adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
20 Aprel 2020 08:56
91023
MÜSAHİBƏ
A- A+

Arif Əliyev: “Jurnalistika mənəviyyatla sıx bağlı sahədir” - MÜSAHİBƏ

Müsahibimiz tanınmış jurnalist, "Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyevdir.

Onunla jurnalistika, həyata keçirdiyi layihələr, son günlərdə baş verən pandemiya hadisələri və bir sıra başqa mövzularda söhbət etdik.

"O zamanlar biz özümüzü birlikdə "media” hesab edirdik, indi ayrı-ayrılıqda "kütləvi informasiya vasitəsi”

- Arif bəy, sizin jurnalistika fəaliyyətinizin ilk illəri mənim yaşımdan əvvəllərə təsadüf etdiyindən müsahibəyə hazırlaşarkən internetdən, sizi uzun illərdən bəri tanıyan insanlardan haqqınızda məlumatlar almağa çalışdım. Diqqətimi bir sıra məqamlar çəkdi. Birinci məqam hələ ötən əsrin 80-ci illərinin sonlarında yeni Azərbaycan mətbuatının əsasını qoyanlardan biri, mərhum Nəcəf Nəcəfovun baş redaktoru olduğu "Molodyoj Azerbaydjana” qəzetində, sonralar isə "Azadlıq” qəzetində birlikdə çalışmağınız idi. Eşitdiyimə görə, hələ sovet dövründə "Molodyoj Azerbaydjana” qəzetində işləyəndə o vaxt üçün kifayət qədər sərt sayılacaq yazılarınız olub. Hətta o vaxt milis sistemi ilə bağlı yazdığınız bir yazının böyük əks-səda doğurduğunu da deyirlər. O illəri indi necə xatırlayırsınız?

- Hə, o vaxtlar birinin uğurlu yazısı olanda, qəzet əldən-ələ ötürülürdü, hamı sevinirdi, müzakirələr, təbriklər olurdu. Bir dəfə "Azərinform”dan Pyotr Davıdov zəng edib dedi ki, sən bu illəri çox xatırlayacaqsan. Düz deyirmiş. Nə isə... Hələ elə müəllim görməmişəm ki, "əvvəllər uşaqlar oxuyurdular, indi oxumurlar” deməsin. Onlara oxşasam da, deməliyəm: o zamanlar biz özümüzü birlikdə "media” hesab edirdik, indi ayrı-ayrılıqda "kütləvi informasiya vasitəsi”. Nəcəf Nəcəfovun "Molodyojka”sı, sözsüz, təkan verdi. Ardınca Məmməd İsmayılın "Gəncliy”i, Sabir Rüstəmxanlının "Azərbaycan”ı, yenidən Nəcəfin "Azadlığ”ı gəldi. Bu üç sözü ard-arda düzün, dövrün ruhunu hiss edəcəksiniz. Ölkə gəncliyi yeni, azad Azərbaycan yaradırdı. Və jurnalistlər prosesin ön cərgələrində gedirdilər. Biz həqiqətən böyük iş gördüyümüzə, yeni cəmiyyət qurduğumuza inanırdıq, bu inam həyatımıza fərqli məna verirdi, peşə qüruru gətirirdi. Biz başqa peşə sahiblərinin edə bilmədiklərini edirdik: hökumət bir nəşri bağlayanda, 42 redaksiya yığışıb həmin nəşrin bazasında ümumi qəzet buraxırdı və ədalətsiz cəzanı ləğv etdirirdi. İndi belə bir şeyin mümkünlüyünü təsəvvürünüzə gətirə bilərsinizmi? Vaxtilə qaynar jurnalist həyatının mərkəzi olan "Azərbaycan” nəşriyyatı da Yasamal yamacında qəzet qəbiristanlığını xatırladır. Sonralar bataqlığa çevrilmiş böyük bir yolun başlanğıcı olan həmin illəri mən bax, belə xatırlayıram.

