adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7

ZƏMANƏMİZİN QƏHRƏMANI

İRADƏ TUNCAY
57362 | 2007-04-20 23:05

Ev qapısından çıxıb, işə getdiyim yolun üstündə, yaşıllaşmağa başlayan çəmənin içində üç qırmızı tülpan açıb. Ayaq saxlayıb tamaşa edirəm, gözəl mənzərədi, xoşuma gəlir. Həm təzaddır - hər tərəf yamyaşıl və bunun içində al qırmızı güllər. Həm də bir-birinə uyurlar, yaraşırlar, uzlaşırlar. Allahın burda nə siyasi marağı var bilmirəm - amma bizdən fərqli olaraq rənglərlə oynamağı gözəl bacarır. Bu da onun böyük siyasətidir. Böyük siyasətlərin içində qüsurlar da olur - biz, insan cəmiyyəti onun böyük səhviyik. Bu qədər gözəllik yaradıb, içinə belə naqis məxluqatları niyə atmışdı? Dünyanı yeddi günə qurdu, milyon ildi bir ədalət yarada bilmir. Amma bu tülpanlar çox cəsarətlidi, öz rənglərindən qorxmurlar. Təxminən 25 il əvvəl qırmızının içində yaşıl rəng necə görünərdisə, indi də yaşılın içində qırmızı elə görünür. Ay mənim qəhrəman güllərim, zəmanədən qorxmursunuz?
   

    * * *
 
   
   "Zəmanənin üzü qara olsun" deyimi ilə çox, lap çox rastlaşırıq. Bu yazıq zəmanənin üzünü qara eləyən kimdi görəsən - uzaq planetlərdən gəlmiş yaratıqlar, divlər, əcinnələr, yoxsa... Bir az qəliz məsələdi. Hər dövrdə zəmanədən razı, ya da narazı insanlar olub. Razıların nəyə görə razı, narazıların nəyə görə narazı olduqları da yaşadıqları dövrün, mühitin meyarlarına görə ölçülüb. Deyək ki, kimsə bir parça çörək tapıb keçirdiyi günə-güzarana şükür eləyirsə, bir başqası da büllur sarayda yaşayıb pəncərələrinin niyə almazdan olmadığına görə baxtından şikayətlənir. Zəmanəyə baxış bucaqları fərqlidir. Bu müxtəlifliyin içində hər dövrün öz qəhraman obrazları da yaranır.
   
   İbtidai icma qurluşundan başlayaq. Bu dövrün qəhrəmanları kim ola bilərdi - güclü, qüvvətli, yaxşı ov eləyə bilən, qəbiləni özünə tabe edən adamlar. Yəqin ki, o vaxtda insanlığa xas olan hiylə, məkr kimi əməllər bəsit şəkildə mövcud olub. Ancaq o dövrdə qəhrəman olmaq üçün ölçülər nisbətən müəyyən idi.
   
   Quldarlıq qurluşunun qəhrəmanları kim idi? Fəlsəfədən, sənətdən, ədəbiyyatdan, hərb elmindən və mütləq siyasətdən baş çıxaran adamlar. Aramızdakı zaman fərqi böyük olsa da bu gün əksər ölkələr miladdan öncə Yunan və Roma dövlətlərinin qoyub getdiyi prinsiplər əsasında idarə olunur. Gen-bol istifadə etdiyimiz respublika, demokratiya, senat sözləri də bizə onlardan miras qalıb.
   
   Feodalizm dövrünün qəhrəmanları zərif xanımların bir sözü ilə uzaq səfərlərdə can qoyan, kral naminə döyüşə bilən cəngavərlər idi. Bu cəngavarlər orta əsrlər ədəbiyyatında o qədər şişirdilmiş və gülünc təsvir olunurdular ki, Servantes bu qəhrəmanlara parodiya - "Don Kixot"u yazdı (bir neçə il bundan əvvəl göydən bizə tərəf gələn kometanın qarşısını almaq üçün ispanlar raket düzəldib adını "Don Kixot" qoymuşdular. Görünür "Don Kixot"un nəcib qəlbi hələ də insanları ona inanmağa məcbur edir. Hər halda bu qəhrəman gücsüzlərin tərəfində idi). Digər tərəfdən o dövrün tonqallarda, inkvizisiya məhkəmələrində məhv olmuş qəhrəmanları da var idi.
   
