adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
09 Aprel 2020 10:41
12086
MƏMLƏKƏT
A- A+

Faiq QİSMƏTOĞLU: SİRKƏ İKİ MANAT QIRX QƏPİYƏ

Bizim millətin çox qəribə bir xasiyyəti var. Kimlərsə eşidir ki, bəs nəyinsə qiyməti qalxdı. O dəqiqə əlhəşirə düşüb başlayırlar yavaş-yavaş qiyməti qaldırmağa... Hər hansı həkim peşman olub televiziyaya çıxıb danışanda o dəqiqə aləm bir-birinə dəyir. Məsələn, həkim deyir ki, sarımsağın insana çox xeyri var. Heç bir gün, bir saat keçmir ki, sarımsağın qiyməti 7 manatdan yuxarı olur. Bir müddət keçəndən sonra sarımsağın qiyməti qalxır nə az, nə çox 15 manata. Hansı ki, sarımsağın kiloqramını əvvəllər 1 manat, 1 manat 50 qəpiyə satırdılar. Görünür, bizim bəzi iş adamları elə belə bir himə bənd imiş. Bir də görürsən biri danışır ki, balam, immuniteti gücləndirən bir neçə qida məhsulları var. Məsələn, zəncəfil. Zəncəfil immuniteti çox gücləndirir. Budur, heç bir gün keçmir ki, kiloqramı 7 manata olan zəncəfili 45 manata satırlar. Camaatın da mağazada vitrinə baxıb gözü kəlləsinə çıxır. Almaq istəyən ala bilmir və qayıdıb gedir. Bir müddət keçəndən sonra zəncəfilin qiyməti bir az aşağı düşür. Yəni kiloqramı 24 manata satılır. Məsələn, Yeni Günəşlidə yerləşən "Ballı” marketin kənd təsərrüfatı mağazasında zəncəfilin bir kiloqramını 24 manata satırdılar. Almaq istəyən də əlini cibinə salanda hiss olunurdu ki, almağa imkanı yoxdu və bundan məyus olurdu. 24 manatın varsa buyur al, yoxsa kor-peşiman geri qayıtmalısan. Həkimlər deyirlər ki, filan meyvənin insana çox xeyri var. Məsələn, sitrus meyvələrinin tərkibində s vitamini var. Bir müddət keçmir ki, görürsən ki, bəzi işbazlar yenə həmin məhsulların qiymətini qaldırdılar. O gün televiziyada Seyfəddin həkim çıxışında bildirdi ki, balın, arı südünün və arı zəhərinin insana çox xeyri var, immuniteti gücləndirir. İnsan hər hansı infeksion xəstəliyə qarşı daha güclü olur. Həkim sonra gülərək bildirdi ki, qorxuram mən danışan kimi arı südünün, arı zəhərinin, balın qiymətini qaldırsınlar. Belə olmaz axı, bu millətin, bu xalqın günahı nədir? Bir neçə işbaz adam qaz vurub, qazan dolduracaq deyə, hər şeyin qiymətini qaldırmalıdılar?

Biz tez-tez evimizin yanındakı "Oba” marketdən bazarlıq edirik. Məsələn, bir həftə bundan əvvəl həmin mağazada bir şüşə sirkəni 75 qəpiyə almışdıq. Heç 3 gün keçmədi ki, o marketdən sirkə almaq istəyəndə qiymətə baxdıq və gözümüz kəlləmizə çıxdı. Məlum oldu ki, həmin sirkənin qiyməti iki dəfə bahalaşaraq 2 manat 40 qəpik olub. Gəl indi al görüm, necə alırsan? Deyəsən, bircə pomidor və xiyarın qiymətində ucuzlaşma var. Şükürlər olsun ki, hələ onun qiyməti normaldır. Yəni əvvəlki illərin müvafiq dövrü ilə müqayisədə pomidor və xiyar ucuzdur. Bunu da onunla izah eləyirlər ki, Rusiya sərhəddi bağlı olduğuna görə, bizim iş adamları yuxarıda adları qeyd olunan tərəvəzləri Rusiyaya apara bilmirlər. Ona görə də bizim bazarlarda və marketlərdə pomidor və xiyarın qiyməti ucuzdur. Görünür, Allahın bizə yazığı gəlir. Çünki bizim bəzi işbaz adamlar əgər yol açıq olsaydı, bəlkə də pomidor və xiyarın kiloqramını 5-6 manata camaata satardı. Hər halda, bu insanlar, bu camaat, bu millət bəşəriyyətin çox böyük təhlükəsi olan koronavirusla mücadilə edir. Belə bir məqamda, belə bir çətin anda insanların həyatı ilə oynamaq, onları iqtisadi məsələlərlə sınağa çəkmək çox böyük günahdır. Ona görə də bu günahdan hamı uzaq düşməlidir. Ən azından ona görə ki, heç kim bilmir ki, onu qarşıda hansı əzablı və çətin günlər gözləyir. Xalqın əzablı və çətin günlərinə isə ona zülm etmək yox, insaflı olmaq, kömək etmək lazımdır. Bu cür adamları Allah da çox sevər.