- İkinci diqqətimi çəkən məqam isə görkəmli dilçi alim Aydın Məmmədovun rəhbərlik etdiyi Azərbaycan Tərcümə Mərkəzindəki fəaliyyətiniz, ictimai-siyasi qəzetlərdən sonra fərqli təmayyüllü nəşrin - rus dilində çıxan "Xazar” jurnalının baş redaktoru olmağınızdır. Həmin illər, deyəsən, yenə Tərcümə Mərkəzində əsası qoyulmağa başlayan "Turan” İnformasiya Agentliyinin qurulmasında iştirak etmisiniz. Fəaliyyətinizin bu dövrü ilə bağlı nələr deyə bilərsiniz?

- Kommunist partiyasının Mərkəzi Komitəsi 1988-ci ilin dekabrında Nəcəf Nəcəfovu işdən çıxarandan sonra "Molodyoj Azerbaydjana”nın özəyi də etiraz əlaməti olaraq onunla getdi. Bizi bircə gün işsiz qoymaq istəməyən həmkarlarımızdan çoxlu təkliflər gəldi. Nəcəf əvvəl uşaqları yerbəyər elədi. Mənə isə: "Gedək "Bakinski raboçi”yə dedi. Bu, partiyanın Mərkəzi Komitəsinin bilavasitə tabeçiliyində olan qəzet idi. Onun baş redaktoru Qluşkov, Vəzirovun etirazlarına baxmayaraq, qəzetdə ayrıca şöbə açdı, Nəcəfi müdir, məni xüsusi müxbir təyin etdi, iki otaq verdi və dedi: "Bilirəm, qəzetin mövqeyi əqidənizə uyğun deyil. İstəyirsiniz, heç yazmayın, nə qədər lazımdır, oturun, işlərinizlə məşğul olun”. O zaman belə bir jurnalist həmrəyliyi var idi! Nəcəf Nəcəfov özəl qəzet planı hazırlayırdı. Adını da seçmişdi: "36,6” - sağlam insan, dolayısı, cəmiyyət temperaturudur. Amma sonra o, Xalq Cəbhəsinə getdi. Biz "Molodyojka”çılar isə Aydın Məmmədovun Tərcümə Mərkəzinə yığışdıq. Olduqca ağıllı, savadlı, demokratik ruhlu adam idi Aydın Məmmədov, zərbələri üzərinə götürürdü, biz də yarıgizli, yarıaçıq işləyirdik. "Turan” məlumat-nəşriyyat müəssisəsi yaratdıq. Hərə bir sahənin başında durmuşdu. Mən redaktor və müəssisədə direktor olsam da, "Xazar”ın işini, faktiki olaraq, Şahin Hacıyev aparırdı, Bahəddin Həziyev ona kömək edirdi, Mehman Əliyev "Turan” informasiya agentliyinin, Rafiq İsmayılov "Turan” nəşriyyatının direktoru idi. Məzahir Əfşar "Turan” mədəniyyət mərkəzinə, Zaur Abdullayev "Turan” reklam agentliyinə rəhbərlik edirdi. Nazim Rəhimov, Fərhad Kərimov "Tutan TV” formalaşdırırdılar. Yeri gəlmişkən, "Turan” ölkənin ilk müstəqil informasiya agentliyi oldu, Məhəmməd Əmin Rəsulzadənin Azərbaycanda ilk kitabını ("Əsrimizin Siyavuşu”) bizim nəşriyyat buraxdı. Doğrudur, hökumət tirajı müsadirə etdi, amma bir azını aradan çıxara bildik. Mən isə daha çox "Azadlıq” qəzetində Nəcəf Nəcəfova müavinlik, sonra "Svoboda” qəzetinə redaktorluq edirdim. Bütün işlərdə Nəcəfin ideya öncüllüyü, Aydının himayəsi rol oynayırdı. Biz hamımız həm də dost idik.

"İndiyədək üç böyük şəxsiyyətin rəhbərliyi altında işləmişəm: Nəcəf Nəcəfov, Aydın Məmmədov, Əbülfəz Elçibəy”

- Və üçüncü məqam - Azərbaycan Prezidenti Əbülfəz Elçibəyin mətbuat katibi olmusunuz, bir müddət də keçdikdən sonra isə, səhv etmirəmsə, Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əbülfəz Elçibəyin müavini. Bioqrafiyanızı pis öyrənməmişəm ki?

