KÖRPÜ

İRADƏ TUNCAY
52169 | 2007-02-17 00:37

Bir dəfə televizorda aparıcı xanım gəlinlik paltarlarını reklam edirdi. Uzunqol paltarları göstərib deyirdi ki, bunlar abırlı gəlinlər üçündür. Sözü mənə çox əyləncəli gəldi. Çünki mən abır parametrlərini paltarların qolları ilə ölçmürəm. Bu günlərdə də bizi idarə eləyənlərlə bizim aramızda körpü vasitəçiliyi edən televiziyalardan birində sevgi haqqında tok-şouya baxdım və yenə əyləndim. "Çörək və tamaşa" prinsipi fəaliyyətdədir. Sizinlə bölüşmək ehtiyacı duydum. Hər halda qəzet səhifəsindəki bu görüşlər sizinlə bizim aramızda körpü yaradır. Körpülərdən danışaq.
   
   Şəhərdə maşın sürənlər və yaxud da maşınla harasa gedənlər paytaxtımızda böyük vüsət alan yol-körpü tikintisindən xəbərdardırlar. Nə qədər ki, tikinti gedir, yollarla hərəkət etmək bir o qədər çətindir. Ancaq körpülər qurulub hazır olandan sonra təbii ki, rahatlıq yaranacaq, gərginlik azalacaq - yollarda azalacaq. Yolların bu mənada bəxti gətirib. Çünki məhz onlarla məşğul olan qurumlar mövcuddur. Dağılıb-söküləndə, cavabdeh şəxslər var, onlardan hesab istəmək mümkündür. (Babalı deyənlərin boynuna, hazır körpülərin keyfiyyətini şübhə altına alırlar). Ancaq mənim danışmaq istədiyim insanlar arasında, gözlə görünməyən, ürəkdən-ürəyə gedən, qəlblər arasında qurulan körpülərin, yolların uçulmağıdır. Təəssüf, bizi bir-birimizə yaxınlaşdıran nəyinsə qırılmasına günahkar saya biləcəyimiz konkret kimsə yoxdur. XXI əsrin başlanğıcında yaşayırıq, böyük kəşflərin nailiyyətlərindən istifadə edirik. Azdan-çoxdan nəyisə də anlamağı bacarırıq. Anlamağına anlayırıq, amma hissiyatımız ölür, hiss eləməyi unuduruq. Deyək ki, gözümüzün qabağında kimsə yıxılır. Anlayırıq ki, həmin o yıxılan ayaq altda qalıb əziləcək. Anlayırıq ki, əl uzadıb yardım eləməsək, bəlkə sonu olacaq. Anlayırıq, amma laqeyd, biganə ötüb keçirik. Çünki şüurumuz olsa da hisslərimiz yoxalıb, ürəyimiz daşa dönüb.
   
   Sevgililər günü ərəfəsində televizor pultunun düymələri ilə oynayanda gözüm təsadüfən gənc bir şairin çıxışına sataşdı. İstər-istəməz baxmalı oldum. Mən bu gəncin şerlərini sevirəm, yaradıcılığını izləyirəm. Gördüm sevgidən danışırlar. Bir qrup yaşı əllini adlamış şüuru və fiziologiyası qocalmış, bir qrup da fiziologiyası gənc, amma şüuru, düşüncəsi qocalmış şəxs tökülüblər bu gəncin üstünə. Hamı deyir sevgi var, milli mentalitet belə getdi, əxlaq-namus əldən getdi. Bir alim hormonların sevgiyə təsiri barədə nitq söylədi (Sözgəlişi deyim ki, hormonlar qurşaqdan aşağı üzvləri hərəkətə gətirir, bunun sevgiyə dəxli yoxdur). Hamı saxtakarlıq edir və guya cəmiyyətdə ən böyük defisitlərdən biri olan sevginin yoxluğundan xəbərsizdirlər. Qonşu qonşuya, qohum qohuma, nazir nazirə, bir yazıçı dəstəsi o birinə nifrət edir. Hələ müxalifət-iqtidar söhbətinə qarışmıram. Rus dilində bir "xanja" sözü var - dilimizdə qarşılığını tapa bilmirəm. Yalandan hər şeyə utanan, yalandan əxlaq nümunəsi göstərməyə çalışan, bir sözlə, saxta adamlara deyirlər. Adamlar sevgidən danışanda da səmimi ola bilmirlər. Hələ üstəlik keçmişi yaxşı xatırlanan bir aktrisa da oturub əxlaq dərsi verirsə, mənim day sözüm yoxdu. Nə eləmisən əcəb eləmisən, kimə nə dəxli var, amma kimsəni öyrətmə də, qadan alım. Belə sifətlərdən birini də tamaşaçıların arasında oturtmuşdular ("Bəsdir, bəsdir" mahnısının məşhur ifaçısı). O gənc şair olmasaydı, mən bu proqrama baxmazdım. Çünki izlədikcə içimdə natamamlıq kompleksi yaranır. El bil beynimizə yeritmək istəyirlər ki, siz bax, beləsiniz - birhüceyrəli məxluqatlar. Gənc şair şüurla, ağılla sevməkdən danışırdı, düşüncədən danışırdı. Yaralı yerlərinə toxundu, düşünmək nədi, nəyə lazımdı?
   