   Yavaş-yavaş irəlilədikcə duellərdə boy göstərən zadəganlarla, bu zadəganları edam edib Yakobin diktaturası quran Robespyerlə, monarxiyanı devirib Rusiyanı təhkimçilik girdabından qurtarmaq istəyən dekabristlərlə rastlaşırıq. Onlar da öz zəmanlərinin qəhramanı idi.
   
   XX əsr isə mürəkkəb və təzadlı olayları ilə öz qəhramanlarını yaratdı. Əslində bu dövrün öz qladiatorları, tiranları, inkvizitorları və öz romantik Don Kixotları vardı. XX əsr özündə əvvəlki formasiyaların hər birini cəmləşdirmişdi. Kolxozlar qəbilələrin ümumi mülkiyyətini 30-cu illərin repressiyaları inkvizisiyanı, bir-birini əvəz edən tiranlar Neronu xatırladırdılar. Üçüncü həftəsini yaşamaqda olduğumuz aprel ayında XX əsrə möhür vurmuş, bu əsrin qəhrəmanları sayılacaq insanların doğum günləri qeyd olunur. Yadınıza düşdü? Yəqin ki... Leninin şəxsiyyətinə münasibət bu gün birmənalı deyil. Amma kim nə deyirsə desin, yeni sistem, yeni rejim yaratmaq çətindi. Hər şeyi kökündən dağıdıb, yenidən qurmaq asan deyil. Və bu yeniliklər də sosial-ədalət prinsipinə əsaslanırsa, heç asan deyil. Zarafat gəlməsin - feodal düşüncəli insanlara ümumxalq mülkiyyəti anlayışını yedirdə bilmək, sözün hər mənasında qaranlığa bürünmüş bir imperiyanı sözün hər mənasında işıqlandırmaq... Belə köklü dəyişikliklər təbii ki, qanla suvarılmalı idi. Məkan - feodal məkanı buna hazır deyildi. Amma Herbert Uellsin "Kreml xəyalpərvəri" adlandırdığı, bir az da avantürist təbiətli Lenin arzuladığı sistemin özülünü qoya bildi. QOELRO planı - elektrikləşmə + sovet hakimiyyəti, savadsızlığın ləğvi, bütün hakimiyyət sovetlərə, formaca milli, məzmunca sosialist sənətin yaranması və s. İdeya kimi çox gözəldi. Sosializm ideayaları, solçu düşüncə bu gün də ən mütərəqqi ideya sayılmaqdadı. Bir neçə il əvvəl Fransadakı iğtişaşlar və nəticədə dövlətin solçularla razılaşması, İtaliyada sosialistlərin hakimiyyətə gəlməsi Avropada bu meyllərin güclənməsindən xəbər verir. Biz feodalizmə üz tutduğumuz vaxtlarda Avropa artıq sosializmdə yaşamaqdadır. Demək heykəlləri söküb dağıtsaq da Marks da, Lenin də öz ideyaları ilə var və mövcuddur. Bizim bir vaxtlar lağ elədiyimiz "Lenin yaşayıb, yaşayır və yaşayacaq!" şüarı da gəlişi gözəl sözlər kimi deyilməyib. Kənd evlərində yanan lampalara nahaq yerə "İliç lampaları" demirlərmiş. Onun qurduğu dövlət, dünya xəritəsindən silinən kimi, bu lampalar da söndü. Böyük islahatlar həm də böyük faciələrdir...
   
   XX əsrin daha bir qəhrəmanını xatırlayaq - Adolf Hitleri. O da apreldə doğulub, ona da münasibət birmənalı deyil, onu da sevənlər də var, nifrət edənlər də. Onun da hakimiyyəti qanla suvarılmışdı, o da sosialist idi. Amma Lenin beynəlmiləlçi idisə, Hitler millətçi idi. Birinci dünya müharibəsindən məğlub, torpaq itkiləri ilə çıxmış Almaniyanı dirçəltmək üçün o, ancaq və ancaq alman xalqının içində batmış, çökəlmiş millət hisslərinə müraciət etməli idi. Natamamlıq kompleksi ilə yaşayan xalqı bataqlıqdan ancaq belə qurtarmaq olardı. "Mayn Kampf" əsərinin bizdə çap olunması niyə belə ajiotaj yaratdı deyə bilmərəm. Amma internetdə özüm baxmışam - 2000-ci ildə bu əsər idişə tərcümə olunub, İsraildə çap edilib. Tarixi şəxsiyyətlərə tarixin bütün rəngləri ilə baxmaq lazımdır. "Mayn Kampf" yəni "Mənim savaşım" çox maraqlı kitabdı, ən azından əzilənlər, səfalətdə yaşayanlar üçün orda çox düşündürücü məqamlar var.
   
