adalet.az header logo
  • Bakı 13°C
10 Aprel 2020 10:20
126721
MÜSAHİBƏ
A- A+

“Gözəllik karantində...” - SORĞU

Məlum olduğu kimi koronavirusa görə ölkədə karantin rejimidir. Bu səbəbdən gözəllik salonları və bu kimi xidmətlər qadağan edilib. Məşğul olduğu sahədə öz bacarığı və gözəlliyi ilə seçilən xanımlarımız bu tip ehtiyaclarını necə təmin edir?

Şairə Səhər Əhməd gözəllik salonlarından yalnız toya gedəndə və çəkiliş zamanı istifadə edir. Karantinə görə evdə olduğundan salonlara da ehtiyacı qalmayıb:


"Mən elə də gözəllik aludəçisi deyiləm. Ora daha çox çəkiliş günləri və ya toya, yığıncağa getməli olanda gedirəm. Karantinə görə evdəyik deyə belə bir dərdim yoxdur. Düzdü, bir az özümü diskomfort hiss edirəm, amma karantində ən böyük dərdim bu deyil.”

İctimai TV-nin əməkdaşı, aparıcı Nərmin Salmanova təkcə karantində deyil, adi günlərdə də bu işi özü daha keyfiyyətli görür:


"Adi vaxtda da sadə özünə qulluq prosedurlarını özüm edirəm. Heç toya gedəndə də salonda bəzənmirəm. Özüm daha yaxşı, təmiz və keyfiyyətli bacarıram deyə salona getməyə ehtiyac görmürəm. Ona görə də salonların xidmətini dayandırdığı vaxtda çətinlik yaşamıram.”

Şairə Nuranə Nur gözəllik salonlarından karantindən əvvəl də istifadə etməyib:


"Səmimiyyətimə inanmayanlar olacaq, amma mən heç vaxt salonlara getmirəm. Bu tip ehtiyaclarımı həmişə özüm qarşılamışam, ona görə mənim üçün fərqi yoxdur. Adi qulluq vasitələrini evdə də həll etmək olar. Düzdür, işə getməyəndə, hamı evdə olanda ev işləri bitmir ki, özümə vaxt ayırım. Karantin günlərində ancaq ev işləri və xəmir yeməkləri... Allah axırımızı xeyir eləsin, hamımız kökələcəyik. Məncə gözəllik salonlarından daha çox idman zallarına ehtiyac artacaq. Sağlıq olsun, təmiz havada piyada gəzmək hər ikisini əvəz edir mənim üçün.”

Müğənni Nura Suri belə durumda rahat olduğunu, əksinə karantində dincəlmək üçün fürsət olduğunu bildfirir:


"Uzun illərdir belə rahat olmamışdım. Qadın olmaq çox çətindir. Məşhur olmaq isə ondan da çətin. Hər zaman formada olmaq üçün salonlara, idman zalına qaçmaq, hündürdaban ayyaqabılarda, makyajda rahat olmayan libaslarda tədbirdən-tədbirə tıxacda gecikə-gecikə tələsmək asan deyil. Bilmirsən ki, evdə uşaqlarla məşğul olasan, "beauty" prosedurlara gedəsən, bazarlıq edəsən, ya pul qazanasan. Üstəlik saç baxımı, boya, üz dərisinə qulluq, kosmetoloqlar, idman zalı, aparat prosedurları, manikür, pedikür və s.

Evin hər problemi, uşaqların təhsili, məktəbi, məşğələləri saymaqla bitməyən işlər...

18 martdan salona getmirəm, heç bir işin dalınca qaçmıram. Dırnaqlarım, saçlarım, üz dərim, ayaqlarım (hündür dabanlardan) rahatlaşıb. İkiüzlü, yalançı, qeyri-səmimi insanları görmürəm ruhum dincəlir.

Normal insan kimi evdə övladımla insanların neqativindən uzaq vaxt keçirirəm. Narahat deyiləm.Dincəlirəm. Heç yerə tələsmirəm. Sabah necə olacaq bilmirəm. Düşünmək istəmirəm. Bu gün rahatam.

"Azərbaycan gözəli-2015”, Miss Turkvision”, "Miss və Mister Azərbaycan-2019” müsabiqələrinin qalibi olan model Aziza Kərimi gözəllik salonlarının bağlı olmasının onunçün çətin sınaqlardan biri olduğunu deyir:


"Bütün xanımlar kimi mən də salonsuz qala bilmirəm. İşlə əlaqədar olaraq tez-tez gedə bilməsəm də çalışıram həftədə iki dəfə gözəllik salonlarına gedim. Hal-hazırda mənim kimi salonsuz qala bilməyənlər üçün çətin sınaqdır.”

Emin Piri