adalet.az header logo
  • Bakı 20°C
14 Aprel 2020 10:20
37697
ƏDƏBİYYAT
A- A+

ORADA, ARMUD AĞACININ ALTINDA - CAVAD ZEYNAL yazır


Nədənsə Telman Əliyevi mən Qozluçaysız təsəvvür eləyə bilmirəm. Telman müəllim deyəndə Qozluçay dərəsi,bağlar-bağatlar,kəndlər gəlib durur gözümün qabağında,Qozluçaydan söhbət düşəndə gözümdə Telman müəllim canlanır.Nədən doğur məndə bu? Bu qoşa hiss haradan yaranır məndə belə - bilmirəm.

Qozluçay dərəsi Qarabağda adla deyilir. Cənnət misallı, bağ-bağatlı uzun bir dərədir. Uzunluğu iyirmi-otuz kilometr olar.Hadrutun arxasındakı dağlardan (dahi Üzeyir bəy Qori seminariyasını bitirdikdən sonra ilk dəfə orada dərs demişdir) başlayan bu dərə quzey-güneylidir. Quzeyi silsilə dağlardı, meşəlikdi, güneyi isə əkin yerləri. Ucu-bucağı görünməyən bağlar da elə o üzlü-bu üzlü döşlərin arası ilə uzanıb gedir ta Dördçinara qədər.

BİR RƏVAYƏT. Əfsanəyə görə bir loğmanın yolu Qozluçaydan düşür. Uzaqdan çoxlu qoz ağaclarını görüb deyir ki, paho... burda qızdırma nə çoxdur!.. Bir az irəli gedəndən sonra nəhəng qoz ağaclarının arasında tala-tala zoğallıqları görür və qayıdır ki, hə... Allah dərdini veribsə, dərmanını da verib.

Bu kiçik əfsanədə iki hikmət hasil olur: bir- qızdırmanın mənbəyi, bir də onun çarəsi. Soyuqdəymədə , qızdırmada çayımıza zoğal mürəbbəsi qatıb içməyimiz, sağalmağımız buna sübut deyimi?

SÖZƏ SÖYKƏK. Unudulmaz yazıçı-dramaturqumuz İlyas Əfəndiyev (Qozluçayın mətəsi sayılan Saracıq kəndində doğulmuşdur) mən kəndə gedəndə (bizim kənd Saracıqla üzbəüz olan Gorazıllı idi) tapşırardı ki, bir-iki kilo zoğal axtası gətirim. Bizim kəndlərin zoğal axtası ayrı bölgələrin, rayonların axtasından tamamilə fərqlənirdi. Nədə?

Başqa bölgələrdə zoğalı yığıb dənələyər, axtasını qurudub qışa saxlayardılar. Belədə axta qurdlayardı. Bizim kəndlərdə isə bu axtanı başqa cür hazırlayardılar.Yığılan zoğalı axtalayıb qurudandan sonra torbalara yığıb burub-bükməzdilər. Böyürtkənin qırmızılarından yığıb teştdə, tiyanda qaynadar, çör-çöpünü təmizləyəndən sonra qurudulmuş axtanı böyürtkən şirəsində bir burum qaynadıb qurudardılar. Bununla da axta heç vaxt qurdlamazdı və Əfqan kişmişi kimi yeməli olardı. Uşaqlığımda o "kişmiş”dən loxmanın arasına qoyub o qədər yemişəm...Payızda həmişə ciblərimizdə o "kişmiş”dən olardı.

Qozluçay doqquz kəndi əhatə edir. Nəhəng qoz ağacları, uca çinarlar, armud ağacları...Nələr yox idi, Allah, bu bağlarda?.. Tala-tala zoğallıqlar, yay armudları, qarellə, əzgil, alma bağları, ağ tut, bedana tut, xar tut, qış armudu, böyürtkən, moruq, qara gavalı, ağ gavalı, albuxarı, üzüm şəlləri,...nələr. nələr. Çoxlu sayda bulaqlarından savayı səkkiz yerdə şaqhaşaq axan kəhrizləri vardı. Qaradağlının Yarğan kəhrizi beş dəyirmanı işlədirdi. Doğulduğum Gorazıllı kəndinin ayağındakı Bala kəhriz bütöv kəndə bəs eləyirdi.Yuxarı Güzlək kəndinin Bəhmən kəhrizi Güzlək, Gorazıllı, Saracıq bağlarını suvarırdı. Saracığın Şahbudaq kəhrizi yeddi novlu idi. Aşağıda Qarakollu kəndinin kəhrizi dəyirman işlədirdi və adına da Qarakollu dəyirmanı deyirdilər. Bu bulaqların, kəhrizlərin hər biri də biri-birindən tamlı və zəngin idi.