- Hə, indiyədək üç böyük şəxsiyyətin rəhbərliyi altında işləmişəm: Nəcəf Nəcəfov, Aydın Məmmədov, Əbülfəz Elçibəy. Bununla fəxr edirəm və hər üçü ilə səmimi münasibətlərimi, dərin hörmətimi sona qədər saxlamışam. Amma heç zaman, heç bir partiyanın üzvü olmamışam. Nə sovet vaxtı, nə müstəqillik dövründə. Xalq Cəbhəsi xeyli sonra partiyaya çevrildi. Əbülfəz bəylə isə, qəribə olsa da, mətbuat katibi təyin ediləndən sonra yaxınlaşmışam. Adətən, tərsinə olur. Nəcəfin təşəbbüsü idi. Müqavimət göstərirdim, amma onun arqumentləri qarşısında dayanmaq mümkün deyildi. Axıradək, Kələkidə də, Əbülfəz bəy referendumla vəzifəsindən uzaqlaşdırılana qədər prezidentin yanında olmuşam. Çox şeyi xatirələrimdə yazmışam, ona görə danışmaq istəmirəm. Əbülfəz bəy Türkiyədə xəstəxanada olanda isə burada dövlət qəzetinin də, aparıcı müstəqil və müxalifət nəşrlərinin də redaktorları yığışdıq. Onun yanına sonuncu müsahibəyə getmək qərarına gəldik. Biletlərimizi aldıq. Sizin qəzetin rəhbəri Rəşad Məcidin də, yəqin, yadındadır. Heyif, bizdən asılı olmayan səbəblərə görə baş tutmadı. Cəmiyyət üçün çox ibrətamiz bir addım, möhtəşəm müsahibə olardı.

-Bu bilgilər isə vikipediyadandır: "Yeni Nəsil" Azərbaycan Jurnalistlər Birliyinin sədri, Bakı Mətbuat Klubunun (Pressklub) prezidenti, "Gün-səhər" qəzeti İdarə Heyətinin sədri. Yaratdığınız, yaxud rəhbəri olduğunuz bu qurumlar əvvəl-əvvəl hərəkətli, ictimaiyyətin diqqətini cəlb edən olsa da, sonradan ya nədənsə fəaliyyətini dayandırdı, ya da fəal olmadı. Niyə?

- Bilmirəm, bəlkə, xarakterimdə nəsə var ki, bir yerdə dura bilmirəm, yarada-yarada getməliyəm? Amma ciddi danışsaq, kənar təsirlərin rolu böyük oldu. Bu təşkilatların o zaman ictimai həyatda hansı rol oynadıqlarını orta və yaşlı nəsil yaxşı xatırlayar. Və nə Jurnalistlər Birliyinin fəaliyyətini dondurması, nə Mətbuat Klubunun dayandırılması, nə Mətbuat Şurasından getməyim mənim təşəbbüsüm deyildi. Ölkədə bütövlükdə media, vətəndaş cəmiyyəti çökdürüldü, dayaqları uçurulmuş bu təşkilatlar da ayaq üstə qala bilmədi.

"Gün-səhər” yeganə qəzet idi ki, öz Peşə kodeksi, ombudsmanı, hüquqşünası var idi”

- Arif bəy, səhv eləmirəmsə, Avropa Birliyi ilə "Yeni Nəsil" Jurnalistlər Birliyinin birgə layihəsi olan "Gün-səhər" qəzeti 2005-ci ildə fəaliyyətə başlayanda özünü fərqli imicdə təqdim etmişdi - bütün siyasi partiya və qurumlarla eyni məsafədə dayanmaq, tərəfsizliyini qorumaq. Qəzet təxminən 2 il fəaliyyət göstərdi və sonra dayandı. Səbəb nə oldu - qəzetin kifayət qədər populyarlaşmaması, qarşıya qoyulan prinsiplərə əməl edilməməsi, oxucu kütləsinin belə bir nəşri həzm etməyə hazır olmaması, reklam bazarının kasadlığı, yoxsa hansısa başqa səbəblər?

