adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7

ƏNƏNƏ YA DA AFİNALILAR VƏ SPARTALILAR

İRADƏ TUNCAY
47153 | 2007-03-27 23:05

Belə xəbərləri eşidəndə təəccüblənmirəm. Öyrəncəliyik. Heyrətlənmirik. Bir vaxtlar futbolçularımız 20:0, 10:0 uduzurdular. İndi deyəsən rəqəmlər bir az aşağı düşüb (5:0). Düzünü desəm mən idmanla maraqlanmıram. Amma anlayacağınız, bütün ölkənin idmanın rifahı naminə çalışdığı yerdə oyundan kənarda qalmaq mümkün deyil. Daha doğrusu xoşa gəlmək naminə çalışdığı yerdə. Bir şey də var ki, ağlı ayağında olan oğlanlardan nə Pele olasıdı, nə də Maradona. Ancaq məmləkət çalışır. Nəticələr də gördüyünüz kimidir. Bizdə heç vaxt sözün həqiqi mənasında böyük idmançı olmayıb, çünki ənənə yoxdur. Bizim ən yaxşı bacardığımız nədi? Ticarət, almaq, satmaq, mədəni dillə desək biznes. Elə ona görədir ki, hətta idmançı olub bir az ad çıxardan kimi, qoşulurlar biznesə, əsas işləri yaddan çıxır. Yarışlara gedəndə də qarın ağrısına düşüb, oyundan imtina edirlər. Biznesdə əli gətirməyənlər də hansısa mühafizə xidmətində adamları döyməklə məşğul olurlar.
   
   Ənənələrdən danışdım tarix yadıma düşdü. Hər xalqın tarixdəki yeri onun bəşəriyyətə verdiyi maddi-mədəniyyət abidələrinin dəyəri ilə ölçülür. Danılmaz həqiqətdir ki, elmin, sənətin, mədəniyyətin inkişafı yunanların adı ilə bağlıdır. Bu günə qədər fəlsəfə, tarix, teatr, memarlıq və neçə-neçə sənət növü ilə bağlı işlətdiyimiz terminlər elmin, mədəniyyətin izlərini yaşadır. Amma yunanlar özləri bütövlükdə bu elm, mədəniyyət məsələlərinə birmənalı yanaşmayıblar. Daim rəqabət halında olan şəhər-dövlətlər Afina və Sparta. Fərqli düşüncənin, həyat tərzinin bariz nümunələri. Biri ağlın, biri gücün, zorun simvolu. Hər ikisi tarixdə qalıb. Hansının daha üstün olduğunu demək istəmirəm. Çünki hər ikisinin tərəfdarları bu gün də mövcuddur. Baxmayaraq ki, Afina elmin, mədəniyyətin beşiyi sayılırdı, Olimpiya oyunlarını insanlığa onlar bəxş eləmişdilər. Amma dünyada idmançıları ilə yox, sənətləri ilə məşhurdular. Spartalılar da qabalıqları, kobudluqları ilə.
   
   Zaman-zaman tarixin müxtəlif çağlarında, müxtəlif hökümdarların hakimiyyəti dövrlərində bu meyllər müşahidə olunub. Bəziləri elmə, sənətə mesenatlıq edib, bəziləri də hərbə, döyüşə, ova həvəsli olub. Ancaq bunları birləşdirə bilənlər də olub. Əmir Teymuru xatırlayaq. Qılıncının gücü ilə istila elədiyi torpaqlarda zorla da olsa alimləri, sənətkarları öz imperiyasının paytaxtına yığırdı. Və bu gün Səmərqənd Teymurun qılıncının gücündən yadigar qalmış tək-tək abidələrdəndir. Özbəklərin bu mənada bəxti gətirib - geriyə baxanda öyünə biləcəkləri tarixləri var. Yeri gəlmişkən bu gün Amerika eyni siyasəti yeridir. Bir tərəfdən top-tüfənglə dünyanı təsiri altında saxlayır, bir tərəfdən də pulun gücü ilə ağıllı, istedadlı adamları yığır ölkəyə. Gözəl siyasətdi.
   
   Siyasət demişkən - idman da siyasətdir. Amma bütün ölkəni idman meydançasına çevirmək nəyisə həll eləməyəcək. Milli komandanın tərkibinə qara-qura adamları yığmaqla rəqəmlərin faiz nisbəti də dəyişməyəcək. Birincisi, qohum-əqraba nigahları ilə genetik yapısı pozulmuş insanlardan fiziki cəhətdən güclü idmançı olası deyil. İkincisi ənənə yoxdur. Dəniz sahilində yaşaya-yaşaya bir üzgüçü yetirə bilməmişik.
   
   Bir ailənin içində də afinalılara, ya da spartalılara meylli adamlar ola bilər. Tarixdə kimin yeri daha möhtəşəmdir? Möhtəşəm dedim, futbolçularımızın möhtəşəm hesabla məğlubiyyəti yada düşdü. Bax bu bir ənənədi.

TƏQVİM / ARXİV