Səni sevirəm, Bakı - Əzizə İsmayılova yazır

ƏZİZƏ İSMAYILOVA
126927 | 2020-04-06 13:42

Söz verdiyim kimi daha da sərtləşdirilən karantinin ilk günü, ərinmədim, şəhərin halını müşahidə etməyə getdim.

Düşünürəm ki, bilərəkdən bazar günündən tətbiq etdilər ki, görək SMS'lə çölə çıxmağın adaptasiya prosesi necə keçir.

Piyada marşrutum: 6 mkr-Daxili Qoşunlar-Xutor üzü Azpetrola-üzü Qoşa zapravka -Ayna Sultanova - Gənclik (Mall tərəfə keçmədim) - geri Həsən Əliyev - üzü Azadlıq pr- Azadlıq pr-ti üzü Varovskiy və 6 mkr. - şəkillər hamısını deyəcək.

Avtobuslar: Demək olar ki, bu boyda ərazidə 4 ya 5 dəfə avtobus gördüm, 3-ü "M" yazılan idi. Neçə dayanacaqda gözlədim heç bir avtobus gəlib çıxmadı deyə mərkəzə düşə bilmədim, marşrut bu istiqamətdə alındı.



Avtobuslar sabah da belə işləyəcək yoxsa bazar günüdür deyə belədir? - sualını verdim, BNA-nın vuran ürəyi Mais Ağayevə, dedi ki,

- Bəli, bazar günüdür deyə belədir. Sabah qaydasında olacaq.

Haşiyə: Məncə də normal idi. Küçədə 2 cüt bir tək adam üçün dəqiqəbaşı marşrut xəttə buraxmaq sərfəli deyil.
O ki qaldı, " yaxşı, bəs bu sms'lə 2 saatlıq icazə alıb yarım saat dayanacaqda vaxt itirməli olan vətəndaşın halı nə olsun? - sualına, bunu verə bilmədim. Çünki gec ağlıma gəldi.Hər halda sabah işə gedənlərə problem olmaz.

Marketlər: Dünən haray qopdu ki, "ay aman marketlərdə mal qalmadı". Yolumun üstə olan bütün market və supermarketlər həmişəki kimi idi. Şəkillərdə görə bilərsiniz.



Marketlərin ağzında patrullar durub içəri girənləri yoxlayır - yazmışdılar. Heç birində elə şey görmədim.

Patrullar: 12 yerdə qarşıma çıxdılar. İkisində saxladılar. Mədənicə icazə olub olmadığını soruşdular. Press kartı göstərdim. Niyə maska-əlcək taxmadığımı soruşdular.

İzah etdim ki, "bu, vətəndaşın öz seçimidir. Maska və əlcək taxmalıdır deyə bir tələb nə ÜST-nın, nə onun tövsiyələrini üstün tutan TƏBİB'in, nə də Operativ Qərargahın qərarında yoxdur. Bu, sadəcə tövsiyə oluna bilər. Sağlam adam maska taxmamalıdır, onu xəstə insan ancaq başqası ilə təmas zamanı taxmalıdır. Təmiz havada maska heç bir halda taxılmaz. Hörmətli Zahidov da bunu dəfələrlə deyib"- gülümsündülər.


Çox mehribanca biraz söhbətləşdik. Qarşımda duran, maşallah boylu-buxunlu, patrulun əlindəki əlcək cırıldığı üçün onu gizlətməyə çalışmasını görsəm də üzünə vurmadım. Əslində, axı onlara niyə bu zülmü edirlər görəsən? -düşünüb gülümsündüm.

Biraz aralıda marketdən bazarlıq edən bir dayıya kömək edən patrul da gözümdən qaçmadı.

Tam səmimi olsam, patrulları ilk görəndə bir üşütmə keçdi içimdən. 90-cı illəri xatırladım. Polislərə gözümüz öyrəşib, daxili qoşunların əsgərlərini görəndə istər-istəməz o illərə dönürsən. Əlbəttə bu hiss o illəri görənlərdə yarana bilər, görməyənlər üçün yəqin ki, bir fərqi olmaz.

YPX: Daim hərəkətdə idilər. İstənilən yerdə maşınları saxlayıb icazə soruşurdular. Onlardan biri lap xoşuma gəldi.

Deməli, Atatürk pr-də yoxlanış edirlər, elə yaxınlaşmışdım ki, biri farağat formada durub -necəsiniz Əzizə xanım? - dedi.

Bahooo, özümü İngiltərə kraliçası Elizaveta kimi hiss etməzmiyim?. Öz-özümə dedim " ay sizə o maskanı məcbur taxdırana nə deyim. Üzünü görərdim barı

-Nə təzə xəbər var, Əzizə xanım? - soruşdu.
-Nə bilim, gəzirəm də görüm yeni nə tapacam- dedim. Hər iki tərəf bir birinə uğur arzuladı və aralandım.

Yollar: Boşluq, sakitliq. Yolda olan maşınlardan bəzilərinə elə qaz verirdilər ki, sanki bütün əsəblərini boş küçələrdən çıxmaq istəyir sahibi.

Şəhər: Hələ də çaşqındır. İnsan olmayan yerdə ruh nə gəzir e?

Belə, müşahidəm bitdi. Şəkillərin hamısını yüklədim ki, qoy bu tarix burda qalsın. Bəlkə kimsə baxmaq istəyəcək.

Sabah hər şeyin daha yaxşı olması arzusu ilə, əziz adamlar.

Səni sevirəm,Bakı


TƏQVİM / ARXİV