DAŞ

İRADƏ TUNCAY
55645 | 2007-02-16 15:48

 Nə qədər atılıb düşsək də, nə qədər özümüzü öysək də, tariximizi nə qədər çözələsək də arayıb-tapa biləcəyimiz, söykənə biləcəyimiz əməllərin, hadisələrin sayı çox azdır. Yazılmış və yazılmamış tarixin böyük faizi əsarət tarixidir. Və əgər indiyə kimi xalq dediyimiz bu insanlar özəlliyini, özünəməxsusluğunu, dilini qoruyub saxlaya bilibsə, mən bilmirəm kimə şükürlü olaq - taleyəmi, zamanın gərdişinəmi, Tanrıyamı? Hər halda, bu günə gəlib çıxmışıq. Bundan sonra nə olacağı isə məni çox düşündürür. Laqeyd ola bilmirəm - çünki mən də, övladlarım da, onların gələcək nəsli də burda yaşayacaqlar. Daş öz yerində ağırdır və bu daşı yerindən tərpədib başqa xalqların qayalarına, dağlarına yapışdırmaq cəhdi heç də uğurlu olmayacaq. Özü də anlasaq ki, anlamaq istəsək ki, dünya üçün bizim "daş"ımız çox ağırdır, bu çabalamaqların nə faydası? Dünya bizimlə beş-daş oynayır, ağlımızı işlətsək bu daşları yavaş-yavaş yığıb saxlayardıq, zamanı gələndə heç olmasa başqa silahımız yoxsa da, daşla cavab verərdik.
   
   Əvvəldə dedim ki, əsarət tariximizin söykənə biləcəyi hadisələrin sayı azdır. Amma bizim söz, fikir tariximiz var. Bunu kimsə inkar edə bilməz. Xalqın istəklərini, arzularını hər zaman onun sözü ifadə edib, qılıncımız olmayıb. Xalq həm də onu deyib ki, "qılınc yarası sağalır, söz yarası sağalmır". Bəlkə elə bundandır ki, söz deyənləri dara çəkiblər, dərisini soyublar, güllələyiblər. Min ildən artıq söz tarixi olan bizlər niyə belə günə qalmışıq ki, söz ürəyimizi deşsə də susuruq. Özü də xırda, merkantil maraqlarımıza görə susuruq, "palaza bürün, elnən sürün" prinsipini işə salırıq. Sürünmək istəməyənlər necə olsun? Hamı ilan görkəminə düşmək istəmirsə necə olsun?
   
   İmzamı azdan-çoxdan tanıyanlar bilirlər ki, çox yaxın zamanlara qədər sözümü ekrandan deyirdim. İndi olmaz - qadağan olunub. Rejim dəyişib - yox, kurs dəyişib - yox, demokratiyaya doğru yönəldiyimiz yoldan çıxmışıq - yox. Sadəcə olaraq, bizim balaca məmləkətin balaca telekanalında rəhbərlik dəyişib. Belə düşünmək olar ki, nə dəxli var, işləyə bilən, bacarığı olan adamlar başını aşağı salıb öz işiylə məşğul olsunlar da... Amma yox, belə deyil, ən balaca idarədə də rəhbərin anlayışlı olub-olmamasından çox mətləblər asılıdır. O ki ola ideoloji sahə, aşağıdan-yuxarıdan təzyiqlər ola, hamının maraqlandığı sahə ola. Cənabların, ağaların televizora baxmaq vaxtı olmasa da, prezidentə səs verəcək kütlənin böyük əksəriyyəti Azərbaycan dilində, Azərbaycan mədəniyyətinə aid, Azərbaycan tarixinə aid verilişlərə baxmaq istəyir. İnsanlar arasında hörməti olan, obrazı olan bir televiziyanın rusların boyat filmlərinin, unudulmuş rejissorlarının, məmurlarının ruporuna çevrilmək lazım idimi? Bunun üçün rusların maddi-texniki bazası bizdən qat-qat artıq olan çoxsaylı kanalları var, eninə-uzununa göstərsinlər də...
   
