adalet.az header logo
  • Bakı 7°C
02 Aprel 2020 11:37
47429
GÜNDƏM
A- A+

Dərdim, kədərim, dərdli səhərim, KƏLBƏCƏR!-27 ilin ağrısı...














Sevincimdən xəbər yoxdu,

Dərdim, kədərim KƏLBƏCƏR!
Fəryad dolu gecələrim,
Dərdli səhərim, KƏLBƏCƏR!

Başımızda töhmət olan,
İtirilmiş ismət olan.
Namərdlərə qismət olan,
Barım- bəhərim, KƏLBƏCƏR!

Bu misralar Yusif Hüseyn adlı bir kəlbəcərlinin, şeiri deməyək, fəryadıdır deyək. Yazıma başlayanda şeir qəflətən yadıma düşdü. Dedim bilməyənlərdə bu fəryadı dinləsin!

Kəlbəcərdə nəyim qaldı?

İnsanların genetik yaddaşında doğulduğu, uşaqlığı keçən yerlərlə bir bağlılığı var. Hara getsə, harada yaşamasına baxmayaraq, ömrü böyu bir anlığa da olsa, o yerlərə qayıtmaq, o yerləri görmək, seyr etmək istəyir. Amma təəssüf ki, yüzlərlə qarabağlı, soydaşımız o arzularına qovuşa bilmədi. Eyni dərdin daşıyıcılarından biridə kəlbəcərlilərdi. Elə dərdindən ölməyə dəyən yurddu Kəlbəcər!O Kəlbəcər ki, altı da, üstü də, florası da, faunası da möcüzələrlə doludur. Dünyanın ən məşhur səyyahları onu dünyanın səkkizinci möcüzəsi adlandırıblar.

Qədim türk dilində (oykonimin ilkin forması Kevliçer kimi qəbul edilib) "çay üstündə qala" olan Kəlbəcər Azərbaycanın ən dilbər güşələrindən biri, ən yüksək dağ rayonudur. Kəlbəcər rayonunun iqtisadiyyatının əsasını kənd təsərrüfatı (maldarlıq, tütünçülük və arıçılıq) təşkil edirdi. Rayonda 31 kolxoz, 2 sovxoz fəaliyyət göstərib, hər il min tonlarla müxtəlif kənd təsərrüfatı məhsulları (ət, süd, yun, tütün, bal) istehsal olunurdu. Respublikanın 21 rayonunun 3 mln. baş qoyun-quzusu və 100 min baş mal-qarası yay aylarında Kəlbəcər yaylaqlarında bəslənirdi.



Ən qədim insan məskənlərindən biri sayılan Kəlbəcərin Vəng kəndi ərazisində Alban məbədi, Çərəkdar kəndində Alban kilsəsi (Həsən Camal kilsəsi), Qanlıkənd ərazisində Lök qalası, Qaraçanlı kəndinə Uluxan qalası, Tərtər çayının Bulanıq çayı ilə qovşağında yerləşən Alban kilsəsi, Qalaboynu kəndində Qalaboynu qalası, Comərd kəndində Comərd qalası, Camışlı kəndində Keşikçi qalası, Kəlbəcər şəhərində məscid, Başlıbel kədində məscid, Otaqlı kəndində məscid, Soyuqbulaq kəndində Tərtər çayı üzərindəki Tağlıdaş körpüsü, Kəlbəcər Tarixdiyarşünaslıq muzeyi, Aşıq Şəmşir adına mədəniyyət evi, Söyüdlü yaylağında Seyid Əsədullanın ziyarətgahı olubdur.1993-cü il aprelin 2-də Ermənistan silahlı qüvvələri Kəlbəcəri işğal edib və həmin tarixi abidələr işğal zonasında qalaraq, Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılıb.70 min nəfərdən çox əhalisi olan Kəlbəcərin işğalı nəticəsində 53 340 nəfər öz yurdundan didərgin düşüb, 55 hərbçi, 511 sakin öldürülüb, 321 nəfər əsir götürülüb və itkin düşüb, minlərlə sakin yaralanıb. Rayonun 3 Milli Qəhrəmanı var. Bu işğaldan sonra BMT Təhlükəsizlik Şurası 822 saylı qətnamə qəbul edib. Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunan rayonlarından dərhal çıxarılması tələb olunur. Lakin indiyədək həmin qətnamədən irəli gələn hər hansı öhdəlik yerinə yetirilməyib. Hazırda Kəlbəcər əhalisi məcburi köçkün kimi Azərbaycanın digər yaşayış məntəqələrində məskunlaşıb.

