adalet.az header logo
  • Bakı 7°C
10 Aprel 2020 23:56
35451
İQTİSADİYYAT
A- A+

Vüqar Bayramov: Dövlətin yardım ödənişləri hər bir müəssisənin bank hesabına ödəniləcək

Mikro və fərdi sahibkarlıq subyektlərinə, o cümlədən muzdla işləyənlərə dövlət yardımının həyata keçirilməsinə başlanılır. Təsdiq olunmuş qaydalara əsasən istər kiçik, orta və iri müəssisələrdə çalışan muzdlu işçilər, istərsə də mikro və fərdi sahibkarlar bu yardımdan faydalana biləcəklər.

Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, İqtisadiyyat Nazirliyi tərəfindən koronavirus pandemiyasının ən çox təsir etdiyi 20 fəaliyyət sahəsi müəyyənləşib:

"Bunlar 4 sektoru əhatə edir. Həmin fəaliyyət sahələrində çalışan sahibkarlar və muzdlu işçilər dövlət yardımı almaq imkanına malik olacaqlar. Birinci istiqamət üzrə orta və iri müəssisələrdə çalışan muzdlu işçilərin əməkhaqlarının ödənilməsi üçün dövlət büdcəsindən 215 milyon manat ayrılacaq. Bu zaman həmin müəssisələrdə əməkhaqqı məbləği və ya orta aylıq əməkhaqqı əsas götürüləcək. Nəzərə alsaq ki, yanvarda orta aylıq əməkhaqqı 712 manat idi. Bu o deməkdir ki, əgər müəssisədə çalışanların orta aylıq əməkhaqqı 712 manatdan azdırsa, bu zaman bütün məbləğ dövlət tərəfindən ödəniləcək. Məsələn, hər hansı bir sahibkarlıq subyektində çalışan işçinin əməkhaqqı 650 manatdır və pandemiya dövründə dövlət həmin məbləğin ödənilməsi üçün sahibkara vəsait ayıracaq. Məqsəd ondan ibarətdir ki, sahibkarlıq subyekti işçilərini ixtisar etməsin və onların əməkhaqqını ödəsin. Əgər əməkhaqqı 712 manatdan çoxdursa, yəni 800 manatdırsa, onun 712 manatı dövlət tərəfindən ödəniləcək. Eyni zamanda, mikro və fərdi sahibkarlar üçün də yardım həyata keçiriləcək. Belə ki, mikro sahibkarlar üçün minimum 250 manat, maksimum 5000 manat vəsaitin ödənilməsi nəzərdə tutulub. Əgər mikro sahibkarın əvvəlki ildə ödədiyi məcburi ödənişlərin məbləği 250 manata çatmırsa, o zaman sahibkar 250 manat ödəniş alacaq. Ödədiyi məcburi öhdəliklərin məbləği çoxdursa, o zaman həmin məbləğə uyğun olaraq 5 min manatadək yardım ala biləcək. Ödənişlər hər bir müəssisənin bank hesabına ödəniləcək".

Deputat bildirib ki, hər bir sahibkar elektron vergi səhifəsinə daxil olaraq ödənişlər və sektorlarla bağlı məlumat əldə edə biləcək:

"Bu, sahibkarlar bütün məlumatları elektron əldə etməyə və yardımı bank hesabı vasitəsilə almağa imkan verəcək. Bu da şəffaflığın qorunması baxımından çox vacibdir. Eyni zamanda, sahibkarlara vergi güzəştlərinin təklif olunması nəzərdə tutulur. Bunlar çox sayda vergi güzəştləridir - sadələşmiş vergi subyektləri üçün müddətli güzəştlər, əmlak, torpaq vergisindən güzəştləri, mənfəət və gəlir vergisində güzəştlər, idxalına bağlı strateji məhsullar üzrə güzəştin, əlavə dəyər vergisi üzrə güzəştin tətbiq edilməsi nəzərdə tutulur. Ərzaq və tibbi preparatların istehsalı üçün idxal olunan xammalın vergidən azad edilməsi, eləcə də həm birbaşa yardım, həm təşviqedici vergi güzəştlərinin tətbiqi nəzərdə tutulur. Təklif edilən paket koronavirusun sahibkarlara təsirini minimumlaşdırmaqla yanaşı, strateji olaraq postkoronavirus dövründə sahibkarların dövlət tərəfindən dəstəklənməsini nəzərdə tutur".