adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
02 May 2020 10:40
87447
ƏDƏBİYYAT
A- A+

Arzu Əsəd: Söyüş yağır məmləkətə

Söyüş yağır məmləkətə,

Söyüş tutub yeri-göyü.

Yoluxubdur bir lənətə –

Azərbaycan söyüş söyür!

Söyüş yağır məmləkətə,

Kül püskürür qoca vulkan.

Söyüş söyür alim-gədə,

Söyüş çıxır hər ağızdan.

Səpilir kəndə, şəhərə

Narın söyüş yağa-yağa,

Hamı çıxır küçələrə

Bu söyüşdə islanmağa.

Hər kəs söyür bir-birinə –

Böyük-kiçik, arvad-uşaq,

Belə getsə bu ölkədə

Söyülməyən qalmayacaq.

Söyüş-salam göndəririk

Uzaqdan bir-birimizə.

Söyüş-salavat veririk

Ölümüzə-dirimizə.

Mənəviyyat dəlik-deşik;

Söyüşürük həzz içində.

Sado-mazoxistləşmişik –

Millət ekstaz içində!

Hər şey çevrilir söyüşə

Elə canlı, elə asan,

İndi sən durasan necə

Freydə inanmayasan?

Azadlığa könül verdik,

Başımıza hər iş gəlir.

Mədəniyyət gözləyirdik,

Avropadan söyüş gəlir.

Bu da bir dava yoluymuş,

Sənin davanı görsünlər.

Mübarizə üsuluymuş,

Üsuluna tüpürsünlər.

Söyüş haqqın yolu olmaz,

Yezid hara, sünnət hara?

Söyüşlə haqq qazanılmaz,

Şeytan hara cənnət hara?

Nifrət söyüşə çevrilsə,

Məzlumun ahına dönməz.

Yolun özü haqq deyilsə,

Axırında haqq görünməz.

Bir il, üç il – bu yazıq xalq

Söyüşə da öyrəşəcək.

Sözün içi boşalacaq,

Söz də dəyərdən düşəcək.

Söyüş çıxan dil-dodaqlar

Dua üçün yaranıbdır.

Bəndədən utanmayanlar,

Bəlkə Allahdan ayıbdır?!

Azərbaycan ocaq olub,

Müqəddəsdir içi-dışı.

Şəhid qanıyla yuyulub

Bu torpağın hər qarışı.

Ürəkləri, beyinləri

Söyüşlərlə kirlətməyin.

Pırıl-pırıl nəsilləri

Bu pisliyə oyrətməyin.

Söyüşləmi quracağıq

O işıqlı sabahları?

Söyüşləmi alacağıq

Zəbt olunmuş torpaqları?

Ey Lut əhli – ey lüt əhli,

Ey vətənin övladları!

Zamanmı boş, sizmi dəli?

Sevindirməyin yadları!

Belə getsə uca Allah

Bu xalqdan üz döndərəcək.

Başımıza daş yağacaq –

Allah bəla göndərəcək!

Bu söyüşlər yedəyində

Qırğın, qada, qan gələcək.

Baxıb tarimar Vətənə

Söyən dillər dincələcək.

Dinclik göyə çəkiləcək,

Xeyir-bərəkət itəcək.

Tarix kökündən siləcək,

Yerimizdə ot bitəcək!