adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
22 Aprel 2020 09:00
79654
ƏDƏBİYYAT
A- A+

“Atam şərin səsini eşitmədi. Şeytanı dünyaya göndərdi”

Aprel ayı dünya tarixinə öz qərarlarıyla iz qoymuş Adolf Hitler ilə çox xatırlanır. O, 20 aprel tarixində anadan olub, 30 apreldəsə intihar edib.

Haqqında çox yazılsa da maraq çəkən tərəflərdən biri də onun qədim sivilizasiyalar, inanclar və təlimlərlə xüsusi maraqlanması idi. Bəlkə gücünü onlardan alırdı?!

Hitler qədim sivilizasiyadan güc aldı?

Yaxınlarının dediyinə görə, Hitler gecələr çığıraraq oyanır, titrəyərək anlaşılmaz sözlər deyir, yatağında o yan-bu yana fırlanır, otağın ortasında durur, gözləri yumulu şəkildə "budur o, buraya da gəlib, budur o!” deyə inləyir və qəribə sözlər deyirdi.

"Hitler mənə dedi ki” adlı kitabında Herman Rasçinq Hitlerlə bağlı ağlasığmaz iddialar irəli sürürdü. Dünyanı titrədən nasist liderini qorxudan nə ola bilərdi?

On iki il Hitlerin mətbuat nümayəndəsi olan Ditrext ona "çılğın millətçi düşüncələri olan şeytani bir adam” deyirdi.

Bu qəribə adamın nəhəng bir dövləti yox olmağın sərhədindən gətirməsinin səbəbləri hələ də bir sir olaraq qalmaqda davam edir.

I dünya müharibəsinin hərbi və siyasi nəticələri, kommunizmin ac, işsiz və məğlub Almaniyada səhv təşkilatlanması ucbatından ölkədə vəziyyət gərginləşmişdi. Daxili toqquşmalar güclənmişdi. Üstəlik, hələ SSRİ kommunizmin nəinki varlığını və məqsədini sübut etmiş, heç öz mahiyyətini sovet xalqına başa sala bilməmişdi.

Məğlub bir məmləkətin qırılan qüruru, aclıqdan pərişan olan xalqın şüursuzcasına ümid axtarışı, bir irqin hədəf göstərilməsi və başqa səbəblər Hitlerin kütlələr üzərində təsirini və sehrini göstərməyə bəs etmirdi.

Hitlerin bu sirli nəzəriyyəsiylə əlaqədar ən önəmli qaynaqlardan biri Herman Rasçinqdir. "Hitler mənə dedi ki” kitabında şahidi olduğu bir çox hadisələrə yer verirdi:

" Hitler vaxtının az olduğundan narahat idi. Tez-tez söylədiyi kəlmələr arasında `dünyanın dəqiq zaman`ı sözləri var idi. Amma bunu anlamağa səviyyəmiz çatmırdı. Dünyada baş verəcək qiyaməti dərk edə bilmirdik. Kütlə üçün "ruhun yanlış yolu” deyimindən istifadə edirdi. `Sehrli düşüncəyə` sahib olmaq insan təkamülünün məqsədi idi. O, həmin andakı və gələcəkdəki uğurların qaynağı olan sehrli elmin sərhədindəydi. Qədim dünyaya aid əfsanələri araşdırır, ibtidai toplumlara və kütlələrə təsir edən mifləri öyrənirdi. Təbiət qanunlarının dəyişdirilməsi üçün istifadə olunan sehrli antik qaydalar haqqında bir kitab da yazdı. Öz gücünün gizli güclərdən qaynaqlandığına əmin idi. Bəşəriyyətə yeni İncili tez çatdırmaq həvəsində idi...”

Rasçinqin bu sözləri doğrudursa , Hitlerin cadugərliklə əlaqəsi aydın görünür. Necə ki, məşhur fransız elm adamı Jacques Berger "Sehr və siyasət” adlı araşdırmasında cadugərliyin XX əsrdə bir çox formalarda siyasəti gizli olaraq idarə etməsi fikrində idi.

Rasçinq kitabında Hitlerlə görüşən bir yaxınının dialoqunu verir:

"Fürerim, qara magiyanı qəbul etməyin. Qara magiyanı yaxın buraxsanız o, həyatınızdan və taleyinizdən bir də heç vaxt çıxmayacaq. Palçığa bulaşmış məxluqların sizi yoldan çıxartmasına izn verməyin”.

