adalet.az header logo
  • Bakı 6°C
10 Aprel 2020 08:38
20789
GÜNDƏM
A- A+

AQİL ABBAS: BU DƏFƏ HƏCC GƏLDİ AZƏRBAYCANA

1999-cu ildə Türkiyədə dəhşətli bir zəlzələ baş vermişdi. 30 mindən çox (rəqəm artıq da ola bilər, dəqiq bilmirəm) insan ölmüş, minlərlə də bina yerlə-yeksan olmuşdu.

Həmin dövr Həcc ziyarəti zamanına düşürdü. Türkiyədə hər il 60 minə yaxın insan Həcc ziyarətinə gedir. Hələ mən Ümrə ziyarətlərini saymıram. O zaman Türkiyənin Dəyanət İşləri başkanı, bizim dillə desək, Şeyxülislamı çıxdı televiziyaya və xalqına təxminən belə bir müraciət elədi:

- Ey yüce türk milləti! Bu il Həcc Türkiyəyə gəldi. Baş verən fəlakətin tezliklə aradan qaldırılması üçün Həccə ayırdığınız pulu zəlzələdən zərərçəkmişlərə, yəni bunun üçün ayrılmış fonda keçirin. Bu elə sizin Həcc ziyarətiniz olacaq.

Həmin vaxt Həcc ziyarətinə getməyə hazırlaşan 30 min insan ziyarət üçün topladığı pulu zərərçəkənlərin hesabına bağışladı.

Yeri gəlmişkən, təxminən 3-4 il əvvəl Ağcabədinin Hacılar kəndində yaşayan Seyid Məhəmməd Ağa Həcc ziyarətinə getmək üçün topladığı vəsaiti aparıb Yol Tikinti İdarəsinə bağışlamışdı ki, filan kəndə gedən yol bərbaddı, xahiş edirəm, həmin yolu bu pulla təmir edəsiniz. Və ziyarətə getməmişdi.


«Dolu» filmi çəkilərkən onunla görüşüb bir xahiş elədim. Dedim ki, mümkünsə filmdə bir səhnə var, orda iştirak edəsən. Soruşdu nə filmdi, nə səhnədi? İzah elədim:

- Ağa, əsgərlər və onların da arxasınca xalq cəbhə xəttini keçib piyada, özü də əliyalın, erməni gülləsindən qorxmayaraq Şuşaya gedirlər. İstəyirəm Komandirin ardınca gedən əsgərlərin arasında siz də olasınız. Cəddiniz həm əsgərlərimizə, həm də onun ardınca gedən xalqımıza kömək olsun.

Xeyli fikrə getdi və sonda razılaşdı. Diqqət eləsəniz, filmin sonunda səngərləri keçib üzü Şuşaya Komandirin ardınca gedən əsgərlərin ön sırasında o İmam övladı, başdan-ayağa nur olan Seyid Məhəmməd Ağanı görə bilərsiniz.

Yeri behişt olsun və cəddi cənabi Peyğəmbər millətimizə kömək olsun!

Bu il bildiyiniz kimi, Həcc ziyarəti dayandırılıb. Bizim kvotamız 1400-dü. Ən aşağı qiymət isə 4500 dollardı və bunun üstünə də əlavə xərcləri gəl. Təxminən 8-10 min dollara yaxın pul edir. Bu isə yüz mindən bir qədər artıq insanın ərzağı deməkdi.

Hörmətli ziyarətə getmək istəyənlər! Bu il Həcc gəldi Azərbaycana. Bəlkə həmin pulları məlum fonda köçürəsiniz və yaxud imkansız ailələri ziyarət edib ərzaq paylayasınız?! And olsun yeri-göyü yaradana, Tanrı bunu elə Həcc ziyarəti kimi qəbul edəcək.