   Bizim məmləkətdə televiziya adlanan bu sehrli, müəmmalı, hamının can atdığı məkanın yaradılmasından əlli il ötür. Bu əlli ildə insanlar onunla çox qaynayıb-qarışıb, çox doğmalaşıblar. Televizor hər evdə, ailədə ayrıca bir üzvdür. Hər evin, ailənin istəklərindən asılı olaraq günün müəyyən saatlarında ya dünyada baş verəndən xəbər verir, ya oxuyur, ya siyasətçilərin yalan-doğru dediklərini çatdırır, ya da olub-keçənləri xatırladır. Bu mənada televiziya həm də tarixin daşıyıcısıdır, arxivdir. Amma arxivə münasibət birmənalı deyil. Hər zaman kəsiyinə həmin dövrün ağaları sahiblik edir. Arxivdə qalmış tarixin necə göstəriləcəyi də həmin sahiblərdən asılıdır. Ya üstündən sükutla keçəcəklər, ya da qara haşiyələrə alacaqlar. Bu artıq həyatımızın normasına çevrilib və biz də buna uyğunlaşmışıq.
   
   Tələbə vaxtlarımdan televiziya və radioda çalışmağa başlamışam. Əlli ilin iyirmi beşi həyatımdan keçib. O qədər hadisələrin şahidi olmuşam ki... Sima və sifətlərlə tanış olmuşam ki... Təbii ki, simaların azlıq, sifətlərin çoxluq olmaq şərtilə. Mən işlədiyim müddətdə televiziyada 6 dəfə sədr dəyişikliyi olub (Elşad Quliyevin 92-ci ilin yazında bir neçə aylıq dönüşünü da saysaq). Hər yeni gələn yeni hökmlə, yeni hikkəylə, oraq-dəryazla gəlirdi. Hər gələn elə bilirdi ki, burda əbədi qalacaq - asıb-kəsməklər başlanırdı, "əcinnə ovu", düşmən axtarışına çıxırdılar. Mənim işlədiyim 81-94-cü illər arası bu belə idi. Daha doğrusu, 90-cı ildən sonra inqilab dalğası nə qədər adamı gətirdi, sonra da yuyub apardı. Onları yuyub-aparmağına apardı, amma nə qədər insanın taleyi qırıldı, işinə zərbə oldu. Düzdür, bir dəstə yaltaqlar xoru var idi ki, onların işi hər sədrin vaxtında yaxşı olub - evdə hazır maskaları vardı, birini çıxarıb o birini taxırdılar (indi deyəsən onları da təqaüdə yola salırlar. Təzə sədr televiziyada böyüdüyündən köhnələrin repertuarını əzbər bilir). Hər yeni gələn özündən əvvəl nə varsa inkar edir və bu inkar insanların başında çatlayır. Kimsə filankəsin vaxtında efirdə çox görünüb, kimsə filankəsin vaxtında iki addım irəliləyib... Bu bizim cəmiyyətin gerçəkliyidir, bundan qaça bilmərik ki. Yaxşı ki, sonralar özəl kanallar yarandı, kiminsə baş götürüb gedəcəyi yer oldu. Demək olar ki, bu gün özəl kanalları ayaq üstə saxlayanlar da elə AzTV-nin şinelindən çıxanlardır.
   