Atatürkün Hitler xəbərdarlığı

Türkiyə Cümhuriyyətinin qurucusu, bənzərsiz öncəgörmə qabiliyyətinə malik olan Mustafa Kamal Atatürk Hitlerlə bağlı heyrətamiz qənaətlərə gəlmişdi. Ali Bektanın "Atatürkün öncəgörmələri” adlı kitabında Atatürkün gələcəyə dair öncəgörmələri yer alır:

" O, neçə illər öncədən Avropada baş verəcək qanlı bir müharibədən bəhs edirdi. Hətta bu müharibəni kimlərin qazanacağını da deyirdi... Atatürk bunları danışarkən 1932-ci il idi-yəni Almaniyada nasistlər hələ hakimiyyətə gəlməmişdi.”

Atatürk Mak Artur ilə bir görüşündə deyirdi:

"Versal müqaviləsi I dünya müharibəsinin baş verməsinə səbəb olmuş problemləri həll etmədiyi kimi, dünənin əsas rəqibləri arasındakı uçurumu da dərinləşdirmişdir. Qalib dövlətlər məğlublara sülh şərtlərini qəbul etdirərkən bu məmləkətlərin etnik, geosiyasi və iqtisadi xüsusiyyətlərini əsla nəzərə almamışdılar və sadəcə intiqam hisləri ilə hərəkət etmişdilər. Beləliklə, bu gün yaşadığımız sülh dövrü sadəcə atəşkəsdən ibarətdir. Əgər siz, amerikalılar Avropa ilə maraqlanmaqdan əl çəkməyib Vilson planını tətbiq etməkdə israr etsəydiniz, bu atəşkəs dövrü uzanar və bir gün davamlı sülhə səbəb ola bilərdi. Məncə, dünən olduğu kimi sabah da Avropanın gələcəyi Almaniyanın düşəcəyi vəziyyətdən asılı olacaqdır. Fövqəladə inkişafa malik olan 70 milyonluq çalışqan və intizamlı millət, üstəlik, milli ehtiraslarını oyadacaq bir siyasi axına təslim edildilər. Gec-tez bu da Versal müqaviləsinin ləğvinə gətirib çıxaracaq.”

Atatürk Almaniyanın İngiltərə və Rusiyadan başqa bütün Avropa qitəsini işğal edəcək bir ordu yarada biləcəyini, müharibənin 1940-46-cı illər arasında başlayıb bitəcəyini, Fransanın isə qüvvətli ordu yaratmaq üçün lazımi keyfiyyətləri itirdiyini söyləyirdi.

Həmin illərdə dünyanın böyük dövlətləri kimi qəbul edilən ABŞ, İngiltərə və Fransa rəhbərləri I dünya müharibəsi kimi bir müharibənin heç vaxt olmayacağını iddia edirdilər. Atatürk isə yeni dünya müharibəsinin olacağını və bu müharibəni də Hitlerin başlayacağını israrla bəyan edirdi:

"Müharibəni o başladacaq, dünyaya bəla gətirəcək”.

Yeni dinin peyğəmbərliyini etdi

Bəzi düşüncələrə görə, Hitler nasizm doktrinasından daha təhlükəli güclərin təsiri altında idi. Hitler özündən çox böyük və həddini aşan doktrinanın bəsitləşdirilmiş, kiçik bir qismini dostlarına açıqlayırdı:

"Haqqımda heç nə bilmirsiniz. Partiya dostlarım məni qarabaqara izləyən xəyallar, öldüyüm zaman təməlləri qoyulmuş olacaq qüdrətli sistem haqqında ən xırda təsəvvürə də sahib deyillər. Dünya dönüş nöqtəsinə çatıb. Sizlər anlamayacaqsınız, amma planet alt-üst olacaq. Baş verənlər yeni bir dinin təşəkkül sərhədlərini çoxdan aşıb”.

Əfsanələrdən ilhamlanan liderin Tibet gizlinləri

Iddialara görə, Hitler German mifologiyasındakı Tule əfsanəsindən təsirlənmişdi. Tule əfsanəsi də eynilə Atlantida kimi itmiş bir ölkə əfsanəsi idi. Hitlerin arxasında duran gizli, sehrli güc də məhz Tule təşkilatı idi. Bu təşkilatın ən önəmli adamı Münhen Universiteti professorlarından Karl Hassofer adlı alim idi. Hassoferin şəxsiyyəti ən azı Hitler qədər maraq doğurur.

