adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
12 Aprel 2020 08:04
44544
ƏDƏBİYYAT
A- A+

AYDIN QACAR MƏMMƏD ARAZDAN YAZDI:"Asan deyil, sən olmaq, sənsiz olmaq, Məmməd Araz!"

"Torpağın üzü soyuq olur”– deyirlər, söndürür emosiyaları, ovudur kədəri. Üstəgəl, 13 illik bir zaman! Nə tez ötdü, nə tez gəldi-getdi bu illər…? Ancaq Məmməd Araz kədəri onun poeziyasının büləndiyi kədər kimidi – duyğusal, nurlu, işıqlı!

Özünün dediyi kimi, söz də, kədər də, elə "sözdü, qəhərdi, atdı, cilovdu, yəhərdi" və Məmməd Araz sözü bütün hallarda işıqdı, səhərdi.

Vəfatından sonra, qırx ərəfəsində Gülxanım müəllimənin (yoldaşının) bir etirafı məni çox mütəəssir etmişdi:

– Dörd divar arasında qalmaqdan bezirdı son vaxtlar… Adam içinə, çölə-bayıra çıxmaq istəyirdi… Özüm də xəstə idim. Həm də inanmazdım Məmməd belə tez gedə bilər əlimizdən. Fikirləşirdim, mən ondan qabaq köçəcəyəm… Məmməd tək qalacaq.

Mexaniki olaraq:

– Bəs niyə demirdiz, gələrdim, çıxardıq… Mən də elə bilirdim, gəl-get sizi də, onu da narahat edər…

Və bunun artıq gecikmiş "qayğıkeşlik" olduğunu anlayaraq, tezcə də susmuşdum…

***


Heç nə məni Söz qədər sərməst edə bilmir

…Ətrafımda dop-dolu bir səssizlik, sükut yaratmaq istəyirəm. Təkcə ruhumdan, içimdən gələn səslər eşidilsin.Lap yağışla birgə çilənə, küləksiz havada ağappaq qar kimi ələnə də bilər bu səssizlik. Mən də bu sükut içində çox yox – bir, ya iki Məmməd Araz şeirinin, sözünün keçdiyi yerlərdən keçim; Məmməd Araz poeziyası ilə nəfəs-nəfəsə, ürək-ürəyə qalım. Təsadüfi səhifəni açıb, sıradan ixtiyari iki şeirlə təmas qurum. Əslində, hər hansı şeiri təkrar oxumağa ehtiyac da yoxdu, Məmməd Araz qələmindən çıxan nə varsa, çoxdan hopub yaddaşıma, canıma – səhifə açmaq təsadüfi seçim etmək üçündü.

Çox dərinə də getməyəcəyəm, tez-tez Məmməd Arazdan söz açmağıma bəzən ağız büzənlər, qısqanclıqla yanaşanlar da olur. Ancaq belə adamlar unudurlar – idealı olmayan insan özü cılızdı, eqoisdi.

Bildirmək, yada salmaq istəyirəm – bioloji sevgi bütün canlılarda olur, mənəvi sevgi isə yalnız insana məxsusdu.

Mənəvi dünyamı sözsüz, poeziyasız, ətəyinə, dizinə baş qoyduğum şeirlərsiz təsəvvür edə bilmirəm. Özümü tapdığım yazını, mətni, şeiri oxuyanda öz ömrümü-günümü oxuyur, yaşadıqlarımı yenidən yaşayır, mənəvi rahatlıq tapıram.

Heç nə məni Söz qədər sərməst edə bilmir, bu sayaq bədii qənaətlərə çoxlarının şərik olduğuna da əminəm.

Beləliklə, yenə də Məmməd Arazdan!

Onu oxuyanda nəinki insanın, hətda daşın-torpağın, çölün-kövşənin də ağrısını, acısını duya, səsini eşidə bilirəm;

Onun sözləri hər bir oxucu ilə eyni soydan, eyni kökdən olur;

Onun sözlərinin, şeirlərinin canında, qanında deyilən, yazılan, görünən məqamlardan başqa görünməyən, ancaq insan ruhuna yaxın olansözün qançəkərliliyimi deyim, – ya nə deyim bilmirəm, – var ki, onu izah etmək olmur – yalnız yaşamaq, duymaq olur.

Sözün keçdiyi yerlər

"Məmməd Araz qayası",dekabr 1986.

