adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

Əbülfət MƏDƏTOĞLU: XATİRƏLƏR PƏNCƏRƏSİ

ƏBÜLFƏT MƏDƏTOĞLU
52747 | 2020-04-22 09:15

Görünür, insan yaşlaşdıqca yurd həsrəti, torpaq həsrəti daha çox özünü onun sözündə, hərəkətlərində büruzə verir. Bax, bu mənada mən bəlli virusla bağlı "evdəqal” zaman kəsiyində içimdəki yurd nisgilinin, torpaq həsrətinin necə şiddətlə atrdığının, necə məni özünə çəkdiyinin canlı şahidinə çevrilmişəm. Necə deyərlər, yaşın təsiri bir yandan, bir dam altında da oturub qalmaq ikinci bir tərəfdən...

Bax, bunların içərisindən bircə çıxış yolu var. O da dünənə uzanıb gedən yol, yəni xatirələrin səni alıb apardığı o cığırdı. Mən az qala bu bir ay içərisində milyon dəfə kəndimizə gedib qayıtmışam. Bəlkə də bir az da çox. Çünki hər sözümlə, hər bir anımla bağlı yaşantılarımda o kəndin yeri görünür. O kənd üçün içim od tutub yanır. Və mənə elə gəlir ki, ürəyim partlayacaq. Amma o partlayışın nədənini hər kəs bir yerə yozacaq. Təbii ki, günahın ən böyük hissəsi virusun boynuna düşəcək. Hamı deyəcək ki, ölkədə bir vətəndaş da bu virusun qurbanı oldu. Amma təkcə bilənlər biləcək ki, ürəyim nədən partladı, niyə partladı?

Mən bu fikirləri özümə təsəlli üçün yazmıram. Amma doğrudan-doğruya içimə dolmuş hisslərin diqtəsidi bu. Hətta təsəvvür edin ki, bu günlərdə dostlardan biri sözarası dedi ki, artıq yetişdi köç vaxtı...Sözü öncə tutmadım. Daşın hara atıldığını bilmədim. Amma onun xüsusi vurğuyla "köç” sözünü deməsi sonradan mənə bir ipucu oldu. Və anladım ki, mayın əvvəllərindən aran elinin adamları yaylaq köçünün tədarükünü görməyə başlayır. Və beləcə, arandan yaylağa uzanan yolun qırışığı açılır, Axı sinəsinə ləpirlər düşür, cığırlar təzələnir, çəhlimlər açılır... Hə, bunu düşünə-düşünə bir də gördüm ki, fikirlərim misralara çevrilir. Və o misralar da köçür ağ vərəqə.


Qapı döyür yaylaq vaxtı, köç vaxtı

Ayır!- deyir, Ara! – deyir, seç vaxtı...

Yatammadım yalmanına heç vaxtı –

Bu yüyənsiz, bu yəhərsiz illərin...


Ürəyimin teli ürkək, üşəngi

Meh də dəysə qırılandı, düşəndi...

Yaddaşıma elat yolu döşəndi –

Xatırladım qəm-qəhərsiz illərin...


Ah çəkirəm, dodağımda titrəyiş

Odum-közüm o ocaqda, pirdəymiş...

Mənim gücüm dağlardakı sirdəymiş –

Bax, sayıram o səhərsiz illərin...


Sığınaraq kipriyinin çətrinə

Batıb qaldım xatirələr ətrinə...

Ağlının heç ucuna da gətirmə -

Əbülfətin, kənd-şəhərsiz illərin...


Hə, indi bu misraların yaratdığı ovqatın içərisində necə rahatlıq tapım, necə xatırlamayım o köç hazırlığın, o tədarükləri? Necə gözümün qabağına gətirməyim bulaqları, lilparları? Dəli bir hay-harayla gələn dağ çaylarını... gözü yaşından da duru sularda oynaşan balıqları... Amma bu xatırlamalar izsiz, səssiz-səmirsiz ötüb keçmir axı... Hər biri adamın sinəsinə dağ çəkir. Elə bir dağ ki, onun göynərtisi tüstüyə çevrilib adamın təpəsindən çıxır. Və mən bu tüstünün bu günə qədər bir an da olsun azalmadığını, sönməyə meyl etmədiyini görürəm. Və görə-görə də yenə düşünməyə məcbur qalıram. Nə zamana qədər davam edəcək? Nə vaxt bu tüstülər çəkiləcək?

