin günlərdə onun "qardaşları” sırasında olan Sovet lideri Stalin və Çin lideri Mao Kimi hələ şərtlər münasib olmadığına görə cənuba hücum etməkdən çəkindirməyə çalışdı. 1950-ci ildə Kim hər iki lideri Cənubi bir yumruqda yerə sərəcəyinə inandırdı. Yaşıl işıq yanmışdı.

Döyüşdülər, bir-birini məğlub edə bilmədilər. Hər kəs öz yoluyla getdi


Kimin rəhbərliyindəki Şimali Koreya ordusu 1950-ci ilin 25 iyununda Cənuba girdi. Şimallıların sözüylə " Ana vətənin müstəqilliyi üçün böyük müharibə” başlamışdı. Amerikanın liderliyi ilə birləşmiş millətlər hücum edəni dayandırmaq üçün silaha sarılmaqda gecikmədi. Kimin psixopat əməllərini saxlamaq üçün döyüşənlər arasında türk əsgərləri də var idi. Ilk yumruğu vuran şimallılar başlanğıcda cənubu əzsə də amerikalıların dəstəyi ilə güclənən cənublular qısa zamanda valı tərsinə çevirdi. BM qüvvələri Şimali Koreya torpaqlarına doğru irəliləməyə başlamışdı ki, uzaqdan olub bitənləri izləyən Mao müharibəyə qoşuldu. Bir milyonluq nəhəng Çin ordusunun dəstəyi ilə şimal müharibədə balans yaratdı. Iki tərəf də 1953-cü ilə kimi bir-birini məğlub edə bilmədi. Atəşkəs elan edildi və tərəflər bu gün aralarında sərhəd olan 38-ci paraleldə dayandı. Müharibənin ardından hər iki Koreya öz yoluyla yürüyəcəkdi. Biri inkişafa, digəri isə ağlagəlməz absurd bir diktatorluğa doğru...

Qapıları kilidləyib, işıqlarını söndürün. Şimali Koreya yatacaq

Müharibənin ardından Şimal tam anlamıyla özünə qapandı. Kim ölkənin qapısını kilidləmiş, açarını isə dənizə atmışdı. Xalq müharibənin dağıntısından gözlərini açmağa fürsət tapmamış rejim başlarına endi. Ölkənin dörd bir yanında hələ də fəaliyyətdə olan əmək düşərgələri yaradıldı. Buradakı fəaliyyət təbii ki, rejim düşmənlərinə qarşı həyatı zindan etmək idi. Xarici mətbuat oxumaq, Cənubi Koreya mahnısı dinləmək və rejimə gözün üstdə qaşın var demək bu düşərgələrə düşmək üçün yetərli idi. Hitlerin yəhudi soyqırımından sonra bilinən qaz kameraları yenə bu düşərgələrdə istifadə olunacaqdı. Bu ölkədən qaça bilən mütəxəssislər qazlamanın, ölkənin kimyəvi müharibənin bir hissəsi olduğunu və 90-cı illərin ortalarına kimi müxaliflər üzərində bu kimyəvi sınaqların keçirildiyini iddia edəcəkdilər.

Baş ağrısına, diş ağrısına: Juche


Kim hər yerə bir diktator kimi müharibə elan etmiş, Tanrını ictimai həyatdan çıxarmışdı. Bu halda alternativ bir düşüncə ortaya qoyulmalı idi. Bu ideologiyanın adı Juche oldu. Kimin 1955-ci ildə uydurduğu və "insanın başına gələ biləcək hər problemin əlacı” olaraq ünvan göstərdiyi bu bənzərsiz ideologiyanın tərifi belə idi: Liderə sorğusuz itaət. Kim İl Sungism olaraq da bilinən yeni dinə `birlik və bərabərlik`, bütöv milliyətçilik və `daxili düşmənlər-xarici düşmənlər`ə ölçüsüz inam. " Sosializm və kommunizmin inşasında işinizə yarayacaq tək şey Juchedir. Başqa şeylərlə başınızı yormayın” deyirdi Kim. Başını yoranlarınsa başını qoparmaqdan heç də çəkinmirdi. Lakin sözlə heç nə yürüməzdi. Ölkənin pula və xarici yardıma ehtiyacı var idi. Lider bir yandan kommunist dostların qapısı döyüb pul və texniki yardım istəyərkən, digər tərəfdən də şəxsiyyətini və ideologiyasını ilmə-ilmə hörməkdən geri qalmırdı.