Eldə-obada daşa, qayaya ad vermək ənənəsi var: "Gəlin qaya", "Toğlu qaya", "Ballı qaya", "Çadır daş", "Qaval daş" və sair. Bir gün Məmməd Araz çobanlardan məktub alır, yazırlar:"Kəlbəcərin "Sarıbulaq" dərəsindəki bir qayaya, sal daşa "Məmməd Araz kürsüsü" adı vermişik".

"Fərmanına, təltifinə alqış, ey çoban"– deyib kövrələn Məmməd Araz xəyalən o qayanın, o çoban hədiyyəsinin görüşünə gedir:

Məmməd qaya, Qaya Məmməd

Xoş gördük sizi…

Olsa-olsa mən olaram adi daş çapan:

Çopur qaya, Qara Məmməd,

Xoş gördük sizi!


Beləcə, özünəməxsus salamı, nidası, sözü ilə daha bir vətən qayasına, vətən daşına əl çəkir, üz qoyur…

Sən demə, günlərin birində özü də üstünə "Bu daş altda Məmməd Araz yaşayır"yazılmış, Vətən qayasına, Vətən daşına dönəcəkmiş.

Hər zaman"Şair, qayalara, dağlara söykən"deyən, dağlara güvənən şair Məmməd Araz qayasına da üz tutub"İnsanlığım, daşlığıma söykən, qürrələn"deyir, daş dilində"danış görüm, a daş qardaş"sorğusu ilə o lal qayanı da dindirir.

Sözün, fikrin zirvəsinə bax:

– Danış görüm, eşidim yox!

Əslində, bu, oxucu yozumundan, fantaziyasından asılıdı, misranı adi formatda da başa düşmək olar, "görmək" mənasında da.

Şeirdə bu qatlar məni daha çox çəkir. Zövq alıram bu qatlarda gəzişməkdən, açıqlama cəhdləri etməkdən. Ancaq qısa olsun deyə, bu təfsirlərə keçməyəcəyəm. Sadəcə şeirin axarına düşüb Sözün keçdiyi yerlərdən keçmək, sözlə çəkilmiş təbiət mənzərələrinə tamaşa etmək, bəlkə də yüzüncü dəfə heyrətlənmək istəyirəm:

– "Bu görüşü göydən baxan qartal da duyur,

Qanadından lələk salır – təbərrük üçün.

Qabaq-qənşər qayalıqda kəklik oxuyur,

Var ol səni, xallı pəri, bu təbrik üçün."

Elə bil, mənzərə filminə baxır, kəklik səsi eşidirik, deyilmi?!

Sonra itən nitqinin, batan səsinin gileyi, şikayəti səslənir:

A dağ çayı, səs vermişdin səsindən mənə,

Bir yaz günü nəfəsimdən qapdılar onu.

Yumalayıb, tapdalayıb palçıq yerinə

Üzü bomboz divarlara yapdılar onu.

Bilən bilir, son anacan itirdiyi səsi gəzib Məmməd Araz– əriyib səs, qeyb olub səs ürəyinin vulkanında…

1970-ci ilin o məşum günündən(yuxarıların ədalətsiz qərarı ilə işindən uzaqlaşdırılıb tənqid, təqib olunması, xəstəlik tapmasından) neçə onilliklər ötsə də, – əfsus və əfsus,– hələ də"yuxarıdan aşağıya yağan daşları, aşağıdan yuxarıya qaytara"bilmirik! Hələ də tufan olub, külək olub "beyinlərdə, ürəklərdə daş yara" bilmirik! "Fərhad külək" necə yıxsın bu daşları, Şair?…

Soruşursan:

– "Qılıncımı bürmələyib, qalan səsimi Şəhriyara pay yolladım, bilməm aldımı?"

Nigaransan:

– "Şəhidlərin qəbri üstə yanan səsimi

Yanan qandı, duyan duydu…

Danan oldumu?"

Və beləcə…, şair çiyninə yığılmış "yerin-göyün ağır yığını" ilə şeirin sonuna, yaxınlaşırıq…

Çoban hədiyyəsinə, sal daşa söylədiyi sonuncu beyt isəüvertüradı, daş himnidi,Məmməd Araz harayı, Məmməd Arazmənəmliyidı:

Mən duyuram sən olmağın ağırlığını,

Ey mən-qaya, mən olmaq da asan iş deyil…


Bəli, asan deyil Sən olmaq, Məmməd əmi! Heç sənsiz olmaq da asan deyil, bunu da bilirsənmi?!

Məmməd Araza nə var– daş ömrü də yaşadı, mamır, duman, şeh ömrü də; Quşla quş dilində danışdı, daşla daş dilində, şehlə duman-çən dilində… Biz neyləyək – haqsızlıq, çirkab, rüşvət, korrupsiya içində itib-batdığımız bu yalan dünyada…?

