ÖMÜRDƏN ÜÇ GÜN...

İRADƏ TUNCAY
39774 | 2007-05-11 23:55

Bu həftə təqvimdəki üç önəmli günü qeyd etdik. Xronoloji ardıcıllıqla saysaq 8 may - Şuşanın işğalı günü, 9 may - faşizm üzərində Qələbə günü və 10 may - milli liderimiz Heydər Əliyevin doğum günü. Tale belə gətirib ki, bu üç gün ard-arda qeyd olunur. Hərəsinin də öz anlamı, öz çəkisi. Elə xronoloji ardıcıllıqla da bu təqvim günlərini vərəqləyək.
   
   
   
   ***
   
   
   
   15 il keçdi. Təxminən yubiley kimi bir şey. Təbii, uzun illər böyük dövlətin içində arın-arxayın yaşamağa öyrəşmiş adamlar üçün, birdən-birə alışdığı dövlətdən zərbə almaq çox heyrətverici idi. Amma tarixdə hər zaman belə olub. Böyük imperiyaların dağılması, həm də böyük faciələrlə müşayiət edilir. Sadəcə biz bu ölkənin dağılacağına inanmırdıq və hazır deyildik. Hazır olmadığımızdandır ki, məğlubiyyətin ildönümlərini qeyd etməklə özümüzü birtəhər ovundururuq. Bu savaşdı - zəfər də ola bilər, məğlubiyyət də. Ən qorxulusu məğlubiyyətə öyrəncəli olmaqdı. Borodino döyüşündə Napoleon rusları darmadağın eləmişdi. Amma Tolstoy yazırdı ki, Borodino rus xalqının mənəvi qələbəsidir. Demək, ancaq və ancaq mənəviyyatın nəyə köklənməsindən söhbət gedə bilər. Nəyə köklənmişik? Bu barədə o qədər yazıblar ki, əlavə dastan açmağa ehtiyac görmürəm. Sadəcə, növbətçi saç yolmalar, növbətçi göz yaşları, növbətçi çıxışlar artıq bezdirir.
   
   Biz əlbəttə anlayırıq ki, özbaşına deyilik, sərhədlərimizdən, hüdudlarımızdan çox-çox uzaqda olan böyük dövlətlərin sayıq nəzarəti altındayıq. Əgər dünya 50 ildən çoxdur ki, Fələstin problemini həll etmək istəmirsə, demək, bu qaynar nöqtələr kiməsə lazımdır. Və bizim soyuq-soyuq baxdığımız hadisələr hələ çox qaynamaladır. Amma heç cür anlamaq olmur ki, bizim hər birimizə vətəndaş olmağa, insan olmağa nə mane olur. Yenə Avropa Şurası? Mənə maraqlıdır görəsən, onlar bizim qarşımızda şərt qoyub ki, məktəblərdə savadsız müəllimlər dərs desin, xəstələrimizi kütbeyin həkimlər şil-şikəst eləsin, yollarımızın asfaltını oğurlasınlar, suyumuzu kəssinlər, işığımızı verməsinlər? Düşünməyi unudaq, ancaq "bəli", "baş üstə" deyək? Əgər qoyubsa bir başqa şura axtaraq. Yox, qoymayıbsa, niyə belə riyakarlıq edirik? Növbətçi çıxışlardan bir sitat (təxminən hamısı eyni məzmunda) - "Hər şey yaxşılığa doğru gedir, problemlərimiz də var, ancaq yaxın zamanlarda həll olunacaq". Bu "yaxın zaman" çox nisbi anlayışdır - insan ömrü üçün yaxın zaman, yoxsa zaman qavramında yaxın zaman?
   