Bu işlər ağla ziyandır


Ölkənin dörd bir yanı uca liderin nəhəng heykəlləri, sözləri və tabloları ilə bəzədilir, başını qaldıran hər Şimali Koreya vətəndaşı hər yerdə uca lider ilə üz-üzə gəlirdi. Bu arada Kimin adına hər gün yeni bir ad əlavə olunurdu. Nələr yox idi ki: `dəmir iradəli-həmişə müzəffər komandan`, `uca günəş və uca insan`, `böyük ata`, `dövlətin günəşi`, `dövlətin ən yaxşı beyni`, `bənzərsiz vətənpərvər`, `dövlət qəhrəmanı` və daha onlarcası.
Bir sözlə uca liderləri şimali koreyalıların toteminə çevrilmiş, daha doğrusu çevrildilmişdi. Təbii ki, bütün bunların memarlarından biri də dövlət nəzarətində olan media idi. Fasiləsiz Kimin ucalığından və yaponlara, amerikalılara qarşı mücadiləsindən dəm vuraraq, onu dövlətin üzərinə doğmuş bir günəş kimi təsvir edirdilər. 1980-i illərə gələndə Kimin ölkədəki heykəllərinin sayı 34 minə çatmışdı. Digər totalitar ölkələrdən fərqli olaraq Şimali Koreyada sadəcə ictimai yerlərdə deyil, evlərə də uca liderin portretlərinin asılması məcburi edilmişdi. Səhər oyanan xalqın ilk işi proqramlaşmış robotlar kimi şəkili rəsmi salamlaması günlük həyatlarının ayrılmaz hissəsinə çevriləcəkdi.


Öncə ziyarət sonra ticarət
Bu gün Şimali Koreyaya girmək adi vətəndaş üçün aya getmək qədər çətindir. Əgər girsəniz ilk edəcəyiniz şey ədəbi lider Kim İl Sungun məzarını ziyarət edərək salam verməkdir. Və digər qanuna əsasən ölkəni ziyarət edən xarici ölkə başçıları da bunu yerinə yetirmək məburiyyətindədir.

Xarici görüşlər `bahalı`dır
Şimali Koreyada xaricilərlə görüşmək qadağandır. Zatən hər xariciyə iki polis nəzarət etdiyi üçün danışmaq mümkün deyil. Xaricə telefon zəngi etməyin cəzası edamdır. Gözün üstündə qaşın var deməyin ölüm olduğu ölkədə rejim qurbanlarının sayı 700 minlə 3, 5 milyon arasında dəyişir.

Israrlı suiqəsdçilər
Cənubi Koreya rəhbərləri hər zaman təhlükə altında oldu. 1968-ci ildə Şimali Koreyaya aid xüsusi dəstə baş nazir Park Chung Hee-yə suiqəsd cəhdini etmişdi. Baş nazir çətinliklə xilas olmuşdu. 1974-cü ildə bir daha bunu etdilər, baş nazir yenə xilas oldu. 1983-cü ildə şimallı agentlər bu dəfə dövlət prezidenti Chun Doo Hvanı hədəfə götürdülər. O xilas olsa da çoxlu köməkçisi də öldü.