Yenə də dar ayaqda güvənc yerimiz Məmməd Araz sözu, Məmməd Araz şeiri olur. O, sənəti, sözü, şeiri ilə dünən də, bu gün də, hələ neçə-neçə onilliklər, yüzilliklər sonra da insanlara mənəvi sığınacaq, təskinlik yeri olacaq.

***

Haşiyə:Yersiz görünsə, bağışlayın! Bu son beyti mən kiçik improvizasiya və yumorla, az qala, hər gün işlədirəm. Dərs oxumaqdan bezən, tıncıxan nəvəmin də qulağına birinci misranı pıçıldayır, halına acıyıram. Ev işlərinin çoxluğundan gileylənən xanıma da"Mən bilirəm, sən olmağın çətinliyini,"– deyib, guya, toxtaqlıq verir, ovudur, sonra da nümayişkəranə divana çöküb"Ey mən qaya, mən olmaq da asan iş deyil"söyləyib qıcıqlandırıram…

***

Daha bir şeirinin –"Duman ömrü" (1967) şeirinin qanadlarında keçək, sözün sarılıb keçdiyi yurd yerlərindən, vətən göylərindən:

– "Ölüm istəyirəm. Qəfil bir ölüm. Bir kibrit ölümü. Barıt ölümü. Bir anda bir ovuc dumana dönüm, İstədiyim səmtə tutum yönümü.

Görüm, hər qonanda dağlar qaşına,

O dağdan, o çəndən necə yazmışam?!

Görüm, hər enəndə bulaq başına,

Çiçəkdən, çəməndən necə yazmışam?!

Görüm dumanlara qoşula bilmək,

Ayrılıb didərgin olmaq, necədir?!

İstəksiz dərədən daşına bilmək,

İstəksiz dərəyə dolmaq, necədir?!

Görüm bir necədir yerlərə hopub, Vətən torpağının şehinə dönmək.Kiçik bir qayanın döşündən qopub, Böyük bir dünyanın mehinə dönmək…"

Şeirin rəvan, sakit, canlı ruhu adamın öz ruhunu da çəkib aparır o aləmə. Sözün ağuşunda nə bu dünyadan xəbərin olur, nə də şeirin bitməsindən. Çünki şeir bitsə də, xəyal, fikir qanad açıb uçur hələ göylərdə. O ucalıqda isə sözün sehrindən çıxmaq çətin olur. Əlin – ayağın nərgiz, bənövşə ətirli o dərələrin şehində islanmayınca, ayıla bilmirsən. Fikirləşirsən, təəccüblənirsən – doğrudan ha, duman öz istəyi ilə hərəkət etmirmiş ki!?

–"İstəksiz dərədən daşına bilmək, istəksiz dərəyə dolmaq necədi"– qayğısına, intizarına, nigarançılığına heyran olursan!

Təbiətin – qasırğa, tufan əlindən qaçıb dumanın dərədə saxlamasın bilirdim –"Dərə"şeirindən. Hətta"ürəyi dolanda təbiət hərdən, çəkilib gecələr ağlar burada"– sirrindən də hali idim. Ancaq duman istəyi ağlıma gəlməmişdi. Sözlə çəkilmiş bu təbiət lövhəsinə baxdıqca baxmaq istəyir adam.

Mən də Məmməd Araz kədərini, dağ döşünə yatmış ağappaq dumana bənzədirəm həmişə. Bu duman dağı, dərəni tutsa da, bir güntutarlıq şeh qoyub, tez də çəkilib gedir, göylərə qalxıb bulud olur, bulaq olur, nur, işıq, yağış, qar olur… Gözəl vətən şeiri, şeirin vəsf etdiyi vətən qayaları, vətən daşları olur. Dağları daha bir boy ucaldır, şairin özünü ucalıqda, vətəni vəsf edən şeiri ucalıqda edir!

Musa Urudun iki misrası var:

Dağ var, duman altındadı,

Dağ var, dumandan ucadı!

Bu şeir tamamıilə başqa anlamda yazılsa da, mən öz yozumumda elə bilirəm, misralarda təsvir olunan hər iki dağ da, bu dağları tutan duman da elə Məmməd Arazdı.

