adalet.az header logo
  • Bakı 11°C

Bəxtiyar SADIQOV: MƏTBUATIN ÜZÜ və ASTARI

BƏXTİYAR SADIQOV
113849 | 2020-04-22 09:02

Mətbuat həyatın güzgüsüdür - demişlər!

Bunu baş jurnalistimiz Həsən bəy Zərdabi də söyləmişdir ki, hər bir qəzet ol vilayətin ayinəsi olmalıdır.

Ancaq güzgünün özündə də ləkə ola bilər və belə güzgünün göstərdiyi hər şey ləkəli görünər.

Odur ki, Nizami Gəncəvi güzgünün ləkəli olub-olmadığını dəqiqləşdirməyi tövsiyə edib!

Hətta güzgü əyri də ola bilər!

Belədə onun göstərdiyi düz şeylər də əyri təsiri bağışlar!

Əyri güzgülərdən yaradılan "gülüş otaqları”nda o qədər özümüzə baxıb gülmüşük ki…

Deməli, güzgü - yəni mətbuat bəzən ləkəli və əyri də olur!

Artıq buna kimsə təəccüblənmir…

***

Qırmızı imperiya dağılandan, kommunizm ideologiyası və ictimai-iqtisadi formasiyası özünü doğrultmayandan sonra bəşəriyyət (SSRİ də daxil olmaqla) bu kabusdan imtina etdi. "On beş qardaş”ın hər biri ayrı-ayrılıqda özünə müstəqil dövlət qurmağa və sərbəst bazar iqtisadiyyatı prinsipləri ilə yaşamağa başladı.

Keçid dövrü Azərbaycan üçün çox ağrılı oldu!

Zəngin təbii sərvətləri və əlverişli geosiyasi mövqeyi yenə də başının bəlasına çevrildi!

Üstəlik, həqiqi rəhbərindən, dünyada baş verən prosesləri dərindən bilən, dövləti hər cür bəlalardan və kataklizmlərdən qorumağı bacaran, müasir tipli dövlət quraraq dövlətçilik yaratmağın mahir ustası olan Heydər Əliyev kimi titanik şəxsiyyətdən aralı düşmüşdü. Odur ki, başı müsibətlər çəkdi, məkrli planların qurbanı oldu, 20 min övladını şəhid verərək ərazisinin 20 faizini də itirdi…

Əgər müdrik xalqımız Ulu Öndər Heydər Əliyevi yenidən ölkə rəhbərliyinə qaytarmasaydı və onun ətrafında sıx birləşməsəydi, nə bugünün Azərbaycanı vardı, nə də müasir müstəqil dövlətimiz!

Ulu Öndər Heydər Əliyev yenidən ölkə rəhbərliyinə qayıtdıqdan sonra çox qısa müddətdə müharibədə atəşkəsə nail olundu, qanunsuz silahlı dəstələr ləğv edildi, əhalidəki külli miqdarda silah-sursat yığıldı, ölkə anarxiya və özbaşınalıqdan, qanunsuzluqlardan xilas edildi, möhkəm və dönməz sabitlik yaradıldı, Azərbaycanın müstəqilliyi əbədiliyə və dönməzliyə çevrildi!

Heydər Əliyev bir neçə istiqamətdə fəaliyyət göstərir, sutkanın on səkkiz saatını işləyirdi. Odur ki, tezliklə ümummilli böhran aradan qaldırıldı, özəlləşdirmə proqramları uğurla həyata keçirildi, ən əsası, aqrar islahatlar başa çatdırıldı. "Əsrin müqaviləsi”nin imzalanması dünyanın aparıcı dövlətlərinin maraqlarının Azərbaycanın maraqları ilə uzlaşdırılmasına, neftin iqtisadiyyatın digər sahələrinin böhrandan çıxarılaraq inkişafının lokomotivinə çevrilməsinə imkan yaratdı!

Ən mühüm addımlardan biri baş müəllifi Heydər Əliyev olan yeni Konstitusiyanın hazırlanması və referendum yolu ilə qəbulu oldu!

Beləliklə, Azərbaycan xalqı Ulu Öndərin rəhbərliyi ilə sərbəst bazar iqtisadiyyatı və demokratiya yolunu könüllü şəkildə seçərək ümumbəşəri inkişaf yolu ilə irəliləməyə başladı.

Müasir demokratiyanın bir sıra mühüm təməl prinsipləri vardır. Bunların sırasında mətbuat və söz azadlığı, çoxpartiyalı sistem, insan haqlarının qorunması xüsusi yer tutur.

Müstəqil Azərbaycan demokratiya yoluna qədəm qoyduğu gündən bu prinsiplərin dönmədən həyata keçirilməsinə, vətəndaş cəmiyyətinin formalaşmasına xüsusi fikir verir.

Burada kiçik bir haşiyə...

Ulu Öndərimiz dünyaya, Avropaya inteqrasiya yolunu seçsək də, heç zaman milli-mənəvi dəyərlərimizi, xalqımızın əsrlər boyu formalaşmış adət-ənənələrini unutmamağı, azərbaycançılıq ideologiyasına daim sadiq qalmağı tövsiyə edirdi. Müdrikcəsinə:"Biz üzümüzü qərbə tutsaq da, heç zaman şərqli olduğumuzu unutmamalıyıq” -söyləyirdi.

