adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
10 Aprel 2020 15:17
38862
MARAQLI
A- A+

İlqar Rəsul: GİRİNC EDİLMİŞLƏR


-Hardan almısan?
-Moskvadan qohumum göndərib.
-Xeyirliynən tax, sənin canın qurtardı, qardaş.
-Əşşi deyirlər onsuz da xeyri yoxdu.
-Onda taxma.
-Nə bilim ey, bəziləri də deyir qoruyur.
-Ə hə, tax getsin, qorumasa düzəltməzdilər ki, bunu.
-Amma o gün biri də TV-də deyirdi ki, əgər yoluxmusan və xəbərin yoxdusa, taxmaq ziyandı, tay da virusu saxlayıb çoxaldır ağızda.
-O da ağıllı fikirdi. Taxma!
-Taxmayanda da virusu yayırsan də deyirlər.
-Hə də, camaat yazıqdı. Əşşi tax getsin.
-....Qapı-qonşuda da taxan yoxdu ey. Qalmışam belə.
-Əşşi taxma ey. Noolar, olar!
-Girinc ediblər ey lap, bizi bu mütəxəssislər! Hərəsi bir söz deyir. Bəs mən bunu neyniyim. Nə də olmasa, indiki bu qıtlıq zamanı adam Moskvadan bura göndərib,
-Hə də, o da düz deyil, zəhmət çəkib, diqqət göstərib. Taxmasan düz gəlmir. Tax!
-Dəqiq?
-...Yox ey, taxma.
-Bax taxmıram ha!
-Tax ey, adam göndərib axı.
-Bu nə iş idi ə, mən düşdüm. Qaldım lap taxımmı -taxmıyımmının arasında. Deyirsən adamın əziyyətin də verə vurmaq olmaz. Bu da bir dərd. Lap başım xarab oldu! Nəsə eləmək lazımdı.
-Nə?
-Elə eləmək ki, nə şiş yansın, nə kabab.
-Necə yəni?
-Kabab demişkən, gəl bilirsən neyləyək?
-Neyləyək?
-Bunu bişirib yeyək.
-Nə, yeyək?
-Hə, gəl bunu bişirək yeyək.
-Axı bunu çeynəmək olmaz, hələ udmağı demirəm.
-Əşşi, yağda yaxşıca qızardarıq, nəyi var əriyib yumşalar. Üstünə də iki yumurta çalarıq. Yarım araqla vurarıq gedər. Salamatı budu. Nə düzəldənin zəhməti yerdə qalır, nə də göndərənin. Həm də elə içəridən qoruyar də bizi. Lap ikinəfərlik olur. Soruşan da olsa, "niyə yoxunuzdu", and içərik ki, varımızdı.