Hassoferlə Hitleri tanış edən Rudolf Hes idi. Tule qrupunun son üzvü Rudolf sülh danışıqları üçün İngiltərəyə göndərilmiş, gözlənilmədən həbs olunmuşdu. Müharibədən sonra Hes ömrünün sonunadək müharibə günahkarlarının saxlanıldığı Spandau həbsxanasında saxlanılmışdı. Məhkumların bəzisi edam olundu, bəzisi isə cəzalarını çəkib azadlığa çıxdı. Amma Hes illərlə xüsusi nəzarət altında həbsxanada saxlanıldı. Haqqında çoxlu kitablar yazıldı. Hes çox yaşlanmasına, digərləri kimi ağır müharibə günahkarı olmamasına baxmayaraq, niyə ölənə kimi həbsdə saxlanıldı?

Hitler hakimiyyətə gəlməzdən öncə qiyamlara görə həbsə atılanda Hasofer onu hər gün ziyarət edirdi.

1869-cu ildə doğulan Hasofer Hindistan və uzaq şərqdə müxtəlif vəzifələrdə çalışmışdı. Yaponiyaya gedib yapon dilini öyrənmişdi. Onun fikrincə alman irqinin kökü Orta Asiyaya gedib çıxırdı. Hasofer gizli buddist təşkilatlarından birinə qəbul olunmuş və vəzifəsini uğursuz icra edəcəyi təqdirdə xarikiri etməyə and içmişdi. 1914-cü ildə general rütbəsi almışdı. Düşmənin hücum edəcəyi saatı, top mərmilərinin düşəcəyi yerləri, fırtınaları, xarici ölkələrdəki siyasi dəyişiklikləri öncədən söyləyirdi. Hitlerin də Parisə ilk girəcəyi günü, müxtəlif cəbhələrdə düşmənin nə qədər tab gətirəcəyini və Ruzveltin ölüm tarixini öncədən demişdi.

Hasofer I dünya müharibəsindən sonra yenidən təhsil həyatına qayıtdı. Nasist partiyasının qamalı xaç simvolunu seçən də o idi.

"Bilinməyən Hitler” kitabında Vulf Şvartzveller də bu iddiaları təsdiqləyirdi:

" Hitler Landberq həbxsxanasında olarkən onun ziyarətçilərindən biri də Karl Hasofer və Rudolf Hes idi. Hitler `Mənim mübarizəm` adlı kitabını bu iki şəxsin köməkliyi ilə yazmışdı. Hasofer, Hitler və Hes uzun müzakirələr aparırdılar. Hasofer ezoterik elmlərlə yanaşı Zen buddizminə də maraq göstərirdi. Ditrext Ekartdan sonra Hitlerə təsir edən ikinci adam idi. Berlində Luminos adlı loja yaratmışdı. Hasofer məşhur rus sehrbazı və metafiziki Qriqor İvanoviç Qurdyevin tələbəsi idi. Qurdyev və Hasofer insandan daha üstün, yerdən kənar bir qüvvə ilə əlaqədə olduqlarına inandıqları üçün Tibet lojasının üzvləri idilər. Hitler, Rozenberq, Himler, Qorinq və Morel də lojanın üzvü idilər.”

1925-ci ildə nasist partiyası sürətlə böyüməyə başladı. Almaniyanın məşhur şairi Everts böyük bir həvəslə partiyaya üzv oldu. O, nasist partiyasını qara güclərin aydın ifadəsi kimi görürdü. Partiyanın yeddi qurucusu da qara güclər tərəfindən idarə olunduğuna ruhən və cismən əmin idi. Onları birləşdirən and, enerji və şans qaynağı Tibet əfsanəsinə söykənirdi.