BİR HAŞİYƏ. Bir dəfə anam mənə bir qab qatıq verdi ki, apar ver dədən doğrama eləsin yesin. Dədəm Hacı Şükür kəhrizinin(öz babasının kəhrizi) üstündəki talada zəmi biçirdi. Mən çatanda gördüm ki, dədəm böyük bir əriyin kölgəsində qablamada quru çörəyi suya doğrayıb qaşıqlayır. Mən hövlləndim. Özümü tez yetirib qatığı ona verdim. Dədəm heç nə olmayıbmış kimi, adi qaydada qatığı məndən alıb, doğradığı çörəyin üstünə tökdü və qarışdırıb yedi.

İlk dəfə idi ki, dədəmə yazığım gəlirdi. Bilmirdim neyləyim. Birdən dədəm dilləndi:

--- Bala, Allah qoysa böyüyəcəksən. Məktəbə gedəcəksən, institut qurtarajaqsan, çox yerlər

gəzəcəksən, amma bu sulardan heç yerdə görməyəjəksən! Bu suların yavanlığı özündədi.

Dədəmin o sözü də, suya çörək doğramağı da yaddaşıma, gözümə elə yazıldı ki, bu gün də xatırlayıram.

Kəndimiz dağ döşündə yerləşirdi. Amfiteatr kimiydi. Kənardan baxanda evlər,həyətlər əl içi kimi görünürdü. Arxası sarp qayalıqlar idi. Çılpaq qayalar qıcırdılmış canavar dişlərini xatırladırdı. Baxanda adamı vahimə basırdı.

Gədikdən sol tərəfdə Qara quzey başlanırdı. Yüksək dağ yamacı olan bu quzey həm örüş, həm də əkin yerimiz idi. Yuxarısı yaşıl süpürgəlik idi və bu süpürgəlik həmişə çəyirtkə ilə dolu olardı. Biz hinduşqaları( Qozluçay kəndlərində hamı hinduşqa saxlayırdı) həmin süpürgəlikdə otarardıq və hinduşqalar o çəyirtkələrdən yeyib tez yekələrdilər. Həm ətli olardılar, həm də cantaraq.

Kəndin qoyun sürüsü o süpürgəlikdə otlayanda qatığında acılıq olardı. Nobata gedənlər sürünü orada otaranda anam qatığı çalxalayıb, yağını bizə verər, ayranını isə itə tökərdi. İndi Bakıda bir stəkan ayranı otuz-qırx qəpiyə alanda şəhər həyatıma gülməyim tutur.

Qara quzeyin qaşında oturub aşağılara baxmağı çox xoşlayırdım. Döşün aşağısında qalın bağlar vardı. Bu, Rəfədinli bağları idi. Telman müəllimin kəndinin bağları. Ortasında bulaq qaynayırdı. Susayanda düşüb oradan su içirdik.

Aradakı Qarakollu Xamı sıx böyürtkənlik idi. Dolu salxımlar ağırlığından əyilib yerə dəyirdi. Biz öynəmizi, demək olar ki, o böyürtkənlə keçirərdik. Bu Xamın böyürtkəni bağlardakı böyürtkənlərdən fərqlənirdi, həm şirinliyinə, həm də ətliliyinə görə. Yayın qızmarında günəşdən nur əmən salxımlardan bal damcılayırdı. Bu dəmiyə torpağın qüvvəsindənmi, şahmar günün "süd” qoxulu şüasındanmı – bilmirəm. Bircə onu bilirəm ki, şəhd-şirə idi, mət idi. Ona görə arvadlar, qızlar böyürtkən yığmağa gedəndə Qarakollu Xamına gedərdilər.

Qara quzeyin tilindən Araz aydın görünürdü. Uzaqdan gümüş kəməri xatırladırdı. Oradan o tərəfə İran ərazisi idi. Arazdan o yana ara-sıra təpələr qaralırdı. Təpələrdən o tərəfdə nə varıdı, nə yox idi – bilinmirdi. Bu mənzərə mənə uşaq xəyalımda bir nisgil gətirirdi. Demə, bu nisgil qanımdan gəlirmiş – ikiyə bölünmüş Vətənin həsrəti bürüyürmüş məni. Gözümü çəkib yaxın kəndlərə, orman kimi qalın bağlara baxırdım. Nisgilim çəkilirdi. Öz-özümə fərəhlənirdim. Elə bil dünya mənim olurdu.