Çətin, cavabı mümkünsüz və bəlkə də deyilməsi mümkün olmayan gerçəkliklərin alt qatında yatan nəsnələr... Ola bilsin ki, hərə öz arşınıyla, öz baxış bucağıyla cavab verə bilər bu suallara... Ola bilsin ki, hər kəs bir formada çıxış yolu göstərər. Və hətta inad edər, yeri-göyü şahid gətirər ki, çıxış yolu onun göstərdiyidi. Və mən də heç kimin haqqını tapdamadan bütün cavabları dinləyə-dinləyə öz bildiyimi də onlara əlavə edib yenə tüstülənəcəm. Çünki OCAĞIMIN KÜLÜ ÜŞÜYÜR!..

Təsəvvür edirsiniz? Və yaxud xəyalınıza heç gətirirsinizmi kül necə üşüyər? Bax, elə bu düşüncələrlə də yenə duyğuların girovuna çevrilirəm, yenə hisslərimi misra-misra çatdırıram sizə. Yazıram ki:


Gör nə vaxtdı kösöv yanmır, köz düşmür

Ətrafımda yığnaq olmur, söz düşmür...

Tay məndəki bu dözümə "döz!” düşmür –

Ocağımın külü yaman üşüyür...


Göz göynəyir künc-bucağın torundan

Divarlar da çat veribdi gorundan...

Əli çıxıb çınqısından, qorundan –

Ocağımın külü yaman üşüyür...


Toz qoparır ilin, ayın karvanı

Həsrətimdi bu karvanın, sarvanı...

Pozulandan yurd yerimin sahmanı –

Ocağımın külü yaman üşüyür...


Mən tək qalmış Boz isimli qurdamsa

Kipriyimdən bircə gilə qor damsa...

Bil, səninçün Tuğ adlanan yurdamsa –

Ocağımın külü yaman üşüyür...


Doğrudan da yurd dərdi təkcə söz deyil, təkcə fikir deyil, həm də təkcə ağrı deyil. O həm də daşınması mümkün olmayan dəyirman daşıdı. Adamın boynundan üzü aşağı basır, yapışdırır torpağa. Canını göynətdiyi kimi, ruhunu da sıxır, sızıldadır. Və bu sızıltılar gilə-gilə yaş olub axır ürəyə. Yandırır, dağlayır o duzlu göz yaşları insanın içini. Və...

Bakıdan, eləcə də ölkənin digər bir guşəsindən "evdəqal” hökmüylə girov kimi ancaq xəyal pəncərəsindən baxırsan dağlara, yamaclara. İndi hər tərəfi bürüyən bənövşələrin, lalələrin, xarı bülbülün artıq tək-tək də olsa çiçəkləməyə can atan kəklikotunun, əvəliyin, qırxbuğumun, daha nələrin qoxusu, ətri çəkir səni. O xəyal pəncərəsindən çıxıb getmək, bir qom bənövşə yığmaq, bir çəngə cincilim toplamaq... dağ çayının sakit səmtindən bir qucaq bulaqotu (qıjı) toplamaq, təzəcə özünə gəlməyə başlayan gicitkəni ovcunun içində ovmaq... bütün bunlar nədən xatir oldu mənə?.. Hansı günahımın acısını çəkirəm mən..? Danışanda, deyəndə dilimi yandırır, içimdə yaşadanda ürəyimi parçalayır. Və hətta bütün bunlara dözə biıdiyimə bəzən inanmağım gəlmir. Onda az qalıram ki, yerə də, göyə də, hər kəsə asi olam, hər kəsdən üz çevirəm... hətta havalanmış adam kimi bağıra-bağıra demək istəyirəm ki:


Bəsdi bu qədər yalvartdın,

Küsdüm daha dağlar, səndən...

Ürəyimə qan ağlatdın –

Çəkdim neçə dağlar səndən...


Dumanına tamarzıyam

Yarımçıq yox, tam arzuyam!

Əridikcə damasıyam –

Kiprik-kiprik ağlar səndən...


Yönüm üzü aşağıdı

Dərdim dərdlər başağıdı...

Özüm torpaq uşağıdı –

Çəkir ancaq ahlar səndən...


Tay düz gəlmir günə günüm

Vağanıyır səsim, ünüm...

Bir yol aç ki, mən də dönüm –

Olum, ötmüş çağlar səndən...


Hə, bax elə bu yerdəcə adam özünü dəli olmaqdan necə saxladığını anlaya bilmir. Ən azından ona görə ki, içimdə bu qədər xatirə, içimdə bu qədər nisgil ola... və sən də o xatirələri, o nisgilləri hər gün təkrar-təkrar canından-qanından keçirəsən...