   Anam 40 il müəllim işləyib. 30 manat təqaüd alır. Mən 40-ı addamışam. Öz qazancımla heç motosiklet də ala bilmərəm. Amma baxırsan şəhər doludur "CİP"də gəzən cavan qızlarla. Özü də indi heç kim heç nəyi gizlətmir - hamı bilir ki, kim kimə harda ev alıb, kim kimə nə maşın bağışlayıb. Böyük bir qrup da məqam gözləyir ki, öz ağrı-acısını, hirsini, hikkəsini töksün. Cəmiyyəti niyə belə hala gətirmək lazımdır ki, lümpenlər bu düşüncə və arzularla yaşasın? İndi şəhər barlarında və vaqonlarda böyümüş iki təzadlı nəsil yetişib. Nə onlar, nə də bunlar işğal olunmuş ərazilər haqqında heç düşünmürlər də. Bu qütblərin toqquşması yaxşı heç nə vəd eləmir. Yuxudan ayılıb ciddi tədbir görməyin zamanı gəlməyibmi? Bu iki nəslin hər ikisi öz gələcəyini itirib, cəmiyyətin günahından. Yeri gəlmişkən, 8 may günü teleməkanda efirə gedən hay-huyun içində yadımda qalan bir film oldu. Film elə belə də adlanırdı":Arxada qalmış gələcək". Çox doğru-düzgün ad qoyublar. Filmin müəlliflərindən üzr istəyirəm, titrlərdə adlara fikir vermədim. Fuad Poladovu gördüyüm üçün baxdım və yaxşı ki baxdım. Hər halda düşük müğənnilərin Şuşada konsert vermək arzusunun fonunda bu film düşünmək cəhdi idi. Təbliğat işiydi. Biz hələ də bu işi qura bilmirik. Böyük Vətən Müharibəsindən fərqli olaraq.
   
   
   
   ***
   
   İndi kimsə deyəndə ki, "bizə nə, biz nəyin naminə vuruşmuşuq?" - mənə qəribə gəlir. Biz vətəndaşı olduğumuz ölkənin hüdudlarını qoruyurduq. Ən azından döyüşməyi öyrəndik. Çoban papağını soyunub əsgər şlemini geyinməyi öyrəndik. Deməyin "bizə nə". Azərbaycanda elə bir ailə tapılmaz ki, ona bu savaşın acısı, zərbəsi dəyməsin. Avropanın, Uzaq Şərqin düzlərində, meşələrində adsız-daşsız məzarlarda nə qədər oğullar yatır. Dunayın, Dneprin dünya okeanına axan mavi suları ilə nə qədər oğlumuzun qırmızı qanı axıb. İndi demək çox asandır ki, bolşevizmin faşizmdən fərqi nədir. Onlar vətəndaş idilər. Vətən uğrunda döyüşürdülər, əmr verilmişdi. O əmrə hər kəs tabe idi, hər millətdən olan, hər zümrədən olanlar. Bu müharibəyə gözümüzün nurunu, ürəyimizin yağını vermişik, hərarətini vermişik. 2 milyon 400 min əhalisi olan respublikanın 600 mini gedib, 400 mini həlak olub. Bu əslində millətin bütün kişilərinin məhv olması deməkdir. 11 min Azərbaycan qızı iştirak edib, birinə də Sovet İttifaqı Qəhrəmanı adı verilməyib. Bizim xalqın zehniyyəti ilə qızın müharibəyə getməsi nə deməkdir, anlaya bilirsiniz? Qayıdandan sonra onları alan da olmadı. Məcbur olub başqa millətdən olanlarla ailə qurdular. Bir-iki ayın gəlini olub ərsiz qalan qadınların faciəsini anlaya bilirsiniz? Bütün bunlar bizim xalqın taleyindən keçib. "Bizə nə" deməyin. Xüsusi bir məqam var ki, onu qeyd eləmək istəyirəm. O dövrdə ideoloji işin qurulmasından. Müharibə dedikdə yadınıza nə düşür? İlk öncə məşhur plakat, sonra o dövrün mahnıları, filmlər və ədəbi nümunələr. Bütün bunlar o qədər gözəl təşkil olunmuşdu ki, mən və mənim kimi müharibə görməyən bir nəsil bu savaş haqqında hər şeyi bildiyinə əmin idi. Həmin dövrdə və ondan sonra yaranan sənət nümunələri bu gün də Sovet incəsənətinin klassikası sayılır. Müharibədə qələbəni yalnız silahla qazanmaq mümkün deyil. Ruhu olmayan bir ordu ilə uzağa gedə bilməyəcəksən, öz sərhədlərinin daxilində də bir qarış irəliləməyəcəksən.
   