Modern troya atı ilə işğal
Şimali Koreyanın ağlı həmişə cənubdadır. Tez-tez bir işğal planı hazırlayır. Raketlər atılır, ziyanlı planlar dəyişilir. Şimallıların bu işdə ən yaradıcı hərəkəti isə tunel qazaraq Cənubun paytaxtı Seulu ələ keçirməkdir. Modern bir Troya atı kimi dəyərləndirilən tunellərin birincisi 70-ci illərin əvvələrində amerikalılar tərəfindən kəşf edilmişdi. 1990-cı ilə kimi şimaldan Seula doğru qazılan 17 tunel ortaya çıxarıldı və dinamitlərin köməkliyi ilə dağıdıldı. Bir çoxu indi muzey kimi istifadə olunur.
Ən böyük dördüncü ordu
Şimali Koreya Çin, Amerika və Hindistanın ardınca dünyanın ən böyük dördüncü ordusuna sahibdir. Əhalisi 23 milyon olan ölkədə 1,1 milyon fəaliyyətdə olan əsgər var. ölkədə 8 milyon nəfər rəsmən aclıq içində yaşasa da ölkənin milli gəlirinin 25%-i orduya xərclənir.

Konyakçı
Ölkəsi aclıqdan qırılarkən 1994-cü ildə dünyanın ən məşhur konyakı olan henesesy konyakların ən böyük alıcısı son iki ildə Sevimli Lider Kim Jong İl olmuşdu. Ağzının dadını bilən lider buna 7 min dollar pul xərcləmişdi. Jong İlin həm də Bordo və Burgundy şərəblarının heyranı olduğu da deyilir.


Film çəkəcəyik, rejissor qaçırın
Sevimli lider Ceyms Bond heyranı idi. Şimali Koreya kinosunu inkişaf etdirmək üçün Cənubi Koreyadan arvadı ilə birlikdə qaçırılan ölkənin ən yaxşı rejissorlarından Shin Sang Okun fikrinə görə Jong İl Rembo filmlərini də çox sevir. Ok və arvadı silah gücüylə Şimali Koreyada 20-yə qədər film çəkdikdən sonra Vyanadakı bir səfər zamanı qaça bilmişdi.

e-mailiniz nədir?
Şimali Koreyanın rəsmi internet saytının açıldığı 2003-cü ildə sayta girmək haqqı təkcə Kim Jong İlə aid idi. Hətta ölkəsini ziyarət edən ABŞ dövlət katibi Madlen Olbraytdan da e-mail ünvanını istəmişdi.


Analar necə uşaqlar doğub!
Sevimli liderin rəsmi bioqrafiyasına görə 3 aylıq olarkən yeriyib, 8 həftəlikdən etibarən danışmağa başlayıb. Bunları bilənçün 2 yaşında Koreya xalqının gələcəyinə aid bir manifets yazmaq hər halda təəccüblü gəlməz. Bitmədi, hələ dayanın. Rəsmi açıqlamalara görə 1964-cü ildə Kim Sung İl Universitetindən məzun olan Kim burada 500 kitab yazıb. Bu kitablar dövlət kitabxanasında saxlanırmış. Lider eyni zamanda musiqi tarixində ən yaxşı 6 opera da yazıb. Bu qədərmi? Təbii ki, deyil. Dövlət mətbuatındakı xəbərlərə görə çox yaxşı atlet, üzgüçü və şahmat ustasıdır. Amma görünüşünə baxsaq ən çox sevdiyi yaşıl sahələrdir. Çünki qolfdakı ilk sınağında 38 xal tolamışdı. Yəni oyun keçirilərsə qolf sopasını dünyanın bir nömrəli qolf ustası olan Tiger Voodsun qoltuğunun altına verəcək qədər ustadır. Bu qədər də olmaz dediyinizi duya bilirəm. Siz bunlardan sonra təslim ola bilərsiniz amma liderimiz davam edir. Şimali Koreya hökümətinə görə mikrodalğalı peç və holoqramı tapan adam da Kimdir. Vallah, sizi bilmirəm amma mən yoruldum. Yetər!