   Televiziya mövzusu məni niyə belə düşündürür? Əvvəldə dedim ki, həyatımın 25 ili bu məkanla bağlı olub. Gözümün qabağında adamlar kağızdan oxumadan fikirlərini ifadə etməyi öyrəniblər. Gözümün qabağında adamların rəngi dəyişilib, gözümün qabağında böyük bir dövlətin ideoloji əsasları laxlayıb. Məhz həmin dövrdə işləmək çox çətin idi - rejim, formasiya dəyişirdi, yerində isə qaragüruh şüarlardan və şüurlardan başqa bir şey görmək olmurdu. Millətin "zərif" əsəbləri hər sözə reaksiya verirdi. Hücum çəkib televiziya binasının qarşısına gəlirdilər. O vaxtlar mən sadəlövhcəsinə fikirləşirdim ki, bu "xalq hərəkatıdır", xalqın heysiyyatına toxunanda belə olur. Çox sonralar nəyin nə olduğunu anladım. Böyük dövlətlərin kiçik laboratoriyalarında bu planlar çoxdan cızılmışdı - həmin vaxt həyata keçirilirdi. O zaman işdə oturub telefonun dəstəyini qaldıranda ancaq söyüş eşidirdik. Bu söyüşü söyənlər də, bu söyüşü sifariş verənlər də çox gözəl bilirdilər ki, televiziyadan səslənən fikirlər də, bəyanatlar da yuxarıdan gəlir. Yuxarıda kim oturubsa, siyasətin necə olacağı da həmin adamlardan asılıdır. Bu təbiidir və o günlərdə televiziyanın sıravi əməkdaşlarının qara günləri başladı. İntriqalar, sədr kreslosu uğrunda mübarizə, dəyişikliklər (keyfiyyət yox, kəmiyyət), neçə cəbhəyə casusluq. Mən bütün bunları müşahidə etmişəm və bütün bunlar mənim üçün əməlli həyat dərsi olub. O qədər tragikomik situasiyalarla üzləşmişik - Vəzirovun dönəmində, Cəbhənin bərk gedən vaxtlarında gözəl diktorlarımızdan biri müğənnilik eşqinə düşdü və o zaman sədr olan Elşad Quliyevi məcbur elədi ki, onun yarım saatlıq konsertini efirə versin (bilməyənlər üçün deyim ki, o zaman belə böyük konsertlər korifey sənətkarlar üçün nəzərdə tutulurdu). Hamıya da hədə-qorxu gəlirdi ki, cəbhəçidi, Etibar Məmmədovun sağ əlidi və sairə. Bəlkə də nə cəbhəçilər, nə də Etibar Məmmədov həmin adamı ciddi qəbul eləmirdilər də. Deyək ki, o vaxtlar hərc-mərclik dövrü idi. Belə hadisələrin olmasını təbii qarşılamaq olardı. Bəs sonra? Neçə illər Azərbaycan televiziyası eksperiment obyektinə çevrildi. Bütün məsələlər şəxsi münasibətlər müstəvisində həll olunmağa başladı və bunun fonunda televiziyada böyümüş, orda can qoymuş profesionallar kənarda qaldılar. Təsadüfi adamlar oldular qaymaq - tez-tez hakimiyyət dəyişdiyindən qaymaqları da üzdən tez-tez çəkirdilər, axırda da şitin-şorun çıxartdılar. Yadımdadı, cəbhənin vaxtında bir görkəmli yazıçını sədr müavini qoydular. Otaqda onun o dövrkü hakimiyyət haqqında mədhiyyələrini o qədər dinləmişik ki. Sonra lap az zaman ərzində vəziyyət dəyişdi. Çıxdı efirə, Elçibəyə lənətlər yağdırdı. İndiyə qədər də həmin vəzifədə işləyir. Belə adamlar deyəsən bütün hakimiyyətlərə sərf edir. Sabahkı gün haqqında heç kəs fikirləşmək istəmir.
   
