adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
25 Aprel 2020 08:47
115170
MÜSAHİBƏ
A- A+

Xaricdə təhsil alan azərbaycanlı: “Oruc tutub ac qalmağa cahillik kimi baxırdılar”- MÜSAHİBƏ

"Xaricdə oxuyan azərbaycanlılar” rubrikamızın növbəti qonağı "University of Economics and Human Sciences in Warsaw”da magistr təhsili alan Aynur Sultanovadır. Onunla son aylar koronavirusla əlaqədar Avropada yaşanan karantin rejimindən, təhsildən və digər məsələlərdən danışdıq.

-Burdakı təhsilinizdən, Polşaya necə getməyinizdən danışardınız.

-Azərbaycanda Xarici Dillər Universitetində Filologiya və Jurnalistika Fakültəsində İngilis dili və Ədəbiyyatı ixtisası üzrə təhsil almışam. Həmçinin, Bakı Slavyan Universitetində Yaradıcılıq Fakültəsində oxumuşam. Təbii ki, çox Azərbaycan gənci kimi təhsilimi xaricdə davam etdirmək istəyirdim. Sadəcə həm oxuyub, həm işlədiyimə görə universiteti bitirdikdən sonra daha 2 il Azərbaycanda qalmalı oldum. O zamanlar bunu şanssızlıq və zaman itkisi kimi düşünsəm də, Polşaya gəldikdən sonra gördüm ki, universiteti bitirib dərhal xaricdə təhsil almaq elə də məntiqli fikir deyil, əlbəttə, əgər xaricdə həm oxuyub, həm işləməyi planlayırsınızsa.



Ən çox aldığım sual niyə məhz Polşa. 
Əslində əksər Azərbaycanlı tələbələr kimi təqaüd almağın asanlığını nəzərə alıb mən də İtaliyaya müraciət edirdim , o zəng gələnə qədər. İşdən evə dönmüşdüm və sənəd işlərində yardım edən dostum zəng etdi və "Bəlkə Polşaya göndərək səni?” dedi və mən Polşaya gəldim. Əslində çox düşünmədim, çünki həm Polşada , həm İtaliyadakı dostlarımdan daha öncə aldığım məlumatlara əsasən qərar vermək ani oldu. Qısaca iş şanslarının çoxluğu Polşanı seçməyimdə başlıca səbəb oldu.

-Polşa təhsilinin özəlliyi nədədir?

-Təəssüf , Polşada təhsilin meqa üstünlüklərindən bəhs edə bilməyəcəm. Daha çox araşdırma, öz üzərində işləmə yönlü olmağı və müəllimlərin sənə tələbə kimi deyil, fərd kimi yanaşmağı mənim üçün pozitiv tərəfləridir. (Azərbaycanda təhsil aldığım müddətdə çox gözəl müəllimlərim olub və müəllim – tələbə münasibətləri hal-hazırda dostluq şəklində davam edir , yəni bu yöndən həmişə şanslı olmuşam.



-Son vaxtlar Polşaya oxumağa gedənlərin sayı dünya üzrə artıb. Bunu yaradan səbəblər nədir?

-Mən bunu qısaca cavablamaq istəyirəm- aşağı tələblər və aşağı təhsil haqqı. Təbii ki, bu Polşaya gəldikdən sonra öz neqativ yanlarını biruzə verir. Təhsil müddətində tələbə çox çətinliklər yaşayır.

-Avropalı həyatına öyrəşirsiniz, yoxsa buranın adətləriylə yaşayırsınız?