   Çanaqqala zəfərinin 90 illiyi ərəfəsində Türkiyədə həmin dövrdə yazılmış əsgər məktublarını toplayıb kitab halında çap etdirdilər. Nə gözəl! Bizim pul töküb maklatura çap elətdirən şairciklərimiz millətə bir xeyir verəydilər, bizdə də belə bir iş görəydilər. Klip çəkdirənlər bir dəfə də Vətən haqqında çağırış - şerlərə klip sifariş edəydilər. Böyük Vətən Müharibəsi heç vaxt ordusu olmayan, silah tutmağı bacarmayan bir xalq üçün məktəb oldu. Biz bu müharibədən professional hərbçi kadrlarla çıxdıq. Hərbçi kinooperator, jurnalistlərlə çıxdıq. Tankçı generalımız oldu, əsl general. Bu müharibə əslində bütün itkiləri ilə bizim xeyirimizə idi. Necəki Yaponiya atom bombasının partlayışından sonra böyük inkişaf yolu keçdi - biz də hər halda güllə atmağı, tank sürməyi, təyyarə idarə etməyi öyrəndik. Müharibə həm də irəliyə bir addım deməkdir. Bu qələbə həm də bizim qələbəmizdir.
   
   
   
   ***
   
   Qələbə, zəfər gözəl sözlərdir. Və Onun bioqrafiyasında bu sözlərin xüsusi yeri var. Uzun ömür yaşamışdı, bu vaxt ərzində Tanrı Ona bu sözlərin gətirdiyi səadəti yaşamaq şansını çox vermişdi. Bütün məhrumiyyətlərdən qalibiyyətlə çıxmaq şansını. Hər halda insan talelərini öyrənəndə "Tanrının sevimli bəndəsi" ifadəsinə inanmaya bilmirsən. Deməli, Allah bu dünyaya kimisə göndərəndə, artıq öz missiyası ilə göndərir. Və başına sığal çəkdiklərinin üstünə də öz kölgəsini salır. Biz isə onlardan öyrənməliyik. Təbiətdə enerjinin itməməsi qanunu var. Enerji bir şəkildən başqa şəkilə keçir. Nə olduğunu bilmədiyimiz ruh da yəqin enerjinin şəkil dəyişməsidir. Zaman-zaman tarixin istiqamətlərini, axarını dəyişən insanların ruhu ayrı-ayrı seçilmiş fərdlərdə təzahür edir. Onlar hökm verirlər - yaradanın hökmü ilə. Və bu hökm verənlərin tarixdəki izini tarixə köçürəndə onların işinə yaşadıqları dövrün və məkanın kontekstində qiymət vermək lazım gəlir. Təəssüf, çox təəssüf, Ona vermək istədiyimiz qiymətdə də şablon mədhlərdən o tərəfə gedə bilmirik. Onun bütün varlığını özündən yaxşı kimsə xarakterizə edə bilməyib. Bütün rəsmi və qeyri-rəsmi tədbirlədəki çıxışları yadda da qalıb, arxivlərdə də. Sadəcə, yaradıcı münasibət göstərib bir az zəhmət çəkmək lazımdır. İl- ildən sayı azalan görkəmli şəxslərin yerini indi xatirə danışan təsadüfi adamlar tutmaqdadır. Hər kəsə Onun haqqında danışmağa icazə verilməlidirmi? Danışanda da nə danışırlar: "Hə, mən yolda durmuşdum, o da keçirdi, məni gördü, dedi ki, sən də burdasan?". Bütün dünyada ölkə tarixinin önəmli şəxsləri haqqında ədəbi əsərlər, filmlər ən görkəmli sənət adamlarına tapşırılır. Burda da bir ideoloji xətt olmalıdır. Ölkənin birinci şəxsi haqqında söhbəti öz sahəsinin birinci şəxsləri aparmalıdır. Pulun çox olması həm də istedadın çox olmasının göstəricisi deyil. Bir var Onun haqqında poemanı Zəlimxan Yaqub yazsın, bir var hansısa bazarın müdiri. Bütün bunlar niyə nəzarətdən kənardır? Ən azından nəşriyyatlara göstəriş vermək olar ki, belə məsələlərə fikir versinlər. Əgər dövlətçiliyi olmayan bir xalq belə güclü siyasətçi yetirə bilirsə, demək, bu Azərbaycan xalqının daxili potensialının göstəricisidir. Demək, ideoloji mövzuları işləyəcək güclü adamları tapmaq mümkündür.
   
