Azərbaycanda sabiq icra başçısı və müavininin həbs müddəti uzadıldı
Ağstafanın sabiq icra başçısı Nizaməddin Quliyev və onun birinci müavini olmuş Ramiz Tatarovun həbs müddəti uzadılıb.
APA-nın məlumatına görə, Səbail rayon Məhkəməsi tərəfindən hər iki təqsirləndirilən şəxs barəsində istintaq orqanının təqdimatına baxılıb.
Məhkəmə təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbirinin müddətini daha üç ay uzadıb.
Nizaməddin Quliyevin müavini Ramiz Tatarov vasitəsilə fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən rüşvət tələb edərək almasına dair əsaslı şübhələr müəyyən edilib. Bununla yanaşı, Nizaməddin Quliyevin səhiyyə, təhsil və digər yerli dövlət təsisatları rəhbərlərindən büdcə vəsaitləri hesabına yerli dövlət orqanlarının saxlanılması xərclərinə ayrılan vəsaitlərin müəyyən hissəsinin nağdlaşdırılaraq ona təqdim olunmasını tələb etməsi və alması, ictimai işlərə cəlb olunan aztəminatlı şəxslərə ayrılan əməkhaqqı kartlarını ələ keçirib mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.
Nizaməddin Quliyev və müavini Ramiz Tatarovun xidməti otaqlarında keçirilən baxış zamanı müxtəlif vəzifəli şəxslərdən, sahibkarlıq fəaliyyəti ilə məşğul olan iş adamlarından alınmış vəsaitlərin öz əlyazmaları ilə tərtib olunmuş siyahıları, pul vəsaitləri, sənədlər, iş üzrə əhəmiyyət kəsb edən digər dəlillər götürülüb. Nizaməddin Quliyev və başqaları vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda təkrar rüşvət alma, mənimsəmə və digər faktlara görə Dövlət Təhlükəsizliyi Xidmətində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanılmış cinayət işləri üzrə şübhəli şəxs qismində saxlanılıblar.