Araşdırmaçı Ərgün Candan "Gizli sirlər doktrinası” adlı kitabında maraqlı məlumatalara və faktlara yer verir:

"II dünya müharibəsinin sonlarına yaxın yıxılan nasist qərərgahına daxil olarkən ağlasığmaz bir şeylə rastlaşmışdılar. Dağıntılar içində on iki tibetli rahibin cəsədi tapılmışdı. Buna o vaxt heç bir izah verilməmişdi. Əslində, müharibə vəziyyətində kiminsə bunu düşünəcək həvəsi yox idi. Müharibə bitəndən sonra bu fakt çoxlarının diqqətini çəkməyə başladı: Nasist qərərgahında on iki tibetli rahibin nə işi var idi? Bu sual uzun müddət onları düşündürdü. Nasistlərlə tibetlilərin hansı əlaqəsi ola bilərdi? Bu mövzu çox dərindən araşdırılmağa başlanıldı. Ortaya çıxan nəticələr xeyli düşündürücü idi: Nasistlər yeraltı sivilizasiya kimi təqdim olunan Şambala ilə əlaqəli idilər!”

Hər şey Tule əfsanəsiylə başlayırdı. Tule əfsanəsinin kökü isə yoxa çıxmış bir sivilizasiyadan qaynaqlanırdı. Bu əfsanə ətrafında birləşən bir qrup insan Tule adında təşkilat yaratdı. Nasist partiyasının yeddi qurucusundan biri olan Ditrext belə deyirdi:

"Tulenin bütün sirləri yoxa çıxmış qədim sivilizasiyadan qaynaqlanır. Insan ilə xarici zəkalar arasında olan bəzi vasitəçi varlıqlar bu sirlərlə böyük gücə sahib olur. Bu güc Almaniyanı dünyada hegemon edəcək. Bu gücün qaynağı gələcəyin üstün insanının ortaya çıxmasını və insan tipinin dəyişməsini təmin edəcəkdir.”

Bu sözlər nasizmin təməlində də təşəkkül tapırdı. Gizli Tule təriqətinin üzvləri arasında Rudolf, Hes, Karl Hasofer, Rozenberq və Hitler də var idi.

Başqa maraqlı nöqtə isə nasistlərin bayraqlarında istifadə etdiyi simvol idi. Bu təsadüfi simvol deyil. "Qamalı xaç” qədim simvollardan biridir. Dünyanın çox yerində buna rast gəlinir. Onu daha maraqlı edənsə simvolun Mu simvolu olmasıdır. Mu mədəniyyəti ilə qarşılaşan bütün qədim sivilizasiyalar bu işarədən istifadə ediblər.

Mu sivilizasiyası ilə bağlı məlumatları, sənədləri üzə çıxaran Niven və Çurçavardın əsərlərində qamalı xaçdan bəhs olunur. Onun anlamı qədim Misir və Tibet məbədlərindəki rahiblər tərəfindən sir kimi gizlədilmişdi. Kökü Muya söykəndiyinə görə bu simvol iki yeraltı sivilizasiyada-Aqarta və Şambalada mövcud olan və istifadə olunan simvoldur. Nasistlərin Tibetdəki araşdırmalar zamanı öyrəndiyi sirlər arasında bu simvol da var idi. Onlar Şambala üzvü rahiblərdən bir çox sirləri öyrənməyə nail olmuşdular.

Hitler öz dövründə od çağının yaşanacağına, buz və soyuğun məğlub ediləcəyinə inanırdı.

Stalinqrad məlubiyyətindən sonra nasist nümayəndəsi Göbbels qışqırırdı:

"Anlamırsınız? Qlobal təfəkkür məlub edildi, ruhsal güclər məlub olur. Hökm saatı gəlir, bütün insanlar əzab çəkəcəklər və çəkməlidirlər...”

Hitler isə əlavə edirdi: "Kifayət qədər itki verilmədi!”

Hitler və tərəfdarları qorxurdular. Müttəfiq qüvvələr hücuma keçmişdi. Son anda-artıq Berlin əldən çıxanda belə, Hitler metroya sığınmış 300 min alman üçün dəlicəsinə əmr edirdi:

"Metronu su altında qoyun, hər kəs ölsün, bu bir ayindir və qurban gərəkdir. Beləcə, yerdəki güclər köməyimizə gələcəkdir.”

10 senytabr 1940-cı il tarixli "Luk” dərgisi "Heç kimin tanımadığı Hitler” adlı məqalə çap etdi. Məqalədə Hitlerlə bağlı bu ifadələr yer almışdı:

"Cadugərliyə və astrologiyaya olan maraq Hitler əfsanəsinin önəmli bir hissəsinə çevrilmişdir. Bavariya dağındakı çoxlu teleskop və xüsusi alətlər astrologiyanın Hitler üçün hobbiyə çevrildiyini göstərir. Onun fərqli fal üsullarını tətbiq edən astroloqlardan məsləhət alması və buna görə onlara xeyli pul ödədiyi deyilir...”

