adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
13 Aprel 2020 20:43
67357
TEXNOLOGİYA
A- A+

Müsabiqə qalibi olan Bakı şagirdi NASA-ya göndəriləcək

Azərbaycan məktəbliləri arasında keçirilən "Bu günün alimi" (Scientist for a day) inşa-yazı müsabiqəsinə yekun vurulub. Müsabiqə Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi, ABŞ-ın Milli Aeronavtika və Kosmos Administrasiyası (NASA) və Tusi Bohm Planetariumun birgə təşkilatçılığı ilə keçirilib.

Nazirlikdən Adalet.az-a verilən məlumata görə, cari ildə "Bir alim kimi düşünün və növbəti yerləri araşdırmaq üçün qərar verin!" mövzusunda keçirilən müsabiqədə V-XI sinif şagirdləri iştirak ediblər. Müsabiqəyə 50 inşa-yazı göndərilib və onlardan yalnız 38-i ilkin şərtlərə cavab verərək qiymətləndirmə mərhələsinə keçib.

Yeni növ koronavirus (COVİD-19) pandemiyasının yayılmasının qarşısının alınmasına yönəlmiş karantin rejimi ilə əlaqədar olaraq müsabiqə qaliblərinin elan olunması ilə bağlı tədbir onlayn platformada təşkil olunub.

Yarımfinal mərhələsinə vəsiqə almış 7 inşanın qiymətləndirilməsi isə onlayn qaydada həyata keçirilib və I, II, III yerlər müəyyənləşdirilib. Müsabiqədə I yerə layiq görülən Bakı şəhəri 214 nömrəli ümumtəhsil məktəbinin XI sinif şagirdi Elvin İbrahimov növbəti seçim turuna vəsiqə qazanaraq NASA-ya göndəriləcək, NASA alimləri və mühəndisləri ilə birgə telekonfrans və ya videokonfranslarda iştirak edəcək.

Qeyd edək ki, sözügedən müsabiqə 2015-ci ildən etibarən ABŞ-ın Milli Aeronavtika və Kosmos Administrasiyası (NASA) tərəfindən məktəblilərin gələcək kosmik missiyalara diqqətini cəlb etmək və bu istiqamətdə elmi marağı artırmaq, həmçinin yaradıcılıq qabiliyyətlərini inkişaf etdirmək məqsədilə keçirilir.