   Görünür ən böyük problem elə budur - adamlar balaca bir kürsüdə özlərinə yer edən kimi həm dünənki günlərini unudurlar, dostlarını unudurlar, hadisələri unudurlar, həm də sabahkı gün haqqında düşünmək istəmirlər. Özləri unudanda elə bilirlər ki, başqaları da unudub, heç nə xatırlamır. Amma mənim vəzifəm olmadığından yaddaşım çox yaxşıdır, hər şeyi xatırlayıram. Yadımdadı ki, 80-ci illərin axırlarında "Dalğa" proqramında indi çox məşhur bir rejissor çıxış eləyirdi, "zastoy" dövrünün eybəcərliklərini damğalayırdı və həmin proqramda onun filmini də göstərdilər, balaca bir film idi, adı da "Xaş s muzıkoy". Mən hər kəsin fikrinə hörmətlə yanaşıram, amma bu fikirlər dəqiqəbədəqiqə dəyişməmək şərtilə.
   
   Ümumilikdə 50 illik Azərbaycan teleməkanında vaxtilə öz yeri olan, obrazı olan "Space" telekanalında çalışmağımın 5 ili tamamlanır. Mənim düşüncəmə görə, ədəbiyyat, sənət kimi televiziya da xalqın milli sərvətidir. Ən azından ona görə ki, bizim insanlar yazılmışları oxumağa yox, rahat kresloda oturub pultun düyməsin basmaqla nəyisə eşidib, görməyə meyllidir. Nəyi görüb, nəyi eşidəcəkləri isə ekranın o tərəfində, televiziya mətbəxində biş-düş eləyənlərdən, ən əsası çömçənin kimin əlində olmasından asılıdır.Çox yaxın zamanlara qədər "Space" Azərbaycan dilinin, mədəniyyətinin, tarixinin, ədəbiyyatının təbliğatçısı idi.Cəmiyyətdə baş verən hadisələrə mərkəzçi mövqedən reaksiya verə bilirdi. Əgər Zəlimxan Yaqub öz fenomenal yaddaşı ilə ayda bir dəfə hansısa unudulmuş söz adamını bizə xatırladırdısa, bunun nəyi pis idi? Əgər "Gecə kanalı" millətin tanınmayan, amma ləyaqətli, şərəfli ziyalılarını tapıb üzə çıxarırdısa və gecənin bir aləmi insanlar ekran qarşısında oturub Azərbaycan dilində intellektual söhbətlərə qulaq asmaq istəyirdilərsə, bunun nəyi pis idi? İndi böyük-böyük məqamları zəbt eləyənlərin əksəriyyəti elə düşünür ki, Azərbaycan dilində danışmaq insanın mədəniyyətinin azlığına dəlalət eləyir, bu dildə danışanlar vəhşidir, "çuşkadır". Qəribədir ki, əsarət dövründə biz dilimizi indikindən daha artıq qoruyurduq. Vaxtilə uşaqlarını Azərbaycan məktəblərinə göndərib bu məktəbləri bağlanmaq təhlükəsindən qurtaran ziyalılarımız da ağzına su alıb oturub. Dinib-danışan yoxdur ki, bir kanalın efirindən gündə neçə saat yad dövlətin dilində danışmaq olar? Naxçıvanda yaşayan qohumlarım zəng eləyib deyirlər ki, bala, rəhbərliyinizə təşəkkür elə, rus dilini əməlli öyrənirik. Mənsə fikirləşdim ki, Ümummilli liderimiz Heydər Əliyevin çətin vaxtlarında onu qoruyan elə əyalətdəki təmizqanlı, öz dilində danışan sadə insanlar oldu. Daha şəhərdəki "rusbaşlı" kosmopolitlər yox. İndi oturub gözləsək ki, əyalətdəkilər də belə siyasətin hesabına öz köklərini unutsunlar, dədə-babasını dansınlar, onda vay bizim halımıza. Postsovet məkanında bir neçə respublika var ki, onların iki dövlət dili var - öz ana dilləri və rus dili. Mən dəqiq bilirəm ki, bizdə dövlət dili Azərbaycan dilidir. Bir neçə il bundan əvvəl bununla bağlı Heydər Əliyevin sərəncamı da çıxmışdı. Hətta televiziyada yayımlanan filmlərin və cizgi filmlərinin də dublyaj olunub dövlət dilində səsləndirilməsi tapşırılmışdı. Deyək ki, kanalın dublyaj üçün maddi-texniki bazası yoxdur, orijinal verilişlərə də imkanı çatmır ? Bəs onda niyə Baklay, Doqa, Şaleviç, Qarkalin üçün niyə kamera, montaj yeri tapılır? Bizim özümüzə aid olanları nə vaxt xatırlayacağıq? Ah, bunların incə zövqü bu barbarları bəyənmir... Yüksək materiyalar haqqında düşünənlər bu qədər bəsit insanların səviyyəsinə düşmək istəmir... Xəyallar göylərdə uçur... Yerə enmək vaxtı çatmayıbmı, cənablar? 2006-cı il başa çatır. 2008-ci ildə prezident seçkilərində səs verəcək kütlənin 99 faizi Azərbaycan dilində danışan və sizin bəyənmədiyiniz, yuxarıdan aşağı baxdığınız insanlar olacaq. Onların da istəklərini nəzərə almaq gərək deyilmi? Bu kanal yarandığı gündən yaxın zamanlara qədər Azərbaycan xalqına və dövlətçiliyinə xidmət edib. Enişi-yoxuşu olub, çətinlikləri olub. Demirəm hər şey gözəl idi, ideal idi. Cəmiyyətdə baş verənlər buraya da sirayət edirdi. Amma hər halda bir tarazlıq var idi. Bir zaman bu kanalın simaları Nərgiz Cəlilova, Mehriban Ələkbərzadə, İlhamiyyə və Həmid Herisçi cütlüyü idisə, indi səhər Mister Pitkin, axşam Mister Bin, dünyanın idiot qəhrəmanları. Öz idiotlarımız özümüzə bəs eləmir, kənardakıları da gətirib bayraq eləmək lazımdır? ( Gözünüz aydın, deyir Cavan Zeynallı da "Space"də veriliş açır) Günortalar da kərtənkələlər və qarışqalar, arada-bərədə delfinlər, heç kimin baxmadığı vaxtlarda da elə it aparan olsun deyib bizə aid nə isə görsənmək istəyir.
   
