adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
03 Aprel 2020 07:22
61537
ƏDƏBİYYAT
A- A+

Kəlbəcər şairlərinin şeirləri

Məmməd Aslan


Bu da ki belə...

Bu bostanı necə əkib-becərim?!
Yağışı quruyub, su da ki belə...
Kasadlıq afətdir; nə fərqi varmış:
Ya muşovul yesin, ya da ki belə...

Kotan nədi, fil qaldırar bu qırğı!
Heç nədən yarılır dağların bağrı...
Kor quyudan nə səs bitər, nə qarğı:
Dibində boğulub səda ki belə...

Laxlamış bir iman sağ qala, qalmaz!
Pozulmuş o hörmət saqqala qalmaz!
Bir budaq ucunda çaqqala qalmaz;
Nəylə gəlir-gəlsin, qada ki belə...

Bu qaçqınlıq hardan soya, nəsilə?!.
Axşam nəslə gəlir, səhər nəs ilə.
Qorxuram bu torpaq şoran kəsilə:
Göz yaşıyla doyur cada ki belə...

Sultanheydər zirvədəki pir idi!
Ağrıyla üzbəüz, qəlbi bir idi!..
Keytidağda "Qu gölü”müz qurudu;
O göl qudan getdi; qu da ki belə...

Qaneyəm dünyanın azı-çoxuyla;
Uyuşum tapaydım, ey kaş, yuxuyla;
Aradım səbrimi "Yahu-Yahu!”yla,
Qəzəbnak olmayıb Xuda ki belə...

Hər açan çiçəklə bir bahar səndim;
Bir qom bənövşəyə can dəyişərdim...
Ömrümün boyunu ölçdüm; üşəndim:
İndidən düşmürəm yada ki belə...

Belə xor baxmazdı bəndə Allaha:
Ulduzlar daş kimi qorxuram yağa...
Bu ormanda palıd bitməz bir daha:
Hindilər tumunu uda ki belə!..

Bu mövzu ağlıma gəldi ha sondan;
Dadanmışdım: qoşma yazam asandan.
Sonunu gözləmə Məmməd Aslandan!..
Yetər bu qədəri!... Bu da ki: Belə!!!

Qayadan qumacan

Dağın ayağından asılar daşlar;
Belə mənzil kəsər daş ağır-ağır...
Tükənmək bilməz ki, çılğın savaşlar;
Daşlaşmış canlardan kövrəklik yağır.

Soyumun daşını döşümə döydüm,
Döyə bilmədimsə, kimə nə borcu?!
Qayaya kök atıb, daşda böyüdüm;
Daş-daşla qovuşsa, daş - qala bürcü!

Çiyninə baş əysək bir-birimizin;
O daş yastıq olar, baş yarmaz daha!
Boğmaz işığını gecə gündüzün;
Sağ-salamat çıxar axşam sabaha!..

Bir soy ki bir daşa baş qoysa əgər,
O daş millət üçün səcdəgah olar!
Kök özünü sevsə, Haqq onu sevər!
Bir soyun ayarı tam agah olar.

Qaya sədası var başın yasında:
Baş, daşın üstündə heykələ dönər!
Orxon-Yeniseyin daş-qayasında,
Hələ Türklüyümün nəbzi döyünər.



SÜCAƏT


AĞLAYIR


Canım Vətən, axır qaldın yadamı?
Görən dağlar saxlayırmı sədamı?
Görmüşük ki, dərd ağladar adamı,
Dərdə bax ki, mənim dərdim ağlayır.

Oba gedir, oymaq gedir, el gedir,
Çəmən gedir, çiçək gedir, gül gedir.
Bu tərəfdə gözlərimdən sel gedir,
O tərəfdə yuvam, yurdum ağlayır.

Sücaət, ürəyim bir qırılan sim,
Nələr çəkdiyimi kim anlayar, kim?
Yurdun göz yaşını silə bilmədim,
Yatdım, yuxuda da gördüm ağlayır...


DAĞLAR


Mən gedirəm qürbət elə,
Sağ-salamat qal, a dağlar.
Halallıq ver, qoy qalmasın
Ürəyimdə xal, a dağlar.

Hanı məndə dözüm sənsiz,
Sönəcəkdir közüm sənsiz.
Qan tökəcək gözüm sənsiz
Olacağam lal, a dağlar.

Dostum – yarım keçir gendən,
Dərdim artır günü-gündən.
Məni qəmdən, qəmi məndən,
Al, a dağlar, al, a dağlar.

Günəş gəzib yorulanda,
Sazın simi qırılanda,
Göydə qartal vurulanda,
Məni yada sal, a dağlar.

Qayaları ələ döndər,
Cığırları telə döndər,
Sücaəti külə döndər,
Bir "Kərəmi” çal, a dağlar.


KİMİ

Kaş rəssam olaydım, elə rəssam ki,
Çəkəydim bəxtimi olduğu kimi.
Yazmaqla nə olsun, onda görəydim,
Arzumu-eşqimi olduğu kimi.

Eşqimin tufanın, boranın, yazın,
Solmuş çiçəklərin, yox olmuş izin.
Çəkəydim gözlərin sevdiyim qızın,
Süzülüb xəyala daldığı kimi.

Sücaət, mənalı yaşa, yarat, an,
Vəfasıza ağrı gizlət, yara dan.
Salmasın heç kəsi bir də yaradan,
Məni nəzərindən saldığı kimi.


ANAMIN

Deyin, dustaqları buraxacaqlar,
qoy qəm bozartmasın üzün anamın.
Deyin, qırılacaq zülmün zənciri,
birtəhər başını yozun anamın.

Zəhər gizlənibmiş aşımın altda,
Bir dərya var imiş qaşımın altda…
Yastıq daşa dönür başımın altda,
Burda hardan alım dizin anamın?

Taleyi şil-şikəst, fikri sağ oldum,
Sevinci bir zərrə, dərdi dağ oldum.
Gah əsir, gah xəstə, gah dustaq oldum,
Qoymadım quruya gözün anamın.

Talanmış ömürdü, gündü, neyləyim,
Baxtımın çırağı söndü neyləyim.
Sevinci fəğana döndü, neyləyim,
Söhbəti nəğmədən həzin anamın.

Sücaət, etdilər talan ömrümü,
Kor olsun daşlara çalan ömrümü.
Talanan talanıb, qalan ömrümü
Ömrünün üstünə yazın anamın.



Şamil Əsgərov


Sağallam

Bir canandan ötrü canım can verir,
Əhvalımı xəbər alsa, sağallam.
Ya yuxuda görsəm o dərman verir,
Ya da məni yada salsa sağallam.

Taleyin ulduzu nurunu saçsa,
Qəlbimi gizlicə əksimə açsa,
Ona oğrun baxıb dodağı qaçsa,
Şirin xəyallara dalsa, sağallam.

Yolum düşsə bir vaxt gəzdiyi bağa,
Min səcdə qılaram həmin torpağa.
Əlim dəysə, əli dəyən yarpağa,
Mənə bu bəxt nəsib olsa, sağallam.

Hanı mənim kimi qəlbi yaralı,
Cəsədim qalıbdı candan aralı.
Yönü bəri baxıb o dağ maralı,
Uzaqdan qeydimə qalsa, sağallam.

Bir ot bitərdimi olmasaydı su?
Yarsız bar verərmi qəlbin arzusu?
Şamilin ölməyə çoxdu qorxusu,
Başım üstə kiprik çalsa, sağallam.