adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
11 Aprel 2020 11:17
21088
SİYASƏT
A- A+

Könül Nurullayeva: "Hər bir Azərbaycan vətəndaşı harada olmasından..."

Hər bir Azərbaycan vətəndaşı harada olmasından və yaşamasından asılı olmayaraq dövlətin diqqət və qayğısı ilə əhatə olunub.

Bunu Trend-ə Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

K.Nurullayeva vurğulayıb ki, hazırda dünyanın bütün dövlətləri pandemiya və onun təzahürləri ilə daha effektiv mübarizə üsulları tapmaqdır. Epidemiya ilə mübarizənin ən təsirli yollarından biri kimi izolyasiya tədbirləri göstərilir:

" Xəstəliyin yayıldığı və qlobal problemə çevrildiyi vaxtlarda Azərbaycan qonşu ölkələrlə sərhədlərini bağladı. Sərhəd-keçid məntəqələrində həyata keçirilən önləyici tədbirlərin nəticəsidir ki, Azərbaycan epidemiya təhlükəsindən minimum itkilərlə çıxmağı bacarıb. Eyni zamanda cənab Prezident İlham Əliyevin məsələni şəxsən nəzarətinə götürməsi nəticəsində epidemiya ilə mübarizə ölkənin bir nömrəli işinə çevrilib. İstər xəstəliyin aradan qaldırılması məqsədilə tibbi ləvazimatların alınması, yeni tibbi maska istehsal edən müəssisənin qısa zamanda istifadəyə verilməsi, istərsə də karantin müddətində aztəminatlı vətəndaşlara müxtəlif maddi yardımların edilməsi Azərbaycanda epidemiya ilə mübarizənin yüksək səviyyədə təşkilindən xəbər verir. Bu baxımdan ölkəmizdə görülən tədbirləri yüksək qiymətləndirirəm”.

K.Nurullayeva qeyd edib ki, bu günə qədər Azərbaycanda koronavirusu müəyyən etmək üçün 60 mindən artıq test keçirilib:

"Bu da onun göstəricisidir ki, ölkəmizdə bu işlərə ciddi nəzarət var və həyata keçirilən tədbirlər sistematik xarakter daşıyır. İşlər elə qurulub ki, kimsə özündə hərarət, zökəm, öskürək və sair kimi respirator əlamətlər hiss edərsə, onlar dərhal müvafiq testlərdən keçirilir. Həm də söhbət yalnız koronavirusdan getmir. Adi mövsümi qriplərdən əziyyət çəkirsinizsə və həkimə getməkdən ehtiyat edirsinizsə, evə çağırış edə bilərsiniz. Testin cavabları isə altı saat müddətinə hazır olur.
Digər tərəfdən özündə xəstəlik əlamətləri hiss edən şəxslər evdən kənara çıxmadan Bakıdaxili "103”, paytaxtdan kənarda isə "113” təcili tibbi yardım stansiyasına zəng etməklə yoxlanışdan keçə bilir. Təbii ki, bu kimi tədbirlər yalnız alqışlanmalıdır”.

Deputat vurğulayıb ki, belə bir vəziyyətdə Azərbaycan xaricdə olan vətəndaşlarının da qayğısına qaldı: "Hər bir Azərbaycan vətəndaşı harada olmasından və yaşamasından asılı olmayaraq dövlətin diqqət və qayğısı ilə əhatə olunub. Bu koronavirus epidemiyası günlərində bir daha təsdiqləndi. Belə ki, xaricdə olan Azərbaycan Respublikası vətəndaşlarının ilk növbədə azyaşlı uşaqları olan ailələr, yaşlılar, tibbi yardıma ehtiyacı olan şəxslər və qadınlara üstünlük verməklə, müəyyən olunmuş qrafik çərçivəsində və karantin rejiminə yerləşdirməklə Azərbaycana gətirilməsi həyata keçirildi. Bu məqsədlə xüsusi çarter reysləri vasitəsilə minlərlə Azərbaycan Respublikası vətəndaşının müxtəlif ölkələrdən ölkəyə gətirilməsi təmin edilib. Düşünürəm ki, bu baxımdan da Azərbaycan dövləti üzərinə düşən vəzifə və öhdəlikləri layiqincə yerinə yetirib”.

K.Nurullayeva bildirib ki, koronavirusla mübarizədə karantin rejimi olduqca mühüm tədbirlərdən biridir: "Vətəndaşlarımızı bir daha karantin rejiminin tələblərinə riayət etməyə və bununla da ölkəmizdə koronavirusla mübarizəyə öz töhfələrini verməyə çağırıram. Ümüdvaram ki, görülən tədbirlər nəticəsində yaxın günlərdə infeksiyaya yoluxma hallarında azalmaya şahidlik edəcəyik. Hər halda mən müsbət nəticələrin uzaqda olmadığına inanıram”.

Deputat Prezident İlham Əliyevin 9 aprel 2020-ci il tarixdə koronavirus epidemiyası ilə bağlı əlavə tədbir kimi vəsait ayırmasını da xatırladıb:

"Koronavirus pandemiyasının yayılmasının qarşısının alınması və onunla mübarizənin gücləndirilməsi məqsədilə zəruri tibbi avadanlığın və digər tibbi vasitələrin tədarükü üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə 97,0 (doxsan yeddi) milyon manat ayrılıb. Bu isə bizə koronavirus epidemiyasına qarşı mübarizənin təşkilinin daha da yaxşılaşdırılması imkanları qazandırmış oldu.

Eyni zamanda modul tipli yeni 6 xəstəxananın qurulması və tibb müəssisələrinin maddi texniki bazasının möhkəmləndirilməsi tədbirləri gələcəyə böyük ümidlərlə baxmağımızı təmin edir. Tezliklə bu çətin günlərin arxada qalacağına və Azərbaycan dövlətinin bu sınaqdan alnıaçıq, üzüağ çıxacağına əminəm”.