adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
08 Aprel 2020 09:37
53068
GÜNDƏM
A- A+

Qara taleli Ağdaban kəndi: işğalın 28-ci ili…

Kəlbəcərin işğalından bir il öncə erməni silahlı birləşmələri tərəfindən törədilmiş Ağdaban faciəsi Ermənistanın Azərbaycana təcavüzünün ən qanlı səhifələrindən biridir.

Adalet.az xəbər verir ki, Ağdaban kəndi Kəlbəcər rayonunda, Ağdaban çayının sağ silsiləsində, Ağdaban dağının yamacında, Murovdağ silsiləsinin cənub ətəyində, rayon mərkəzindən 56 km şimal-şərqdə yerləşir.

1992-ci ilin aprelin 7-dən 8-nə kecən gecə Ermənistan silahlı birləşmələri, Dağlıq Qarabağdakı erməni yaraqlılarının köməyi ilə Kəlbəcər rayonunun Ağdaban kəndinə hücum edərək 130 evdən ibarət olan kəndi tamamilə yandırıb, 779 nəfər dinc sakinə divan tutub, 67 nəfəri amansızcasına qətlə yetirərək soyqırım aktı törədiblər. Bir gecədə 8 nəfər 90-100 yaşlı qoca, 2 nəfər azyaşlı uşaq, 7 nəfər qadın diri-diri odda yandırılıb, 2 nəfər itkin düşüb, 12 nəfərə ağır bədən xəsarəti yetirilib. Ermənilər tərəfindən tarix, memarlıq və mədəniyyət abidələri dağıdılıb, müqəddəs ziyəratgah və məzarlıqlar təhqir olunub və məhv edilib. Erməni seperatcılarının Azərbaycan mədəni irsinə qarşı törətdikləri vandalizm siyasətinin davamı kimi Azərbaycanın klassik aşıq şeirinin ustadı Aşıq Qurbanın və oğlu Aşıq Şəmşirin əlyazmaları yandırılıb və talan olunub.

Ağdaban qətliamı törədilmə spesifikasına və xarakterinə görə BMT Baş Assambleyası tərəfindən 9 dekabr 1948-ci il tarixli "Soyqırım cinayətinin qarşısının alınması və ona görə cəzalar” Konvensiyasının müddəalarına uyğundur, beynəlxalq hüquq əsasında soyqırım cinayəti aktı kimi tövsiyə etməyə imkan verir və Aqdaban kəndinin dinc əhalisinə qarşı erməni-rus silahlı qüvvələri tərəfindən törədilən bu qırğın soyqırım cinayəti kimi dünya cəmiyyəti tərəfindən tanınmalıdır.

2014-cü il aprelin 2-də Kəlbəcər rayonunun işğalının 21-ci ildönümü ilə bağlı keçirilən anım mərasimində Azərbaycanın Kəlbəcər rayonu ictimaiyyətinin nümayəndələri Kəlbəcər faciəsi ilə bağlı Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına (BMT TŞ) müraciət ünvanlayıblar. Müraciətdə 1992-ci il aprelin 8-də Kəlbəcərin Ağdaban və Çayqovuşan kəndlərində, 1993-cü ilin aprelində Başlıbel kəndində erməni ordusu tərəfindən törədilən cinayətlərin Azərbaycan xalqına qarşı törədilmiş növbəti soyqırım aktı olduğu qeyd edilib.

Əntiqə Rəşid