Heydər Əliyev siyasi kursunun ən layiqli davamçısı olan cənab İlham Əliyev də bu ənənəyə sadiqdir. Dövlət başçısı milli-mənəvi dəyərlərimizi daim qorumağı, Azərbaycanın mədəniyyəti və mənəvi dəyərləri ilə dünyaya töhfələr verməyi, Avropadan isə əsasən yeni texnologiyalar idxal etməyin zəruriliyini göstərir.

Bütün bu prinsiplər Azərbaycan mətbuatına da aiddir.

Heydər Əliyev müstəqil, azad mətbuatın yaranmasına və inkişafına daim diqqət yetirir, onun maddi-texniki bazasının möhkəmlənməsinə mühüm töhfələr verirdi. Eyni zamanda milli mətbuatımızın ənənələrinin qorunub saxlanmasının vacibliyini də xüsusi vurğulayırdı. Mətbuatın öz kökü üzərində, tarixi ənənələrini qoruyaraq inkişafının təmin olunmasına səsləyirdi.

Azərbaycan mətbuatı bugünkü azadlığına görə Ulu Öndərimizə borclu və minnətdardır!

Həsən bəy Zərdabi Azərbaycan milli mətbuatının, mətbu sözün yaranmasının banisidir və xalqımız buna görə daim maarifpərvər ziyalısını hörmət və ehtiramla anır.

Lakin 1875-ci ildə "Əkinçi” həyata qədəm qoyarkən özündən qabaq senzurası yaranmışdı. Bu funksiyanı öz üzərinə Cənubi Qafqazın general-qubernatoru Staroselski götürmüşdü. Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu qısa dövr istisna olmaqla Azərbaycan mətbuatı daim senzura nəzarəti (hətta sovet dövründə partiya nəzarəti formasında ikiqat senzura) ilə çıxmışdır.

1991-ci ildə Dövlət Müstəqilliyi barədə Konstitusiya Aktı qəbul olunsa da, nə A.Mütəllibov, nə də Ə.Elçibəy iqtidarı mətbuata senzura nəzarətini ləğv etdilər. Əksinə, özlərini "demokrat” adlandıran AXC-Müsavat iqtidarı dövründə "hərbi senzura” yaradılaraq mətbuata nəzarət daha da gücləndirildi.

Yalnız Ulu Öndər Heydər Əliyev 6 avqust 1998-ci ildə milli mətbuatımızı senzuranın buxovlarından azad edərək sözə də müstəqillik verdi!

Həsən bəy Zərdabi xalqımıza mətbu söz bəxş etdi!

Ulu Öndər Heydər Əliyev isə bu gün hamımızın gen-bol istifadə etdiyi azad mətbuatda azad sözün yaradıcısı oldu!

Heydər Əliyev həm də müstəqil mətbuata dövlət qayğısının və yardımının təməlini qoymuşdur.


DÖVLƏT VƏ MƏTBUAT MÜNASİBƏTLƏRİ


İqtidarda olduğu qısa müddətdə ölkəni çapıb-talayan - kolxoz və sovxozların əmlakını, fabrik və zavodların hətta anbarlarındakı məhsullarını belə xaricə daşıyıb satan AXC-Müsavat cütlüyü mətbuatı da yaman günə qoydu. Dövlətin yüksək çinli məmurları jurnalistləri yazdıqları yazıya görə döyərək maşınların yük yerinə basır, tənqidi məqalələrini ağızlarına soxaraq yeməyə məcbur edirdilər. Müstəqil qəzetlərin maddi durumu da ürəkaçan deyildi. Bu səbəbdən "reket mətbuatı” meydana gəldi, nəticədə uzun müddət qol-qanad açan "reket qəzetlər” (sonralar isə elektron saytlar) meydan sulayaraq insanlara şər-böhtan atmağa, onların şərəf və ləyaqətini təhqir etməyə, mətbu sözü gözdən-nəzərdən salmağa başladılar!

Mətbuatın yanlış yola düşməsində "reket qəzetlər”in mənfi "fəaliyyətləri” də müəyyən rol oynadı...

AXC-Müsavat cütlüyünün iqtidar dövründən fərqli olaraq Ümummilli Lider Heydər Əliyevin və cənab İlham Əliyevin respublikaya rəhbərlikləri zamanı mətbuata və azad sözə doğma münasibət bəslənilmişdir. Bu sahədə Prezident İlham Əliyevin atdığı addımlar daha çox diqqət çəkir.

Heydər Əliyev ənənələrini bu sahədə də yaşadan cənab İlham Əliyev mətbuatın maddi-texniki bazasının möhkəmləndirilməsi, jurnalistlərin sosial rifahının yüksəldilməsi sahəsində təsirli və ardıcıl addımlar atdı.

Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyasının hazırlanması və dövlət başçısı tərəfindən imzalanması bu sahədə dönüş nöqtəsi oldu. KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) yaradılması isə ölkə Prezidentinin mətbuata ardıcıl və sistemli dəstəyi ideyasını reallaşdırdı.

Konsepsiyanın özünəməxsus fəlsəfəsi, bir neçə mühüm prinsipi vardır.

Ən mühüm prinsip odur ki, dövlət mətbuatın azad fəaliyyətinə müdaxilə etmədən, onun "nədən və necə yazmasına” qarışmadan yardım göstərir.

İkincisi, dövlət öz marağında olan məsələlərin - dövlətin siyasətinin, aparılan quruculuq işlərinin, beynəlxalq aləmdə baş verən hadisələrin, ölkəmizin dünyaya inteqrasiyasının, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətlərin təbliği, milli-mənəvi dəyərlərin qorunması, gender bərabərliyi və s. mövzuların daim düzgün işıqlandırılmasının, obyektiv şərhinin təmininə nail olmaq niyyətini açıq şəkildə bəyan etmişdir.

