adalet.az header logo
  • Bakı 18°C
20 Aprel 2020 19:27
15997
SİYASƏT
A- A+

Azərbaycan Könüllülər İctimai Birliyinin prezidenti karantin dövründə könüllülərin fəaliyyətindən danışdı

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı elan olunmuş xüsusi karantin dövründə könüllülərin fəaliyyəti olduqca təqdirəlayiqdir.

Bunu Trend-ə açıqlamasında Azərbaycan Könüllülər İctimai Birliyinin prezidenti İmaməddin Quliyev deyib.

Onun sözlərinə görə, könüllülük ölkəmizdə tez‐tez rast gəlinən və mərhəməti, əliaçıqlığı, humanistliyi, eyni zamanda vətənpərvərliyi tərənnüm edən bir fəaliyyətdir:

"Könüllülük ümid yeri olmaq, savab əmələ sahib olmaq, xalqına, vətəninə sosial xidmət etmək deməkdir. Ölkəmizdə də gənclərin fəaliyyətində könüllülüyün xüsusi yer tutduğunun və bu sahəyə marağın günbəgün artdığının canlı şahidiyik. Yaşlı tənha insanların təcrid edilməsini təmin etmək üçün könüllülərin onlara kömək etmələri, xeyirxahlıq göstərən təşkilatların, insanların yardımlarının ehtiyacı olanlara çatdırılmasında könüllülərin birbaşa iştirakı mühüm rola malikdir".

İ.Quliyev qeyd edib ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar Azərbaycanda xüsusi karantin rejiminin tətbiq olunduğu müddətdə talassemiya, hemofiliya və leykoz xəstəliyindən əziyyət çəkənlərin qanla təmin edilməsi məqsədi ilə dəstək çağırışına bir çox insanların, təşkilatların könüllü olaraq qoşulmaları, könüllülük fəaliyyətinin yaranmış bu vəziyyətdə belə aktual olduğunu göstərir.

Birlik prezidenti bildirib ki, könüllülər, həmçinin virtual olaraq sosial şəbəkələrdə əhalinin şəxsi gigiyena qaydalarına əməl etməsi, özünütəcrid şəraitinə uyğun davranması, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxması ilə bağlı mütəmadi olaraq paylaşımlar edirlər. Könüllülərin hətta koronavirusa yoluxmuş xəstələrin qayğısına qalmaq, müayinə proseslərində iştirak etmək istəmələri kimi müraciətlər etməsi ilə bağlı da məlumatlara sosial şəbəkələrdə, mediada rast gəlinir.

İ.Quliyev hesab edir ki, könüllülərin bu istiqamətdə fəaliyyəti pandemiya bitdikdən sonra da davam etdirilməlidir:

"Əldə edilmiş təcrübələrdən istifadə edərək, Azərbaycan Könüllülər İctimai Birliyi olaraq gələcəkdə keçirəcəyimiz layihələrin mütləq əksəriyyətini bu istiqamətə yönəltməyi planlaşdırırıq. Xüsusilə ictimai nəqliyyatdan istifadə zamanı insanların gigiyenik qaydaları pozduqlarını müşahidə etmək mümkündür. Könüllülərin bu istiqamət üzrə də maarifləndirmə işlərinin aparılmasına cəlbini vacib hesab edirik. Əldə olunacaq təcrübələrə əsaslanaraq, gələcəkdə də baş verə biləcək bu cür oxşar təhlükələrə qarşı qabaqlayıcı tədbirlər görmək, könüllülərin iştirakı ilə maarifləndirici layihələr həyata keçirmək olduqca vacib və əhəmiyyətlidir. Gəncləri, dövlət və qeyri-hökumət təşkilatlarını bu mübarizədə birgə əməkdaşlığa çağırırıq".