   Hər gün gördüyümüz, rastlaşdığımız bir mənzərə. Ətrafda bu qədər gözəllik varkən, düşüncəyə nə hacət? Dedi-qodu, şou, qarderoblar, ev-eşiklər, savaşmalar. Həyatımızın ən böyük savaşı da elə bu savaşlardır - artist siyasətçilərin, siyasətçi artistlərin. İncə qəlbinizin sarı siminə toxunub bu şadyanalığın içində sizə düşünməyi xatırlatmaq əlbəttə, günahdı. Yada salsın, ya yox, hər kəsin öz vicdanına qalacaq. Amma bu vicdan məsələsi də çox qəlizdi. Hər kəsdə var, ya yox, onu da bilmirəm.
   
   Gözlə görünməyən bir xəritə cızmaq istəyirəm. Bu xəritənin dağları nə olsun, şərti deyək - laqeydlik. Çayları nə olsun - məcrasını tez-tez dəyişən, hər çalaya axan əqidəmiz. Vadiləri, düzənləri, ovalıqları - bu ərazilərə sığışmayan iddiamız, harınlığımız. Dəniz də olsun - səbrimiz, mütiliyimiz, məddahlığımız. Xəritənin bir ucundan o biri ucuna çubuqla yol getsək balaca bir nöqtə taparıq, balaca bir təpəcik - bu da inadımız, ağrımız, düşüncəmiz... Bu təpəciyi qoruyaqmı? Onda tez-tələsik Mənəvi Ekologiya Nazirliyi yaratmaq lazımdır (yeni nazir kreslosu təşkil etdim, dost-tanışın işinə yarıyar). Qərar çıxarsınlar, bu xəritədəki təpəciyi çəpərləsinlər. Həm gələcək nəsillərə görk üçün, həm də qorxulu, zərərli meylləri izolə etmək üçün. Bu xəritədəki ən uca nöqtəni, zirvəni müəyyən eləmək sizə qalır, düşünə bilənlər. Körpüləri, yolları müəyyən eləmək sizə qalır. Hardan gəlib, hara gedirik- çaşmayaq. Harda göz yaşlarından buxarlanmış rütubət yenidən yağışla torpağa dönəcək, harda biganəlik toxumları münbit zəminə düşüb yamyaşıl göyərəcək - bunları bilək. Harda sevgisiz, mərhəmətsiz qalmış səhralar yaranacaq - bunları bilək. Ağzımıza vurulmuş qıfılların açarını tapaq, ürəyimizdən qorxunu söküb ataq. Qəribə adamlarıq - Allahdan qorxmuruq, vəzifəlilərdən qorxuruq. Ürəyimizi deşən ağrı qəlpələrini təmizləməyə bilmirik.
   
   O zirvəni tapsaq kilometrlərlə yox, zamanla ölçülən məsafələri qət edə biləcəyik. Qıfılın açarını tapsaq, itirdiklərimizi heç olmasa işartı kimi görə biləcəyik. Fikirləşə bilsək , düşünə bilsək bir-birimizə gedən yollar, körpülər bərpa olunacaq. Hormonal sevgilərlə də başımızı qata bilməyəcəklər. O sevgi tok-şousunun sonunda gənc şair üzünü tutdu bizim ağıllı, əxlaqlı sevənlərimizə və dedi":: "Siz burda nitq söyləyən qocalardan daha artıq, daha betər qocasınız". Bir vaxtlar Kafka gündəliklərində yazmışdı ki, "yəhudilər anadan qoca doğulurlar". Yəhudilərin qocalığı heç olmasa müdrik olur, mərəz olmur. Ay oğul, ora niyə getmişdin?
   