Liderə xüsusi qatar stansiyası
Kim Jong İl təyyarədən qorxur. Buna görə də vətəndə və xarici səyahətlərdə 22 vaqonluq xüsusi qatarından istifadə edir. Zatən cəmi 3 xarici səyahəti var. Bunlar da Çin və Rusiyaya edilmişdi. Ölkədə isə təkcə Kim Jong İlin istifadəsi üçün 19 qatar stansiyası var. Burda yalnız ona aid qatarlar dayana bilər. Moskvaya etdiyi 6 günlük qatar səyahəti ərzində hər gün vertalyotlarla qatarına dəniz xərçəngi daşınmışdı.


Nərdivan dabanlı lider
Kim Jong İlin boyu çox qısadır. Sadəcə 1.57 sm. Möcüzələr əhatəsində doğulduğu halda boyunun belə olması düşünülməli məsələ idi. Amma çarə nərdivan dabanlı ayaqqabıda görülmüşdü. Lider özü üçün xüsusi hazırlanmış qalın dabanlı ayaqqabılar geyinirdi. Bununla qalmır və daha uzun görünmək üçün saçlarını daha qabarıq və dik göstərən modellərdən istifadə edir.

Ölkə batır, diktator təqvimlə oynayır
Təqvimlər də diktatorun şərindən qaça bilmədi. Təqvimlərin rəsmi başlanğıcı olaraq Kimin doğulduğu 1912-ci il götürülmüşdür. Ilk il Juche olaraq 1-ci il adlandırıldı. Təbii ki, lider də doğum gününü dövlət bayramı elan etmək alicənablığını göstərəcəkdi. Digər tərəfdən oğlu Kim Jong İli də iqtidara hazırlamaq üçün boş dayanmırdı. Onun da adları atasından geri qalmayacaq: `sevimli lider`, ` on min bacarığı olan dahi`, ` səhər ulduzu`, `mərkəzi beyin` kimi ədəbiyyatın və məntiqin sərhədlərini zorlayan adlar...
Xalq liderlərini ucaltmaq yarışına girərkən sovet tipli sənaye və kollektivləşməyə söykənən sahələr çökməyə başladı. Buna paralel olaraq ölkənin xarici borcu da çoxalmışdı. O zamana kimi cənubdakı qardaşlarına nisbətən daha güclü görünən Şimali Koreya cənubun elektronik inqilabıyla baş-başa gələ bilməyib qapalı sistemə keçdi. Iqtisadiyyatı və kənd təsərrüfatı böhrana doğru addımlayırdı.
Böyük qardaş öldü, qardaş ac qaldı
Kimin 60 yaş yubileyində ətrafında yaradılan mifin sərhədlərini görmək ibrət verici idi. 300 min nəfərin qatıldığı nümayişlərdə Kimin 21 metrlik bürünc heykəlinin yüksəldiyi inqilab muzeyi açılmışdı. 1989-cu ildə SSRİ-nin çökməsi Şimali Koreyanın da vəziyyətini çətinləşdirdi. Sovetlərdən gələn yardım kəsildi. Eyni günlərdə Cənubi Koreya yüksəlişdə idi. Ölkənin daxilində maddi və zehinsəl kasıblığa baxmayaraq şəxsiyyətə pərəstiş sürətlə davam edirdi. Kimin 70-ci doğum günü Juche qülləsi və qələbə tikilisi ilə qeyd olundu.
Həmin gün 100 min nəfərlik Kim İl Sung stadionu da açıldı. Bura ağıllara zərər gətirən nümayişlərin mərkəzi olacaqdı. Vaşinqtondakı Vaşinqton məbədindən daha böyük idi və 25 min 550 qranit blokdan düzəldilmişdi. Liderin yaşadığı hər gün üçün bir blok...
Səksəninci illərin sonunda xalqı aclığın pəncəsinə ataraq gizli yolla nüvə silahı hazırlamağın izinə düşən Şimali Koreyanın bu addımları bilinəcəkdi. Dünya bu addımdan şoka düşdü. 90-cı illərdə ölkədən xaricə vəziyyətin nə qədər pis olması haqqında məlumatlar ötürülürdü. Əsas ərzaq məhsulları tükənmişdi. Köhnə texnologiya ilə inşa edilən fabriklər dağılırdı. Tarlalarda istehsal azalmış, qıtlıq başlamışdı.