   Dünənə qədər bütün prezentasiyalarını, çıxışlarını həmin bu kanalda edən şəxslər indi niyə düşmən axtarışına çıxıblar? Dünənə qədər həmin bu kanalın "Sabah" proqramında keçmiş mədəniyyət nazirinin ünvanına eninə-uzununa döşəmək olurdu, sonralar niyə səhər efirində pişiklərin sevişməsindən danışmaq lazım gəldi? Və gərək nə qədər xof olsun insanın içində ki, Elçibəyin xatirəsini anmamaq üçün təqvimi efirdən çıxarsın və bunu özünün yuxarılara olan sədaqətiylə izah eləsin. Nə vaxtdan Elçibəyi xatırlamaq dövlət siyasətinə zidd bir şey olub? Ümummilli liderimiz Heydər Əliyev Elçibəyin xidmətlərini dəfələrlə qiymətləndirib. Elçibəy rəhmətə gedəndə yüksək səviyyədə dəfnini təşkil edib, özü dəfn mərasimində iştirak edib. Elçibəyin qəbirüstü abidəsinin qoyulması haqqında sərəncam imzalayıb və sair və ilaxır. Demək dünən başqa, bu gün başqa. Biz yenə həmin adamlarıq, hər kəsə qulaq asa bilən. Dəyişənlər dəyişib - kürsü dalına keçən kimi özünü itirməmək hər oğulun hünəri deyil. Bu dəyişənləri mən çox görmüşəm, aqibətlərini də xatırlayıram. Eləsi olub ki, işdən çıxanda camaat onu AzTV-nin həyətindən fıştırıqla qovub.
   