-Bu sual, hmm. Məncə bu insanın həm xarakterindən, həm böyümə tərzindən aslıdır. Mənim üçün həyat tərzində heç bir dəyişiklik yoxdur, dəyişən tək şey məkan və doğmaların uzaqlığıdır. Mənim üçün Avropa həyat tərzi deyə anlayış yox idi və hal-hazırda da yoxdur. Bizdə Avropa həyat tərzi dedikdə "sərbəst” olmaq, gecə saatlarında küçəyə çıxmaq, klub və əyləncə mərkəzlərinə getmək, alkoqollu içkilər tükətmək, evə gec gəlmək və yaxud heç gəlməmək kimi alqılanır. Məncə bu ailədən qaynaqlanır. Əgər siz bunları Azərbaycanda gizli edirdinizsə, təbii ki, xarici ölkələrdə Avropa həyat tərziniz olacaq. Mən həmişə ailəmə, doğrusunu desək atama görə ( anam bu sözümə görə inciyəcək, amma həqiqət belədir ki, anam çox konservativ şəxsdir )bu mövzuda özümü çox şanslı hesab etmişəm. Düzü, limitlənəsi hobbilərim, geyim tərzim olmayıb, alkoqol içməmişəm, amma hər halda işdən gec gəldikdən sonra gecə seansına filmə baxmaq üçün gedəndə heç vaxt şübhə dolu suallarla qarşılaşmamışam, həmişə qarşılıqlı güvən olub. Bu mövzuda uzun–uzun danışmaq olar. Sadəcə istər Avropada, istər Azərbaycanda öz həyat tərzinizi özünüz yaradırsınız və insanların buna hörmətlə yanaşması da yenə sizdən asılıdır. Təbii ki, burada çox insan özünü daha "avropalı” göstərməyə çalışır, bu danılmazdır . Qarşıdan bizim üçün çox önəmli ay gəlir, Ramazan ayı. İlk il oruc tutmaq, "ac qalmaq” bəzi polyak tanışlarımıza cahillik kimi və ya qəribə gələ bilirdi. Daha sonra onların öz dini adətləri ilə müqayisə fonunda bunu izah etmək sözsüz ki fərq yaratdı. Ailənin sənə illərlə aşıladığı şeyləri artıq sənin tək başına etməyin, düzü, ailəndən çox səni duyğulandırır. Əvvəllər ailənin açdığı Ramazan süfrəsində otururdunsa , indi bunu özünün etməyi və xüsusilə başqa ölkə vətəndaşları ilə bu sənə böyüdüyünü və necə gözəl kültürə sahib olduğunu bir daha xatırladır. Primitiv dillə deyim- boş verin daha müasir , daha avropalı olmağı , özünüz olun, köklərinizi sevin və sevdirin .



Sualın klub və əyləncə hissəsinə gəldikdə isə təəssüf ki, cavabım yoxdur. Dostlar tərəfindən gülüşlə qarşılansa da, heç vaxt klub və ya əyləncə mərkəzində olmamışam, ona görə yox ki, pisdir, ona görə yox ki, "atam qoymur”, sadəcə heç vaxt maraq dairəmdə olmayıb, səs-küylü və içkili ortamları sevmirəm. İçmədən də "kafası” gözəl ola bilməli insanın...

-Polyakların adətlərindən, fərqliliklərindən danışardınız.

-Polyakların həyat tərzi və adətləri ilə daha yaxından tanış olacağım zaman karantindən sonra olacaq. Mənə görə bir adəti öyrənməyin ən gözəl örnəyi onların evində qonaq olmaqdır. Necəki polyak rəfiqəmi Azərbaycanda qonaq etdim, adətlərimiz və yaşama tərzimiz haqqında daha detallı bilgi verə bildim. Bu ən gözəl üsuldur. Yayda polyak toyuna dəvət almışam və ailə tərəfindən qonaq olaraq evlərinə dəvət olunmuşam. Düşünürəm ki, bu zaman adətlər ilə daha yaxından tanış olmaq və bilgi almaq şansım olacaq. Digər bilgilər səthidir - Pasxa bayramı kimi, bəzi günlərdə ət yeməməkləri kimi. Mən daha çox tarixləri ilə maraqlarınam və demək olar ki, tapdığım bütün tarixi-siyasi filmlərinə baxıram. Çox insan rasist millət olmaqlarından şikayətlənir, əlbəttə, bu yaxşı hal deyil, xüsusilə də Avropada. Amma tarixlərini araşdırdıqdan sonra hardasa empatiya qurmaq olur. Ən sevdiyim xüsusiyyətlərindən başlıcası millət olaraq dillərinə və keçmişlərinə çox bağlı olmaqları və sayğı duymaqlarıdır.


-Karantin dövrüdür. Polşada vəziyyət necədir, necə qorunusunuz, öz məişət qayğılarınızı necə təmin edirsiniz?