Deyilənləri reallaşdırmaq üçün ən doğru forma da seçilmişdir. Hər mətbu orqan konsepsiyada göstərilən on doqquz istiqamətdən seçdiyi mövzu üzrə layihə hazırlayır, KİVDF isə məhz redaksiyalar tərəfindən hazırlanan həmin layihələri bəyənərək ona qrant ayırır və icrasına nəzarət edir.

Hər iki tərəfi qane edən bu əməkdaşlıq müəyyən dövrdə müstəqil qəzetlərin inkişafına dəyərli töhfəsini verdi.

Cənab İlham Əliyevin Azərbaycan mətbuatına və jurnalistlərinə verdiyi ən uğurlu dəstəklərdən biri dünyada analoqu olmayan yardımın - mətbuatın inkişafında müəyyən xidməti olanlara dövlət hesabına tikilib-təmir edilən mənzillərin pulsuz paylanmasıdır.

Məhz Prezident İlham Əliyevin bu alicənablığı sayəsində yüzlərlə jurnalist kirayədə yaşamağın çətinliyindən, darısqal mənzillərdən qurtuldu, ən əlçatmaz arzusuna yetişərək rahat yaşamağa, övladlarını evləndirməyə nail oldu.

Azad sözə, müstəqil mətbuata qayğını əks etdirən bu addımlar daim jurnalistlər tərəfindən minnətdarlıqla xatırlanacaq, hörmətlə və yüksək qiymətləndiriləcəkdir. Təsadüfi deyil ki, həm Ulu Öndər Heydər Əliyev, həm də Prezident İlham Əliyev dəfələrlə "Jurnalistlərin dostu” adına layiq görülmüşdür. Gizli səsvermə ilə qalibi müəyyənləşən bu ad həm də Azərbaycan xalqının və ziyalıların öz rəhbərlərinin azad sözə xidmət sahəsində gördükləri işlərə verdiyi qiymətdir.


AÇIQ QAPILI MƏTBUAT


İnkişafının müəyyən mərhələsindən sonra Azərbaycan mətbuatının böhran keçirməsi, müxtəlif parametrlər üzrə hətta geriləməsi, ideoloji mübarizənin müəyyən məqamlarında üstün mövqelərini əldən verməsi xoşagəlməz olsa da, bir faktdır.

Milli mətbuatın ən böyük itkisi jurnalistikada peşəkarlıq səviyyəsinin xeyli aşağı düşməsidir.

Bunun isə obyektiv və subyektiv səbəbləri var.

Əvvəlcə obyektiv səbəblər barədə.

Jurnalistika "qapısı açıq olan” fəaliyyət sahəsi sayılır.

Deməli, kim istəsə bura baş vura, çox asanlıqla, maneəsiz qəzet aça, sayt yarada, bütövlükdə söz azadlığından ürəyincə bəhrələnə (söz azadlığının söz azğınlığına çevrilməsi artıq adiləşmiş haldır) bilər.

Heç bir əngəl, maneə və məhdudiyyət yoxdur!

* Müəyyən biliyin, savadın var, ya yox...

* Ali təhsilin var, ya yox...

* İxtisasına aid hər hansı təhsilin, hazırlığın var, ya yox...

* İstedadın var, ya yox...

* Niyyətin safdırmı, mətbuata, xalqa xidmətdir, ya yox...

Bütün bunları soruşan, fərqinə varan da yoxdur!

Jurnalistikaya gələnlərin çox böyük əksəriyyəti işlədiyi dövrdə sahəyə dair hər hansı nəzəri biliyi öyrənməyə can atmır. Hesab edir ki, əgər cümlə qura bilirsə (həmin cümlənin necəliyi də belələri üçün heç bir əhəmiyyət kəsb etmir), bu ona bəsdir!

Çünki belə hesab edirlər ki, yazdıqları yaxşıdır, pis olsa, ya redaktor düzəldəcək, ya da heç düzəltməsin!

Redaksiyalar daxilində yaradıcı mühit yoxdur!

Hazırda müstəqil qəzetlərin bir neçəsi istisna olmaqla qalanları eyni mövzuda, eyni məsələdən yazır, eyni informasiya mənbələrindən istifadə edirlər!

Hətta eyni dizaynerlər tərəfindən səhifələndirildiklərindən (tərtib edildiyindən) manşetləri, birinci səhifələri və tərtibat üslubları da eynidir!

Faktiki bu gün bir qəzet oxumaqla 10-15, hətta daha artıq qəzet oxumuş olursan!

Fərqli materiallar az sayda müxbirlərin telefonla götürdükləri "müsahibə”lərdir! (Əgər bir sual və cavabdan ibarət olan bu tip yazılara "müsahibə” demək mümkündürsə). Lakin bunlar da bəzən eyni olur. Çünki hər qəzet yazını eyni müsahibdən, eyni mövzuda verilən sual əsasında hazırladığından (belə qəzetlərlə əməkdaşlıq edənlərin sayı da getdikcə azalır) müəllif və fikir təkrarı açıq-aydın görünür.

Redaktorların (adətən 5-10 nəfər işçisi olan qəzet rəhbəri özünü "baş redaktor” adlandırır və qəzeti belə imzalayır) özləri peşəkarlıq cəhətdən axsadıqlarından və tələbkarlıq etmədiklərindən (yaxud edə bilmədiklərindən) yaradıcılıq baxımından illər boyu kollektivdə heç bir inkişaf duyulmur.

