İT DƏFTƏRİ

İRADƏ TUNCAY
56472 | 2007-03-09 23:49

Bu dünyada haqqın, ədalətin varlığına inananlar varmı? Neyləyək, sorğu keçirəkmi? Mənasız vaxt itkisi olacaq. Bəri başdan sorğunun nəticələrini şübhə altına almaq istəyirəm. Qəzetlərdə oxuduğum sorğu anketlərindəki cavablar məni qane eləmir. Sorğunu kimlər arasında, əhalinin hansı təbəqəsində aparacaqlar? Faiz nisbətini necə müəyyən edəcəklər? Kənddə yaşayanlardanmı, şəhərdəkilərdənmi soruşacaqlar? Sorğu aparan şəxslərin özləri haqq-ədalətin nə boyda, nə rəngdə, nə biçimdə olduğundan xəbərdardılarmı? Haqq-ədalət sözlərinin məna çalarlarına kim, necə münasibətdədi? Deyəsən söhbət çox uzandı.Sözümün canını deyim. Ədalətin bir anlamı da yaxşının və pisin ayırd edilməsidir. Yəni o yerdə ki yaxşıya-yaxşı, əlaya-əla, pisə-pis, yamana-yaman deyirlər, o yeri mənə göstərin, ora getmək istəyirəm. Utopiya ölkəsinə...
   
   Tarixin hər dönəmində milləti bir əsrdən, o biri əsrə aparacaq adamlara - alimlərə, şairlərə, rəssamlara xüsusi münasibət olub. Yaxşıları, əlaları həvəsləndirmək, ürəkləndirmək üçün fikirləşib mükafatlandırma sistemini qurublar. Bu mükafat hökmdarın pul kisəsi də ola bilərdi, bir kənd, bir mahal da ola bilərdi. Ya da nəsilbənəsil hökmdarın hüzurunda əyləşə bilmə imtiyazı da ola bilərdi. Yəni hər zaman yuxarıda oturanları tərifləyənlərin şirniklənmə payı çox olub.
   
   20-ci əsr demokratik düşüncənin hakimiyyətə gəldiyi dövrdü. Rejimlər dəyişilib, hakimiyyətlər əvəz olunduqca təbii ki,dəyərlər də dəyişib. Dünən yaxşı dediyimizə bu gün keçmişin qalığı demişik. Bu gün əla dediyimizə sabah nə deyəcəyik, bilmirəm. 20-ci əsrin başlanğıcından günümüzə qədər dünyanın ən şərəfli, qiymətli mükafatı Nobel mükafatı sayılır və guya obyektiv şərtlərlə verilir. Amma axtarsanız bu laureatların içində o qədər ideoloji qəhrəmanlar var ki... Məsələn, Pasternaka "Doktor Jevaqo" əsərinə görə Nobel veriblər - məhz Sovet ideologiyasına zidd düşüncələrinə görə və həm də milli mənsubiyyətinə görə. (Platonov kimi nəhəng niyə heç kimin yadına düşmürdü?) Mənim fikrimə görə, ədəbi əsər kimi elə böyük dəyəri yoxdur. Sadəcə, təbliğat öz işini görürdü, iki dünyanın ideoloji savaşı gedirdi.O vaxt Pasternaka heç icazə də vermədilər gedib mükafatını alsın. Və yaxud da Mixail Qorbaçova Nobel sülh mükafatının verilməsi absurd deyildi? Öz ölkəsini başdan-ayağa qana bulayan adama nə sülh mükafatı? Bu mükafatı verənlər SSRİ vətəndaşlarından soruşaydılar bir bu adama nə düşür? Demək istədiyim odur ki, orda verilən mükafatlar da nəyəsə görə veilir.
   
   Ya da SSRİ-nin ali mükafatları- Lenin və Dövlət mükafatları. İçində tək-tək istisnalar olmaq şərtilə bunları da tərifnamə yazanlara, oxuyanlara verirdilər. Özü də qəribədir ki, milli respublikalarda bu mükafatlara təqdim olunan əsərlər bəlkə həmin xalqın sənətində 10-15-ci yerləri tutacaq nümunələr olurdu. Amma ruslar öz yaxşılarını azdan-çoxdan qiymətləndirməyi bacarırdılar. Həm də rusun nə vecinəydi ki, hansısa bir respublikada bu mükafatı kim alacaq- həqiqi sənət, ya ideoloji şüar.
   
