“Virtual qəbul otağı”nda növbəti canlı yayım olub
Komitədən Adalet.az-a verilən məlumata görə, aprelin 1-də komitənin rəsmi Facebook səhifəsində "Virtual qəbul otağı”nın növbəti canlı yayımı gerçəkləşdirilib. Səhifənin izləyicilərinə əvvəlcədən bildirildiyi kimi, bu dəfəki canlı yayımda vətəndaşların müraciətlərini komitənin "Miqrasiya, məskunlaşma, status və sosial təminat” şöbəsi müdirinin müavini Xəyyam Hüseynov cavablandırıb.
Canlı yayıma komitənin mətbu orqanı olan "Vətən səsi” qəzetinin baş redaktoru Elşən Əliyev moderatorluq edib.
Araşdırılması müəyyən vaxt tələb edən müraciətlərin müəlliflərinə özləri haqqında məlumatı və əlaqə üçün telefon nömrəsini mesaj vasitəsilə səhifənin administratoruna göndərmək təklif olunub. Həmin müraciətlərin mövcud qanunvericilik çərçivəsində cavablandırılacacağı bildirilib. "Virtual qəbul otağı”nda canlı yayımın getdiyi müddətdə, komitənin aparat rəhbəri Eldar Zeynalovun videoqəbulu da keçirilib. Aparat rəhbəri əvvəlcədən qəbula yazılmış 40-dan çox vətəndaşla görüntülü danışıb, onların müraciətlərini dinləyib, suallarını cavablandırıb.