-Karantin dövrü mənim üçün çox ağır keçmir, normal günlərdə işdən evə qaçıb günlük rutinlərini tamamlamaq üçün zaman axtaran biri üçün karantin əsl zaman mükafatıdır. Bu şəxsi olaraq belədir. Təbii ki, bu hamımıza mənfi təsir etdi- bəzilərimizin maaş kəsimi, bəzilərimizin ümumiyyətlə işləyə bilməməsi və s. Polşada ciddi addımlar dərhal atıldı, yaşlı insanların əhalinin çoxluğunu təşkil etdiyi nəzərə alınaraq. Əlbəttə, burada hər kəs bir nəfər kimi qaydalara əməl edir desək bu yalan və gülməli olar. Məişət qayğılarını öncə olduğu kimi yenə də özüm təmin edirəm və çox sevinirəm ki, bu ağır zamanda ailəmə əlavə xərc yaratmıram. Valideynlərim sözsüz bunu edəcəkdilər, amma hər halda bir övlad kimi heç vaxt onların əziyyətlərini ödəyə bilməyəcəyini bildiyin halda indi öz qayğına qala bilmən səni azda olsa rahatladır.

-İxtisasınızdan danışardınız, gələcək planlarınızdan.

-İxtisasım Strategiya və Biznes Menecmentdir. Əslində tam olaraq istədiyim ixtisas deyil. (İnsan övladı- heç nədən məmnun olmur). İngilis dili və Yaradıcılıqda oxuyan biri olaraq heç vaxt tam olaraq ixtisasım üzrə işləməmişəm, hərçənd ikinci iş olaraq həmişə ingilis dili üzrə müəllimə olaraq işləmişəm ( Polşada da həmçinin bir müddət dil məktəbində ingilis dilini tədris etmişəm) və öyrətməyi, tələbələri çox sevirəm, öz müəllimlərimdən gördüyüm kimi mən də tələbələrə daha çox dost olamağa çalışmışam. Əsas olaraq həmişə şirkətlərdə çalışmışam və düşündüm ki, yarımçıq papaqçılıqdansa kamil palançı olmaq vaxtıdır və magistratura üçün bu ixtisası seçdim. Planlarımdan heç vaxt danışan biri olmamışam, etmədiyim şeydən bəhs etməyi sevmirəm. Zamanla görəcəyik .



-Yəqin Avropanın çox ölkələrində olursunuz. Bu səfərlərin sizə öyrətdikləri, qazandıqların, fərqliliklər və.s haqqında danışardınız.

-Ümumiyyətlə, hər gün yeni nə isə öyrənməyə çalışıram, amma səfərlər zamanı bu şans daha çox olur. Tək səyahət etməyi daha çox sevirəm. Yerli əhali ilə danışmağa, mədəniyyətləri, tarixləri barədə nəsə öyrənməyə çalışıram. Deyə bilərsiniz ki, bunu internetdən daha rahat və pul xərcləmədən etmək olar. Ümumiyyətlə, səyahət edəcəyim ölkələri iki xüsusiyyətinə görə seçirəm – tarixi və mətbəxi. Etiraf edim ki, mədəmə düşkün biriyəm. Getmədən öncə bir neçə gün detallı araşdırma edirəm. Amma ölkəni vətəndaşın gözü ilə görmək, kəşf etmək bir başqadır. Praqada olduğum zaman buna bir daha əmin oldum.

Yeni insanlar, gözəl xatirələr, ruhun dincəlməyi və gözəl yeməklər – budur səyahətin mənə qazandırdıqları. Və ən əsası rəsimləri telefonumla deyil də, gözlərimlə beynimə çəkirəm.

Səyahət vaxtı heç zaman internetimi aktiv etmirəm. Xəritə ilə şəhəri kəşfə çıxıram, bəzən azıram və bu məni daha xoşbəxt edir. Ailəmi narahat qoymamaq üçün yemək yediyim yerdə internetə qoşulub iki cümlə yazıram:Sağam, narahat olmayın.

- Oxumağa getməyə ailəniz narazılıq etmədi? Ailəniz ilə münasibətləri, əlaqəni necə yoluna qoyursunuz?