   Respublikaların özündə vəziyyət necə idi? Uzun illər məmləkətimizin ali mükafatları kimlərə verilirdi? Dövlət və Komsomol mükafatları öz həqiqi ünvanına çatırdı. Pambıqyığanlar, inəksağanlar, yerqazanlar haqqında gözəl sənət nümunələri mütləq dəyərləndirilirdi. Əksinə, bəşəri ideyalar, dünyanın gərdişindən nə isə yaradanların üstündən sükutla keçirdilər. Mükafat kimin olmalı idi? Real düşünə bilən sənət dəlallarının, yoxsa o biri fağır-füqəranın? Təbii ki, dövlətin adından verildiyi üçün burda bəzi prinsiplər mövcud idi. Bu prinsiplərin nəyə əsaslandığını xırdalamaq istəmirəm. Ancaq yaxşı və ancaq pisə verildiyini də iddia edə bilmərəm. Bir faktı yada salım. 1981-ci ildə Məmməd Arazı Dövlət mükafatına təqdim etdilər və vermədilər. 1988-ci ildə yenidən təqdim etdilər və verdilər. Onu deyim ki, 81-ci ildə də Məmməd Araz artıq hamının qəbul etdiyi imza idi. 88-ci ildə əvvəlki illərlə müqayisədə heç nə dəyişməmişdi. Desəm ki, birinci dəfə almayanda ona təsir etmədi, vecinə olmadı, yalan olar. Desəm ki, ikinci dəfə mükafatı alanda sevindiyindən yerə-göyə sığmırdı, bu da yalan olar. Hər şey öz vaxtında gözəldir. Bir insanın taleyi kiminsə qələminin ucundakı mürəkkəbdən, imzadan, dərkənardan asılı olanda, burda ədalət gözləmək müşkül məsələdir. Mən bu hadisəni çox yaxşı xatırlayıram. Bu şer də elə o vaxtlar yazılıb"::
   
   
   
   Heç bir mükafatın yetmədi mənə,
   
   Bircə sağ olun da bəsimdi, Vətən.
   
   Bəsimdi hər səhər təltif yerinə,
   
   Qapımda küləyin əsibdi, Vətən.
   
   
   
   Qol verdin boynumu qucaqlamağa,
   
   Göyünə baxmağa göz verdin, bəsim...
   
   Kürək söykəyənin ana torpağa
   
   Haqqı yox ayrı bir təltif istəsin.
   
   
   
   ***
   
   Bu hadisəni niyə xatırladım? Son günlər fəxri adların verilib-verilməməsi yenə gündəmə gəlib. Bir qrup tərəfdarıdı, bir qrup əleyhdarı. Burda insan faktoru var. Onsuz da məlumdur ki, "Xalq, əməkdar" titulları şəxslərə görə təsnifatlaşır. Nə qədər adamlar tanıyırıq ki, xalqa dəxli yoxdu, amma "Xalq"ı yapışdırıblar sinəsinə, nə qədər adam tanıyırıq ki, əməyin nə olduğunu bilmir, amma "Əməkdardı". Orden, medallar da elədi. "İstiqlal" sözünün nə anlama gəldiyini bilməyənlərin sinəsindən o ordeni taxırlar. Yenə ikili standart prinsipləri. Heç olmasa bu ordenləri dərəcələrə bölmək olardı. Eləmirlər - çünki "kefim belə istəyir" prinsipi də var. Doğrudanmı, ana torpağa kürək söykəyənin ayrı təltif istəməyə haqqı yoxdur? Niyə? Niyə bu torpağı, Vətəni sevənlərə heç nə çatmalı deyil? Niyə Vətən onun üçün çalışanlara ögey ana olmalıdır?
   
