adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
09 Aprel 2020 12:22
9569
GÜNDƏM
A- A+

KORONAVİRUSUN XOSROV CƏRGƏSİ

Xosrov taxta çıxandan bir neçə gün sonra xalqın meydana cəm olmasını əmr edir.

Padşahın qarşısında səf-səf, sıra-sıra dayananlar da onları nəyin, hanı aqibətin gözlədiyindən xəbərsiz idilər və arxalarında dayanan adamların kimliyi çoxları üçün bəlli deyildi. Sıra isə bu şəkildə düzülmüşdü: Birinci səfdə zənginlər, arxa tərəfdə kasıblar, üçüncü sırada əlillər, naxoşlar, dördüncü sırada qolları qandallı dustaqlar, beşinci sırada isə daha ağır cinayət işləyən qatillər...


Nəhayət, padşah gözətçiyə işarə etdi. Sıranın qarşısında dayanmış gözətçi qışqırıdı: "Geriyə dön!” Əmri eşidən kimi hər kəs arxaya çevrildi. Belə olan təqdirdə sıradakı varlılar qarşılarındakı yoxsulları görüb öz aqibətlərinə sevindilər, yoxsullar onlardan öndə dayanan xəstələrə nəzər salıb sağlamlıqlarına görə Allaha şükür etdilər. Xəstələr çevrilib dustaqları görəndə gen dünyada asudə gəzə bilməyin gözəlliyini anladılar, dustaqlar isə daha ağır cinayət işləmiş qatillərə baxıb cəzalarının daha tez başa çatacağını düşünüb toxtaqlıq tapdılar. Qatillər isə çevrilib gen dünyanı qarşılarında açılan ucsuz-bucaqsız nəhayətsizliyini – ümid yolunu görüb həyata daha çox bağlandılar.


Bu gün koronavirus dünyaya qəfil "geri dön” əmri verib. Daha az ölümlə sağ çıxan ölkələr itkilərin sayına görə qarşısında dayananlara baxıb şükür edirlər. Halbuki, dünənə qədər məqsədlər – xoşbəxtlik ünvanları başqa idi. İndi hər kəs üçün xoşbəxtlik naşükürü olduğu dünəndə qalıb. Dahinin dediyi kimi: "Dənizdə dənizin başına heç bir fəlakət gəlmir”. Dünya həmən dünyadı...