- Bu, birgə layihə deyildi, sadəcə, Avropa Şurasının mediaya dair hesabatlarında "Gün-səhər”in adı dəfələrlə müsbət təcrübə kimi xatırlandığı üçün, görünür, belə təəssürat yaranıb. Biz vədlərimizə əməl etdik: məsafə saxlamaq barədə də, tərəfsizlik barədə də. Ölkədəki fərqli fikir daşıyıcıları arasında düşmən münasibətləri rəqabətlə əvəz etməyə çalışdıq. "Gün-səhər” yeganə qəzet idi ki, öz Peşə kodeksi, ombudsmanı, hüquqşünası var idi, başlıqlar xüsusi işlənilirdi, rəngli və fərqli formatda çap olunurdu, kollegial idarə olunurdu, plüralizm prinsiplərinə tam əməl edirdi. Bir əhvalat danışım, redaksiyadakı əhval-ruhiyyəni hiss edəcəksiniz. Təhsil nazirliyi bir qrup jurnalistə yüksək pul mükafatları vermişdi. Aralarında bizim Elxan Salahov da vardı. Məndən soruşdu ki, o pulu götürsəm olarmı? Bilirdik ki, qaçqın ailəsindəndir, yataqxanada yaşayır, ehtiyacı var. Amma peşə prinsipləri buna baxmır. Kodeksimiz əməkdaşlara yalnız jurnalist təşkilatlarından mükafat almağa icazə verirdi. Dedim, olar, ancaq həmin gün ərizəni də yazmalısan. Təqdimat mərasimində Salahov pulu nazirə qaytardı, dedi ki, xahiş edirəm, buna partalar alıb qaçqın məktəbinə verəsiniz. Həmin addımına görə sonra redaksiya özü Elxanı məbləğin yarısı həcmində mükafatlandırdı. Ümumiyyətlə, başlanğıc uğurlu idi. Fevraldan çıxırdıq, oktyabrda isə tiraj stabilləşmişdi, 4 bank və bir holdinqlə irihəcmli reklam müqavilələri imzalamağa hazırlaşırdıq. Təkcə bu, növbəti maliyyə ilində xərclərin 70 faizini örtəcəkdi. Adətən, yeni KİV-in inkubasiya dövrü 3 il hesab olunur, biz bir ilə özünümaliyyələşdirməyə çıxacaqdıq. Hər şey oktyabrın 25-də dağıldı: bütün tərəfdaşlar eyni gündə müqavilələrdən imtina etdilər. Zərbə prezident aparatından gəlirdi. Qaldıq tirajın ümidinə. Yüksək tirajlar isə radikal tənqidi müxalifət qəzetlərində idi. Çoxlu oxucu "qazanmaq” üçün onlara oxşamaq lazım idi. Siyasi tərəfkeşlik isə qəzetçilik prinsiplərinə uyğun gəlmirdi. Müavinlər Qabil Abbasoğlu və Natiq Məmmədli ilə vəziyyəti müzakirə etdik, bir müddət "bığdan kəsib saqqala yapışdırmaqla”, dostların köməyi ilə çıxdıq, sonra "şəraitə uyğunlaşmaqdansa” dayanmaq qərarına gəldik. Odur ki, sadaladığınız səbəblərin hamısı doğrudur, birindən başqa: prinsiplərimizi dəyişmədik.

- Söhbət ki yazılı mətbuata gəldi, onda belə bir sual: Çap mətbuatının mövcud durumu, qəzetlərin yaşadığı maliyyə problemləri, tirajın azlığı və perspektivlər barədə nə deyə bilərsiniz? Bildiyimə görə, son vaxtlar televiziya kanallarındakı bir neçə verilişdə bu məsələlərə toxunmuşdunuz.

- Geniş mövzudur, amma bütün izahlar bir düyündə birləşir: hələlik Azərbaycanda müstəqil nəşrin fəaliyyət göstərməsi üçün şərait yoxdur: yayım infrastrukturu, abunə sistemi, reklam bazarı darmadağındır. Çap mediasının gələcəyi onların bərpa edilib-edilməyəcəyindən asılıdır. Təsəvvür edin ki, siz maşın istehsal edirsiniz, amma yollar yoxdur, benzin yoxdur. Necə, kimə satacaqsınız maşınınızı?

"Sağlam mənəvi dayaqlara, ideallara söykənən peşə ömürçürüdən ola bilməz”

- Ötən ilin sentyabrında Bakı Mətbuat Klubunun saytının (Pressklub.az) təqdimatını keçirdiniz və orada bəyan etdiniz ki, 2015-ci ildə fəaliyyətini dayandırmış Bakı Mətbuat Klubunun işini bərpa etmək niyyətindəsiniz. Pressklub.az saytı işləyir, amma klubun fəaliyyəti hiss olunmur.

