MÜƏLLİM GÜNÜ

İRADƏ TUNCAY
56691 | 2007-02-16 15:49

Bilmirəm səbəb nədir, yeni bayramların təqvim günləri yadımda qalmır.Sovet dövrünə aid bütün bayramları dəqiqliklə xatırlayıram. Görünür bu da təbliğatın gücüylə bağlıdır. Dövlətin hansı ideologiyaya qulluq etməsi məlum olanda öz vətəndaşlarına da nəyi təbliğ edəcəyi dəqiq bilinir. O vaxtdan bizə miras qalmış bir bayram var ki, oktyabrın birinci həftəsi qeyd olunur - Müəllim günü. Müəllim sözü elə böyük anlamın, yükün daşıyıcısıdır ki, hər əlinə jurnal alıb sinfə girənə bu adla müraciət etmək onun məna çalarlarını azaldacaq. Bizim birinci və ən böyük müəllimimiz həyatın özüdür. Həyat bizə nə öyrədir?
   
   Təhsil nazirimiz çıxışlarının birində demişdi ki, ""Təhsil haqqında Qanun" Konstitusiyadan sonra ən vacib qanun sayılmalıdır". Biz də bu fikirlə razıyıq. Amma həyat təcrübəsində gördüyümüz tamam başqa şeylərdir.Konstitusiyanın maddələrinə nə qədər əməl edirik və bizim əməllərimiz böyüməkdə olan nəslin tərbiyəsinə nə şəkildə xidmət edir?
   
   Hər bir valideyn istəyir ki, zəhmət çəkib böyütdüyü, gözünün yağını yedirtdiyi övladı həm də yaxşı diplom almış olsun. Fikir verdinizmi, mən təhsil demədim, diplom dedim. Yəni bizim üçün təhsildən daha önəmli olan diplomdur. Diploma olan maraq da bizə sovetlərdən miras qalıb. Amma insafla danışsaq həmin rejim özü vətəndaşların savadlı olmasına çalışırdı. Məsələn, deyək ki, hansısa bir dağ kəndindən bir çobanın oğlu canına cəfa verib oxusaydı ümid ola bilərdi ki, lap gedib Moskvada təhsil ala biləcək. Və çobanın ali məktəbdə oxuyan oğluna baxıb, ürəyindən qara qanlar axan kolxoz sədri məcbur idi ki, öz kütbeyin oğlunu da hardasa instituta düzəltsin, qonşudan geri qalmasın. Bax, əsas bu prinsip idi - "qonşudan qalma dala".
   
   Bir vaxtlar "oxutmuram, əl çəkin" deyənlər sonra rüşvət verib uşaqlarına diplom satın alırdılar. Unikal millətik, pulumuzu veririk ki, uşağımız oxumayıb diplom alsın. Diplom qızların cehizinin tərkib hissəsi idi. Ən bahalı mebelin yanında Tibb İnstitutunun diplomu olmalı idi. Orda oxuyan qızları istəyənlər də çox olurdu - ona görə yox ki, həkimdir. Hamı bilirdi ki, orda oxuyan qızlar varlı qızlarıdır. Əksəriyyəti də ərə gedəndən sonra işləmirdi. Və yaxşı ki, işləmirdi. Təsəvvür eləyin, bunlar həkim olsaydılar nə qədər adamı şil-şikəst eləyərdilər. Ona görə də bu gün imkanlı adamlar öz xəstələrini burda müalicə elətdirməyib xaricə aparanda normal qarşılamaq lazımdır. Çünki onlar dünən öz bacı və qardaşlarının necə oxuduqlarını çox yaxşı xatırlayırlar. Varlı oğlanlar da bir qayda olaraq hüquq fakültəsindən diplom alırdılar. Demək istədiyim odur ki, bizim millətin təhsilə olan istəyi dönüb dolaşıb diplomla məhdudlaşırdı. Bizi başımızdakı yox, bu kiçik, amma bahalı kağız parçası maraqlandırırdı.
   
   Bu millətin içində ağ xalata və hüquq-mühafizə orqanlarına maraq hardandı? Bəlkə tarixi səbəbləri var? Deyək ki, əvvəllər bu işlərdə başqa millətlər çalışırdı. Yəqin onlardan asılı olmaq insanları bezdirmişdi. Amma ona qalsa, müəllim və mühəndislər haqqında da eyni sözü demək olar. Belə çıxır ki, məsələ təkcə tarixi köklərdə deyil. Çox yerlərdə körpə oğlan uşaqlarını sevəndə, oxşayanda "mənim milisioner balam" deyirlər. Yəni arzulayırlar ki, uşaqları tapança gəzdirsin, ona "rəis" desinlər, onlardan qorxsunlar. Əsas olan da bu qorxudur. Çünki qorxu pul qazanmağa zəmanət verir. Biz paqonun, uniformanın, zabit şərəfinin nə olduğunu anlamaq istəmirik. Nə zaman ki, bizim cəmiyyətdə insanlar yaratdıqları qorxuya, xofa görə yox, ağlına, qabiliyyətinə, istedadına görə mövqe tutacaqlar, pul qazanacaqlar - bax o zaman bizdə təhsilin nəyə yarayacağı da anlaşılacaq. Uşaqlar o vaxt həqiqətən yaxşı oxumağa başlayacaq ki, gözünün işığı ilə qazandığı biliklər onlara gələcəyini qazandıracaq. Uşaqlar bütün eybəcərlikləri bizdən daha yaxşı görürlər, canlarına hopdururlar. Və sabah gedib "milisioner" olanda, qanunun aliliyini təmin eləməli olanlar ən çox qanunu tapdalayan şəxslərə çevrilirlər. Həyat ən böyük müəllimdir...
   
