adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
17 Aprel 2020 06:02
54335
ƏDƏBİYYAT
A- A+

Təki sən, səslə, məni - Əntiqə Rəşiddən HEKAYƏ

Gecənin hansı aləmi idi, bilmədi. Amma, bərk susadığının fərqindəydi. Durub işığı yandırdı . Yuxusu çəkildi. Otaq azca soyuq olduğuna görə, xalatı da geyinib mətbəxə tərəf addımladı. Mətbəxin də işığını yandırdı. Qrafindən billur stəkana su süzüb içdi. Lap sonuncu damlanı udanda qəflətən işıqlar söndü. Elə bil bir otaq yox, bütün yer üzü zülmətə qərq oldu.Stola, stula, qapıya çırpıla-çırpıla, əl havasına otağına dönməyə çalışırdı. Dodağının altında "bu vaxtı işığı keçirərlər?” deyib əsəbi şəkildə mızıldanaraq zala tərəf getdi. Bu anda qaranlığın içindən, dəhliz tərəfdən şirin, qayğıkeş bir səs "indi yandırıram işığı, gözlə”-dedi.

Ürkütücü zülmətin içindən gələn o səs o qədər doğma gəldi ki...Gözlərini dəhliz tərəfə zillədi. Dəhlizə elə bil yeni bir qapı açıldı. Qapıdan gur işıq sürünə-sürünə evin içinə, otaqlara, mətbəxə, yataq otağına, zala doldu. Ev sanki işıq saçırdı. Bəmbəyaz, süd kimi işıq...Gözünü nura boyanmış evdən çəkib dəhliz tərəfə baxdı.Əynindəki qara gödəkcədən tanıdı...Odur!