... Telman müəllimlə tanışlığım ötən əsrin yetmişinci illərinin əvvəllərinə təsadüf edir. İlk tanışlığımızı xatırlamıram. Tez-tez orda-burda rastlaşardıq. Dayanıb söhbətləşər,ayrılardıq. Söhbətimizin də mövzusu elmdən, yaradıcılıq dünyasından çox, Qozluçaydan olardı. İkimiz də uşağa dönüb Qozluçaya gedib gələrdik. Nə çay içməyə yollanardıq,nə də gəzintiyə. Bir dəfə mənə "Azərnəşr”in qabağında bir kitab bağışladı. Bu, Azərbaycanın Makarenkosu sayılan böyük pedaqoq alim Tələt Əfəndiyev haqqında yazdığı "Müəllim ömrü” kitabıydı. Kitabda bir epizod beynimə elə "mismarlandı” ki, ömürlük yaddaşıma yazıldı.

" Balaca vaxtım idi. Bağda qoyun-qoltuğumu, ciblərimi armudla doldurub evə gəlirdim. Kəndin ortasında kişilər bir yerə toplaşmışdılar. Aralarında geyimli-kecimli bir kişi də vardı. Məni görüb çağırdılar. Mən duruxub qaldım. Tanımadığım o kişi birdən aralanıb mənə yaxınlaşdı. Əli ilə başıma sığal çəkdi:

--Yaxşı oxuduğuna görə gəlmişəm səni görüm.

Mən kişinin üzünə baxdım, elə bil işıq saçırdı. Neyləyəcəyimi bilmirdim. ”Oğurluğumdan” və lijimimdən utanırdım. Amma tərifi məni fərəhləndirirdi. Qıraqda duranlar da yaxın gəldilər.

--Tələt müəllimdi – dedilər.—Böyük alimimiz Tələt Əfəndiyev. Qaradağlıdandı, Bakıda Pedaqoji İnstitutda müəllimdi.

Tələt müəllim məni bir xeyli danışdırandan sonra buraxdı. Evə necə gəldiyimi bilmədim. Fərəhimdən az qalırdı uçam. Yaxşı oxumağım gör haralara gedib çatıbmış. O vaxtdan kitablara sarıldım.”

Bu epizodda mən balaca Telmana döndüm. Qoyun-qoltuğu armudla dolu kənd uşağına. Uşaqlığım, kəndimiz, bağlarımız gəldi durdu gözlərimin qabağında.

YERİ GƏLMİŞKƏN. Qozlu çay bağlarındakı o qış armudundan heç bir yerdə, heç bir ölkədə yoxdur. Əlimi ürəyimin üstünə qoyub, bunu mən tam əminliklə deyirəm.

O qış armud, deyərdim ki, Qozluçayın dirilik payıdır, qız təbiəti var. Nədə göstərir bu özünü? Çox həssasdı. Onu heç vaxt çırpmazdılar. Bilək yoğunluğunda uzun bir ağacın başına cəvərən keçirib, bir-bir cəvərənlə dərərdilər. Şamama ətirli idi.(yemiş yox ha, şamama!) Bir-birinə toxundumu – xallayıb çürüyərdi. Ona görə də onu çovustanlarda, kümlərdə tənəkələrin üstündə bir-birindən aralı düzərdilər. Elə şirin, elə doyumlu idi ki, biri para təndir çörəyinə bəs eləyirdi.

HAŞİYƏ. Anam armudu həmişə evimizin yanındakı küməmizə yığardı. Küməmizin yanından yolu düşən və armudların iyini alan arvadlar anamı çağırardılar:

---Ay bibi, o adam çağırannan bir-ikisini ver, ağzımız dada gəlsin dana!”

Anam əlüstü bilərdi ki, onlar nəyi deyir. Oniki taxta tumanının ətəyini armudla doldurub pay verərdi.

YERİ GƏLMİŞKƏN: Məktəbimiz dörd kəndi əhatə eləyirdi və bağın o üzündə idi. Biz məktəbə gedəndə bağlardan keçirdik. Armud ağaclarının dibinə tökülən qızılı yarpaqları ayağımızla eşələyər, bir-iki armud tapan kimi dişlə-dişləyə, çörəyimizi yeyə-yeyə məktəbə yollanardıq. Yediyimiz o armud öynəmizə bəs edirdi. Qayıdanda isə qoyun-qoltuğumuz dolu olardı.

QƏRİBƏDİR. Qardaşım Həsən 1958-ci ildə Fizulidə yer aldı və bizi ora köçürtdü. Həmin armud ağaclarından birini də çıxarıb rayona apardı və həyətdə əkdi. Armud yekəlib bara düşdü və ...həmin tamı vermədi. Ağac elə bil yerdəyişmədən küsmüşdü. Qarasu dadı verirdi. Qardaşım Bakıya, mənə pay göndərəndə gedib kənddəki armudlardan yığıb göndərirdi. Həyətdəki armuddan isə araq çəkirdi. Beləliklə, armuddan kef çəkirdim.