Universitetlərin Jurnalistika fakültələrində kadr hazırlığı aşağı səviyyədədir (səbəblərinə varmırıq), dövrün tələblərinə cavab vermir.

Hazırlanan jurnalist kadrları qəzetlərdə işləməyə gəlmirlər. Gələnləri isə özlərini doğrultmurlar!

Daha jurnalistika və mətbuatda işləmək hörmətli, maraqlı, üstün sahə sayılmır!

Əməkhaqqı xeyli dərəcədə aşağı düşüb!

Qonorar verən redaksiya yoxdur!


MƏMURA ÇEVRİLƏN JURNALİSTLƏR


Respublikanın bütün dövlət qurumlarında ucdantutma yaradılan "mətbuat xidmətləri” sahənin başağrısına çevrilib!

Barmaqla sayılacaq qədər az mətbuat xidmətlərindən operativ informasiya və ya fakt almaq mümkündür! Hətta bir neçə işçisi olan mətbuat xidmətləri belə qəzetlərlə əməkdaşlıqda həvəssiz, qapalıdırlar!

Əslində, onların qarşısına qoyulan "həqiqi vəzifə” (qurum rəhbərliyi tərəfindən) jurnalistləri başdan eləmək, müxtəlif bəhanələrlə heç bir fakt verməmək, qurumu tənqidi yazılardan qorumaqdır!

Mətbuat xidmətlərində çalışanların hamısı jurnalistlərlə müqayisədə daha yüksək əməkhaqqı alır!

Bir qismi dövlət qulluqçusu sayılır və yüksək pensiyaları da təmin olunub!

Gördükləri iş asan, hətta yox dərəcəsindədir!

Sovet dövründə fabrik və zavodlarda "təhlükəsizlik texnikası üzrə mühəndis” adlı bir ştat olardı.

İstehsalatda özünü doğrultmayanlar, pensiya yaşı çatanlar, "demaqoqluq” edib baş aparanlar, yaxud direktorun yaxınları həmin vəzifəyə təyin olunardılar!

Bu gün isə "təhlükəsizlik texnikası üzrə mühəndis”lərin yerini "mətbuat xidmətlərinin rəhbərləri” (üstəgəl işçiləri ) tuturlar.

Hətta iş o yerə çatıb ki, uzun müddət televiziyalarda çalışaraq tanınan bir qism aparıcılar mavi ekranı buraxıb harayasa mətbuat xidmətinə rəhbər gedirlər!

Ola bilsin ki, həmin təşkilat və qurumların rəhbərlərinə belə "xidmət” əl versin!

Amma, zənnimcə, şəffaf fəaliyyəti və söz azadlığını üstün tutan müasir Azərbaycana bu qədər və bu sayaq fəaliyyət göstərən "mətbuat xidmətləri” gərək deyil!


"REYTİNQ XƏSTƏLİYİ”NİN FƏSADLARI


Özəl televiziya kanallarında (son dövrlərdə dövlətin maliyyələşdirdiyi televiziyalarda bu sahədə ciddi dönüş və yeniləşmə nəzərə çarpmaqdadır) peşəkarlıq məsələsinə yanaşma tam fərqlidir.

Burada bir neçə maraqlı məqam var.

Özəl televiziya kanalları gözəgörünməz "reytinq”ə tabedir və onun "tələblərinə” uyğun hərəkət edir.

O "reytinq”i kim müəyyənləşdirir, bunun üçün müşahidəni necə və hansı prinsiplər əsasında aparır, həmin prinsipləri kim və nəyə arxalanaraq müəyyən edib, reytinqi ölçən aparatlar harada quraşdırılıb, onun göstəricilərini kim toplayır və saf-çürük edir və s. bu kimi suallara indiyədək kiminsə dəqiq cavab verdiyini eşitməmişəm!

Əslində, bu, Şeyx Nəsrullahın "ölü diriltməyi” kimi bir şeydir!

Əgər xaricdən, tutaq ki, Avropadan hansısa qurum gəlib mənim "reytinq”imi ölçəcəksə, onun marağı nədir, niyə bu əziyyəti özünə verir?!

Yox əgər marağı varsa, bu maraq dövlətimin marağı ilə üst-üstə düşürmü?

Elə burada Prezident İlham Əliyevin milli-mənəvi dəyərlərə münasibətdə Avropa ilə bizim fərqimizi əks etdirən müdrik bir fikrini misal gətirmək istəyirəm: "Biz ənənəvi dəyərlər üzərində dövlət qururuq, böyük-kiçik var. Bunu biz qorumalıyıq, gənclər də məni eşitsinlər, daim böyük-kiçik məsələsinə fikir versinlər, indi bəzi ölkələrdə buna fikir verilmir. Qadınlarla kişilər arasında artıq fərq qoyulmur. Amma biz ənənəvi cəmiyyətdə yaşayırıq və yaşamalıyıq. Qadınlara hörmət etməliyik, biz onları qorumalıyıq, onları müdafiə eləməliyik. Onlar bizi yox, biz onları. Gender bərabərliyi var, biz də bunu qəbul edirik. Amma biz ənənəvi düşüncədən kənarda yaşaya bilmərik və gənc nəsil də bunu bilsin. Yaşlılara hörmət olunmalıdır, yaşına görə. İndi bəziləri istəyirlər ki, bizim lüğətimizdən "ağsaqqal”, "ağbirçək” sözləri çıxsın, necə ki, bəzi ölkələrdə. Onlara baxanda adam dəhşətə gəlir. Sonra da bizə deyirlər ki, gəlin bizə inteqrasiya edin. Mən bir dəfə demişəm, hələ Avropada o iqtisadi böhran baş alıb gedəndə dedim ki, biz haraya inteqrasiya etməliyik, böhrana? Haraya inteqrasiya etməliyik, "Stop İslam!” deyənlərə? Haraya inteqrasiya etməliyik, qadınla kişi arasında fərq görməyənə? Mən artıq daha dərinə getmək istəmirəm”.

