Müsahibimiz
şair, DGTYB-nin sədri İntiqam Yaşardır.
-DGTYB-nin sədrisiniz. Belə fikir var ki, Əkbər Qoşalı özü sizin adınızdan təşkilatı idarə edir, qərarları o verir.
-Əkbər Qoşalı 20
il öncə Dünya Gənc Türk Yazarlar Birliyini təsis edən aydınlarımızdan biri və
bir neçə il bu təşkilatın rəhbəri olub.
Hazırda Təşkilatın Məsləhət
Şurasının başqanıdır. Təbii ki, onunla artıq illərə dayanan yol
yoldaşlığmız, dərin dostluğumuz var. Mən təşkilata rəhbər seçilməmişdən öncə müxtəlif vəzifələri
icra etmişəm. 10 il öncə üzv qəbul olunmuşam, sonra İdarə Heyətinə seçilmişəm,
daha sonra sədrin birinci müavini seçilmişəm, 2019-cu ilin iyun ayından isə sədr
seçilmişəm. Təbii ki, təcrübəli bir insan kimi Əkbər bəylə məsləhətləşmələrimiz,
qarşılıqlı fikir mübadiləmiz hər zaman olub və indi də davam edir. Amma,
hazırda o təşkilatın idarə edilməsində iştirak etmir, heç bir qərara müdaxilə
etmir. Bizim məsləhətə ehtiyacımız olan zaman öz tövsiyyələrini verir və hər
zaman bu fikri səsləndirir: "fikirlərimi məsləhət xarakterli qəbul edin, qərarı
özünüz verin”.
-Bu təşkilat olmasaydı Azərbaycan ədəbiyyatı nəsə
itirərdi?
-Əslində yaşadığımız
aləmdə heç nə "mütləq” anlayışına söykənmir. Yəni, hər hansı bir məsələyə "mütləq”
prizmasından yanaşmaq bir az məqsədli mübahisə zəmini yaratmaqdan başqa bir şey
deyil. Bu baxımdan da hər hansı qurumun
mövcudluğu ətrafında olmasa nə olardı kimi sualların qoyuluşunu da
eyni istiqamətə aid edirəm. Əksinə, mən
çox istərdim ki, ölkədə ədəbi mühit daha rəngarəng, daha hərəkətli, daha rəqabətli
olsun. Ədəbi qurumların sayı bundan da çox olsun. Mən başqa müsahibələrimdə,
diskusiyyalarda da bu fikri çox səsləndirmişəm . Heç bir təşkilat yazara
istedad vermir. Hər hansı bir quruma üzv olmağı finiş xətti kimi qəbul etmək
olmaz. Təşkilatlar yazarlara mühit verə bilir. Bu baxımdan təşkilatların
sayının çox olmasını arzu edirəm. Qoy, gənc ədəbi nəsil bir araya gəlsin, müxtəlif
fikirlər səslənsin, müxtəlif ideyalar irəli sürülsün. Ədəbi mühitdə ciddi disskusiyalar aparılsın,
canlanma yaransın.
-Açığı təşkilatda bəzən istedadsız adamların özündən
razı, çıxışlarını və. s görürük. Türkçüdür deyə istedadsıza dözmək lazımdır?
-Hər kəsin fikir
özgürlüyü var. Kiminsə istedadını tərəziyə qoyub, danışa bilərsən deyə bilmərik. Fikri səsləndirən
düşünməlidir ki, dediklərim boyuma uyğundur, yoxsa yox. Bütün hallarda ciddi
sözün sahibini ciddi, digərini isə müvafiq ölçüdə qəbul edirlər.
-Başqalarını qınayırıq. Amma bu yöndə olan fəaliyyətdə
türkdilli ölkələrdə, elə Qazaxıstan, Özbəkistan olsun eyni adamlar sanki reklam
edilir, təqdim olunur.
-Konkret olaraq, DGTYB-ni nəzərdə tutursansa ədəbi mühitdə tanınan imzaların böyük
əksəriyyəti bizim toplularda, təşkilatın
saytında, digər ölkələrdəki mətbu orqanlarda dərc olunub və bu davam etməkdədir.
