adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
01 Aprel 2020 17:00
25756
ELM VƏ TƏHSİL
A- A+

Təhsil Nazirliyi: Mənbəyi bəlli olmayan məlumatları bir-birinizə ötürməyin

Mart ayı ərzində təhsil müəssisələrində fasilə müddətinin uzadılmasına, tələbə və şagirdlərə aid bir sıra digər məsələlərə dair bir neçə dəfə yanlış məlumatlar, o cümlədən Nazirlər Kabinetinin və Təhsil Nazirliyin rəsmi saytından "skrinşotlar” və sair yayılıb. Hər dəfə bununla bağlı Təhsil Nazirliyi məlumatın yanlış olduğunu, bu hərəkətlərin hüquqi məsuliyyət yaratdığını və bütün vətəndaşların yalnız rəsmi məlumatlara istinad etməyini dönə-dönə vurğulanıb. Lakin bu gün yenidən bu saxta məlumatların kütləvi şəkildə yayılmasına başlanıb.

Bunu Təhsil nazirinin müşaviri Elnur Məmmədov deyib.

O qeyd edib ki, sosial şəbəkələr bir tərəfdən doğru xəbərlərin yayılma sürətinə necə müsbət təsir edirsə, yanlış və təxribat xarakterli məlumatların ötürülməsinə də bir o qədər geniş imkan yaradır:

"Təhsil ilə bağlı xəbərlər isə adətən kütləvi xarakter daşıyır və hər bir Azərbaycan ailəsinə təsir edir, çünki bir çox ailələrdə ən azı bir şagird, tələbə və ya müəllim var.

Bu hərəkətlərin arxasında duran insanlardan cəmi 2 xüsusiyyət tələb olunur:

1. İnternetə çıxışın olması.
2. Vicdanın olmaması.

"Hamımıza məlum olan yaranmış vəziyyətdə vətəndaşlarımızın məsuliyyətli və həmrəy olması sağlamlığımız uğrunda apardığımız mübarizənin vacib şərtidir. Sağlamlıq həm fiziki, həm də psixi sağlamlıq deməkdir. Saxta məlumat psixi sağlamlığı pozur, çaşqınlıq yaradır, insanın vaxt və enerjisini lüzumsuz sərf edir.

Bu həmrəyliyin bir təzahürü olaraq HƏR BİRİNİZDƏN xahiş edirəm ki, MƏNBƏYİ BƏLLİ OLMAYAN MƏLUMATLARI (skrinşot, səs yazısı, elektron yazışma və sair) sosial şəbəkə üzərindən BİR-BİRİNİZƏ ÖTÜRMƏYİN. Məlumatın doğruluğuna özünüz əmin deyilsinizsə, onu sms-lərə, Feybsuka, Votsaplara, Teleqramlara, İnstaqramlara və daha hansı qramlara kütləvi şəkildə paylaşmayın. Bunu etməklə, siz təxribatı törədən şəxsin ALƏTİNƏ çevrilirsiniz və bu prosesdə özünüz bilmədən FƏAL iştirak edirsiniz.

Məlumatın doğru olub-olmamasını DƏRHAL yoxlamaq üçün dövlət orqanlarının (o cümlədən, Təhsil Nazirliyinin) rəsmi internet və sosial şəbəkələrdəki səhifələrinə istinad edin. Qəbul olunmuş qərarlar təxirəsalınmadan rəsmi internet resurslarına yerləşdirilir.

Bu çətin dövrdə əməkdaşlığınıza və məsuliyyətli davranışınıza görə sizə öncədən təşəkkür edirəm!"