Kəlbəcərli Vüqarla söhbət

Pərən-pərən düşmüş Kəlbəcər elinin ürəyi vətən həsrətilə cırpınan övladlarından biridə Vüqar İsayevdi . Əvvəlcə qeyd edək ki, Vüqar 1974-cü ildə Kəlbəcər rayonunun Sınıqkilsə kəndində doğulub-böyüyüb. İxtisasca mühəndisdir.

Onunla söhbətə ermənilərin Qarabağda törətdikləri vəhşiliklərdən başladıq. Müsahibim bildirdi ki, bizim ən bəxtsiz tərəfimiz odur ki, düşmənimiz çox namərddi, körpəyə, hamilə qadına ahıl yaşlı insanlar əl qaldıracaq, onları qanına qəltan edəcək dərəcədə simasız, şərəfsizdir: "1992-ci il aprelin 7-dən 8-nə keçən gecə Kəlbəcər faciəsi, bəzəndə Ağdaban faciəsi kimi tarixə düşən qanlı hadisədə 32 nəfər amansızcasına qətlə yetirilib, 8 nəfər 90-100 yaşlı qoca, 2 nəfər azyaşlı uşaq, 7 nəfər qadın diri-diri odda yandırılıb, 2 nəfər itkin düşüb, 12 nəfərə ağır bədən xəsarəti yetirilib, 5 nəfər isə girov götürülüb.Tanınmış nəsillərdən olan Dədə Şəmşirin ("Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri, Azərbaycan Milli Məclisinin deputatı Cavid Qurbanovun babası) nəslindən 15 nəfər sakin də bu faciənin qurbanı olub. Erməni cəlladları Dədə Şəmşirin 28 yaşlı nəvəsi Qurbanov Qulu Şabir oğlunu diri-diri tonqalda yandırdı, 8 yaşlı Ülviyyənin gözləri qarşısında atası Camalı güllələdi, özünü isə kartof quyusunda diri-diri basdırıblar. Bəlkə də camaatın hücumdan xəbəri olsaydı faciənin miqyası böyüməzdi. Təsəvvür edin, kənd əhalisi başıaçıq-ayaqyalın qarla örtülü meşələrə, dağlara dağılıb. Kəndləri müdafiə edən kiçik dəstə ermənilər tərəfindən məhv edildiyindən əhali müdafiəsiz qalıb. Erməni silahlı ordusu130-dan çox evi tamamilə yandırrb, 779 nəfər dinc sakinə divan tutublar. Bax, bizim faciəmiz məhz düşmənimizin insanı hisslərdən uzaq olmasıdır. Yoxsa ki, hansı xalqın taleyində müharibələr, münaqişələr, faciələr olmur”.



- Başlıbel kəndində erməninin törətdiyi dəhşətlər hələ də unudulmayıb...Sakinlər həmin gecəni xatırlayanda dərin həyəcan kecirirlər.

- Başlıbel kəndi Kəlbəcərin ən böyük və ən ucqar yaşayış məntəqələrindən biri idi. Rayonun işğalı zamanı kənd ucqar olduğuna görə sakinlərin ermənilərin Kəlbəcəri üzük qaşı kimi mühasirəyə almasından gec xəbər tutmuşdular. Kənd əhalisi inana bilməyib ki, doğrudan da Kəlbəcər işğal oluna bilər. Çoxları bunun təxribat xarakterli məlumat olduğunu hesab edib. Ona görə də kimsə öz evini tərk edib getməyib. Aprel ayının 1-də kəndin ayağı yer tutan sakinləri dağ yolu ilə Kəlbəcərə doğru köç etməyə başlayıb. Lakin kənddən yaşlılar, uşaqlar, xəstələr və qadınlar çıxa bilməyib. Evlərində qalan insanlar ancaq aprelin 4-də erməni kəşfiyyatçılarının kəndə gəlişi ilə başa düşüblər ki, həqiqətən də Kəlbəcər işğal olunub. Həmin andan sonra sakinlərin bir qismi evlərini tərk etmək istəsə də, onlardan 10 nəfəri düşmən tərəfindən qətlə yetirilib, 5 nəfəri girov götürülüb, qalan 76 nəfər isə dağlara üz tutub. Sonda cəmi 62 nəfər qalıb. Həmin 62 nəfər də dağlarda kahalara sığınıb. Köməkksiz , çarəsiz qalmış insanların faciəsi insanı düşmənə qarşı nifrətlə doldurur. 100 gündən artıq təbiətin bir parçası kimi yaşamaq hər xalqın işi deyil. Bu, xalqımızın başının ucalığıdır. Hər kəs elə bilir ki, dövr bitdi, torpaqlar getdi. Amma elə deyil. Qarabağın ermənilərin əlində qalmasımüvəqqəti işdir. Yeri gəlmişkən, bu yaxınlarda tanınmış jurnalist Elxan Salahov həmin dəhşətlərdən bəhs edən "Qanlı kaha”əsərini ictimaiyyətə kitab şəklində təqdim elədi.Sizə də, oxumağı məsləhət görərdim.