   ***
   
   Bir az bu söhbətdən uzaqlaşaq. Təbii, uzaqlaşa biləcəyiksə. Olimpiadaların hansı şəhərdə keçirilməsi üçün püşk atılanda 2012-ci ildə keçirilmə hüququnu bizim pullu məmurların yeni paytaxtı London qazanmışdı. Köhnə paytaxtımız Moskva da bu yarışmada iştirak edirdi. Amma idman siyasətin bir qoludur deyirlər. Bu gün dünya siyasətini anqlo-saksonlar yönəldirlər deyə, rusların elə bir şansı yox idi. Yadımdadır ki, o vaxt mən Londonı paytaxt sayanların yerinə bir xeyli sevindim. Fikirləşdim ki, yazıq ingilislər kasıb adamdırlar, Olimpiya Komitəsi onlara yardım edəcək, nə qədər qurub-yaradacaqlar, nə qədər turistlər gələcək, bizimkimlərin də xeyrinə olacaq. Böyük əksəriyyətinin orda uşaqları oxuyur, ev-eşikləri var. Hətta babalı deyənlərin boyuna, bütöv London küçələrini satın almış olanlar da var. Bu mənada keçmiş paytaxtımızda fərqli münasibətlər var idi. Övladları orda oxusa da nəinki küçələr, villalar, hətta balaca ikiotaqlı ev də almaq mümkün deyildi. Məsələ, kimin harda ev almağında deyil, kim necə bacarır elə də oğurlayır. Məsələ hansı ölkənin nə şəkildə mükafatlanldırılmağında da deyil. İstər olimpiadanın hansı şəhərdə keçirilməsi, istərsə də Nobel mükafatının kimə verilməsi. Bilirik ki, bunlar müəyyən siyasətə xidmət edir. Dəfələrlə İstanbulun olimpiya şəhərinə namizəd olması məsələsi hallandırılıb. Amma qüdrətinə görə Türkiyənin heç tozu olmayacaq Yunanıstanda olimpiada keçirilib, İstanbul qalıb bir kənarda. Düzdür, onlar bunu tarixə bağlayırlar, tarixə söykənirlər - yəni Yunanıstan Olimpiya oyunlarının vətənidi deyirlər, amma boş söhbətdi. Lazım olanda hara istəyirlər ora da söykənirlər. Özlərinin bir siyahısı var, hansı ölkəni seçsələr, püşkdən də o çıxır. Həmin o siyahıya düşməyən ölkələr də qalırlar baxa-baxa. Bizim dillə desək, adı İT DƏFTƏRİndə olmayan ölkələr.Nə gözəl ifadədir. Kökü hardan gəlir, bilmirəm, soruşdum, kimsə izah edə bilmədi. Amma mənasını anlayırıq da. Heç kimə lazım olmayan, heç bir haqqı-hüququ olmayan, heç kimin tanımadığı kimsələr, nəsələr haqqında deyirlər ki, adı heç it dəftərində də yoxdur. Bu məntiqdən yola çıxsaq,çoxumuzun adı o dəftərə düşmür. Azərbaycan mətbuatının 130 illiyi ərəfəsində fikir verirdim, görürdüm hər kəsin əlində bir siyahı, hazırlaşır ki, nəsə özlərinə bir pay qoparsın. Sözə, qələmə xidmət edən bir sıra nəfəri kimi mətbuat adına mükafat alacaq kimsələrin siyahısı mənim üçün də maraqlı idi. Təbii ki, o vaxt da təltiflənənlər bu siyahını hazırlayan dayıların şəxsi rəğbətindən nə isə qazandılar. Heç kimi söyməyən və tərifləməyənlər, ancaq sözə, qələmə, həqiqətə qulluq edənlərin adı yenə heç bir it dəftərinə düşmədi.Bizim məmləkətdə çoxsaylı ictimai təşkilatlar var, bunların içində çoxsaylı jurnalist təşkilatları da var. Bu təşkilatların da öz mükafatları var. Məsələn, mənim yadımdadır ki, Zərdabinin adını tanımayan bir gözələ "Zərdabi mükafatı" vermişdilər. Yaxud da heç kimin imzasını, qələmini yox, başqa keyfiyyətlərini tanıdığı bir xanıma "İlin ən yaxşı qadın jurnalisti" adını vermişdilər. Bir neçə il əvvəlin söhbətidir. "Qızıl qələm" mükafatını kənd təsərrüfatı mütəxəssislərinə vermişdilər. İndi gəl baş çıxar görüm, necə çıxarırsan? Kimsə deyə bilər ki, nə olsun mükafatdı da, kimsə təsis edib kiməsə verir. Belə deyil. Mükafat dəyərdir, ölçüdür. O yerdə ki, dəyərlər, ölçülər itir, qarışır, o yerdə ki, yaxşıyla-yamanın sərhəddi itir, orda vicdanın da ölçüsü itir. Mükafatlar o zaman qiymətli olur ki, onu alan adamların qiyməti, çəkisi ağır olur. Məsələn, deyək ki, mən "Pulitser" mükafatına iddialıyam. Ala bilərəm, əlbəttə ki, yox. Çünki həmin mükafatları dünyada tanınan dövlətlərin vətəndaşlarına verirlər. Dünyada tanınan insanlara verirlər. Gərək ölkənin adı da hansısa bir dəftərə düşsün ki, onun vətəndaşının da adı it dəftərində olsun. Deyək ki, bu dünyadadı, bizim də oralara çıxmağımıza hələ çox var. Bəs özümüz niyə belə eləyirik?
   
