adalet.az header logo
  • Bakı 7°C
06 Aprel 2020 08:40
121227
MÜSAHİBƏ
A- A+

Köçkünlər evdə qalmaq üçün Qarabağa qayıtmalıdırlar - ƏLÖVSƏT AĞALAROVLA evdəqal SÖHBƏTİ

Modern.az"Evdə qal”rubrikasını davam etdirir. Növbəti həmsöhbətimiz Kəlbəcərin keçmiş millət vəkili Əlövsət Ağalarovdur. Onunla müsahibəni təqdim edirik:



- Bu gün bütün dünya insanı eyni dərdin daşıyıcısıdır. Artıq #evdəqal kampaniyasına başlanılıb. Necə hesab edirsiniz, proseslərin sonu necə nəticələnə bilər?

- Hesab edirəm ki, dünyada qlobal epidemiyalar çox olub. Hazırkı vəziyyət sübut edir ki, belə böyük problem indiyə qədər olmayıb. Bəzən insanların karantin qaydalarına riayət etməyə çağırmaq da fayda vermir. Mən televiziyada izlədim, Hindistanda küçələrdə simvolik tabutu gəzdirirlər ki, hər kəsə ibrət olsun. Sərt tədbirlərdən sonra nisbətən virusun yayılmasının qarşısını almaq mümkün olur. Bizdə də hökumətin ciddi rejim tətbiq etməkdə marağı insanları qorumaqdır. Ona görə, Azərbaycanda da insanlar buna əməl etməlidirlər. Qəbrə düşməkdənsə, evdə qalsaq yaxşıdır. Müəyyən bir dövr sonra bu fəlakətin də üzərimizdən gedəcəyini düşünürəm. Bəlkə də bu insanların əməllərinin nəticəsidir, təbiət heç nəyi bağışlamır.



- Sabah Azərbaycan üçün kədərli gündür, Kələbəcərin işğalının ildönümüdür. Siz həm də kəlbəcərlilər üçün bir Kəlbəcərsiniz. Sizcə, koronavirus Kəlbəcərin işğal gününü unutdurmayıb ki?

  • Biz heç vaxt erməniləri saymamışıq. Demişik ji, erməni kimdir ki, bizim torpaqlarımızı əlimizdən alsın. Əgər bilsəydik ki, bu fəlakətin nəticələri illər boyu davam edəcək, belə düşünməzdik, vaxtında addım atardıq. Amma dediyiniz koronavirus bəlası belə Kəlbəcərin işğalından daha dəhşətli deyil. Bu, bütün Azərbaycanın bəlasıdır, təkcə Kəlbəcərin deyil. Çünki Kəlbəcər qala idi, ermənilər Kəlbəcəri işğal edəndən sonra digər torpaqlarımızı da ala bildilər. Mən hesab edirəm ki, bilməliyik, torpaqlarımızın itirilməsi bizim ömürlük fəlakətə düçar olmağımızın səbəbidir.

    Amma mən çox optimist düşünürəm. Bu koronavirus bəlasından çıxacağıq. Azərbaycan iqtisadiyyatı nə qədər çətinliyə düçar olsa da, güclüdür. Əsas məsələ torpaqlarımızın işğalı bəlasıdır.



    - Siz düşünürsünüz ki, belə bir məqamda hərəkətə keçib, torpaqlarımızı işğaldan azad etməliyik?

    - İndiki məqamda heç kim Ermənistana kömək edəcək, əsgər göndərəcək deyil. Bu müharibəni aparmasaq, torpaqlarımız bəlkə də uzun müddət işğalda qalacaq. İndi əsl fürsətdir. Bir az da konkretləşdirsək, biz öz evimizə getmək istəyirik. Başqa istəyimiz yoxdur. Bütün Qarabağın ərazisi azad olunmalıdır. Mən sətəlcəmdən, virusdan ölməkdənsə, Qarabağ torpaqlarında, Vətən uğrunda ölməyi daha şərəfli sayıram. Heç olmasa bilərəm ki, torpağımı azad etməyə getmişəm. Kişi sətəlcəmdən yorğan-döşəkdə ölməkdənsə, əlinə silah alıb, torpağını qoruyar. Hər birimiz bu gün əsgər olmalıyıq. Mən özüm 3 gecədir, yuxu yata bilmirə. Kəlbəcərdə bütün olanlar kino lenti kimi gözümün qarşısından keçir. Tərtər çayını yuxumda görmüşəm, səsinin şırıltısını eşitmişəm. Adam belə yaşaya bilmir. Biz risk etməliyik. Hər risk məğlubiyyətə aparmır.