Mövzu ordudursa gerisi təfərrüat
Bütün bu daxili böhrana baxmayaraq Şimali Koreya dünyanın ən böyük ordularından birini bəsləməyə və büdcənin 25%-ni orduya xərcləməyə davam edirdi. Çünki Kimin siyasəti " Song”undu: "Öncə ordu”.
Dəyənək gücüylə yaradılan birlik və bərabərlik havası ara-sıra rejimə və ağılsız siyasətə üsyan edən generallar tərəfindən dağıdılmağa çalışılsa da diktatorun əli uzun idi. Alaq otlarını təmizləmək uzun vaxt almırdı. Ordu içində uca lideri devirməyi hədəfləyən bir çox adam ya edam olundu, ya da Rusiyaya qaçdı. 1993-cü ildən etibarən Kim İl Sung səlahiyyətlərinin bir qismini oğluna verməyə başladı. Kim Jong İl hücrəsindən çıxmış, isinirdi...
1994-cü ildə dünya durduqca yaşayacaq düşünülən Kim öldü. Koreya dövlət televiziyası ilə dünya ekranlarına çıxan görüntülər izləyənlərə qəribə hislər yaşatdı. Bir millət küçələrə tökülmüş, yaxasını cıraraq(təşbeh deyil, gerçəkdən də cırırdılar) ağlayırdı. Bənzəri görülməmiş şəkildə 3 illik rəsmi yas elan edildi. Bəzilərinə görə uca lider oğluyla arasında olan mübahisədən sonra ölmüşdü. Müdaxilə etmək istəyən həkimlərə isə Kim Jong İl izn verməmişdi. Cənazə kortejini götürən beş vertalyotdan ikisinin qəzaya uğraması və həkimlərlə mühafizəçilərin ölməsi iddiaları daha da gücləndirəcəkdi. Amma hansı diktatorun ölümü normal qarşılanmışdı ki?
Kim İl Sungun ölümü liderlərinin fövqaladə bir canlı olduğuna inanan kütlələrdə şok effekti yaratmışdı. Kimin mumiyalanmış cəsədi saraydakı katafalkaya yerləşdirildi. Saraya 900 milyon dollar xərcləndi. Sadəcə dirisi deyil, ölüsü də xalqa zərər verməyə davam edirdi. Ölümüylə Kim `ədəbi lider` adını aldı. Artıq xalqını oradan izləməyə davam edəcəkdi...


Bir Kim ölər, min Kim dirilər
Atasının ölümündən sonra Kim Jong İl ölkənin tək hakimi oldu. Lakin sistem vəziyyəti normallaşdırmaq üçün möhtəşəm bir şüar tapmışdı: "Kim İl Sung Kim Jong İldir”. Bir yöndən, ölmədin, ürəyimizdə yaşayırsan-durumu. 1998-ci ildə konstitusiya dəyişdirilərək Kim İl Sung `sonsuzadək dövlət başçısı` elan edildi. Beləliklə, öldüyü halda dövlət rəhbərliyini davam etdirəcək ilk lider olaraq tarixə keçdi.
Kim Jong İlin səltənəti isə 2011-ci ilin 17 dekabrında sona çatdı. Rəsmi açıqlamaya görə, sevimli lider infarktdan ölmüşdü. Yüz minlərin mexaniki şəkildə ağlayaraq qatıldıqları cənazə mərasimində özlərini paralaması eynilə atasının ölümündə olduğu kimi oldu. Dünya isə bunu yenə təəccüblə izləyəcəkdi. Yenə də onun ölümü dünyanın siyasət otaqlarında gözlənilməz bir hadisə olmadı. Bir müddətdir səhhətiylə bağlı məlumatlar sızdırılırdı. Zatən diktatorluqla idarə olunan bütün ölkələrdə səhhət problemi bir müəmmadır. Ölənin öldüyü söylənilməz, yaşayanın necə yaşadığı bilinməz. Yeni lider ipləri əlinə alana qədər ölən adam yaşamağa davam etdirilir. Kim Jong İlin də bir-iki il əvvəl beyin əməliyyatı keçirdiyi və sol tərəfinin qismən iflic olduğu xəbərləri yayılmışdı. MKİ-dən qaynaqlanan bu tip liderlərə qarşı `öldü` xəbərlərinin əksinə olaraq Kim 2010-cu ilin mart ayında nəhəng bir fabrikin açılışında iştirak etmişdi. Rəqs edən yüz minlərlə vətəndaşını salamlamışdı. Çox yaxşı göründüyünü isbatlamaq istəmişdi. ( Fabrik açılışında millət niyə rəqs edir- dediyinizi eşidən kimi oldum...)
Ölümündən sonra dərin dövlət təbliğatı maşınının dişləri yağlanmaqda gecikmədi. Ölkədə Kim Jong İlin ölümsüzlüyünü əks etdirən qüllələrin tikiləcəyi açıqlandı. 69 yaşında ölən liderin 16 fevraldakı doğum gününün` parlayan ulduz günü` olaraq qeyd edilməsi qərara alındı.