İkincisi, Milli Teleradio Şurası "bunlar yaradıcılıq məsələsidir, telekanalların daxili işidir, bizim ona qarışmağa ixtiyarımız yoxdur” - deyə yaxalarını qırağa çəkiblər.

Əslində, özəl kanallarda dövlət maraqlarının təminatçısı rolunda məhz dövlətin yaratdığı qurum sayılan Milli Teleradio Şurası çıxış etməlidir. Dövləti hansı mövzular və məsələlər maraqlandırırsa, bu barədə xatırlatdığımız KİV-in İnkişafına Dövlət Dəstəyi Konsepsiyasında aydın şəkildə, hətta maddələrlə göstərilib. Qalır ona əməl edilməsi.

Üçüncüsü, telekanallarda yaradılan "yaradıcılıq şuraları”na arxayın olmağa dəyməz! Çünki həmin "şuralar” onu yaradanın - kanal rəhbərlərinin zövqü və istəyi ilə oturub-durmağa məhkumdur!

Aparıcıların seçilməsində də xüsusi "prinsiplər” hiss olunur!

Əvvəlki dövrlərdən fərqli olaraq bu gün televiziya verilişlərinin ssenarisi əvvəlcədən hazırlanmır, proqramın nədən başlanıb necə davam edəcəyi və nə ilə bitəcəyi irəlicədən bilinmir. Sadəcə mövzu müəyyənləşdirilir, qonaqlar, telefon əlaqəsi yaradanlar onu hansı səmtə istəsələr ora da darta, yönəldə bilirlər.

Bütün məsələlərdə aparıcı tam sərbəstdir.

Eşidib bildiklərimizə, mətbuatda gedən açıqlamalara əsasən aparıcılara verilən "tələbləri” belə ümumiləşdirmək mümkündür:

Televerilişin aparıcısı özünə sponsor tapmalı, reklam cəlb etməli, "imkanlı qonaq” çağırmalı, rəhbərinin xüsusi tələblərini icra etməlidir.

Bundan başqa, sistemli şəkildə gələn qonaqlara kanalı, iştirak etdiyi proqramı, aparıcını (özünü) təriflətməlidir.

Adətən çağırılan qonaqlar toy müğənniləri, meyxana deyənlər, bu sahəyə yeni qədəm qoyanlar və verilişdə ziddiyyət, münaqişə, qarşıdurma yaradılmasına xidmət edən, bərk ayaqda aparıcının müdafiəçisinə çevrilən, onun "dəmtutanı” sayılan "hörmətli ekspertlərdən” ibarət olur.

Verilişlər daim müxtəlif formada bir-birinin təkrarı olur. Şou əhli paltarını nümayiş etdirir, fonoqram oxuyaraq "canlı ifa” imitasiyası (hərdən canlı ifa da olur) yaradır, musiqi çalınanda aparıcıya qoşulub oynayır, hansısa həmkarının dalınca danışaraq növbəti qalmaqalın əsasını qoyur, efiri boş danışıq və toy mahnıları ilə dolduraraq yola verir!

Ən reytinqli veriliş studiyada dava-dalaş düşməsi, qarşılıqlı təhqirlərin baş verməsi (internetin yutubunda belə "nümunəvi” verilişlərdən kifayət qədər var), qonağın küsüb getməsi ilə yadda qalan proqramlar sayılır!

Özəl telekanallarda toy müğənnilərinin aparıcıya, aparıcıların müğənniyə çevrilməsi artıq adi hala çevrilib!

Nə meyar var, nə səriştə, nə də xüsusi istedadın olması tələbi!

Artıq xüsusi "nüfuz” sahibi olan aparıcılar dəstəsi də yetişib. Onlar ekranda özlərini çox sərbəst aparır, çayxana söhbətlərini "veriliş” kimi təqdim edir, hərdən qonaqlara ədəbsiz suallar verməkdən belə çəkinmir, bir sözlə, özlərini təkəbbürlü, ağa kimi aparırlar.

Bir çoxunun ictimaiyyət arasında mənfi imici formalaşsa belə, kanal rəhbərlərinə qəbuldurlar. Çünki onlara sərf edirlər!...

Hər dəfə bir "iş qaynadıb” verilişdən kənarlaşdırılanda belə (hətta cinayət əməlinə görə həbs ediləndə) çox keçmədən geriyə qayıdır, başqa adla eyni məzmunlu veriliş açırlar. Ən pis halda başqa kanalda "fəaliyyətlərini” davam etdirirlər.

Açıq-aşkar görünür ki, onlar kanal rəhbərlərindən deyil, kanal rəhbərləri onlardan asılıdırlar!

Belələrinə niyə bu qədər dözümlülük göstərilir, anlamaq çox çətindir!

Bütün hallarda həmin verilişlər, onların yaydıqları mənəviyyatsızlıqlar Azərbaycan tamaşaçılarına çatdırılır, yeniyetmələrin, gənclərin tərbiyəsinə mənfi təsir edir!