   Bu dəfə tamam başqa bir mövzudan yazacaqdım. Sadəcə bir hadisə məni vadar etdi ki, mükafat məsələlərini qurdalayım. 8 Mart bayramı ərəfəsində mənə zəng elədilər və dedilər ki, Qadın Jurnalistlər Assosiasiyası məni təltifləndirib. Soruşdum nə münasibətlə? Dedilər, seçilən yazılara görə. Doğrudur, mən bu mükafatlara skeptik yanaşıram. Çoxsaylı cəmiyyətlər var, çoxsaylı mükafatlar verirlər, ara qarışıb, məzhəb itib, kimin kim olduğu bilinmir. Nə isə, getdim təqdimata - diplom verdilər. "Mətbuatın inkişafında xidmətlərinə görə". Cəmiyyətin sədri gənc xanımdı. Gənc olsa da kimin nəyə xidmət elədiyini anlayır. Təqdimatın əvvəlində dedi ki, ədalət prinsiplərini gözləməyə çalışdıq. Ay qızım, çox cavansan, sən bu məmləkətdə ədalət prinsiplərinin işləyəcəyinə inanma. Mən ömrümün neçə ilini televiziyada işləmişəm. Sıra nəfəri olmuşam, amma sıradan biri olmamışam. Orda ad paylananda bizim kimilər niyə yada düşmədi? Sizin təqdimatı da TV-lərimiz çox xəsisliklə göstərdilər, bir neçə saniyə. Biz düşmənik? Kimin dost, kimin düşmən olduğunu ayırd etməyin vaxtı çatmayıbmı? Mətbuat elə bir sahədir ki, burda gizli saxlı yoxdur. Kim cızma-qaraçıdı, kim yazardı, kimin sözünə qulaq asırlar, kimin yazdığını heç oxumurlar, kim kimə və nəyə xidmət edir, kimin sözünün arxasında hansı maraqlar durur, mətbuat elə bir sahədir ki, hər kəsə açıqdır. Kimin imzasının hansı çəkidə olduğu da məlumdur. "Spartak" filmində maraqlı bir səhnə var. Sərkərdələrdən birinə deyirlər ki, sən Sezara xidmət edirsən. Cavab verir ki, yox, mən Romaya xidmət edirəm. Yəni məntiqi anladınız. Bu mükafatların verilməyi də, fəxri adlar da ancaq bir məqsədə xidmət etməlidir - dövlətin, ölkənin nüfuzuna. Yəni hansısa bir yerdə hansısa bir mükafatı verəndə bizim ölkənin də adı hansısa dəftərə düşsün. Ona görə öz dəftərlərimizin tərtibində ciddi olmalıyıq. O yerdə ki, yağla şor eyni qiymətədir, o yerdə haqq-ədalətin də qiyməti məlum məsələdir. Amma bu ifadə çox xoşuma gəlir - İT DƏFTƏRİ.

TƏQVİM / ARXİV