Bir məsələ də var ki, yazarlar bəzən Azərbaycan ədəbi mühitində etdikləri
çıxışın nəticəsi ilə digər ölkələrin ədəbi
mühitində yaranacaq effekti qarışdırırlar. Sözünü, hərəkətini bilməyən adamı başqa ölkədə necə təqdim edə
bilərsən? Niyə təqdim etməlisən? Burada xalqlar arasında, qurumlar
arasında münasibət müzakirə mövzusudur.
Sədrliyə namizəd olmaq hər kəsin haqqıdır
-Gənc dostların AYB sədrliyinə namizədlik irəli
sürüb. Bu məsələ barəsində fikrinizi bilmək istərdim.
-Hər kəsin müvafiq olaraq hüququn imkan verdiyi
hər yerə namizədliyini irəli sürmək haqqı var. Yetər ki, hər şey düz mütənasib olsun.
-AYB-dən söz düşmüşkən qurultay olacaq. Gözləntilərin
nədir?
-Qurultayın işinə öncədən uğurlar arzu edirəm. Gözləntilərim çoxdur. Ümumi işin xeyrinə imtina metodunu dəstəkləmirəm.
İnkişaf istəyən irəli durar, işin qulpundan yapışar.
-Yenilənmiş Gənclər Şurasının üzvüsən. Bu
yaxınlarda Azərbaycan Yazıçılar Birliyindən bildirildi ki, şura yenidən yeniləcək.
-AYB-nin Gənclər şurasına istedadlı şair dostumuz Fərid Hüseyin rəhbərlik edir.
Mən tərkib müəyyənləşən gün də Fərid bəylə
fikirlərimi bölüşmüşəm. İdeyalarımı söyləmişəm. Istərdim gənclər passiv
olmasınlar. İclasdan-iclasa formal toplaşmağın tərəfdarı deyiləm. İdeyalarla, təkliflərlə
toplaşmaq lazımdır. İnanıram ki, Gənclər Şurası maraqlı işlərə imza atacaq.
-Millətçi təşkilatdasınız. İstisnaları çıxsaq böyük
ədəbiyyat adətən millətçilikdə lokallaşır. Dövlətçi olmağa qalsa milli
sosializm yolunu da tutmaq olar.
-Böyük ədəbiyyatın millətçilikdə
lokallaşması fikri ilə razı deyiləm.
Bizim yazarların ən birinci problemi özü ola bilməməkdir. Sən özünü böyük görməsən kimsə səni böyük
görməz. Kiminsə kölgəsini yamsılamaqla
böyük ədəbiyyat adına iddia etmək yel dəyirmanı
ilə savaşmaq kimi bir şeydir. Bizim bəzi qələm dostlarımız da var ki, yatanda Markeslə, "çevriləndə” Kafka ilə çevrilir. Amma alayarımçıq imitasiyadan başqa bir şey
yoxdur ortada. Bizim kimi xalqların millətçilik ruhu ölsə yox olmağı labüddür.
Bizim təşkilatın millətçi təşkilat olduğunu qeyd edirsinizsə, yaradıcılıq
azaddır. Dünya Gənc Türk Yazarlar
Birliyinin işi beynəlxalq statuslu bir təşkilat
olaraq, Türk dünyasında ədəbi-mədəni əlaqələrin genişlənməsinə töhfə verməkdir. Kimsənin üzərində bu mövzuda mütləq
yazmalısan deyə bir diqtə yoxdur.
İnsan bıçaqla cinayət də törədir, çörək də kəsir
-Millətinə görə sənin haqqını əlindən almırlarsa, ədəbiyyatda
millətinə görə ögeylik görmürsənsə, millətçi olmaq faşizm əlaməti deyil?
-Digər millətlərə loyal münasibət bəsləyən heç bir millətçilik faşizm demək
deyil. İnsan bıçaqla cinayət də törədir,
çörək də kəsir. Kimin nəyi necə istifadə
etməsi əsas şərtdir.