- Elədir, bütün fəaliyyət virtual müstəvidədir: pressklub.az, pressklub.tv, onlayn müzakirələr, bəyanatlar... Hərdən "canlı” tədbirlər də olur: diskussiyalar, prezentasiyalar. Sizin dediyiniz klassik mənada Mətbuat Klubu üçün lazım olan fiziki məkan və maddi baza problemi isə qalır.

- Bəziləri deyir ki, jurnalistika ömür çürüdən sənətdir. Düz deyirlərmi? Yoxsa ömrü çürüdən peşə, sənət deyil, başqa şeylərdir?

- Hər bir insan özünüifadə etmək istəyir. Jurnalistika bunun üçün bəşəriyyətin fikirləşib tapdığı, bəlkə, ən dolğun və gözəl formadır. İntəhası, insanın içərisində yaşadığı, işlədiyi mühit ömürçürüdəndirsə, bunda peşənin nə günahı? Həm də jurnalistika mənəviyyatla sıx bağlı sahədir. Sağlam mənəvi dayaqlara, ideallara söykənən peşə ömürçürüdən ola bilməz.

- Nələrdən zövq ala bilirsiz? Zövqləriniz zamanla dəyişib, yoxsa eləcə, zaman dəyişib, zövqlərsə yerində qalıb?

- Əlbəttə, dəyişib. 20 yaşlı gənclə üzü 60-a gedən yaşlı bir adamın oxuduğu kitablar da, baxdığı filmlər də, yazdığı mövzular da fərqlidir. Amma deməzdim ki, fundamental dərəcədə dəyişmişəm. Ən böyük zövqü isə dostlarla, ağıllı adamlarla ünsiyyətdən alıram. Eləcə də mənasız, məzmunsuz insanlarla ünsiyyət qədər mənə əzab verən şey azdır.

"İstənilən şəraitdə sevdiyim, bacardığım işlə məşğul olmağa imkan tapıram”

- Təxmini bir hesablama aparıb deyə bilərsizmi hazırda potensialınızın, təcrübənizin nə qədərini reallaşdıra bilirsiniz? Ümumiyyətlə, insan üçün potensialını reallaşdıra bilməməkdən ağır əzab varmı, sizcə?

- Öz potensialını real qiymətləndirmək çətindir. Bu, kənardan yaxşı görünür. Kənardan baxıb potensialını reallaşdıra bilməyən çox insan, nəinki insan, cəmiyyət görürəm. Xüsusən savadlı və ləyaqətli şəxslərin bir qanmazın quyruğuna bağlanması adamın ürəyini ağrıdır. Amma özümə gəldikdə, heç nəyi faciəyə çevirmirəm. İstənilən şəraitdə sevdiyim, bacardığım işlə məşğul olmağa imkan tapıram. Əsas - ruhun azadlığını qorumaqdır. Ən böyük iztirab isə başqalarının sənə qarşı ədalətsizlik etdiklərinə görə yaşadığın üzüntü deyil, özünün törətdiyin haqsızlara görə keçirdiyin vicdan əzabıdır.

- Bu günlər Koronavirus infeksiyasının dünyanı bürüyüb pandemiya həddinə çatdığı bir dövrdəyik. Bu mövzudan yan keçə bilmərik. Heç indiyəcən hər hansı virusdan əziyyət çəkmisinizmi? İstər bioloji virus olsun, istərsə də elektron virus - məsələn, kompüterə, telefona, diskə, fləşkarta düşən virus...

- Orqanizmimin də, kompüterimin də, hətta ağlımın da virusa yoluxması halları olub, amma pandemiya şəraitinə düşməmişəm.

"İndiyə qədər bəşəriyyət nə qədər epidemiya, fəlakət görüb...”

- Pandemiya jurnalistikanı, redaksiyaların, jurnalistlərin iş tərzini daimi dəyişikliyə uğrada bilərmi? Yoxsa hazırda müşahidə olunan dəyişiklik, tutalım, distant fəaliyyətə üstünlük verilməsi müvəqqəti haldır?