- Vüqar, hazırda sizə ən təsir edən hadisə nədir? Müvəqqəti məğlubiyyət, hələ də torpaqların azad edilməməsi, yoxsa....

- İşğalçı Ermənistan BMT və ATƏT-in prinsiplərinə zidd olaraq 1999-cu ildən Laçında, Qubadlıda, Zəngilan rayonlarında, eləcə də Kəlbəcərdə ermənilərin qanunsuz məskunlaşdırılmasında xeyli işlər görüblər. Qəsəbələr salınıb, evlər tikilib, yollar çəkilib, SES-ı, məktəblər, iaşə obyektləri inşa edilib. Suriyadan gələn ermənilərin bizim yurdlarımıza yerləşdirilməsi mənə Kəlbəcərin işğal olunmasından da ağır gəlir. Ermənistanın siyasi rəhbərliyi bununla özləri də etiraf edirlər ki, onlar qanunsuz məskunlaşma həyata keçirirlər və bunun nəticəsində bəzi ərazilərdə yaşayan ermənilərin sayında ciddi artımlar var. Hələ bu azmış kimi indidə yeni bir həyasızlığın təməlini qoyublar. Mətbuatın verdiyi xəbərə görə, Qarabağdakı ermənilər qondarma "Artsax Respublikasının” Ermənistana birləşdirilməsi üçün referendum hazırlıqlarına çoxdan başlayıblar.

- Ali Baş Komandanımız hələ ki, sülh yolu ilə, qan tökmədən torpaqlarımızın işğaldan azad olunmasına çalışır. Deyək ki, sabah ermənilərə qarşı olan xeyirxah məramımız baş tutmadı. O zaman səfərbərliyə- müharibəyə hazırsınızmı?

- Mən özüm də Türkiyədə 1992 - çi ildə 3 aylıq komando kursları keçəndən sonra Laçından döyüşlərə başlamışam. 1992 - çi ildən 1995-ci ilə qədər Laçın, , Kəlbəcər, Murovdağ döyüşlərində iştirak etmişəm. İki dəfə 1994 - cü ildə Murovdağdan Kəlbəcərin azad edilməsi əməliyyatında iştirak etmişəm. Kəlbəcər işğal olunan vaxtlar Agdabanda Dədə Şəmşirin kəndində döyüşlərində olmuşam Veteranam və ağlım kəsəndə doğma yurdumun xiffətini çəkirəm. Bəlkə də, məni xiffətdən ölməyə qoymayan Sınıqkilsəyə dönmək ümidimdir. Bunun üçün ölümədə hazıram, öldürməyədə.

- Vüqar, siz də böyük və tanınmış bir nəslin nümayəndəsisiniz. Kəlbəcər aşıq mühitində təcnis yaradıcısı kimi tanınan el şairi Bimar Əlinin (1904-1952) nəvəsisiniz. Oxucularımız üçün bildirək ki, Aşıq Bimar Əlinin təcnislərinin özünəməxsus gözəllikləri vardı. Onun təcnislərində məna dərinliyi, xalq hikməti özünə geniş yer alıbdır. Bimar təcnis yaradıcılığında çox irəli getmiş və ustad sənətkarlarla bir sırada dayanmaq haqqı qazanmışdır. Əli Bimar iki mənbədən: ustad aşıqların qoyub getdikləri ədəbi irsdən və xalq yaradıcılığı xəzinəsindən bəhrələndiyi ücün onun yaradıcılığında xəlqilik çox güclüdür. Babanızın yadınızda qalan təcnislərindən birini oxucularımıza söyləyərsinizmi?

- Aqil kəslər bu dünyadan kam alı,

Ağlı kəmlər haqdan payın kəm alı,

Kamil usta cəm eyləsə kamalı,

Lazım gəlmir, yüz düşünə, bir dələ.

Bimar Əli insanlıqda bir üzdü,

Qəm bəhrində bir çalxandı, bir üzdü,

Mən görmədim namərdlərdə bir üzdü,

Ara, axtar, sən onları birdə ələ.

-Vüqar , müsahibəyə görə təşəkkür edirik. Bizim də ən böyük arzumuz işğaldakı torpaqlarımızın dogma sakinlərinə qayıdacağı günü görməkdi.İnşallah, tezliklə bu arzumuzada çatarıq.


Əntiqə Rəşid