   Mənimlə razılaşarsınız ki, bu gün zəhməti, əməyi ən az qiymətləndirilənlər maarif, təhsil işçiləridir. 45 dəqiqə 45 uşağın qarşısında boğazını cır-dağıt, 45 dəqiqə 45 uşağın nazıyla oyna, müqabilində 1000 manat pul al. 1000 manatı küçədə bizə yaxınlaşıb "Allah səni xoşbəxt eləsin" deyən dilənçilərə veririk. 45 uşağın hərəsi bir ailədən gəlir, hərənin bir xasiyyəti var, hərənin cibində bir mobil telefon, danışmaq istəyəndə müəllimi sayan yoxdur. Uşaqların geyimi-gecimi, əyni-başı müəllimlərdən qat-qat yaxşıdır, bahalıdır. Müəllim özünü pis aparan uşaqları tənbeh eləyə bilmir - çünki Sovet dövründən fərqli olaraq indi bu uşaqların harınlamış valideynləri xalqdan oğurladıqları pulları gizlətməyə çalışmır. Uzaqbaşı, müəllimin qabağına 5-6 şirvan atırlar, o da susur. Müəllim məcburdu ki, direktorun ad günündə pul yığsın, məktəbə gələn yoxlamanı yola salmaq üçün pul yığsın, təmir üçün pul yığsın, daha nələr, nələr üçün pul yığsın, hətta süpürgə üçün pul yığsın. Müəllim məcburdu, amma niyə məcburdu, bundan danışaq.
   
   Özümün oxuduğum vaxtlarda yadımdadır ki, Azərbaycan və rus bölmələrindəki təhsil və tədrisin keyfiyyəti fərqli idi. Təhsilin keyfiyyətini qoyaq bir tərəfə. Bu bölmələrdə oxuyan uşaqların düşüncəsi, təfəkkürü fərqli idi. Rus bölməsinin şagirdləri müstəqil idilər, etiraz eləyə bilirdilər. O vaxtlar həmin məktəblərdə ruslar, ermənilər, yəhudilər dərs deyirdilər. Bizim oxuduğumuz Azərbaycan bölməsində dərs deyən müəllimlərimizin çoxunun uşağı rus məktəblərində təhsil alırdılar. Belə çıxır ki, onlar öz səviyyələrinin nə olduğunu anladıqlarından övladlarına müəllimi başqa millətdən seçirdilər. Hələ XIX əsrin sonlarından məşhur Qori seminariyasında hazırlanan müəllimlərin sözün əsl mənasında böyük bir müəllimi vardı - Aleksey Osipoviç Çernyayevski. O da rus idi. Azərbaycanın ən ucqar mahallarına işığı onun tələbələri aparmışdı. O vaxtdan bəri müəllim sözü çox devalvasiyaya uğrayıb. Bu gün qəbul imtahanlarında ən az bal toplayanları pedaqoji təhsil müəssisələrinə götürürlər. Deməli, 20 ildən sonra məktəblərimizdə təhsilin səviyyəsindən heç danışmağa dəyməz. Savadsız müəllimlərin millətə vurduğu ziyanı heç bir müharibə də vura bilmir. Özünün şəxsiyyəti olmayan şəxsiyyət, fərd yetişdirə bilərmi? Özünün qul, kölə yox, insan olduğunu anlamayan vətəndaş yetirə bilərmi? Birinci düyün budur - vətəndaş, insan yetirə bilməsəniz, etiraz edə bilən, müstəqil düşünə bilən fərdlər yetirə bilməsəniz sizdən qat-qat aşağı adamlara əl açmağa məcbur olacaqsınız. Nə qədər ki, dərs dediyiniz siniflərdə əllərini qabaqda cütləmiş, şüursuz, işıqsız gözlərlə baxan şagirdlərimiz olacaq, siz də hələ neçə illər süpürgə pulu yığmağa məhkum olacaqsınız. Əgər şagirdinizin bu gün sizə etiraz etməyə cəsarəti çatırsa, ağzının üstündən vurmayın. Bəlkə sabah əl çalanlar ordusundan bir nəfər azala bilər, bəlkə sabah bir nəfər düz danışan direktor, nazir, baş nazir çoxala bilər?
   
   Sentyabr ayı bitdi. Oktyabrın birinci həftəsində müəllimlərin sözün əsl mənasında bayramıdır. Amma sözün əsl mənasında müəllim sözünün çəkisi çox ağırdır. Həqiqi müəllim oxuduğunuz kitablar, şəxsən tanımadığınız filosoflar, baş verən hadisələr də ola bilər. Mənim müəllimim atam idi. Təəssüf, hələ də onun öyrətdiklərini tətbiq etmək üçün ünvan axtarışındayam. Bilmirəm o pis müəllim idi, ya cəmiyyətimiz bərbad məktəbdir. Amma siz uşaqlar, bizə baxıb korlanmayın. Kimi müəllim sayırsınızsa, onu təbrik edin, süpürgə xırda məsələdir.
   
   
   
   
   
   

TƏQVİM / ARXİV