adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
22 Aprel 2020 21:34
16893
SİYASƏT
A- A+

Aydın Hüseynov: Həyata keçirilən tədbirlər dövlətimizin hər zaman xalqın yanında olduğunu bir daha təsdiqləyir

Prezident İlham Əliyevin rəhbərliyi və tapşırığı sayəsində həyata keçirilən bütün tədbirlər dövlətimizin hər zaman xalqın yanında olduğunu bir daha təsdiqləyir və xalqımız tərəfindən yüksək dəyərləndirilir.

Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

A.Hüseynov bildirib ki, bu gün planetimizdə COVID-19 pandemiyasının yol açdığı dərin çətinliklər ciddi problem yaratmaqdadır. Hətta elə bir vəziyyət yaranıb ki, dünyanın inkişaf etmiş əksər ölkələri belə aciz duruma düşüb:

"Belə bir çətin sınaq qarşısında Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə qabaqlayıcı, fundamental tədbirlərin görülməsi və genişmiqyaslı sosial dəstək tədbirlərinin həyata keçirilməsi, xalqımız tərəfindən minnətdarlıq hissi ilə qarşılanıb və bir çox ölkələr üçün nümunəyə çevrilib. Həyata keçirilən tədbirlər dövlətimizin hər zaman xalqın yanında olduğunu bir daha təsdiqləyir. Bu məqsədlə böyük məbləğdə vəsait ayrılıb və pandemiyaya görə öz işini müvəqqəti olaraq itirən 600 mindən çox insana dövlət tərəfindən köməklik göstərilir. Eyni zamanda, işsizlərlə bağlı problemlər aradan qaldırılır, əhalinin sosial rifahını qorumaq üçün digər mühüm addımlar atılır. Prezident İlham Əliyevin 2020-ci il 19 mart tarixli Sərəncamının icrası ilə bağlı təsdiqlənmiş Tədbirlər Planında məşğulluğa və sosial rifaha dəstək məqsədilə 4 istiqamət üzrə 10 tədbir əksini tapıb. Aprelin 17-də Azərbaycan Respublikasının Prezidenti tərəfindən elan edilən yeni dəstək tədbirləri ilə 2,5 milyon vətəndaşı əhatə edən məşğulluq və sosial rifah istiqamətinə 600 milyon manat vəsait ayrılıb. İnsanların sosial müdafiəsi getdikcə daha da gücləndirilir.

Pandemiyadan ən çox zərər çəkən sahələrdə işləyən insanların əməkhaqlarının əhəmiyyətli hissəsi dövlət tərəfindən qarşılanır və bu kateqoriyaya aid olan insanların sayı 300 mindən çoxdur. Eyni zamanda, 300 minə yaxın mikro sahibkarın maliyyə vəziyyətinin təmin edilməsi üçün dövlət böyük vəsait ayırıb. Beləliklə, yalnız bu kateqoriyaya aid olan 600 minə yaxın insan dövlətdən maddi dəstək alır. Dövlət sektorunda işləyənlərin əməkhaqları tam ödənilir”.

A.Hüseynov vurğulayıb ki, bu və digər mühüm addımlar dövlətimizin humanizmə sadiqliyinin və siyasətinin mərkəzində Azərbaycan vətəndaşının dayandığını bir daha göstərir:

"Prezident İlham Əliyevin tapşırıqlarına əsasən, ümumilikdə 1 milyon 629 min işçinin, o cümlədən dövlət sektoru üzrə 910 min, özəl sektor üzrə 719 min işçinin əməkhaqqı saxlanmaqla məşğulluğu təmin edilib. Dövlət tərəfindən təqdim olunan dəstək paketləri və inzibati tədbirlər nəticəsində əmək müqavilələrinin sayında aprelin 1-dən etibarən 55 minlik, yanvarın 1-i ilə müqayisədə isə 77 minlik artıma nail olunub. Eyni zamanda koronavirus pandemiyasından zərərçəkmiş sahələrdə çalışan muzdlu işçilərə və fərdi (mikro) sahibkarlara maliyyə dəstəyi göstərilir. Pandemiyanın zərər vurduğu fəaliyyət sahələrində çalışan, əmək müqaviləsi olan 300 min muzdlu işçinin əməkhaqlarının müəyyən hissəsinin ödənilməsi üçün sahibkarlara dövlət tərəfindən 215 milyon manat maliyyə dəstəyinin göstərilməsi nəzərdə tutulur”.

Deputat əlavə edib ki, bu gün ölkəmizdə əhalinin xüsusi həssas təbəqələrinin sosial müdafiəsi də prioritet istiqamətlərdən biridir:

"Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il üzrə yaranmış 200 milyon manat ehtiyatı əhaliyə sosial ödənişlərin davamlılığının təmin edilməsinə yönəldilib. Bu ödənişlər - pensiyalar, müavinətlər və təqaüdlər 2,3 milyon şəxsə verilir. Aprelin 8-15-də respublika üzrə aprel ayı üçün pensiyalar tam ödənilib. Ayın 20-21-də isə müavinət, təqaüd və kompensasiyaların, aprelin 28-də isə ünvanlı dövlət sosial yardımlarının ödənişi aparılacaq. Bu ilin birinci rübündə bütün sosial ödənişlər vaxtında icra olunub, 2,3 milyon vətəndaşa 1,5 milyard manat məbləğində sosial ödənişlər həyata keçirilib.

Prezident İlham Əliyevin rəhbərliyi və tapşırığı sayəsində həyata keçirilən bütün bu tədbirlər dövlətimizin hər zaman xalqın yanında olduğunu bir daha təsdiqləyir və xalqımız tərəfindən yüksək dəyərləndirilir”.