Sosialist taxtın yeni varisi: `Böyük lider`
Dövlət işlərində gözləmək olmazdı və daha sevimli liderin cəsədi soyumadan oğlu Kim Jongun `Böyük lider` ləqəbiylə səltənəti əlinə aldı. Yaxşı, kim idi bu `Böyük lider`?
Kim Jongun Kim Jong İlin son və üçüncü arvadı Ko Yong-huidən doğulan sonuncu uşağı. 1982, 83, ya da 1984-cü ildə doğulduğu düşünülür. ( Nə vaxt doğulduğu da bir sirdir). O, başlanğıcda iqtidar üçün düşünülən biri deyildi. Şimali Koreyanı izləyən analitiklər daha çox qardaşı Kim Jong-cholun və ögey qardaşı Kim Jong-Namın adı üzərində dayanmışdılar. 2009-cu ildən etibarən atasının da bəzi məsələlərə aydıqlıq gətirməsiylə nəzərlər Jonga çevrildi. Bunda varisin ölkənin ən güclü təşkilatı olan Dövlət Təhlükəsizlik Komissiyasına gətirilməsi böyük rol oynadı. Cənubi Koreya kəşfiyyatının məlumatına görə, `Sevimli lider` ölümündən öncə kadrlarına Kim Jongun dəstəkləməsini əmr etmişdi. Simvolların silahlar qədər güclü olduğu ölkədə Jongun atası və babası ilə birlikdə olduğu şəklinin on milyon tirajla paylanılması da güclü siqnal olaraq qəbul edilirdi. Şimali Koreyada portretlərə çıxmaq bir növ iqtidar olmaq, ölümsüzlük zirehinə bürünmək anlamına gəlir. Bununla birlikdə Kim Jongun iqtidarına daha bir ortağın çıxdığı görünürdü: Chang Song-taek. Qərbli siyasi analitiklərə görə `taxtın arxasındakı adam` olaraq tanıdılan Song-taek Kim Jong-ilin bacısının əridir. Eyni zamanda Şimali Koreya əmək partiyasının rəhbərlərindəndir. Yeni imperator yetişənə qədər Şimali Koreya taxtına onun yön verəcəyi iddia olunur.