Əgər dövlət başçısı az qala hər çıxışında milli-mənəvi dəyərlərin qorunmasından, xalqımızın mental xüsusiyyətlərinin yaşadılmasının vacibliyindən danışırsa, onda bu uyğunsuz təbliğat nə deməkdir?!

Və nə vaxtadək davam edəcəkdir?!


ZƏİFLİKLƏR VƏ BOŞLUQLAR HANSILARDIR


Prezident İlham Əliyev Bakı Dövlət Universitetinin 100 illik yubileyindəki çıxışında diqqəti çox vacib bir neçə məqama da yönəltdi:"Biz ideoloji işə yenidən baxmalıyıq, burada zəifliklər, boşluqlar var. Bizi istəməyən qüvvələr, o cümlədən erməni lobbi qurumları tərəfindən maliyyələşən qurumlar bu boşluqlardan istifadə edirlər, xüsusilə bu gün azad internet mövcuddur. Azərbaycanda internet istifadəçilərinin faiz nisbəti 80 faizi keçib”.

İdeoloji sahədəki bu zəifliklər və boşluqlar mətbuata da təsirsiz ötüşməyib, müəyyən fəsadlara yol açıb.

Onları nəzərdən keçirək.

Jurnalistika sahəsində peşəkarlığın tezliklə yüksəldilməsi çox müşkül görünür.

Jurnalistika çətin sahədir, xüsusi istedad, bilik tələb olunan yerdir, yoldan keçənin burada peyda olması sahənin inkişafına yox, onun çirklənməsinə gətirib çıxarır. Azərbaycan Mətbuat Şurası sahənin təsadüfi adamlardan, "reket” qəzet və jurnalistlərdən təmizlənməsində müəyyən faydalı iş görürdü. Onun tərtib etdiyi "Qara siyahı” xalq arasında nüfuz qazanmışdı və ümumi işə fayda gətirirdi. "Qara siyahı”nın qəflətən və zərurət olmadan ləğvi təəccüb doğurmaqla yanaşı, kimlərinsə yenidən qol-qanad açmasına, mətbuatın milli maraqlara deyil, şəxsi və korporativ maraqlara xidmətinə imkan yaradacaqdır.

KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun il ərzində bir neçə dəfə keçirdiyi jurnalistlərin şəxsi yaradıcılığı müsabiqəsinə də yenidən baxılmalı, buradakı subyektiv meyillər, səmərəsiz yarışmalar və mənasız tədbirlər daha effektliləri ilə əvəz edilməlidir. Jurnalistlərə dövlət mənzillərinin paylanmasındakı sui-istifadəyə və qeyri-obyektiv yanaşmalara da son qoyulmalıdır!

Dövlətin vəsaiti və humanist addımları ayrı-ayrı insanlara yox, dövlətin maraqlarına xidmət etməlidir!

***

Bu gün ideoloji mübarizə daha geniş müstəvidə - qəzetlərdə, televiziya kanallarında (internet televiziyası da bura əlavə olunub), internet saytlarında və sosial şəbəkələrdə aparılır.

Dünən SSRİ-nin tərkibində idik. Xarici düşmənlərimizə sovet hökuməti özü cavab verirdi. Bizə elə bir yük düşmürdü. Daxildə isə Sov.İKP adlı vahid partiya vardı, başqa cür düşünənləri, danışanları və yazanları (hərçənd ki, bu da mümkün deyildi) dərhal susdurub müxtəlif metodlarla "zərərsizləşdirirdilər”.

Hazırda müstəqil dövlətik, müstəqil siyasət yeridirik, dövlət başçısı İlham Əliyev daim ölkəmizin maraqlarını qoruyur, bizə olan təsir və təhdidləri zərərsizləşdirir, ölkəmizin inkişafını təmin edir, sabitliyi etibarlı şəkildə saxlayır.

Xarici düşmənlərimiz indi daha çox və güclüdürlər. Buraya torpaqlarımızın 20 faizini işğalda saxlayan və bizimlə müharibə vəziyyətində olan Ermənistanla yanaşı antiazərbaycançı şəbəkə və dünya erməniliyi də daxildir.

Ölkədaxili düşmənlərimiz isə xarici qüvvələrin maliyyəsi ilə yaradılan və onların sifarişini həyata keçirməyə çalışan "5-ci kolon”un üzvləridirlər. Vətənə xəyanət mövqeyində dayanan, milli satqınlardan ibarət olan bu dəstə üzvləri daim müstəqil dövlətimizə arxadan bıçaq vurmağa hazırdırlar və vururlar da!

Bu gün təxribat əməllərini ideoloji sahədə davam etdirirlər!

Biz bütün düşmənlərimizlə bütün müstəvilərdə vuruşmalıyıq!

Lakin ideoloji sahədəki səhvlər bir sıra arzuolunmaz nəticələrə səbəb olmuş, qüvvəmizi müəyyən qədər zəiflətmişdir.

Yaranmış fəsadları nəzərdən keçirək.

Hər bir iqtidar gördüyü işlərin təbliğində, atılan addımların xalqa doğru və obyektiv çatdırılmasında maraqlıdır.

Bu həm də dövlət başçısının öz seçicilərinə mütəmadi və operativ hesabatı sayılır!

Prezident İlham Əliyev həm ölkə daxilində, həm beynəlxalq məkanda nəhəng layihələri reallaşdıran lider, xalqın sosial rifahını mütəmadi şəkildə yüksəldən rəhbər kimi tanınır.