   Unutmuşam kim deyib, amma yaxşı deyib"::"İnsanları yaxından tanıdıqca, heyvanları daha çox sevirəm". Görünür, insan cəmiyyətindən bezib inzivaya çəkilənlər təbiət qoynunda, heyvanlarla əhatə olunmuş bir mühitdə həyat sürənlər məhz bu fikirlə razılaşanlardır. Ən azından bilirlər ki, heyvanların sevgisi saxta deyil, onlar sevdiklərini vəzifəsinə-puluna görə sevmirlər. İnsan cəmiyyətindən fərqli olaraq, fauna üzvləri öz hiss və duyğularını itirməyiblər. Lazım olduğundan artıq yemirlər. Lazım olduğundan artıq parçalamırlar. Lazım olduğundan artıq arealı zəbt etmirlər. İnsana təbiətin şahı deyirlər - amma təbiətin ən böyük düşməni elə insanın özüdür. Artıq tamahıyla çayları qurudur, meşələri qırıb qurtarır, vahələri səhraya, gölləri bataqlığa çevirir. Və bundan sonra gələn ekoloji fəlakətlərin ardından da aciz - avara qalır. Biz artıq övladı olduğumuz yer kürəsiylə də bütün diplomatik münasibətləri pozmuşuq və təbiətlə bizim aramızdakı körpüləri yandırmışıq. İnsandan-insana gedən körpülər də eləcə.
   
   Dönüb ətrafına baxırsan, gördüyün nədir? Didişmələr, dartışmalar, yalançı bəh-bəhlər, boğazdan yuxarı cəh-cəhlər. Ağzından çıxan, həqiqətə bir balaca uyğun gələn söz insan adlanan yırtıcıları qaldırır üstünə. Ya da qərara gəlirsən ki, dinib-danışmayacaqsan. Yenə olmur. Əzib tapdalayırlar. Belə olanda Qoqen kimi Taiti tapıb ora qaçmaq həvəsinə düşürsən. Onda da xatırlayırsan ki, ekzotik adalara getmək məziyyəti də ağalara məxsusdur. Bu fikirdən də vaz keçirsən. İnsanlarla danışıb dil tapmaq da olmur, onlardan qaçmaq imkanı da yoxdur. Qalır nə? Gerçəklikdən uzaqlaşmaq üçün hərə cürbəcür vasitə tapır. İçki şüşəsindən tutmuş, ovçuluğa qədər hər şey mümkündür. Ancaq bu halda da problemlər meydana çıxacaq. İçkilərin hansı məhsullardan hazırlandığı böyük sual altındadır, tez-tez zəhərlənmələr olur, ovçuluğu da "quş qripi"nə görə məhdudlaşdırıblar. Bir də ki heyvanlar bizim ən yaxın həmdəmlərimizdir. Onları öldürməklə təbiətlə ünsiyyətimizi qırırıq.
   
   Bir neçə ay bundan əvvəl mənim çox sevdiyim, neçə illər saxladığım itim öldü. İnsanlardan qat-qat ağıllı, insanlardan qat-qat vəfalı, sədaqətli. Dili, danışmağı olmasa da mən onu, o da məni çox gözəl anlayırdı. Qanım qara olanda başını dizimin üstünə qoyub sakit üzümə baxırdı. Əhvalım yaxşı olanda həyətdə o tərəf-bu tərəfə qaçıb, şən-şən quyruq bulayırdı. Mən bilirdim ki, bu it bütün hərəkətlərində səmimidir. Məndən istədiyi də sevgi və nəvazişdən başqa bir şey deyil. Onun gözlərində gördüyüm məhəbbəti mən insanlarda heç görmədim. İndi onun boş xaltasına baxıb anlayıram ki, mənə çox yaxın bir varlığı itirmişəm. Həyatımdakı bir sevgi, hərarət körpüsü dağılıb.
   
   Mən bilmirəm insan övladı tarixin hansı ilkin çağlarında birinci dəfə, nə vaxt körpü qurmaq həvəsinə düşüb. Əvvəl-əvvəl yəqin çox kiçik maneələri dəf edib - çaylardan, arxlardan keçid düzəldiblər. İnkişaf getdikcə ağacdan - daşa, daşdan-dəmirə, sonra daşdəmirə - yəni betona yol alıblar. Körpülər tikildikcə insanların işi asanlaşıb. Yol rahatlaşıb. İndi insanlar nəinki suüstü, yerüstü, hətta yeraltı, sualtı yollar da tikirlər. Görünən budur ki, adamların şüuru da, ağlı da inkişaf edir. Amma hissləri ölür. Hisslər öldükcə də ürəyimiz daşa dönür və bizim bu körpü tikintisində istifadə olunan daşlardan heç bir fərqimiz olmur. Daşı da ki, söküb hər hansı bir tikintidə istifadə etmək olar. Daşdan həbsxana da tikmək olar, saray da. Daşı əzib toza çevirmək də olar. Toz da küləklə sovrular, yoxa çıxar. Daşdan, dəmirdən körpü tikmək asan məsələdir. Körürsünüz, şəhərdə tikinti necə böyük vüsət alıb. Düşünmək lazımdır - gözlə görünməyən körpülərin taleyi necə olacaq? Xudafərin körpüsü kimi? Ha deyirəm, bu mövzulardan yan keçim, olmur, vallah, olmur.

TƏQVİM / ARXİV