NBA heyranıdır, amma qərbyönlü deyil

Kim Jong İlin sağlığında hələ bir nömrəli varisi ən böyük oğlu Kim Jong-nam idi. Amma heç ağla gəlməyəcək bir şey edərək 2001-ci ildə Şimali Koreyanın zəli düşmənlərindən Yaponiyaya saxta pasportla getmiş və Disneylandı ziyarət etmişdi. Yaxalanıb deportasiya olunduqdan sonra atası tərəfindən ona iqtidar yolu bağlanıldı. Fərqli cinsi istəkləri olduğu bilinən ortancıl qardaşı Kim Jong-chol da siyahıdan silindi. Hər nə qədər qardaşları kimi İsveçrədə təhsil almış olsa da Kim Jong qərb həyat tərzinə məsafəli yanaşmağı bacardı. Iddialara görə məktəbdən sonra vaxtının bütün hissəsini Şimali Koreya səfirliyində keçirməsi böyük rol oynayıb. 1988-ci ildən 2001-ci ilə kimi Kim Jong-ilin aşpazı olan və 2003-cü ildə təkrar Yaponiyaya qaçan Kenji Fujimotonun dediklərinə görə böyük lider atasının eynilə kopyasıdır. Qərbli məxfi xidmətlərin məlumatına görə atasının səhhətində olan bəzi problemlər gənc olmasına baxmayaraq onda da var. Şəkər xəstəsidir və ürəyində problemlər var. NBA heyranı olan gənc liderin ölkəni hansı istiqamətə sürükləyəcəyi bu an bir müəmmadır...


Sosialist cənnətə xoş gəldiniz

Şimali Koreya dünyada internetin qadağan olunduğu tək ölkədir. Sadəcə dövlət səlahiyyətliləri istifadə edə bilir. Cənubi Koreyanın dünyanın ən sürətli interneti istifadə etməsi vəziyyətinə baxsaq durum vahiməlidir. Interneti qadağan edən zehniyyətin hökm sürdüyü Şimali Koreyada sadəcə tək bir sayt var. O da dövlətə aiddir. Sayt istifadəçilərini bu ifadələrlə qarşılayır:
" Günümüzün Şimali Koreyası insanların rifah içərisində və liderin ətrafında birləşmiş şəkildə yaşadıqları sosialist bir cənnətdir.”
Bəli, bu doğrudan da qəribə bir cənnət təqdimatıdır. Insanların hər səhər lideri yüksəldən marşlarla oyandıqları, tez-tez qıtlıq yaşanan, orta ömrün çox aşağı olduğu, insanların xəyal və tamamən qurama bir dünyada yaşamağa məcbur edildiyi, elektrik kəsilməsinin olmadığı zamanlarda insanların özünü şanslı saydığı, xarici bir mahnı dinləməyin və kitab oxumağın qadağan olunduğu, ölkəyə girən xaricilərlə danışmağın həbslə cəzalandırıldığı bir cənnət. Amma bir tərəfdən haqlı olmaq payı da yox deyil. Şimali Koreya hamının bərabər yaşadığı bir ölkədir. Tək qüsuru bu bərabərliyin sadəcə iqtidardakı ailənin üzvləri arasında qurulmasıdır. Maşallah, dünya nemətlərindən istifadə etmək baxımdan öncəki ata-oğuldan, bir-birlərindən geri qalmırlar. MKİ-nın təxminlərinə görə bu ikili ölkədəki qızıl mədənlərindən əldə edilən 4 milyard dollarlıq sərvəti İsveçrə banklarına yatırıb. Yaxşı, deyək ki, bu təbliğatdır, bu qədər etməyiblər. Amma liderlərinin dəb-dəbə içində yaşamağa meylliliyi sistemin qapalılığına baxmayaraq gözdən yayınmır.

Günümüzün Şimali Koreyası inadla və şəhvətlə kommunizmdən götürdüyü monarxiyanı davam etdirir. Bir-birinin ardınca gələn `bənzərsiz liderlər` başda Amerika olmaqla, Cənubi Koreya, Yaponiya və lazım gəlsə bütün dünyaya yumruq göstərməyə davam edirlər. Xalqa gəlincə isə nə edirlər etsinlər, fabrik açılışında rəqs etməyə zorlanan insanlar nə qədər xoşbəxt ola bilirlərsə, o qədər xoşbəxtdirlər...

Tərcümə etdi: Emin Piri