adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
05 Aprel 2020 08:12
48355
ƏDƏBİYYAT
A- A+

Heç bir ata oğlunun yazıçı olmasını istəməz - SORĞU

Bir çox hallarda valideynin məşğul olduğu peşəni övladları davam etdirir. Bu şərq ölkələrində daha çox adət halını alıb. Azərbaycanda da müəyyən dərəcə də belədir desək yanılmarıq. Bunu yaradıcılıq sahəsinə də aid edə bilərik. Məsələn, Səməd Vurğun- Vaqif, Yusif Səmədoğlular, Rəsul Rza-Anar, İlyas Əfəndiyev-Elçin Əfəndiyev və.s . Çağdaş dövrümüzdə də bu yaşanmaqdadır. Şair və yazıçıların övladları da bir çox hallarda şair və yazıçı olur. Bu nə ilə bağlıdır? Valideynin basqısı, övladını o sahəyə yönəltməsi, yoxsa istedadın genlə ötürülməsi? Həm övladın, həm də valideynin yaradıcılıqla məşğul olduğu ailələrin bu məsələyə münasibətini öyrəndik.

Mərhum yazıçı Eyvaz Əlləzoğlunun ailəsində iki oğlu yaradıcılıqla məşğuldu. Oğuz Ayvaz ona şeir yazdıran səbəbin anasının intiharı olduğunu söyləyir:

"Gözümü açandan evdə kitab, qəzet olub. Atam ağ vərəqləri boş qoymazdı, yazıçı kimi onu yeniyetməliyimdən tanımağa başladım. Amma atam heç vaxt mənim yazıçı, sənətçi olmağımı istəmirdi. Onun sağlığında şeir yazmırdım. Anamın intiharı mənə şeir yazdırdı, o da müvəqqəti. İndi bir misra belə yaza bilmirəm.”

Ayxan Ayvazın fikrincə Azərbaycanda heç bir ata oğlunun yazıçı olmasını istəməz. Yazmaq taleyinə çevrilibsə bədbəxt olacaqsan.

"Mən yazmağa başlayanda atama baxıb yazmışdım. Evdə bir yazıçı olması sənə təsir edir, doğrudur. Məncə, bizdə heç bir ata oğlunun yazıçı olmasını istəməz. Necə ki, mənim atam istəmirdi. Əgər sadəcə atan yazır, mən də yazım dərdinə düşmüsənsə, onda alınmayacaq. Yox, yazmaq artıq taleyinə çevrilibsə, vəssalam, bədbəxt oldun. Atam mən yazmağa başlayanda istəmirdi, qarşısını alırdı. Amma başa düşdü ki, yazı mənim taleyimə qarışıb. O zamanlar yazdıqlarımı atamın yazdığını düşünənlər çox idi. Atam öləndən sonra hamı inandı ki, özüm yazırammış.”

Şairə Kəmalə Abıyeva bunun daha çox genetika ilə bağlı olduğunu düşünür.

"Keçmişdə də belə olub. İnsan müəyyən peşələrə yiyələndikcə övladına öyrədib sənətini. Elə seçim imkanı da olmayıb. İndi elm də sübut edib ki, insanın genetik yaddaşı var. Valideynlərlə övladların oxşarlığı çoxdu. Hətta yerişləri, səsləri belə oxşayır. Yəni genetika danılmazdır. Amma insanın formalaşmasında ətraf mühit də mühüm rol oynayır. Bu da pedaqogikanın gəldiyi nəticədi və həyat da bunu göstərir. Genetik olaraq yaradıcı olacağını düşündüyüm bir gənc narkoman oldu. Belə hallar az deyil. Yazıçılıq peşə deyil. Bu istedaddı. Fərqli görmək, fərqli yanaşma, görmədir. Ümumiyyətlə, fərqli ,seçilən insanların genetikasının təsiri böyükdür.

