adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
06 Aprel 2020 15:21
42998
ƏDƏBİYYAT
A- A+

Sabir Abdin: DUALI ƏLLƏRİN GÖYÇƏYƏ KÖRPÜ























(Bu şeir Azərbaycanın Milli Qəhrəmanı Şövqiyar Abdullayevin və onun qardaşları olan dostlarım Aslanın, Elcanın və Şəmsinin ataları, Göyçə elinin müdrik ağsaqqalarından biri, müəllimlərin muəllimi çox hörmətli Cəmil müəllimə həsr olunur)


Görüşdük səninlə yenə bu axşam,

Yenə Göyçədəndir söhbətin, sözün.

Elə bil Göyçədən indi gəlmisən,

Necə də nur saçır işıqlı üzün.


Dindi xatirələr, döndün gəncliyə…

Üzündə, gözündə duman sürünür.

Əllərin gizlənir ağ saçlarında,

Bu kiçik mənzilin nura bürünür.


Qibləyə durmusan dağlara sarı,

O dağlardır yenə səni çağırır…

Yağır gözlərindən Göyçənin gölü,

Yağır ürəyinə, üzünə yağır.


Dağlarda ömrünü keçirən kişi,

Bu kiçik mənzilə necə sığırsan?!

Dualı əllərin Göyçəyə körpü…

Gecə də , gündüz də səssiz yağırsan.


Didərgin düşsən də eldən, obadan,

Giley eşitmədim sənin dilindən.

Yorğun gözlərində ümid oyanır…

Silahın əsandır, düşmür əlindən


Bir şəkil asılıb başının üstə,

Sənin gəncliyindi, divardan baxır...

Şəhid Şövqiyardı, əziz balandı

Onunla danışmaq necə də ağır...


Gözlərin yol çəkir, bilirəm yenə...

O, Vətən daşıdır, yenə də sağdır!

Bürünmüsən ona bir bayraq kimi,

Sən uşaq saydığın indi bir dağdır,

Bütov Azərbaycan , ana torpaqdır!


5 aprel 2020-ci il.