-İllərdir şans olsa belə ailəm razı olmadığı üçün gedə bilməmişəm. Öncələr üsyan edirdim. Amma indi düşünürəm, bəlkə zamanı deyildi, hazır deyildim. O proseduru sizə təsəvvür belə edə bilmərəm, sanki ailə tragediyası. Xüsusilə anam dəfələrlə səni bağışlamayacam, analıq haqqımı halal etmirəm kimi ifadələr işlədirdi. Mən qalanı içdən fəth etməli olduğumu bilirdim. Biz atamla çox başqa münasibətə sahibik, nəinki çox qızla atanın, hətta çox oğlanla atasının sahib ola bilməyəcəyi münasibətə. Atama çox minnətdaram ki, bu münasibəti illərlə qurmağa çalışdığım, mübarizə apardığım anlarda o da öz içində çox mübarizələr aparıb, çox qurbanlar verib- övlad həsrəti kimi, camaat nə deyər qınağı kimi. Bilirsiniz , bizim çox insanlar öz həyatlarınının əskikliklərini başqalarının həyatlarını müzakirə və qınaq obyekti etməklə tamamlayırlar.

Çox azərbaycanlı ailəsində olduğu kimi bizim ailədə də ilk sual camaat nə deyər oldu, daha sonra bu sualı tək başına orda nə edərsən əvəzlədi. Və sonda atam dedi ki, sən onsuzda Spartaksan (atam mənə Spartak deyə müraciət edir) , istədiyini almasan bu məsələ bu ailədə bitməyəcək. Əlbəttə, valideyn həmişə düz edəcək deyə bir şey yoxdur , hardasa onlarında mütləq səhvləri olub , amma bir ömür Tanrıya şükürlüyəm ki, onlar məhz mənim valideynlərimdilər, hər nə qədər bu müddəti mənim üçün çətinləşdirsələr də.

Ailəmlə münasibətlərim əladır deyə bilərəm, kiçik mübahisələri saymasaq. Hər gün danışırıq , bir gün danışmasaq atam eyham vurur ki, nə vaxtdır səsin gəlmir . Bir gün bizdə sonsuz zaman kəsiminə bərabərdir – əgər mən zəng etməsəm.

- Polşa digər Avropa ölkələrinə nisbətən daha gec inteqrasiya prosesinə qoşulan ölkədir. Soyuq müharibədən sonra. Bu fərqliliklər, uyğunsuzluq Qərb ilə çoxdur, yoxsa az?



-Polşa öncə də qeyd etdiyim kimi müharibələri, siyasi məsələləri məncə hələ də atlaya bilməyib. Xarici vətəndaşlara açıq deyillər digər Avropa ölkələri ilə müqayisədə. Soyuqqanlı və hətta kobuddurlar deyərdim. Burda fərq yoxdur , tələbəsiniz , turistsiniz və yaxud burada yaşayırsınız . Hər halda altşüurda kənardan gələn insanlara aqressiya var. Və bu xüsusilə sənəd işləri zamanı dövlət idarələrində özünü göstərir, xarici vətəndaşlarla iş üzrə idarə olsa belə ingiliscə danışan bir nəfər belə işçi tapa bilməyə bilərsiniz. Bütün bunları kənara qoysaq , Polşa sürətlə inkişaf edir, bir çox xarici dövlətlərin şirkətləri burda fəaliyyət göstərir .

Onu da əlavə edim ki, artıq burada çox gözəl dostluq münasibəti qurduğum polyaklar var və onlar belə qəbul edir ki, xalq olaraq xaricilərə çox pozitiv və açıq deyillər.

-Azərbaycana qayıtmaq fikriniz var, yoxsa gələcəyinizi Avropada qurub davam etdirmək...

-Ən çox aldığım və qaçdığım sual. Bu dəfə də qaçıram. Nə gözəl ki, bu sualı sona saxlamısınız, daha rahat qaça bilərəm. Zarafatı bir kənara qoyub tam səmimi deyirəm ki, bu sualın cavabı məndə deyil. Həyat mənə uzun vədəli planlar qurmamağı öyrədib artıq. Yaşayacağıq və görəcəyik, şərtlər və həyat bizim növbəti dayanacağımızı hara edəcək .

Söhbətləşdi: Emin Piri