- Məncə, bunu gözləmək yersiz olardı. Hələ heç bir pandemiya, humanitar fəlakət medianın təbiətini dəyişməsinə təsir edə bilməyib. Buna yalnız texniki inqilablar qadirdir. İndiyə qədər bəşəriyyət nə qədər epidemiya, fəlakət görüb, hansı biri bu dünyanı bir buxar maşını qədər dəyişə bilib, onun yeni həyat tərzi seçməsi ilə nəticələnib? Distant fəaliyyətə gəldikdə isə, həkimlər çoxdandır məsafədən əməliyyatlar aparırlar, müəllimlər əyani təhsilin sıradan çıxarılacağı barədə danışırlar, redaktorlar evdə divanda uzanıb səhifəyə material qoyurlar. Başqa məsələdir ki, bu cür qlobal hadisələr həmin prosesi bir az sürətləndirə bilər. Amma jurnalistikanı "daimi dəyişən” çap maşınıdır, radiosiqnalların və təsvirin ötürülməsi texnologiyasıdır, internetdir.

- Həyatda elə dərslər varmı ki, onu təhsillə deyil, məhz yaşla öyrənmisiniz?

- Nəzərə alsaq ki, bu yaşda da təhsilimi davam etdirirəm, yox. Əgər siz "yaş” deyəndə həyat təcrübəsini nəzərdə tutursunuzsa, axı, bu təcrübədən də hərə bir nəticə çıxarır. "Həyat dərsi” çox subyektiv elementdir. Məsələn, bir it bir toyuğu yeyibsə, sizin bu fakta münasibətiniz və ondan alacağınız dərs bircə şeydən asılıdır: siz itin, yoxsa toyuğun sahibisiniz?

"Səfərlərdə özümü sərbəst hiss edirəm, evə dönən kimi gərginləşirəm”

- Arif bəy, bu il 60 illik yubileyiniz olacaq. Bu yaşda olmaq istədiyiniz yerlərin hansındasınız və ola biləcəyiniz yerlərin hansında deyilsiniz?

- Bir onu deyim ki, olmaq istədiyim yerdə deyiləm. Yox, mövqe, vəzifə, şöhrət nəzərdə tutmuram. Bunlar ötəri və nisbidir. "Andersen. Sevgisiz həyat” filmində kral Andersendən şöhrət haqqında bir hekayət istəyir. Nağılbaz-yazıçı deyir: "Şöhrət -olduqca ucaboy, gözləri zəif bir qadındır. O, ayağının altında qaynaşan balaca-balaca insanları yuxarıdan seyr edir. Hərdən əyilir, onların içərisindən əlinə keçəni götürüb ovcunda yüksəklərə, gözləri bərabərinə qaldırır. Şöhrət seçdiyi adama diqqətlə baxır, sonra köks ötürüb: "Yox, yenə o deyil” deyir və... ovcunu çevirir. İndicə buludlar bərabərinə qaldırılmış insan başı üstə yerə gəlir”. Mənim olmaq istədiyim "yer” kreslo deyil, kabinet deyil, ölkədir, Azərbaycandır, amma başqa Azərbaycan. Səfərlərdə, bilsəniz, özümü nə qədər sərbəst hiss edirəm. Evə dönən kimi gərginləşirəm. Çünki növbəti toqquşma, mənasız çəkişmələr, ədalətsizlik gözləyirəm.

- 50 yaşınızı necə qeyd etmişdiniz? 60 yaşınızı necə qeyd edəcəksiniz? Və 100 yaşınızı necə qeyd etmək istərdiniz?

- Ad günlərimdə, birinci, anama hədiyyə aparıram və ondan ənənəvi hədiyyəmi alıram. Sonra həmin günü dostlarımın, sevdiyim insanların əhatəsində keçirirəm. 100 haqqında fikirləşmirəm. Fikirləşməyə qorxuram. Fazil İskəndərin bir tabusunu həmişə xatirimdə saxlayıram: "İnsan şərəfi əlindən alınmamış ölməlidir”. "Şərəf”, bilirsiniz də, insanın mənəvi keyfiyyətlərinə, dövlətə və cəmiyyətə münasibətinə görə başqalarının ona verdiyi qiymətdir. Hər ili sonuncu kimi yaşamağa çalışıram.

