adalet.az header logo
  • Bakı 18°C
05 Aprel 2020 08:07
43118
ƏDƏBİYYAT
A- A+

HƏMRƏY OLAQ, EVDƏ QALAQ - SABİR ABDİN yazır

HƏMRƏY OLAQ, EVDƏ QALAQ

Bu virusun adı tacdı,

Qəfil gəldi, yaman acdı,

Hər qapını tez də açdı,

Həmrəy olaq, evdə qalaq.

Taclı virus gəlib Cindən,

Dünya boyu biçindədi,

Hamı təlaş içindədi,

Həmrəy olaq, evdə qalaq.

Körpə, qadın, qoca bilməz,

İnsanlığın adın bilməz,

Bu dünyanın dadın bilməz,

Həmrəy olaq, evdə qalaq.

Bu baharın gülmür üzü,

Batıb səsi dağın, düzün.

Susub quşlar, yoxdur sözü,

Həmrəy olaq, evdə qalaq.

Daha bəsdir, dayan insan,

Daha gecdir, oyan, insan!

Bir-birinə həyan insan,

Həmrəy olaq, evdə qalaq.

Bu yaz donub.., qara daşdır,

Bu olanlar təbiətin

Bəlkə bizə qarğışıdır ?!

Həmrəy olaq, evdə qalaq.

1 aprel 2020-ci il.

***

GƏL, BİR AZ SÖHBƏT EDƏK


(yaş yarımlıq nəvəm Ümrəsultana)


Bezdim bu dünyanın

ölüm xəbərlərindən,

müharibə xəbərlərindən.

Bezdim dünyanı silkələyən virus xəbərlərindən,

bezdim dartışmalardan,

mənasız yarışmalardan.

Gəl, bir az söhbət edək sənin dilində,

bir az da oynayaq sənin kimi.

Nə yaxşı ki, sən bu dünyanın

bu bəd xəbərlərindən,

müharibələrindən,

viruslarından,

ölümlərindən xəbərsizsən, xəbərsiz.

Gəl, bir az söhbət edək sənin dilində,

bir az da oynayaq sənin kimi.

İlahi, dünya necə də gözəldi!

Bir az da oynayaq,

bir az da danışaq.

Bəlkə bu dünya düzəldi,

bəlkə də bu xəbərlər səngidi,

dayandı...

Gəl, quzum,

gəl, bir az da söhbət edək

sənin dilində,

bir az da oynayaq

sənin kimi.

Deyəsən çox yordum səni,

get, bir az da yat,

sonra da

gülüşünlə

dünyanı oyat!

Qarışdırma yuxunu,

gülüşünlə, təbəssümünlə

barışdır insanları,

barışdır təbiətlə insanları,

barışdır hamını,

barışdır!


29 mart 2020-ci il.