İlahi, doğrudan da insan dağdan, daşdan, dəmirdən, poladdan da dözümlü və sərt imiş. İçində yeyilə-yeyilə, üyünə-üyünə, əriyə-əriyə dözüb durmaq qüdrəti yalnız insana məxsus imiş. Və o insanların sızıltısı da dözümdü... göz yaşı da dözümdü... yuxusu da, xəyalı da, xatirəsi də... Sizi deyə bilmərəm, şəxsən mən ilin bütün günlərində, bütün fəsillərində o saydığım nişanələr üçün darıxırıam. O xatırladığım və hələ çoxunu da kağıza köçürmədiyim məqamlar üçün sinov gedirəm. Çünki Qarabağda yazın, yayın, payızın, qışın özəllikləri tamam fərqliydi. Heç yerdə o özəllikləri və o gəzəllikləri görmədim. Hara yolum düşdüsə, hara üz tutdumsa, orada bir iynə ucu bənzəyiş, oxşalıq görəndə ürəyim nanə yarpağı tək əsdi, titrədi. Az qaldım ki, o bənzərliyi, o oxşarlığı gözümə təpim. Xüsusilə bunu Trabzon səfərlərimdə çox yaşadım. Havanın, suyun, torpağın, daşın oxşarılığı məni orda öldürüb diriltdi... ürəyimi oxdan, nizədən keçirdi...

Elə bu günlərdə elektron ünvanıma bir video görüntü gəldi. Gecə saat 3 idi. Bunu mənim ustadım, unudulmaz Şahmar Əkbərzadənin oğlu Elşən Çəmənli göndərmişdi. Açdım görüntünü... O görüntünün özünə hopdurduğu səs mənim ömrümü-günümü baltaladı, mənim həyatımı, onu dinlədiyim zaman kəsiyində, göz yaşına bələdi. Xanəndə Elnur Zeynalov oxuyurdu. Və görüntü yağmalanan, işğal altında qalan kəndimiz idi. Dinləyə-dinləyə mən də bu misraları yazdım. Yazdım ki:


Korun-korun öz odumda yanırdım

Öz odumu tək özümün sanırdım...

Qibləm! – deyib Qarabağı anırdım –

Sən də gəlib duz çilədin yarama...


Havalı dərd, göy üzünü seçmişdim

Ahım çoxdan buludları keçmişdi...

Mənim artıq hər anım da keçmişdi –

Sən də gəlib duz çilədin yarama...


Ürək xırman – sovurduğu dərd, saman

Bu xırmanın qovurduğu dərd yaman...

Kipriyindən gecə-gündüz dərd daman –

Sən də gəlib duz çilədin yarama...


Nə çəkirəm, nə yeyirəm ta sözdü

Dinləyənə göz yaşıdı, ya sözdü...

Otuz ili yazıq canım ha çözdü –

Sən də gəlib duz çilədin yarama...


Daha o kənd, silib məni yadından

Nə haqqım var de, danışım adından?

Tamsınırdım həsrətimin dadından –

Sən də gəlib duz çilədin yarama...


***

Həyat insanın alın yazısıyla üst-üstə düşəndə, uyğun gələndə onunla barışmalı olursan. Bax, bu mənada mən bütün yaşantılarımın bir alın yazısı, bir bəxt payı olduğuna artıq şübhə etmirəm. Və bilirəm ki, bu dünyada nələrə qovuşmuşam, nələrə sahib olmuşam, nələrə əlim çatmayıb.., bütün bunlar ilahi qələmin yazısıdı. Amma bir gerçək də var. O da İSTƏK adlanır . Yəni içimdən, ürəyimdən keçən istək üçün çarpışmaq, zəhmətə qatlaşmaq və lazım gəlsə vuruşmaq... Təəssüf ki, biz sonuncunu həmişə arxa plana keçirdik. Burda söhbət şəhidlərimizdən, səngərdəki oğullarımızdan getmir. Onların yeri başımızın üstündədir. Amma, etiraf etmək lazımdır ki, biz bir yumruq, bir ordu ola bilmədik. Bütün Azərbaycan vuruşmadı Qarabağ üçün! Bütün Azərbaycan səngərə doğru yerimədi - itirilən torpaqlar üçün! Ona görə də gücümüz parçalandı. Dastə-dəstə, kənd-kənd, rayon-rayon döyüşdük və... Son da göz qarşısındadı!..

Bəli, bu son hələ böyük SON deyil. Biz ona doğru gedirik. Bu yolu artıq tanıyırıq. Apreldə onun nümayişi oldu. Və deməli, həmin Aprelin qələbə işartısı olduğuna inam var içimizdə. Elə o inamdan da yapışıb getmək və orda bayrağa çevrilmək gərəkdi. Düşünürəm ki, biz bayraq olmağı artıq bacarırıq. Və bütün Azərbaycan Şuşada dalğalanan bayraq ola biləcək!


TƏQVİM / ARXİV