"Hamıya aid etdiyin prinsipləri özünə də tətbiq etməlisən”

- Qulu Məhərrəmli sizin prinsipial insan kimi xarakterizə edir. Razısınızmı bu fikirlə?

- Razıyam, əgər "qınaq” kimi səslənmirsə.

- Prinsiplərlə yaşamağın nə kimi çətinlikləri var?

- Ümumiyyətlə, "yaşamaq çətin şeydir, qardaşım”. Düşünmürəm ki, prinsiplər ona əlavə ağırlıq gətirir. Əksinə, qarmaqarışıqlıq da bir qayda yaradır. Amma hamıya aid etdiyin prinsipləri özünə də tətbiq etməlisən. Çətinlik varsa, bundadır: məsələn, başqasının daha çox haqqı olduğu şeydən imtina etməyi bacarmalısan.

- Prinsiplərinizə görə güzəştə getmədiyiniz dostlarla, tanışlarla narazılıqlar çoxmu yaşamısınız?

- Deməzdim ki, çox olub, çünki sən hisslərə deyil, arqumentlərə söykənirsənsə və bunu düzgün izah edə bilirsənsə, səni anlayırlar. Yaxud əksinə, sən onları anlayarsan. Öz həyatınızı göz önünə gətirib araşdırın: görəcəksiniz ki, əksər münaqişələrin kökündə ikicə şey dayanır: tamah və hikkə. O ki qaldı, haqlı olmadığını başa düşə-düşə üstünə hücum çəkənlərə, daha bunun harası dostluq-tanışlıq oldu? "Dostluq” mənim üçün həqiqətən müqəddəs anlayışlardan biridir. Uşaqlıqdan Remarkın bir sözü yaddaşıma həkk olunub: "Əgər dostun sənə desə ki, gedək, ölünü basdıraq, heç vaxt soruşma, onu niyə öldürmüsən”.

"İnternet məhsulları jurnalist araşdırmalarını əvəz edə bilməz”

-Arif müəllim, belə bir söz var ki, dürüst insan həmişə həqiqəti deyən insandır. Ağıllı insan isə harda həqiqətin deyilməli olduğunu bilən insandır. Bu fikirlə razısınızmı?

- Ümumiyyətlə, dürüstlük və ağıl fərqli kateqoriyalardır. Onların üst-üstə düşmə dərəcələri çox fərqli kombinasiyalar, reaksiyalar yaradır: lağlağıdan tutmuş, cəmiyyətdə dərin hörmətə qədər. Sizin "ağıllı insan”a verdiyiniz tərif həmin kombinasiyalardan birinə aiddir. Başqaları da var: "Düzlük - ən böyük biclikdir”, "Məni bir dəfə aldadırlarsa, aldadan axmaqdır; ikinci dəfə aldadırlarsa, mən axmağam” və s. Hansı biri ilə razılaşmamaq olar?

- Son zamanlar bəzi ziyalılarımız jurnalistikada araşdırma tipli yazıların azlığından gileylənirlər. Sizcə də belədirmi? Əgər belədirsə, bunun səbəbini texnologiyanın inkişafında, axtarılan demək olar ki, hər şeyin internetdə tapmaq fürsətimizdə görə bilərikmi?

- Yox, internet məhsulları jurnalist araşdırmalarını əvəz edə bilməz, onlar üçün güclü əlavə mənbə rolunu oynaya bilər. Araşdırma tipli yazıların azlığı isə üç problemə söykənir: professionallığın çatışmaması, maliyyə resurslarının azlığı və özünü senzura. Jurnalist araşdırmaları müxtəlif mənbələrlə işləmək, faktları toplamaq və təhlil etmək bacarığı, uzun müddətli iş və bəzən səfərlər, eyni zamanda, cəsarət tələb edir.

- Necə düşünürsüz, mətbuatın gündəmini xalqın maraqları, zövqü istiqamətləndirir, yoxsa xalqın zövqünü mətbuat formalaşdırır?