   Baxıram, 10 may günü bir millət vəkili çıxış edir və deyir ki, "60-cı illərdə Podqornının ?əncəyə gəlişi ilə bağlı DTK-nın sədri Heydər Əliyev kriminal avtoritetlərlə görüşüb şəhərdə sakitliyi təmin etməyi tapşırıb. Bu onun sadəliyinin göstəricisi idi". Doğrudanmı Onun sadəliyindən danışmaq üçün bu söhbəti qabartmaq lazım idi və nə dərəcədə doğru idi? Xalqdan xəbəri olmayan, xalqın dilini bilməyən adamlar bütün dəyərlərimizi elə ustalıqla dəyərsiz eləyirlər ki, məəttəl qalırsan.
   
   Birinci şəxsin ad günü dövlət səviyyəsində qeyd olunursa, bəlkə konsert proqramlarının repertuarlarına da diqqət yetirilsin? Yüz minləri Sahil bağına yığıb toy mahnıları oxumaq nə anlama gəlir? Buna da nəzarət lazım deyilmi? Hər halda O, belə həssas nöqtələrə çox diqqətli idi. Və görünən budur ki, biz Ondan hələ heç nə öyrənə bilməmişik.
   
   Qəribə adamlarıq ey, qan tökməli olduğumuz Şuşada konsert arzulayırıq, konsert verməli olduğumuz Muğam Teatrında qan veririk. Mən biləni qanalınma prosesi xüsusi steril şəraitdə aparılmalıdır. Burda həmin parametrləri gözləmək mümkün oldumu? Və bu aksiyanı xəstəxanada keçirmək olmazdımı? Səhiyyə nazirimiz nə düşünür? Yoxsa tibb ocaqlarımızdan teatrlarımız daha sterildi? Bu işin bir tərəfi. İkinci tərəfi də odur ki, son vaxtlar onsuz da oynamağa, oxumağa çox meyllənmişik. Oynamaq, oxumaq məkanında alınmış qan başqalarına bir az da artıq təsir eləməzmi?
   
   
   
   ***
   
   Bəzi günlər var ki, o günlərin xalqın taleyində, yaşamında xüsusi çəkisi var. Həmin günlərin işıqlandırılmasına da xüsusi diqqətlə yanaşılmalıdır, xüsusi nəzarət olmalıdır - dövlətin nəzarəti. ?öz yaşı tökmək və yaltaq tərif yağdırmaq həqiqətə xidmət etmir. Allahın tərifli yaratdığının təsadüfi adamların təmənnalı sağlığına ehtiyacı yoxdur. Sadəcə olan-bitənə sevgi və peşəkar yanaşması lazımdır, vəssalam. Düz demirəm?
   
   
   
   

TƏQVİM / ARXİV