   Apreldən danışırıqsa - 1985-ci ilin aprelində Sovet İttifaqı yeni bir dövrə qədəm basdı. "Yenidənqurma", "Aşkarlıq" kimi sözlər leksikonumuza daxil oldu. Bu gün Qorbaçovu nə qədər söysək də, yamanlasaq da kiflənmiş düşüncənin içində islahatlara getmək istəyi zarafat deyildi. İslahatçı Xruşşovun taleyini, aqibətini bilə-bilə (Xruşşov da apreldə doğulub), cinin xarakterini bilə-bilə onu şüşədən buraxmaq zarafat deyildi. O, öz xoşuna hakimiyyətdən getdi, böyük Sovet İmperiyasının başından. Cəhd eləsəydi hakimiyyətini uzadardı, sonra onu da təntənə ilə Kreml divarında dəfn edərdilər. Bu adam böyük dəyişiklik eləmək istədi. Amma dedim axı böyük dəyişikliklər, böyük islahatlar həm də böyük faciələrdir. O vaxtlar çox populyar bir mahnı vardı"::"Peremen, mı xotim peremen". Rus xalqının daxilində böyük bir demokratiya hissi var. Artistli, yazıçılı, rəssamlı hər kəs nə şəkildəsə bu anlayışa xidmət edir. Bizimkilərin də bir-birinin başını yolmaqdan, kimin neçə aşiq-məşuqu olduğunu saymaqdan başları açılsaydı, bəlkə onlar da "Peremen" deyərdilər.
   
   
   
    * * *
   
   
   
   Deyəsən qəhrəman axtarışları məni çox uzaqlara apardı. Bir halda ki, sənət adamlarını yada saldıq - hər dövrün ədəbiyyat və incəsənəti bizi öz zəmanəsinin qəhrəmanı ilə tanış edib. Antik qəhrəmanlar, intibah dövrünün qəhrəmanları, tənqidi realizmin, sosializm realizminin qəhrəmanları. Hərəsi yaşadığı zəmanənin xarakterik, qabarıq cizgilərini özündə daşıyır.
   
   Bu günümüzün, müstəqillik dövrünün qəhrəmanları kimdi? Hansı amallarla yaşyırlar? Hansı əqidəyə qulluq edirlər? Mafiozlar, terrorçular, pleyboylar, parlamentdə söyüşənlər qəhrəman obrazının ştrixlərini əks etdirəcəkmi? Ya bizim qəhrəmanlarımız Vaqif Mustafayevin göstərdiyi kimi - idiot, debil və yaramazdılar? Televizorda gördüklərimiz nə deyir? Simaların rəngi niyə solur? Ekranlardan niyə itir? Niyə yenidən ağ-qara görüntülərə qayıdırıq? Bizim ölçü vahidimiz çalıb-oxuyanlardımı? Söz eşitmək olmazmı? Qəliz suallardı, mən cavab tapa bilmədim. Bəlkə siz bilirsiniz?
   
   P.S. Keçən həftə Mir Şahinin "Bir dəfə İranda" filminə baxdım. Qulaqlarım və gözlərim dincəldi. Hiss elədim ki, onun publisistikası üçün darıxmışam, həm də rəng olan kimsələrə əməlli ehtiyacım var.
   
   P.P.S. Axşam işdən qayıdanda, güllərimin yanından keçəndə gördüm ləçəkləri tökülüb. İndi onlar da tam yaşıl idi. Neyləsinlər, vaxta uymaq lazımdı. Təkbaşına qırmızı olmaq zor.

TƏQVİM / ARXİV