Ya masonlar, ya da biz...

Nasist partiyasının qurucularından biri olan Ekart yatağında son sözlərini söyləyirdi:

"Hitleri mütləq izləyin, o mənim musiqimlə rəqs edəcəkdir. Ona, onlarla əlaqə qurmaq sələhiyyətini verdik.”

Kimlərlə? Bu nə deməkdir? Alman hərbi qərərgahının yığıncaqları xüsusi bir ayinləmi başlayırdı?

Rasçinqin kitabında son dərəcə önəmli məlumatlar və ipucları yer alır:

" Düşmənlərimdən çox şey öyrəndim. Katoliklərdən, marksistlərdən və ya masonlardan. Masonlar haqqında bir raport hazırlatdım. Simvollar, sirli mərasimlər... Bu adamlarda təhlükəli olan yeganə şey mənim də istifadə etdiyim təriqət üsuludur. Bir növ ruhani aristokratiya yaradırdılar. Iyerarxik bir təşkilat qurur, simvollardan istifadə edir və ayrı-ayrı ibadətlər edir, yəni şüuru yormadan simvolların sehrli təsirindən bəhrələnirlər. Bax, bu masonların ən təhlükəli tərəfidir. Iki qoçun başı bir qazanda qaynamaz. Ya masonlar, ya da biz...”

1923-cü ilin payızında Münhendə şair Ekart vəfat etdi. Komaya düşməzdən öncə,

"Bax, mənim hacəri-əsvadım dedi və astronomik elmin qurucularından Obertin miras qoyduğu qara bir daşın önündə özünə xas şəkildə səcdə edərək dostu Hasoferə uzun bir əlyazma göndərdi. Ölürdü, amma çox rahat idi. Tule təşkilatı yaşamağa davam edəcəkdi: çox keçmədən həm dünyanı, həm də həyatı köklü şəkildə dəyişdirəcəkdi.”

Ekartla eyni gizli təşkilatın üzvü olan Alfred Rozenberq 1920-ci illərdə Hitlerlə tanış olmuş və üç il ona mükəmməl təhsil vermişdi. Adolf Hitlerə şərq elminin sirli, gizli dilini və danışmağı öyrədən Ekart idi. Doktrinasını iki ayrı planda irəli sürmüşdü:gizli doktrina və təbliğat planları.

Ata Hitleri liderliyə hazırladı, oğlu isə suiqəsd

"Zaman gəzintiləri” adlı kitaba görə, Tule təşkilatının arxasında German kökləri dayanır. Dünyanın gizli tarixində şimal qütbündə batmış bir adadan söhbət açılır. Kökləri Mu sivilizasiyasına çatırdı. Doktrinanın təməl daşlarını "insan psixologiyasının bilinməyən tərəfləri” və "zaman ölçüləri” təşkil edirdi. Ekart və dostları Tulenin təmsilçiləri idilər. Məqsədləri dünyanın taleyini dəyişdirib üstün bir irq meydana gətirmək idi. Tulenin təmsiçiləri Hasofer və Ekart ektsrasens xüsusiyyətlərə sahib olan Hitler və Hesdən öz məqsədlərini həyata keçirmək üçün istifadə etmişdilər. 1926-cı ildə Berlin və Münhendə kiçik bir Tibet koloniyası yerləşirdi. Ruslar Berlinə girərkən cəsədlər arasında minə qədər Tibetliyə rast gəldilər. Nasist hərəkatı uğur qazanar-qazanmaz Tibetə heyətlər göndərmişdi və bu 1943-cü ilə kimi davam etdi.

Tule qrupunun üzvləri razılaşmanı pozacaq bir xəta törədərdisə intihar etməyə and içmişdilər. 14 mart 1946-cı ildə Hasofer arvadı Martanı öldürüb yapon üsulu xarakirini həyata keçirdi. Məzarına heç bir abidə və xaç qoyulmadı. Oğlu Hitlerə qarşı planlaşdırılan suiqəsddə iştirak edənlərdən biri kimi edam olundu. Onun jaketinin cibindən bu yazı tapılmışdı:

"Atam şərin səsini eşitmədi. Şeytanı dünyaya göndərdi”.

Tərcümə etdi: Emin Piri