adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
13 Aprel 2020 16:42
21279
SİYASƏT
A- A+

Nizami Cəfərov: Hamımız Prezidentimizin ətrafında sıx birləşməli, koronavirus təhlükəsindən itkisiz xilas olmalıyıq

Artıq 3 aya yaxındır ki, koronavirus pandemiyası dünyanı təşvişə salıb. Bu yoluxucu xəstəlik dünyanın 170- dən artıq ölkəsinə yayılıb və bir milyondan çox əhalini ağuşuna alıb. Dünyasını dəyişənlərin də sayını nəzərə aldıqda koronavirusun nə qədər təhlükəli olduğu açıq şəkildə özünü göstərir. Bu gün bütün dünya bu qorxunc virusa qarşı müqavimət göstərməkdədir. Hətta dünyanın ən güclü dövlətləri belə bu virusun qarşısında böyük itkilər verməkdən sığortalanmayıb. Çin, İran, İtaliya, Fransa, İspaniya, ABŞ və digər nəhəng dövlətlərin üzləşdikləri acı reallıqlar da belə qənaətə gəlməyə əsas verir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, akademik Nizami Cəfərov deyib.

Nizami Cəfərov qeyd edib ki, koronavirusa qarşı mübarizədə düşünülmüş, profilaktik, operativ, sistemli və ardıcıl mübarizə siyasətini müəyyən edən və bu pandemiyanın yayılması prosesini nəzarət altına almağı bacaran ölkələrdə itkilər nisbətən aşağı səviyyədədir. Bu ölkələr sırasında Azərbaycanın adı, demək olar ki, birincilər sırasındadır. Aprelin 10–da Azərbaycan Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyevin təşəbbüsü ilə keçirilən Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşündə də bu barədə ətraflı məlumat verildi. Həm Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus, həm də türkdilli dövlətlərin başçıları öz çıxışlarında bu reallığı təsdiq etdilər. Hətta Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru bu təhlükəli virusla mübarizədə öz töhfələrini verdiyinə və təşkilata 5 milyon dollar ianə köçürdüyünə görə dövlətimizin başçısına minnətdarlığını bildirdi. Bütün bunlar ölkəmizdə insanların sağlamlığının dövlətin diqqət mərkəzində saxlanılmasından xəbər verir.

Deputat bildirib ki, koronavirusla mübarizəyə başlanılan ilk gündən Azərbaycan dövlətinin atdığı addımlar, ilk növbədə, profilaktik və preventiv xarakteri ilə seçilir. Kimliyindən və həyatda tutduğu mövqeyindən asılı olmayaraq, hər kəs bu təhlükənin aradan qaldırılmasının zəruriliyini dərk etməli, koronavirusa qarşı aparılan mübarizədə həmrəylik nümayiş etdirməli, tələbləri və tövsiyələri yerinə yetirməlidir. Nazirlər Kabineti yanında Operativ Qərargahın verdiyi qərar və tövsiyələrə tam şəkildə əməl olunmalı, milli həmrəylik və dövlətçilik məsələlərində tam birlik nümayiş etdirməlidir. Hər bir kəsə yaxşı bəllidir ki, dövlətimizin başçısı cənab İlham Əliyev koronavirusa qarşı mübarizədə çox ciddi addımlar atır, sərəncamlar imzalayaraq vəsait ayırır. Görülən tədbirlər koronavirusun ölkəmizdə yayılmasının qarşısının alınmasında və insan tələfatının digər dövlətlərlə müqayisədə cüzi olmasında mühüm rol oynayır.

Nizami Cəfərov vurğulayıb ki, ölkəmizdə həyata keçirilən siyasi strategiya xalq tərəfindən tam dəstəklənir. Son on altı ildə həyata keçirilən siyasi kursun prioritetini insan amili təşkil edir. Hər il milyonlarla vətəndaşımız təmənnasız olaraq tibbi müayinədən keçirilir. On altı il ərzində Azərbaycanın səhiyyə sistemində əsaslı işlər görülüb, həkimlərin peşəkarlıq səviyyəsi yüksəlib, 750-dən çox səhiyyə ocağı tikilib və ya tam təmir olunub. Prezidentin apardığı siyasət xalq tərəfindən yüksək səviyyədə dəstəklənir. Koronavirusa qarşı aparılan mübarizədə də birgə olmalı, tələb və tövsiyələri yerinə yetirməliyik.

Hazırda bütün dünyada həyəcana səbəb olan koronavirusla bağlı Azərbaycanda pandemik şərait müşahidə olunmur. Koronavirus infeksiyası ilə bağlı vəziyyət dövlət başçısının ciddi nəzarəti altındadır. Bu virusun acı fəsadlarından əziyyət çəkən insanların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində bütün vasitələrdən istifadə olunur. Dövlət başçısının tapşırığı ilə Nazirlər Kabineti tərəfindən hazırlanmış Tədbirlər Planının artıq icrasına başlanılıb. Bütün bunlardan sonra bəzi araqarışdıranların görülən işlərə kölgə salmaq, əhalidə xof, vahimə yaratmaq üçün həqiqətə uyğun olmayan müxtəlif yalan məlumatlar yaymaları ölkəmizin inkişafını gözü götürməyənlərin köhnə vərdişidir. Belələri xarici himayədarlarının təsiri ilə Azərbaycanda qarışıqlıq salmaq istəyənlərdir. Onların əsas məqsədi belə məqamlarda müxtəlif şayiələr yaymaqla iqtidarla xalq arasında narazılıq yaratmaqdır. Son vaxtlar belə şayiələr Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyinin ünvanına da səsləndirilir. Halbuki bu nazirlik əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində dövlət başçısına təkliflər verir və əsas fəaliyyətini aztəminatlı ailələrin həyat tərzinin yaxşılaşdırılmasına yönəldib. Son illər özünüməşğulluq fəaliyyəti istiqamətində görülən işləri xüsusi qeyd etmək olar. Bu istiqamətdə yeni layihələrin, proqramların hazırlanması minlərlə aztəminatlı ailənin məşğulluğunu artırıb, onların həyat səviyyəsini xeyli yaxşılaşdırıb. Ona görə də bu gün əsas məsələ panikaya qapılmamaq, dezinformasiyaya inanmamaqdır. Bu mövzuda əhali arasında maarifləndirmə işləri daha da gücləndirilməlidir.

"Unutmamalıyıq ki, koronavirusa qarşı mübarizə ümummilli, dövlət təhlükəsizliyi ilə bağlı olan məsələdir. Ona görə də burada vətəndaş məsuliyyəti çox mühüm rol oynayır. Bu baxımdan, hər bir Azərbaycan vətəndaşı bu məsuliyyəti üzərində hiss etməli, yalan və böhtana uymamalı və dövlət başçısının ətrafında sıx birləşərək bu təhlükədən böyük itki vermədən xilas olmaq barədə düşünməlidir. Əminik ki, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət xalqımızı bu təhlükədən xilas edəcək. Biz artıq bunu gündəlik həyatımızda hiss edir və görürük”, - deyə deputat bildirib.