- İnsanlara #evdəqal çağırışı edildiyi bir müddətdə hər kəsin Qarabağa gedəcəyini düşünürsünüzmü?

- Hər kəs könüllü gedəcək. Yaramaz ölümü gözləməkdənsə, torpaqlarımız uğrunda mübarizə aparaq. Bəlkə qalib gəldik. Əminəm ki, bu qələbəyə çatacağıq. Qələbə bizim üçün koronavirusa qarşı da güclü immunitet olacaq.



- Bütün dünya insanlara pozitiv enerji verməyə çalışır. Belə bir məqamda müharibə çağırışı etmək insanlar üçün ruh yüksəkliyi ola bilərmi?

  • Bunun yolu müharibədən keçir. Mən aprel döyüşlərində canlı iştirakçı oldum. Əsgərlərimizin yanında oldum, şəhidlərimizin yola salınmasında iştirak etdim. Bilirəm ki, bu gün adi bir çağırış olsa, əmr verilsə, Azərbaycan xalqının immuniteti qalxacaq. Hər birimizin içərisində yanğı var, torpaq yanğısı. Bunu söndürməmək üçün bu gün insanlar öz evlərinə qayıtmağa səslənsə, bu, hər kəs üçün müsbət enerji olacaq. Qələbə hamı üçün müsbət enerji verəcək. Stimul olacaq, antivirus olacaq.Torpaqlarımızı erməni adlı koronavirusdan təmizləməliyik, dezinfeksiya aparmalıyıq.



    - Biz müharibə etsək, artıq karantin rejiminin tələblərini pozuruq...

    - Əlbəttə, müharibə artıq fövqəladə vəziyyətdir. O çağırış olsa, heç kim evdə qalmayacaq. Gücü çatan silahla, çatmayan müxtəlif yardımlarla müharibəyə qatılacaq.



    - Hazırkı #evdəqal kampaniyası, karantin rejimi müddətində Kəlbəcərdə olsaydınız, orada buna riayət edə biləcəkdinizmi?

    - Təki Kəlbəcərdə olaq, orada həbsxanada da qalmaq olar. Amma Kəlbəcərin təbiəti, havası elədir ki, inanın orada pandemiya, virus qalmaz. Kəlbəcərdə heç vaxt virus filan yayılmayıb.



Biz bundan əvvəl Azərbaycan xalqının laqeydliyindən, qeyri-ciddiliyindən şikayət edirdik. Amma koronavirus əksini göstərdi. Siz necə düşünürsünüz?

- Əslində bizi qədər mərhəmətli millət yoxdur. Hər kəs biri-birinə kömək etməyə, biri-birini qorumağa çalışır. Belə durum başqa ölkələrin hansında olsa, yoluxan sayısız dərəcədə çox olardı. Hətta Koronavirusla Mübarizəyə Yardım Fonduna bir manat yardım edənlər var. İnsanın gücü buna çatır, amma əlindən gələni edir.

Millətimizi əslində mənfi təqdim edən bizim yazıçılarımız, şairlərimiz, ziyalılarımız olub. Biz özümüzü pisləməklə heç nəyə nail ola bilmərik və nail olmamışıq da. Hesab edirəm ki, "bizdən millət olmaz”, "biz millət deyilik” deyənlər elə bizim düşmənlərimizdir.



- Torpaqlarımızın ilə bağlı müraciətiniz nədir?



- Mən Prezidentimizin bütün çıxışlarına diqqətlə qulaq asıram. Ölkə başçısı Qarabağ məsələsində çox prinsipaldır və Azərbaycanın ərazi bütövlüyü, bir qarış torpağımızın müzakirə mövzusu olması mümkün deyil. Əminəm ki, Ali Baş Komandanımız torpaqlarımızın işğaldan azad olunmasını hamıdan çox istəyir. Ona görə də qələbə qazanacağımıza mən tam inanıram. 

Azərbaycan xalqına müraciət edirəm. İşğal edilmiş bölgələrin insanlarının evdə qalması üçün Qarabağın azad olunması uğrunda mübarizəyə qalxmalıyıq. Məcburi köçkünlər də öz evlərində qalmalıdırlar. Onların evləri isə işğal edilmiş ərazilərdədir. Biz onların evdə qalmalarını təmin etmək üçün dünya səviyyəsində başladılan kampaniyaya Ermənistanın mane olduğunu, bütün dünyanın Ermənistana qarşı çıxmasını tələb etməliyik. Sonda isə sözü özümüz deməliyik. Bu sözMÜHARİBƏDİR. VƏTƏN UĞRUNDA MÜHARİBƏ.