adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7

“YALQUZAĞIN ULARTISI” - Əbülfət MƏDƏTOĞLU yazır

ƏBÜLFƏT MƏDƏTOĞLU
54197 | 2020-04-17 08:50

Öncədən deyim ki, Səyavuş Qubadlıda doğulub - Aşağı Mollu kəndində. Və bizi bir-birimizə öncə yurd həsrəti bağlayır. İkimiz də, vətənsizliyin, qaçqınlığın həm acısını, həm üz qarasını yaşayırıq. Bizdən asılı olmayan səbəblərdən boynumuza yüklənmiş həmin o "qaçqın” sözünün ağırlığı altında ömür çürüdürük, ürəyi param-parça edirik.

Səyavuşla mən həm də bir-birimizə qohumluq əlaqələri ilə də bağlıyıq. Ona görə də həm bir-birimizdən, həm də bir-birimizin söz-söhbətindən xəbərdarıq. Və mən onun iç dünyasına, ürəyinə bələd olduğumdan bilirəm ki, Səyavuş heç yerdə, heç zaman özünə şair deyilməsinə imkan vermir, nə də özünü şair hesab eləmir. Sadəcə, ruh adamıdı. Ürəyi atlananda, xəyalı qanadlananda, xatirələri onu özündən alıb aparanda, təsəllini sözdə tapır, vərəqdə, qələmdə özünü rahatlamağa çalışır. Və beləcə, onun pıçıltıları şeirə çevrilir. Özü də səmimi duyğuların, xatirələrin və arzuların şeirinə...

Bəli, görüşlərimizin birində dəyərli şair dostum Xanəmirdən eşitdim ki, Səyavuşun bir kitabı çapa hazırlanır, özü də dostların təkidilə. Bu xəbəri eşitdiyim zamandan vəziyyət elə gətirdi ki, nə Xanəmirlə, nə də Səyavuşla görüşə bilmədim. Amma internet paylaşmalarımızdan anladım ki, həmin kitab işıq üzü görüb. Təbii ki, bir dost, bir qohum kimi o kitabın mənim də rəfimdə olmasını içimdən xoş istək kimi keçirdim.

Görünür, elə bu istəyin çin olması Allahın da xoşuna gəldi. Və elə bu günlərdə, yəni hamının evdə qaldığı bir məqamda zərurətdən yaranan bir işlə bağlı evdən bayıra çıxmışdım. Masazırda magistral yola yaxın bir ərazidə yaşadığımdan qəflətən yanımda bir maşın dayandı. İşlə əlaqədar evdən çıxmış Səyavuşu görəndə həqiqətən sevindim. Çünki belə ağrılı günlərdə görüşmək və arzuladığın adamlarla bir araya gəlmək həqiqətən xoşdu. Atüstü də olsa hal-əhval tutduq. Elə həmin o məqamdan istifadə edib Səyavuşu kitabına görə, təbrik etdim və kitabı nə vaxt əldə edəcəyimi də soruşdum. Gülə-gülə dedi ki:

- Bəxtin gətirib, maşında kitabdan bir nüsxə var.

Mən dərhal "kitabı aftoqrafınla mənə bağışla” – dedim. O da "Əziz qardaşım Əbülfətə xoş arzularla” yazıb "Yalquzağın ulartısı”nı mənə bağışladı.



Açığını deyim ki, kitabın tərtibatı çox qəribədi. Həm nəsil xatirəsinə, həm ailə albomuna, həm də şeirlərə yer ayrılıb burda. Oxuduqca Səyavuşun doğulduğu ailənin kimlyii, hardan-hara gəldiyi bəlli olur adama. Üstəlik, Qubadlının, Aşağı Mollu kəndinin də mənzərəsi canlanır göz önündə. Şəkilləri gözdən keçirirəm. Burada tanış üzlər, doğma baxışlar adama dünəni nağıl kimi danışır. Şeirləri oxuyuram. Hərəsi bir ovqatın bəhrəsidi. Və ən vacibi odur ki, bu şeilərin hamısı Səyavuşun torpağa, ailəyə, dostlara, Azərbaycana, xüsusilə səngərdəki əsgərlərimizə və doğulduğu Qubadlıya böyük həsrətin, böyük sevginin ifadələridir. Yəni birmənalı şəkildə demək olar ki, Səyavuşun şeirlərində bir nur nisgilli, vətən həsrətli övladın bir qaçqınlıq həyatı yaşayır, bir düşmən çəpəri olmaq amacıyla dünyaya gəlmiş oğulun döyüş ruhu var. Yəni o, şeirlərinin mayasını qisasdan götürüb. İstəyi, arzusu Qubadlıya, işğal olunmuş torpaqlarımıza qayıtmaq, xatirələrini gerçəyə çevirməkdi. O, yazır:


Sərin-sərin hava dəyir üzümə,

"Top daşlardan” aşdım "Yazı düzünə”.

