adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
14 Aprel 2020 10:39
21913
SİYASƏT
A- A+

Cavanşir Feyziyev: Azərbaycan koronavirusla mübarizədə prioritetləri vaxtında və düzgün müəyyən edib

Azərbaycan koronavirusla mübarizədə prioritetləri vaxtında və düzgün müəyyən edib. Koronavirusla mübarizə onu göstərdi ki, milli səhiyyə sistemimiz hər cür gözlənilməz təsirlərə qarşı dayanıqlı müqavimət göstərməyə qadirdir.

Bunu Trend-ə Milli Məclisin deputatı Cavanşir Feyziyev deyib.

C.Feyziyev bildirib ki, bu, 2003-cü ildən bu günədək səhiyyə sistemində aparılan ardıcıl islahatların nəticəsində mümkün olub:

"Bu gün ölkəmizdə uğurla fəaliyyət göstərən kifayət qədər müasir avadanlıqlarla təchiz olunmuş müayinə, diaqnostika və müalicə müəssisələri var. Belə ekstremal vəziyyətlərdə hər bir sahənin inkişaf səviyyəsi özünü göstərir. COVİD-19 virusuna qarşı aparılan mübarizəni artıq dünya miqyasında "müharibə” də adlandırırlar və vətəndaşlardan müharibə şəraitində olduğu qədər məsuliyyət hissi tələb edilir".

Deputat qeyd edib ki, bu müharibənin əsgərləri də məhz səhiyyə sistemində çalışan tibb mütəxəssisləridir:

"Bu gün onlar ön cəbhədə fədakarlıqla mübarizə aparır və vətəndaşların sağlamlığını qorumaq üçün özlərini riskə atırlar. Buna görə də vətəndaşlarımız elan olunmuş xüsusi karantin rejimi qaydalarına ciddi riayət etməli, həkimlərimizin və bütün tibb işçilərimizin ağır əməyinə öz töhfəsini verməlidirlər. Bu, hamımızın vətəndaşlıq borcudur”.

C.Feyziyev vurğulayıb ki, hökumətin müvafiq qurumları prioritetləri vaxtında müəyyən edib və doğru bir zamanda ölkəyə kifayət qədər test materialları alıb gətirib:

"Epidemiya yayılmağa başladığı gündən intensiv olaraq testlərin tətbiqi yoluxmuş insanların vaxtında aşkar olunmasını və lazımi təcrid tədbirlərinin görülməsini mümkün edir. Bunun nəticəsidir ki, ölkəmizdə bu virusun yayılma səviyyəsi bir sıra Avropa ölkələrində olduğu kimi geniş vüsət almayıb və nəzarətdən çıxmayıb”.