   Biz doğrudanmı başımızı bu qədər itirmişik ki, böyük bir ideoloji maşını cilovsuz-yüyənsiz buraxaq? Biz o qədərmi inkişaf etmişik ki, min bir əziyyətlə qurulub-yaranmış müəssisəni kiminsə qara gözlərinə qurban verək? Çox sevimli bəndədirsə, içində istedad işartıları var, kömək eləyin yaradıcılığı ilə məşğul olsun. "Çörəyi ver çörəkçiyə"... Bir də bizə izah eləyin, siyasət dəyişibsə, günəş yenə şimaldan doğursa, bizdə bilək gedək boynumuza bir xaç asaq. Onsuz da bütün dünya bizə islam faşisti deyir. Bu yolla bəlkə güzəranımız da dəyişər. Yox, əgər belə deyilsə,bir əncam çəkin.
   
   30-40 il televiziyada can qoymuş Nadir Axundov getdi, kanalda böyük zəhmətləri olan Mehriban Ələkbərzadə getdi, İlhamiyyə, Həmid getdi, düzgün yazmaq, düzgün ədəbi dildə danışmaq öyrətdiyimiz cavanlar getdi, bəs kimlər gəlir? Televiziyaya qətiyyən dəxli olmayan dost-tanış. Yəqin rəhbərlik "likbez" kursu açacaq. 60 yaşına qədər "Baksovet"də işləmiş adama televiziyanın əlifbasını öyrədəcəklər. Kosmetoloq efirə çıxacaq (potomu çto, u nee priyatnaya vneşnost). Adamın zəhmətinə heyfi gəlir. Zəhmət çəkirsən, daşı daş üstünə qoyursan, kimsə kənardan gəlib hər şeyi dağıdır, hələ sənə damğa da vurur. Dağıtmaq çox asandır - ortalığa nə qoya biləcəksiz? Sözün dəyəri olan bir məkanda indi söz yazan adamlar bir sinif kimi gərəksiz olub. Televiziya kino deyil - burda hər hansı bir söz cəmiyyətdə böyük çaxnaşmaya səbəb ola bilər.Televiziya kütlələrə xitab edir və kütlələr özünə aid olanı görmək və eşitmək istəyir. Baklayın nə zamansa Rusiyanın Konstitusiya Məhkəməsində nə iş gördüyü Lerikin dağlarında yaşayan kəndlinin vecinə deyil. Bəli, onu maraqlandırır ki, Torpaq Komitəsində işləyən başbilənlər onun problemini necə və nə zaman həll edəcək. Bəli, o "Bitlz" və Dalidaya yox, Baloğlan Əşrəfova qulaq asmaq istəyir. Gerçəklik budur! Qəbul elədiniz, ya eləmədiniz. Bəyəndiniz, ya bəyənmədiniz. Nə isə buyuq da. Ranevskaya çox böyük aktrisa idi, amma onu tez-tez xatırlamaq bizi rusların gözündə böyüdəcək? Özümüzü harda görək, harda eşidək? Murakami və Pelevin çox gözəldi, amma Zəngilan qaçqını Bəxtiyar Vahabzadəni görmək və eşitmək istəyir. Yaxşı ki, AzTV və İctimai Televiziya bizim yetim qalmış sənətkarlarımızı yad eləyir. Onlara da kimsə yiyə durmalıdır, ya yox?! Ranevskaya üçün Vitali Vulfun proqramları var, baxmaq istəyən baxsın. Xalqlar və mədəniyyətlər dostluğu missiyasını da Polad Bülbüloğludan yaxşı bacaran yoxdur, sevimli Rusiyada səfirimizdir.
   
   Deyilib qurtarılacaq dərd deyil. İndi gərək ürəyimizin üstünə daş bağlayıb gözləyək. Gözləyək ki, bizim gördüklərimizi daşların yerini müəyyən eləyən adamlar da görsün. Hərlənib-fırlanıb yenə daş söhbətinə gəldik... Yadıma quyu-daş məsələsi düşdü...
   
   
   
   

TƏQVİM / ARXİV