Qoyun-quzu qaçır, girir üzümə,

Ala yonca qalxıb çatır dizimə.


Qoruyuram sürüləri zəmidən,

Haylayıram "Yükaşandan” keçirdəm,

"Gav yerindən” vələmirdən, xəzəldən,

"Qaravunda” qoyunları yedirdəm.


Bu şeiri bir neçə dəfə oxudum. Və mənə elə gəldi ki, Aşağı Mollu kəndindəki bütün bəlli yerləri gəzib qayıtdım. Özü də şeirin sonunda Səyavuşun dediyi kimi, darıxdım o yerlər üçün. Və darıxdığım kimi də qayıdacağımıza da inandım. Doğrudur, Səyavuş başqa bir şeirində yazır ki:


Səyavuşam, bəxtim qara,

Vətənsiz, elsiz biçarə,

Yazdıqlarım çatmır yara,

Fələyimin üzü məndən

Elə döndü, elə döndü.



Mən Səyavuşu yaxşı başa düşürəm. Onun yaşantısı mənim də hər anımın göstəricisidir. Amma bu üzüqara bəxtin ağ günə çıxacağına da inanıram. Və içimdə bir əminlik var ki, fələyin üz döndərməsinə baxmayaraq, Tanrı - Böyük Yaradan haqqın zəfərində bizə yardımçı olacaqdı. Axı, bizim dərdimizin dərmanı doğulduğumuz yurd, həsrətini çəkdiyimiz o müqəddəs yerlərdi. Biz kökündən qoparılmış ağaclar kimi sarala-sarala, yarpaq-yarpaq quruyuruq. Bunun nə demək olduğunu bizdən yaxşı kimsə duya bilməz.

Səyavuşun sevgi şeirlərində də səmimiyyət hakimdi. O yazır ki:


Deyirsən bağışla, nə deyim axı?

İnsan öz canından incik düşırmi?

Halallıq istədim, nə halallığı?

Özünə halallıq kimsə verərmi?


Səni özüm bildim bu günə kimi,

Səninlə sevindim, səninlə güldüm.

Bu cahan dar gəldi, bir qəfəs kimi,

Sənsiz keçirdiyim həsrətdir ömrüm.


Deyirsən, bağışla, nə bağışlayım?

Özümdən dəyərli bəxşiş olarmı?

Soruşdum xoşbəxtsən? Nə bilim, axı...

Sevgini görmədən ölmək olarmı?


Mənə elə gəlir ki, bu şeiri bütünlüklə oxuyan hər kəs özünün öz ruhuyla, öz iç dünyasıyla baş-başa qalmağın, həmsöhbət olmağın yaxşı bir nümunəsilə tanış olacaq. Və hətta ola bilər ki, bu şeirin təsiriylə kimsə duyğulanıb öz xatirələrinin qapısını döysün. Səyavuş başqa bir şeirində yazıb ki:


Bəsdi bu yükləri yığdın boynuna,

Heç kim çəkə bilməz, bax, bu dərdləri.

Bir də çətin girə sevgi boynuna,

Əridə don vurmuş xatirələri.


Və yaxud:


Can dediyim canan oldu özgəyə,

Xar eylədi el-obaya, ölkəyə.

Həsrət qoydu saf qəlbimi sevməyə,

Verdi bada gəncliyimi fələyim.


Səyavuşun bu kitabında onun qəzəlləri də yer alıb. Təbii ki, bu qəzəllərin mövzuları da onun şeirlərinin mövzuları kimi rəngarəngdi. Yəni o, qəzəllərində də şeirlərində olduğu kimi, daha çox dərd dastanımızı, sevgi dastanımızı, yurd nisgilimizi yazır. Ona görə də oxucuya üz tutaraq deyir ki:


Ey könül, aşıqə ehsan edəcək eşqi, eşit,

Sənə canım da fəda, Səyavuş, dastanmı yazım?


Bəli, mən Səyavuşa ünvanladığım bu yığcam məktubumda onun dostu və oxucusu kimi, kitabla bağlı ilk təəssüratlarımı dilə gətirdim. Və bir də kitabın son bölümündə dəyərli imza sahiblərinin Səyavuşa ünvanlanmış dost sözlərini oxuyub bir daha inandım ki, Səyavuş Yusifov könlünü həqiqətən böyük sözə veribdi. Ona söz ömrü arzusuyla "uğurlar olsun!” deyirəm.


TƏQVİM / ARXİV