Çox istədiyim bir uşaqlıq dostum var –Mirqadir,Naxcıvanda yaşayır, lirikadan kasaddı bir az, mən Məmməd Araz haqda həyəcanla, tez-tez söz açanda deyir:

– "Ə, mınnan olsa, deyəcək, dünyada nə qədər dağ-daş var, hamısını Məmməd Araz tikib, qayırıb. Təpələri o düzüb bu Qabıllının üstünə. Hansı ki, yeriyə bilmir eyy, sən öl! Televizorda özüm görmüşəm! Ə, bəsdi daaa bə,… ta nə qədər Məmməd Araz olar?"


Mənsə ümidləri, gümanları bir-birinə calaya-calaya özümü inandırmağa çalışıram ki, onun şeirlərində, şeirləri keçən hər bir vətən nişanəsində, vətən rəmzində, çəkilib şeir yazdığı otaqda – indi də Məmməd Araz ruhu dolaşır, yaşayır… Və nə qədər o şeirlər yaşayacaq, xatırlanacaqsa Məmməd Araz da boy verib duracaq – dura bildikcə.

Bəlkə də bunlar hamısı, özünü ovutmaq üçün yozulan yuxular, çəkilən ahlardı…

Nə bilim, vallah… Mənim üçün ən gözəl rəsm sözün, poeziyanın dili ilə yaradılan təbiət lövhələridi.Ruhu şad olsun Məmməd Arazın, Allah ömür versin Musa Yaquba, Ramiz Qusarçaylıya, onlar şeir yazmırlar ki, sözlə təbiət lövhələri yaradır, şəkil çəkirlər. Oxucuya bu lövhələrdən, bu şeirlərdən mənəvi zövq almaq qalır təkcə.

Məmməd Araz sözü sal qaya kimi necə oynadır, necə tərpədirsə, eləcə də söz başlayır adamı oynatmağa, tərpətməyə.

Deyirlər, hər bir şair ölümü, gedişi ilə dünyanın işığı bir az da azalır. Ancaq tam razılaşmaq olmur bu deyimlə. Cəmi ikicə şeirindən, görün, nə qədər işıq doldu, nur doldu qəlbimizə, dünyamıza…? Və Məmməd Araz öz ömründən kəsərək yüzlərlə belə şeirlər –işıqlar yandırıbdünyamız üçün.

Vəfatının 13-cü ildönümündə, anım günündə ruhu şad olsun Məmməd əminin!

…Yazını bitirsəm də, hiss edirəm – Məmməd Araz poeziyasına olanmənəvi aclığım heç bitmədi. Bəlkə, elə ayaqüstü, bir-iki misralıq da heyrətlənək:

Səs eşitdim…

Həm səs idi, həm qeyri-səs.

Səssizliyin harayını

Ürəkləri qulağında olmayanlar

Duya bilməz!

Səssizliyin də səsi olurmuş, sən demə, həm də nəinki səsi, hətta harayı!Təki bunu eşidə bilən ürəyin ola, qulaq nə karədi.

Geniş poetik imkanları ilə, bir də görürsən, şair ikicə misrada, hətta gecəni belə, ağ yağışda çimdirə, durulaya – dağ mehində qurulaya bilir:

Gecə ağ yağışda durulanıbdır,

Gecə dağ mehində qurulanıbdır.

Nəğmə toxuyan şairin hələ bir ipinə, hanasına, əriş-arqacına fikir verin:

Qapıb şimşəkləri bir şırım kimi,

Nəğmə toxuyurdu dağlar başında.

Şair oxuyurdu dağlar başında.


Beləcədir Məmməd əmi – bir misraya, bir dağın yükünü vurur, hünəri var, çəkməsin!

Mürgülü zəmilər gözləri dolu,

Dindirsən – kövrələn atam kimiydi,

Təpələr fikirli adam kimiydi.

Ata laylasıdı, elə bil, həzin, kövrək, mənalı, tutumlu…

Şairə nə var: istəyəndə muğamı ovuca yığıb havaya çiləyə də bilir, şirincə bayatını çimdiyə götürüb suya qata da… Vətən qeyrəti, vətən təəssübü çəkəndə isə, bir də görərsən, başına tərs dəyirmanlar çevirdi, bu yalan dünyanın…!

Məmməd Araz şeirlərinin iddiası, pafosu, İlahi harmoniyası mənə hər zaman insan potensialından yüksək görünüb. Düşünmüşəm: bəlkə, elə insan ərazisindən, insan imkanından çıxdığına görə, Tanrı onu qısqanıb və sağlığında cismani mərhumiyyətlərə düçar edib…?!

Nə bilmək olar, dərdi özümüz seçmirik axı…

Dekabr, 2017