O ki, qaldı valideyn basqısına, basqı ilə mühəndis, həkim ola bilər. Keyfiyyət də sual altında qalır. Amma basqı ilə yaradıcı -yazıçı etmək olmaz. İndi pulla 100 kitab da çıxarmaq olar. Kiminsə dəstəyini alanlar da var. İmza ola bilmirlər . Basqı ilə övladını yaradıcılıqdan uzaqlaşdıra bilərsən, amma yazıçı edə bilməzsən. Vaqif Səmədoğlu Səməd Vurğunun, ya Anar Rəsul Rzanın basqısı ilə yaradıcı olubmu? Qətiyyən. Sadəcə ailə münbit torpaq kimi olub. Bu həm də genetikdir.”

Şair Qəşəm Nəcəfzadə oğlu Kəramət Böyükçölə heç bir halda təsir etmədiyini bildirir:

"Bu hal nə ilə bağlıdır dəqiq bilmirəm. Amma ədəbiyyat sahəsində bu valideyn basqısı ilə ola bilməz. Mən Kəramətə heç vaxt deməmişəm ki, bunu elə, bunu etmə. Ümumiyyətlə, təsir etməmişəm. Ona sağlamlığını, ailəsini qorumağı məsləhət vermişəm. Bir qadın haqqında danışanda sevgi ilə danış. Bunlardan əlavə ona hər hansı ciddi tapşırığım olmayıb.”

Mərhum şair Fikrət Sadığın qızı Aysel Fikrət atasının bu yöndə ona hər hansı təzyiq və yönləndirmə etmədiyini söyləyir. Əksinə, onun yaradıcılıqla məşğul olmasını istəməyib.

"Mənim vəziyyətimdə bu dediklərinizin içində bircə genetikayla razıyam .Çünki heç bir zaman Bu barədə düşünməmişdim . Atam mənim şairə ,yazar olmağımı qəti surətdə istəmirdi. Ailədə onu layiqincə davam etdirən var. Atam həmişə Orxanla fəxr edir ,öyünürdü. Mən də Orxanın(Orxan Fikrətoğlu) əsərlərini oxuyanda onu hər dəfə yenidən kəşf edirəm. Ailəmdə ədəbiyyat üçün mühüm simalar olduğundan əminəm. Ona görə qəti surətdə içimdə gedən proseslərlə mübarizə aparırdım . Yaradıcılıq da bir növ xəstəlikdi. Hətta alimlər onu nevroz halına bənzər bir xəstəlik olduğunu belə müəyyən ediblər. Bacarmadıqda yazıb gizlədirdim . İlk oxucularım ədəbiyyat adamları idi . Davam etməyimi istədilər . Bir dəfə Vaqif Səmədoğlu evdə üçüncü yaradıcı olduğu üçün bunun daha çox əziyyətli olduğu haqqında müsahibə vermişdi . Zamanla onu daha gözəl anlamağa başladım . Heç bir zaman bir qapı döymədim ,ömrümün sonuna qədər də bunu etməyəcəm . Genetika rol oynayır . İndiki halımda isə bu meydanda atama görəyəm . Bunu tam mənada etiraf edirəm . Atamın sağlığında ədəbiyyat üçün böyük ümidlərim var idi .Özümü ifadə etmək qardaşım kimi öz adımı sübut etmək istəyirdim.

Yalnız atamın haqq dünyasına qovuşduğu gündən ruhundan mənə düşən paydan imtina etmədim . Onun üçün davam etdim .Yaşatmaq üçün bu aləmə atıldım. Eynən onun kimi ölən günə qədər əqidəmdən ,təmiz, saf sözümdən dönməmək ümidiylə yoluma davam etdim . Günü gündən özümdə bunun üçün daha böyük bir güc hiss edirəm . Çox sevinirəm tədbirlərdə məni təqdim etməzdən əvvəl atamdan söz açılanda . Onun xatırlanması əsas məqsədimdi .Tanrıdan qulağıma pıçıldanılan sözlərin içində atamın nuru var .

Mən düşünürəm ki, ad yaşatmaq böyük bir missiyadır .

Emin Piri