-II Gənc Ədiblər Məktəbinin məzunu olmusunuz. Bu
buraxılışdan barmaq qatlayacaq şəxslər var? Varsa, hansı yaradıcılıq nümunələrinə
görə?
-Ədəbiyyat adına görülmüş, görülən və görüləcək bütün işləri alqışlamaq
lazımdır. Nə ki, "II ədiblər” məktəbinin,
hər birinin üzə çıxardığı, istiqamət verdiyi bir çox istedadlı gənc yazarlar üzə çıxdı. Heç bir yaradıcılıq
layihəsi şəxsə istedad vermir. İstiqamət
verir, mühit verir. Əsas olan da budur.
-Muğam, yoxsa ozanlıq?
-Muğam şərq musiqisidir, ümumidir. Ozanlıq türkündür. Hər ikisini dinləyirəm. Amma, heç bir musiqi
"Ruhani” kimi ruhumu oxşamır, "Cəngi Koroğlu” kimi ruh yüksəkliyi, pozitiv əhval-ruhiyyə vermir.
-Sizin bölgədən çıxan yazarları bəzi hallarda
"Qazaxşinalıq”da günahlandırırlar. Bu "şinalıq”la hansısa əlaqən yoxdu?
-Mənimçün belə bir anlayış yoxdur. Biz Türk dünyasının, Bütöv Azərbaycan
davasının sıra nəfərləriyik.
-Niyə Müşfiqdən danışanda qarşılıq kimi Səməd
Vurğunun adını hallandırırlar. Hökmən birini pisləmək üçün başqası təriflənməli
və ya biri təriflənmək üçün digəri təhqir olunmalıdır?
-Bu ədəbiyyat yox, ədəbiyyat ətrafı həvəskarların özünü gündəmdə tutmaq
metodudur. Hər hansısa tarixi şəxsiyyətin təhqir edilməsi nə ziyalılığa, nə ədəbiyyata,
nə də insanlığa sığır. Hələ o şəxs həyatda
da deyilsə, əsla. Bu adamların çoxu nə Müşfiqi, nə də Vurğunu tanıyır.
-Səməd Vurğun
kimi bütlərə toxunmaq gündəm yarada bilər. Çünki bu kimi şəxslərə
regional da olaraq cavab verirlər deyə müdafiəçilər oyuna gəlmiş olur. Belədə tənqid
edən məqsədinə çatır.
-Gündəmə hansı metodla, hansı mövzu ilə gəlmək əsas şərtdir. Ümumiyyətlə, "gündəm olmaq” heç də həmişə müsbət
xarakterizə oluna bilməz. Elə "gündəm
olanlar” olur ki, onu heç düşməninə də arzulamazsan.
-"Evdə yoxam” şeirində ilişib qalmış kimi görüntün
var. Hər yerdə səsləndirirsiniz. Bəlkə
evdən çıxasınız?
-Şeir səsləndirməyi çox da sevmirəm.
"Evdə yoxam” şeiri isə 8 il əvvəl
yazılmış şeirdir. Həm ölkə mətbuatında, həm də ölkədən kənarda çox çap olunub.
Yəqin ona görə gözə çox dəyir. O şeiri
özümdən çox başqa qiraətçilər, dostlar səsləndirir. Demək olar ki, mütəmadi olaraq yeni şeirlərim
çap olunur mətbu orqanlarda.
-"Qrup”laşmalardan hamımız gileylənirik. Bəlkə bu dəfə
şeytanın qıçını sındıraq, o qrupların adını çəkək? Kimləri belə qrupbazlıqda
günahlandıra bilərsiniz.
-Ciddi bir iş
ortaya qoya bilən, ədəbiyyat adına iş
görmək üçün bir araya gələn yaradıcı şəxslərə
qruplaşma deyilirsə, mən o qruplaşmaları alqışlayıram. Kim
hansı qrupda olmaq istəmirsə öz qrupunu yarada bilər və ya fərdi şəkildə
fəaliyyət göstərə bilər.
Söhbətləşdi:
Emin Piri