1975-ci il idi. Onda mən "Azərnəşr”də redaktor işləyirdim. O vaxtlar nəşriyyatın tematik planına düşmək Kərbəla müsibəti idi. Hər müəllif bu plana düşə bilmirdi. Müəlliflər illərlə nəşriyyata, Mətbuat Komitəsinə, Mərkəzi Komitəyə təpik döyürdülər.

Bir gün Telman müəllim iş yerimə gəldi. Görüşdük. Qoltuğunda qovluq var idi. Stolumun üstünə qoyub xahiş etdi ki, oxuyum. Beş-on gün möhlət istədim... Razılaşdı.

Əlyaszma "Dalğalı dünyamız” adlanırdı. Oxudum. Məni bərk tutdu. Bilmədiyim bir elmi sahəni Telman müəllim elə şirin publisistik bir dillə açıb tökmüşdü ki, mən o sahəni həm öyrəndim, həm də içinə girdim. Mövzunu mənimsəmək, açmaq və şirin dillə çatdırmaq bacarığı hər sətirdə özünü göstərirdi. Əlyazmanı qurtaran kimi məmnunluqla redaktor rəyi yazdım və rəhbərliyin razılığı ilə növbəti ilin planına saldıq. Kitab yazağzı işıq üzü gördü və mağazalarda tez bir zamanda satılıb qurtardı. Bu, müəllifin həm elm aləmində, həm də böyük oxucu auditoriyası qarşısında növbəti uğurlarından biri idi.

BİR DƏFƏ ...Subaylığım bir böyük kimi Telman müəllimi çox üzürdü. İstədiyim qız bir gün dedi ki, bəs bibimqızıgil səni görmək istəyir. Sabah günortaya səni qonaq çağırırlar. Get, görsünlər.

Telman müəllimə zəng vurdum. Razılaşdıq. Deyilən vaxtda bacım qızını da, onun nişanlısını da götürüb Dram Teatrının qabağına gəldim. Bina Dram Teatrının böyründə daş bina idi.

Telman müəllimlə görüşüb birlikdə yuxarı qalxdıq.



Gözəl süfrə açılmışdı. Süfrəyə Gəncə konyakı da qoyulmuşdu. Bir-iki qədəhdən sonra ev sahibi ( o, Neftayırma zavodunda partiya təşkilat katibi idi) gülə-gülə dedi:

---Cavad hansınızsınız?

Mən şuxluq üçün bacım qızının nişanlısını göstərdim. Gülüşmə düşdü və gələcək yeznəmiz əli ilə məni göstərdi:

---Yox, odur!

Mən şuxluğu bir az da artırdım:

--Niyə danırsan, ə, sən deyilsən?

Mənim üzə durmağım şaqqıltıya çevrildi. Ev sahibi çaşqın qalmışdı. Gah mənə, gah da "yeznəmizə” baxırdı. Gülüşmə kəsiləndən sonra o, çox səmimi şəkildə və ərklə ikimizdən də xəbər aldı:

--Doğurdan hansınızsınız?

Telman müəllim dillənəsi oldu və barmağını mənə tuşladı:

---Budu!

Ev sahibi sakitləşdi və hamının diqqəti mənə yönəldi. Qədəhlər təzədən dolduruldu. Telman müəllim məni xeyli tərifləyəndən sonra ev sahibinə tanışlıq və qonaqpərvərlik üçün minnətdarlığını bildirdi. Qalxdıq.

O vaxtdan indi əlli ildən artıq vaxt ötür. Bu illərdə mənim alim dostum neçə-neçə elmi kitablara, monoqrafiyalara, bədii publisistik əsərlərə imza atıb, şöhrət dolu, şərəf dolu ALİM ömrü yaşayır.

Tez-tez görüşürük, zəngləşirik. Bütün söhbətlərimizin məxrəcində Qarabağ dayanır, onun dilbər guşələrindən olan Qozluçay dərəsi cilvələnir.

Sağlıq olsun,əziz dost! Ora qoşa gedəcəyimizə çox qalmayıb, şirəsi bal dadan o armud ağaclarının altında görüşənə kimi! O qızılı xəzəlləri ayağınla eşələyib armud yığmaq səndən, bir təndir çörəyi də məndən. Səksənin dizini necə yerə vurmusan elə də məğrur dayan!

CAVAD ZEYNAL

10.04.2020