adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
03 Aprel 2020 07:12
73367
ƏDƏBİYYAT
A- A+

Kəlbəcər həsrətli misralar- Kəlbəcərli şairlərdən seçmələr

Elim-obam olub, Kəlbəcər mənim

Əslim, nəslim o torpaqdan yaranıb,
Ulu babam olub, Kəlbəcər mənim.
Ümidim, pənahım, arxam, dayağım,
Elim-obam olub, Kəlbəcər mənim.

Qüvvətim, qüdrətim, gücüm, biləyim,
Qəlbim, hissim, duyğum, eşqim, ürəyim,
Müqəddəs nemətim, halal çörəyim,
Abi-havam olub, Kəlbəcər mənim.

Atam, anam, bacım, qardaşım, balam,
Çiçəyim, bənövşəm, nərgizim, lalam,
Sütunlu sarayım, möhtəşəm qalam,
İsti yuvam olub, Kəlbəcər mənim.

Mənə qurban deyib, kəsib quzunu,
Sındırıb könlümün kədər buzunu,
Zülmət gecələrdə ömrüm uzunu,
Yolumda şam olub, Kəlbəcər mənim.

Bəhmənəm, mən ona könüllü nökər,
Ondan ayrılalı gözüm yaş tökər.
Ləhcəmdə şirinlik, sözümdə şəkər,
Dilimdə tam olub, Kəlbəcər mənim.

Bəhmən Vətənoğlu


... qaldı Kəlbəcərdə

Neçə ildi bahar gəlmir,
Yazım qaldı Kəlbəcərdə.
Çiçəklərə naz satardım,
Nazım qaldı Kəlbəcərdə.

Həsrəti sözə düzürəm,
Əlimi yurddan üzürəm.
Şeirimə söz gəzirəm,
Sözüm qaldı Kəlbəcərdə.

Əkdiklərim burda bitmir,
Əlim bara daha yetmir.
Əzablara tab gətirmir,
Dözüm qaldı Kəlbəcərdə.

Qucaqlayıb bir yatdığım,
Təzənəylə oyatdığım.
Simin qırıb, ağlatdığım,
Sazım qaldı Kəlbəcərdə.

Bu nə nalə, bu nə səsdi,
Ay Eyvaz, dözdüyen bəsdi..
Murov aramızı kəsdi,
Gözüm qaldı Kəlbəcərdə.

Eyvaz Əyyub


Körpə arzularım düşüb dumana...

Evim gorum olub, dörd divar sıxır,
Dərdlərim qol açıb Kəlbəcər deyir.
Körpə arzularım düşüb dumana,
Gözümdən yol açıb Kəlbəcər deyir.

Xəyalım ürpənir dərin yuxuda,
Tapmır itirdiyi yerin yuxuda.
Balam da səksənir şirin yuxuda,
Hər gecə dil açıb Kəlbəcər deyir.

Əkdiyim bənövşə sözümə bənzər,
Vərəqlər üstündə düzümə bənzər,
Boynu bükük qalıb özümə bənzər,
Hər bahar gül açıb Kəlbəcər deyir.

Rəsulun könlündə qəm qurub dəyə,
Birtəhər yaşayır yurd deyə-deyə.
Yenə dilənçitək yalvarır göyə,
Allaha əl açıb Kəlbəcər deyir.

Rəsul Murovdağlı


Dağlara qayıtmışam

Adil Cəmil

Bulud məni yağışına çağırır,
Zirvə məni yoxuşuna çağrır,
Dərə məni ağuşuna çağırır,
Göyəribdir yamac indi, yal indi.

Uşaqlığım nadinc olub, kür olub,
Şıltaqlığım şəlaləylə bir olub.
O gədiklər bu gün mənə pir olub -
Səcdəsində ayaqlarım yalındı.

Duman bildim meşələrə çökəni,
Şimşək bildim göydə qılınc çəkəni.
Hanı külək, yırğalaya cökəni? -
Budağından damcılaya bal indi…

Sabahımda bu günümü gəzənəm,
Dağ hicrinə dağ əzmiylə dözənəm.
Ey Əslini xatırlayan təzənəm,
Dağlar üçün bir «Kərəmi» çal indi…

Adil Cəmil

Dərdləri
Bu üzdə sinəmdə əzizləyirəm.
O üzdə Kəlbəcər çəkən dərdləri.
Vətən çöllərinin yağışı edib.
Fələk gözlərimdən tökən dərdləri.


Düşmən süngüsünə sinəsin gərir.
Dağlar nalə çəkir, qolların sərir.
Soldura bilmirəm, hər gün göyərir.
Yağılar yurduma əkən dərdləri.

Ellərinə qucaq açır, çağırır.
Yadam,tənə sözlər qəlbimi yarır.
Nə külək aparır, nə sel aparır.
Ərəstun qəlbinə çökən dərdləri.


Ərəstun Çobanoğlu.


Murov

Göz dikmişəm qüzeyinə səhərdən,

Xəbərin yox sinəmdəki qəhərdən,

Bir xəbər ver Dəlidağdan-şöhərdən,

Nisgilimi qıyma-qıyma sök, Murov!

İstəyirəm hava alam bir udum,

Kömək elə ağrıları unudum,

Qürbət eldə bu həsrətdən qurudum,

Yollarımdan dumanını çək, Murov!

Qoy dırmanım bu yoxuşu təzədən,

Nəzmə çəkim o baxışı təzədən,

Seyr eyləyim Qızılquşu təzədən,

Ətəyindən gəl daşını tök, Murov!

Gətirmədi neynək baxtı Nəsibin,

Qəmdən yeyib, gözü toxdu Nəsibin,

Yeri-yurdu daha yoxdu Nəsibin,

Zirvədəki ağ buludu bük, Murov!

Nəsib Nəbioğlu


Kaş bir də görüşək, kaş, bir də yenə

A qarlı zirvələr, ay ulu dağlar,
Kaş bir də görüşək, kaş bir də yenə.
Tutam ətətyindən, öpəm əlindən,
Kaş bir də görüşək, kaş bir də yenə.

Hardasan qiblədən çıxan bulaqlar?,
Ağlayıb gözlərin sıxan bulaqlar.
Quzu tək məliyib, axan bulaqlar,
Kaş bir də görüşək, kaş bir də yenə.

A yalçın qayalar, haça gədiklər,
Moruqlu dərələr, sıldırım diklər.
Qıy vuran qartallar, ürkək əliklər,
Kaş bir də görüşək, kaş bir də yenə.

Yusan da, sərsən də yağışla məni,
Dolu tök başıma ha tuşla məni.
Üz-üzə gələndə bağışla məni,
Kaş bir də görüşək, kaş bir də yenə.

Siz ey qoşa qalan, quş qanad salan,
Kamildir yanında xəcalət qalan.
Düşsün ayağına günahkar balan,
Kaş bir də görüşək, kaş bir də yenə

Kamil Tebib Isayev


Toplayıb-hazırladı: Əntiqə Rəşid