- Yenə gəlib "toyuq-yumurta” məsələsinə çıxırıq. Ancaq bütün hallarda, ikinci faktor daha güclüdür. Media texnologiyaları ilə cəmiyyətdə istənilən zövq, gözlənti, davranış tərzi formalaşdırmağın mümkünlüyü dəfələrlə sübuta yetirilib. Bəs niyə dünya "feyk” xəbərlərə görə əl-ayağa düşüb? Məhz buna görə. "Bermut üçbucağı”nı görmüsünüzmü? Yox, amma onun haqqında geniş təsəvvürləriniz var. Bəs bu təsəvvürləri kim formalaşdırıb? Media. Onlar gerçəkliyə nə dərəcədə uyğundur? Allah bilir. Yaxud ən təzə misal. Media göstərdi ki, o, demokratiyanın səviyyəsindən, xalqın maraqlarından, maddi vəziyyətindən, savad dərəcəsindən, həmçinin, təhlükənin reallığından asılı olmayaraq, cəmiyyətdə təmkinli davranış da, panika da yarada bilər.

"Kitabı kinodan çox sevirəm, teatrı isə hamısından artıq”

- Bədii ədəbiyyata münasibətiniz necədir? Bədii əsərlər də yazırsınız.

- Deyəsən, yazıram. Tərcümə kitablarımdan savayı, üç əsərim çıxıb: "Son çağrı”, "Yalama” (rus variantında "350”) və "Sənət əbədidir, ömür amanat”. "Yalama”dan sənədli film çəkilib, sonuncu kitab əsasında bədii film hazırlanır. Portfelimdə "Gəncə üsyanı”, "Solovki düşərgəsində azərbaycanlılar”, İsmayıl Şıxlının həyatı kimi mövzularda çoxlu materiallar toplamışam. Nə çatdıraram, çatdıraram. Ümumiyyətlə isə kitabı kinodan çox sevirəm, teatrı isə hamısından artıq.

- "Yalama" sənədli povestiniz çox qaranlıq və bir o qədər də maraqlı tarixdən bəhs edir. Bu hadisələrə müraciət etməyinizin tarixçəsi maraqlıdır. Sənədlərə çatmaq üçün, eləcə də kitabın yazılma və çap prosesində hansısa çətinliklər yaşadınızmı?

- Üzə çıxarılmış şərəfli tarixi faktın çəkisi ilə müqayisədə elə ağır çətinlik görmədim. Bircə vaxt çox getdi. Oturub şikayətlənməkdən heç nə hasil olmur, qarşıya məqsəd qoyub ardıcıl ona doğru gedəndə görürsən ki, Allahın qoymadığı keçilməz sədd yoxdur. Kitabın tarixçəsi isə belədir: bir dəfə işə gedəndə maşının radiosunda hərbi-jurnalist Şəmistan Nəzərli ilə müsahibəyə qulaq asırdım. Müsahibədə tədqiqatçı 1920-ci ilin aprelində Yalama döyüşü və böyük işğalçı qüvvənin qarşısında son nəfəsədək dayanmış 350 əsgərimiz haqda bir cümlə işlətdi. Tər məni basdı. Maşını yolun kənarına çəkib saxladım. Necə ola bilər ki, biz belə bir qəhrəmanlıq tariximiz haqda bir cümlədən artıq danışa bilməyək? Belə gəncləri unudaq, bunu bir əsr heç kim araşdırmasın? Bu vaxt tərli alnıma toxunuş hiss etdim, elə bil, sərin meh keçdi. Həmin mistikanın təsiri altında iki il kitabın üzərində işlədim, pyesini yazdım, sənədli filmin ssenarisini hazırladım.

- Hazırda nəylə məşğulsunuz?

- İndiyə qədər danışdıqlarımızın hamısı ilə. Üstəlik, fərdi layihələrlə, media araşdırmaları ilə, koronavirusla, bir az bağbanlıqla. Bağda güllərlə və çiyələklə eksperiment eləyirik. Bir də Pressklub TV-də "Könlümün sevgili məhbubu mənim...” adlı, üç seriyadan ibarət sənədli film hazırlayırıq. Azərbaycan Respublikasının müstəqilliyini qorumaq uğrunda mübarizədə həlak olanların xatirəsinə. Aprel-may aylarında Yalama döyüşünün, möhtəşəm Qarabağ və Gəncə üsyanlarının 100 illiyi tamam olur.

Şahanə MÜŞFİQ

525.az