Lakin istənilən dövlətin heç bir təhdid və təzyiq cəhdinin qarşısında heç zaman baş əymir! Odur ki, əleyhinə şər-böhtan kampaniyası aparılır, daim dövlətimiz və onun başçısı barədə qərəzli yazılar yazılır.

Bütün bu təxribat və düşmənçilik əməllərinə daim və peşəkarlıqla cavab verilməli, yalanlar dərhal ifşa edilməlidir!

Mübarizə müstəvilərindən biri də qəzetlərdir.

Nədənsə uzun müddət Azərbaycanda "qəzetlər ömrünü başa vurub”, "bu gün internet və sosial media dövrüdür” kimi fikirlər hakim mövqedə olmuş, təbliğatın bu vasitəsinə "keçmişin qalığı” kimi baxılmışdır.

Halbuki dünyada belə yanaşma yoxdur! Qəzetlərin tirajlarında müəyyən azalma baş versə də, heç bir ölkənin tanınmış, nüfuzlu qəzetinə "dünən” kimi baxan yoxdur və onlar qapadılmayıb! Bizdə bu münasibət haradan yaranıb, anlamaq olmur. Nəticə isə...

Hazırda ölkədə iqtidar qəzetlərindən çox müstəqil qəzetlərə qayğı göstərilir.

Doğrudur, onların da sırasında ayrı-seçkiliyə yol verilir - müxtəlif dərəcələrə bölməkdə, qrant alanların sırasına daxil etməkdə!

Əslində, müstəqil qəzetlərin bazar iqtisadiyyatı tələblərinə uyğunlaşmalarına şərait yaradılmır.

Ümumi səhvlər isə aşağıdakılardır.

İndiyədək qəzetlər üçün reklam bazarı yaradılmayıb!

Halbuki özəl televiziya kanalları reklam bolluğundan az qala boğulur, sutka ərzində öz verilişlərindən çox (hələ gizli reklamları demirik) reklam materialları verirlər.

Reklamsız qalan qəzetlər isə (həm özəl, həm iqtidar, həm də partiya qəzetləri) az tiraja möhtac olduqlarından iflas həddinə çatıblar!

Çap mediasının yayım arealı əhəmiyyətli dərəcədə məhdudlaşdırılıb!

Belə ki, müxtəlif vasitələrlə mətbuat yayımı sahəsinə daxil olan şirkətlər daha çox pul qazanmaq üçün əsas diqqəti ölkə paytaxtına yönəltdilər. Nəqliyyat xərci və işçi qüvvəsi az olsun deyə respublikanın rayonlarına qəzet daşınması və oxuculara çatdırılması tamamilə azaldıldı.

Kənd yerlərinə isə daha qəzet çatdırılmır. Bu, təkcə qəzetçilərə ziyan vurmur, faktiki olaraq ölkə əhalisinin əsas hissəsinin dəqiq və obyektiv informasiya əldə etmək imkanını aradan qaldıraraq onları sosial şəbəkənin təsir dairəsinə yuvarladır!

Konkret misal.

Rəsmi dövlət qəzeti "Azərbaycan” müstəqillik dövrünün ən aşağı tirajına, təxminən 7 min nüsxəyə enmişdir.

Azərbaycan MDB məkanında həmişə öndə olmuşdur. Bu sahədə isə...

Əhalisi 18 milyon nəfər olan Qazaxıstanın dövlət nəşri "Egemen Kazaxstan” bu gün 200 min tirajla (ölkə əhalisinin yarıdan çoxu rusdillidir) çıxır. Onun bir neçə xüsusi buraxılışı və həftəlik əlavəsi vardır. "Belorus seqodnaya” qəzeti isə 190 min tirajla (Belarusun əhalisi bizimki qədərdir - 10 milyon nəfər) buraxılır. Onun da müxtəlif əlavələri var.

Görün siyasi və iqtisadi cəhətdən həmin respublikalardan geri qalmasaq da, bu məsələdə neçə dəfə arxadayıq?!

Ölkədə qəzet satışı başlı-başına buraxılmışdır.

Əvvəlcə əllə satış ləğv edildi!

Sonra sərbəst satışa müxtəlif maneələr yaradılmağa başladı. Bir ara bu sahədə "qayda” yaratmaq adı ilə dövlətin hesabına köhnə qəzet köşkləri yeniləri ilə əvəzləndi.

Bu gün şəhərin ən gur və mərkəzi yerində fəaliyyət göstərən yeni köşklər əsasən "reket” qəzetlərin və "sarı mətbuat”ın reklamı ilə məşğuldurlar. Birbaşa fəaliyyətləri isə siqaret, su və digər çoxişlənən malların satışı ilə bağlıdır.

Əslində, yeni "qəzet köşkləri” mətbuata yox, onun gizli sahibinin cibinə və maraqlarına xidmət edir. Özü də dünyanın qadağan etdiyi siqaretin təbliği yolu ilə, cavanları və yeniyetmələri bu işə təhrik etməklə!

Dəfələrlə ziyalılar, hətta millət vəkilləri bu yaramaz əməllərə son qoyulması üçün hüquq mühafizə orqanlarına müraciət etsələr də, faydası olmamışdır!

İqtidar qəzetlərində tənqidi yazıların məhdudlaşdırılması da ümumi işimizə ziyan vurdu.

Artıq insanlarda belə bir fikir formalaşıb ki, iqtidar qəzetləri yalnız tərif etməlidirlər. Müxalifət mətbuatı isə tənqid.