Dəhlizdə durub heyranlıqla, həsrətlə ona baxan oğlanın baxışlarından utandı, başını aşağı saldı. Bu zaman əynində çoxdan lap çoxdan dərzidə həvəslə tikdirib, geyindiyi, üstündə kiçik-çəhrayı çiçəkləri olan ağ paltarını görəndə təəccübləndi. "Nə vaxt geydim mən bunu...axı illər əvvəl...
Oğlanın səsi onu düşüncələrindən ayırdı:
-Salam...
-Salam..
-Nətərsən? ...Yaxşısan?...Niyə dillənmirsən?
- ...Nə deyim?
- De ki,yaxşıyam, sən nətərsən ay yaraşıqlı oğlan, ay gözəl oğlan?-dedi və xəfifcə güldü.
-Tanıdın məni?
Qız başını aşağı-yuxarı yellədi.
Yenə düşünməyə başladı." Mən onun şəklini harda gördüm??? Ay Allah, gördüm eee, harda?"...- yenə yadına heç nə sala bilmədi...
- Çox bəyəndinmi, məni?
Qız pörtdü." Bunu kim çatdırdı, tezcənə, yəqin komandir dedi"-düşündüyü an oğlan yenə gülümsədi:
-Yorma özünü, mən özüm hiss elədim..
-Hardan?
-Mən polisəm axı. Hər şeyi hamıdan əvvəl bilirəm... Sənin neçə yaşın var?
-21...Bəs sənin?
-Mənim 24...Düşür, düşür- dedi və yenə ucadan güldü.
-Düşmür! Sənin sevdiyin var!
-.Hmmm... Komandir dedi eləmi?..Bəzən insanlar imkansızı sevir. Bilirsən, anlayırsan ki, o sənə aid deyil, sənə məxsus deyil, amma özünlə bacara bilmirsən… Bir qız vardı sinfimizdə, balaca vaxtı onu sevirdim…Çox gözəl idi. Sinfimizdə oğlanların hamısı o qızı sevirdi. Amma qız heç birimizi sevmirdi.Gözünə girməkdən yorulmuşduq. Əlinə kitab almayanlar qızın gözünün qabağında müəllimdən tərif alsın deyə yarışa girmişdilər, hər gün dərs danışırdılar. Hələ sinfimizdə bir oğlan vardı, qızlar bayramında onu təbrik etmək üçün Kirsin yaxasından ona qargülü yığıb gətirmişdi.
-Qız o oğlanı sevdi?
-Yox. Qız oğlandan gülü alan kimi aparıb müəlliməyə verdi. Onu təbrik elədi. Biz əsgərlikdən döndük ki,qız ailə qurub, amma xoşbəxt olmayıb. Evlərinə dönüb. Amma yenə də gözəl idi...
-Yaxşı olub!
-Elə demə...İndi burda sənə etiraf edirəm axı... mən onu çox sevdim. Lap çox...
-Alaydın da...- qız narazı səslə dilləndi.
-Nənəm məni asardı - dediyi anda qayğılı simasına yenə bir gülüş qondu.
-Komandir sonra nə dedi?
-Dedi ki, çox zarafatcılsan, hələ...- qız ucadan güldü. Elə gözəl, şirin güldü ki, oğlan da ona qoşuldu.
-Nə dedi. de də...
-Dedi ki, sonuncu döyüşdən əvvəl gülə-gülə deyirmişsən ki, komandir, Allah eləsin ölməyim, ölsəm biabır olacam. 2 aydı çimmirəm, bədənim "şaqqıldaqbağlıyıb... Ermənilərin yanında xəcalətli qalacam....
Yenə hər ikisi ucadan qəhqəhə çəkib güldü. Qız gülə-gülə oğlanı birdə süzdü. Qapqara, qıvıcıq saçları, qapqara gözləri-qaşları, ağğappaq mirvariyə bənzər dişləri, mirvarini "çəpər ” ə almış dolu dodaqları... Bığı da elə bil bu yaraşıqlı "ansambl”ın bir üzvü idi. Yenə düşünməyə başladı.”Mən onu harda görmüşdüm axııı...
-Belə oldumu, komandir? İndi məndə sənə komandirdən bir lətifə deyəcəm. Deməli, bizim komandir həmişə siqaret qutusunu döş cibinə qoyurdu. Elə ki, o lənətə gəlmişlər ermənilər onu əsəbləşdirdi, hirsəndirdi, komandir başlayırdı siqaretin axtarmağa. Əvvəlcə şalvarının arxa ciblərini eşələyərdi, sonra yan cibləri ”senzura”dan çıxarardı, ən sonra əlini döş cibinə atıb qutunu götürərdi. Gülməyimi zorla sıxıb saxlayırdım.
- Niyə saxlayırsan ki... Güləydin də...
- Dədəm (ata) bizə acıqlananda bizi vurmazdı, amma bir baxışları vardı,.. adamı ayaqüstə "öldürürdü”. Dərsimizi oxumayanda nənəm (Ana) "dərsimizi" oxlavla verirdi, heç vecimizədə olmurdu. Amma dədəmin baxışları!!!... Bax, komandirdə də elə bir baxış vardı ... Əsəbləşəndə çəpəki, gözünün”quyruğu” ilə adama elə baxırdı, günahın olmasa da, adamı tər basırdı. Hamısı üçün elə darıxmışam...
-Get görüş də, nə çətin işdi?
Oğlan başını aşağı saldı, üzü yenə qayğılandı:
-Axı, onlar mənim üçün heç darıxmırlar...Nə vaxtdandı adımı da çəkmirlər...Adımı ağızlarından eşitsəm yanlarına gedərdim. Bax, sən məni görmək istədin, gəldim...
- Heç, kimdənsə qorxmusan?
- Yox! Hə bir dəfə...Rusiyada hərbi xidmətə getmişdim. Elə bir hərbi-hissəyə düşdüm ki, özümdən başqa bir dənə azərbaycanlı yox idi. Onda rusların bir "dembl”i vardı. Məndən 2 metrdə uzun, enli sarı oğlanıydı. Yanında 4-5 nəfər də özü kimisi...Mənə əmr elədi ki, onun "batinka” sını silim. Hamısı diqqətlə mənə baxırdı. Sakitcə, batinkanı əlimə götürdüm və bütün var gücümlə onu rusun üzünə çırpdım. Rusun düz qaşının üstündən qan sanki fəvvarə vurdu. Rusun üzü, üstü-başı qan oldu. Yanındakı "cəngavərlər”də süst qalmışdılar. Özlərinə gələndə isə "demblin” qolundan yapışıb hamama tərəf apardılar. Bax, ilk dəfə onda insan qanı gördüm. Insan qanı axıtdım, deyə çox qorxmuşdum. Həmin gündən özümə söz verdim ki, idmanı öyrənim, mənə ilişənləri idmanla susdurum, qanını tökməyim.
Heç nədən qorxmuram! Amma...Mən unudulanda, adım çəkilməyəndə çox həyəcanlanıram. Elə bilirəm öldüm... Həə, bir də ölməkdən qorxuram, unudularaq ölməkdən...- deyib yenə güldü-Bax sən, adımı çəkdin, çağırdın məni, məni görmək, söhbətləşmək istədin.. Mən də sevinə-sevinə gəldim. Amma deyəsən, getmək vaxtıdı.
-Hara gedirsən?
-Uzaqlara, burdan çox uzaqlara..
- Hara eyyy, hara?Şuşaya?
Oğlan duruxdu. Udqundu.Yenə üzü, gözlərləri kədərə büründü:
-Yox, Şuşaya tərəf getmirəm, bir dəfə getmək istədim. Həm də Cıdırdan enib getmək istədim..
Qız hövsələsizcəsinə:
-Getmədin?-deyə soruşdu.
-Yox... gedə bilmədim. Şuşadan elə bir qoxu, elə bir iy gəlirdi ki...O iy məni vurdu, ürəyim bulandı.
-Bəs, şuşalılar deyir, Şuşadan qışda da gül-çiçək qoxusu gəlir. Təmiz hava. Cənnət şəhər...
- Hə şuşalılar orda olanda elə idi... indi yox... Tez uzaqlaşdım ordan. İndi qalacaq yerim Kirsdədi.
-Ordan Şuşa görünür?
-Ordan bütün Qarabağ görünür...Bir dəfə elə kədərləndim. Çayın yaxınlığında 4 nəfərlə postda idik. Çaya yaxın bir dənə ağac vardı.... "ştıknoj”la ağacın gövdəsini oyub, ora adımızı yazmışdıq. Tez-tez ora da gedirdim, sonuncu dəfə gedəndə ağacı yerində tapa bilmədim... kəsib apamışdılar!
Qız:Kədərlənmə...-dedi. Amma təsəlli üçün nə deyəcəyini kəsdirə bilmədi.
Qızın kədərlənməsi oğlanı bir az özünə gətirdi. Ürəyi razı olmadı o kədərlənsin. Tezcə soruşdu:
-Düzünü de, mən doğrudan göyçəyəm, yaraşıqlıyam? - Hər ikisi ucadan güldü.
-Yaxşı, gözəl, mən getməliyəm!
-Getmə!
-Olmaz! Komandir bizə həmişə deyirdi ki, heç kəsin etibarından istifadə etmək olmaz! Etibar elədilər, buraxdılar, qayıtmasam, bir də səninlə görüşə gələ bilmərəm axı..
-Nə yaxşı gəldin!
-Nə yaxşı çağırdın!
Otaq yavaş-yavaş toranlaşmağa sonra isə yenə zülmət qaranlığa qərq oldu.Qız yenə əl havasına yataq otağına keçdi. İndi hiss etdi ki, gözündən yuxu tökülür. Tir-tap özünü çarpayısına atdı. Heç əynindəki bozarmış köhnə xalatıda soyunmağa heyi olmadı.

Səhər yuxudan duranda hiss elədi ki, başı "şişib" lap qazan boyda olub. Güzgünün qarşısına keçdi, özünü görəndə qeyri-ixtiyarı"bismillah " dedi. Axı o axşam 22 yaşlı, ağ çiçəkli donu olan gənc-gözəl qız idi... "Bu nəydi Allah! Başım xarab oldumu?"-deyib, adəti üzrə dünəndən söndürdüyü kompyüteri açdı. İnterneti ələk-vələk elədi. Birdən qarşısına çıxan fotonu fotodan gülümsəyən qaragözlü oğlanı görəndə anidən ürəyi bərk-bərk çırpındı, Əlləri əsə-əsə şəkilə sığal çəkdi, kövrəldi. Şəkilin yanında yazılan sözləri oxuyanda isə hönkürtü ilə ağlamağa başladı.

"1991-cü ildə Şuşa uğrunda döyüşlərdə şəhid olub. Ölümündən sonra Milli Qəhrəman adına layiq görülüb. Subay id. Bu gün onun doğum günüdür! Ehtiramla anırıq!"

Əntiqə Rəşid