Bu, iqtidar qəzetlərinə marağı xeyli azaltdı və onun satışına mənfi təsir göstərdi.

Üstəlik, qəzetlərin kəsərini də azaltdı. Daha tənqidi yazılara heç kim reaksiya və cavab vermir, göstərilən nöqsanların aradan qaldırılması yönündə heç bir tədbir görülmür!


ETİBARSIZ SAYTLAR VƏ SOSİAL ŞƏBƏKƏ


İnternet saytları xəbər və üslub cəhətdən bir-birinin təkrarıdır. Burada dəqiqlik operativliyə qurban verildiyindən inam və etibar azdır. Süni sensasiyaya, yalançı, hay-küylü başlıqlara üstünlük verilir. Jurnalistikanın janrlarından yalnız informasiya və müsahibədən istifadə olunur. Dövlət başçısı İlham Əliyevin "Mətbuat bir növ daxili mübarizə növünə çevrilib” fikri daha çox belə saytlara aiddir. Elektron media sosial şəbəkədəki məlumatlardan daha çox istifadə etdiyindən bir növ onların aşağı pilləsi təsirini bağışlayır.

Hazırda ən dəbdə olanı sosial şəbəkədir.

Jurnalistikanın "qızıl qaydaları” sayılan obyektivlik, dəqiqlik, qərəzsizlik kimi anlayışlar buraya yaddır. Hər cür savad, dünyagörüşü, düşüncə, tərbiyə, mövqe sahibi istədiyi fikri, xəbəri sosial şəbəkədə həqiqət, doğru kimi qələmə verə bilir!

Özünü təsdiq etməmişlər (və ya edə bilməyənlər), uğursuzlar, iddialılar sosial şəbəkədə at oynadırlar. Doğrudur, bu "meydanda” ağıllı, vətənpərvər, dövlətçiliyə sadiq insanlar da çoxdur! Ancaq nədənsə belələrinin statusu kölgədə qalır. Sanki sosial şəbəkə bəd xəbərlər, narazılar, qaraguruhçular, hay-küyçülər üçün yaradılıb. Əslində, məqsəd demokratiya və söz azadlığı adı ilə sosial şəbəkə vasitəsilə hədəfə alınan dövlətlərdə əhali arasında narazılıq toxumu səpmək, kütləvi aksiyalar təşkil etmək, "5-ci kolona” fəaliyyət meydanı açmaq, imkan olan yerlərdə rəngli inqilablar törətməkdir və indiyədək bir neçə dəfə bunun şahidi də olmuşuq.

Ölkə daxilində yaşayan və xaricdəki "5-ci kolon” üzvləri özlərini burada daha sərbəst hiss edirlər. Xaricdən aldıqları pullara görə vətənlərini satan, utanıb-qızarmadan dövlətimizə qarşı düşmənçilik aparan bu ünsürlər hər an təxribatlara hazırdırlar.

Cənab İlham Əliyev onların iç üzünü yaxşı ifşa edir: "Baxın onların sosial şəbəkədəki çıxışlarına, nifrətlə, təxribatla doludur. Sanki istəyirlər ki, iğtişaş olsun. İstəyirlər ki, panika olsun. Sonra da deyirlər ki, onlar Azərbaycan xalqının qayğıları ilə yaşayırlar. Onlar düşməndirlər və biz bunu açıq deməliyik”.

Doğrudur, Azərbaycan xalqı belələrini çoxdan tarixin zibilxanasına atıb! Ancaq sosial şəbəkələrdəki murdar əməllərini cavabsız da qoymaq olmaz! Onlar hər an ifşa edilməli, Azərbaycan həqiqətləri, günümüzün gerçəklikləri faktlar əsasında söylənilməklə yalan və böhtanları puça çıxarılmalıdır.

Bu mənada iqtidar mətbuatının tirajının və keyfiyyətinin, çıxışlarındakı peşəkarlığın artırılmasına ciddi ehtiyac duyulur!

O yerdə ki, biz boşluq yaradırıq, zəiflik göstəririk, həmin yerdə daxili və xarici düşmənlər fəallaşırlar, özlərini rahat hiss etməyə başlayırlar. Heç bir vətənpərvər azərbaycanlı, dövlətini, xalqını sevən insan belələrinə biganə qalmamalı, şəxsi mövqeyini ortaya qoymalıdır!

***

Bu gün bütün dünya, həm də Azərbaycan ciddi təhlükə, sınaq qarşısındadır! Koronavirus adlı bir bəla Yer kürəsini çənginə almışdır. Günü-gündən hüdudlarını genişləndirir, qurbanlarının sayını artırır. COVID-19-a qarşı mübarizədə mətbuatın da üzərinə böyük yük düşür! Xalqı maarifləndirmək, dövlətin gördüyü zəruri tədbirləri insanlara çatdırmaq, onların qoyulan qaydalara və məhdudiyyətlərə şüurlu şəkildə əməl etmələri üçün səfərbərliyə almaq vacib və həyati əhəmiyyətli məsələdir.

Xəstəlik iqtidar və müxalifət tanımır! Ona qarşı mübarizədə də ayrı-seçkilik, müxtəlif əqidəli insan və mətbu orqan olmamalıdır!

Bu gün hamı əl-ələ verib Azərbaycanı, Azərbaycan xalqını təhlükədən qorumalıdır!

Həm də yalnız koronavirus təhlükəsindən yox!..


Bəxtiyar SADIQOV, 

"Azərbaycan" qəzeti





TƏQVİM / ARXİV