adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

“Dəli” Züleyxa - Kəndimizin adamları - Əntiqə Rəşid yazır

Əntiqə RƏŞİD
128902 | 2020-04-08 09:19

Sovet hökumətinin təzəcə qurulan vaxtında bizim kəndimizə Züleyxa adlı bir qız gəlin gəlir. Adı indi də xatırlanır, indi də anılır. Niyə? Niyəsini bilmək istəyirsinizsə, o qızın qəribə taleyini, keşməkeşli həyatını, yaşadıqlarını sizə danışım.

Ağbəniz, ucaboy, gözəl, gənc Züleyxa Qarabağda Baharlılar nəslinin adlı-sanlı bəyi olmuş İsmayıl bəy Vəlibəyovun qızı, maarifpərvər ziyalı Cabbar bəy Vəlibəyovun (Baharlı kəndi) bacısısıydı. Sovet hökuməti onların da dövranını alt-üst eləmişdi. Mallarını-mülklərini, torpaqlarını. imtiyazlarını əllərindən almışdı. Belə bir zamanda ailənin məsləhəti, elə Züleyxanın da istəyi ilə onu qonşu Qərvənd kəndindən, kökü bəyzadə olan Əşrəf adlı savadlı-oxumuş bir oğlana ərə verirlər.

Əşrəf və Züleyxa

Əşrəf bəy də Qarabağda tanınan Kəkilbəyovlar nəslinin nümayəndəsi olub. Adı tarix kitablarına da düşən Kəkilbəy Kəkilbəyov Şuşa xanı İbrahimxəlili Qacarın hücumundan qorumaq üçün şəhərdən qaçırıb uzaqlara aparan, Qacarın öldürülməsində əli olan igid bir bəy, sərkərdə olub. Onun oğlunun adı Əbülqasım bəy, Əbülqasım bəyin oğlunun adı Aslan bəy, Aslan bəyin oğlunun adı Teymur bəy ( Molla Teymur), Teymur bəyin 4 oğlundan birinin adı isə Əşrəf idi. Bu ailə də sovet hökümətindən öz nəsibini almışdı. Amma Əşrəf bəyin yazı-pozu bilməsi, onu sürgündən, türmədən qorumuşdu. O hətta kənd sovetində katib işləyirdi.Yəni, yerli hökümət...

16 yaşlı Züleyxa xaraktercə amiranə, hökmlü, dediyindən dönməyən olmasına baxmayaraq ailəlik həyatına tez isinişdi. İlk övladı Tofiq 1928-ci ildə anadan oldu, 2 ildən sonra Məzahir, 3 ildən sonra Şəmsi, 2 ildən sonra qız övladı ,1938-ci ildə Rəşid, 1943-də Nuşirəvan...

Qız övladı çox yaşaya bilmədi... çəlimsiz bədənini də götürüb bu dünyadan köçdü. Dözmədi çətinliklərə, aclığa, kasıblığa, ..Gənc valideynlərin ürəyinə bala dağı çəkildi. Baxmayaraq ki, kənddə çox adam Əşrəfə həsədlə baxırdı, onun savadı, dövlət qulluğunda olması, gözəl xanımı, sağlam balaları olması hansısa paxılı için-için yandırırdı.

Qara ağızlı müharibə

Az keçmiş Böyük Vətən Müharibəsi də başladı... Əşrəf in "paveska”sı gecikirdi. Xeyli adama kağırış vərəqəsi verən Əşrəfi niyəsə ləngidirdilər. Bəlkə də, qaraniyyət adamlar onun yerinə adam da seçmişdilər, amma gərək hökümət çağıraydı Əşrəfi. Deyilənə görə, bax elə beləcə, çətin zamanların birində rayonda böyük qulluqda işləyən iki erməni əlbir olub, ağdamlıların savadlı qisminin xeyli hissəsinin qənim kəsilmişdi. Gözlərinə görünən savadlı –ağıllı, çevik ağdamlıları şər atıb tutdurmağa, gedər-gəlməz sürgünə yollamağa nail olurdular. Günlərin bir günü Əşrəfi də şərləyə bildilər. 1944-cü ilin əvvəli.. Qarlı bir qış günü... Övladlarının yatılı vaxtında onları öpüb-qucaqlamağa, oyatmağa ürəyi gəlmədi.. Bir yorğançanın altına yığışıb-büzüşmüş uşağlara son dəfə göz dolusu baxıb getdi. 5 körpəsi ilə tənha qalan Züleyxanın qara günləri elə həmin gündən başladı. Ərini isə cəza batalyonunun nəzdində müharibəyə apardılar.

Əşrəf müharibəyə gedəndən sonra ailənin vəziyyəti daha da ağırlaşdı. Evin böyük oğlu anasına əlindən gələn köməyi eləməyə çalışırdı. Ev işlərində uşaqlara baxmaqda...Züleyxa obaşdan yuxudan durar, qazan asar, paltar yuyar. Uşaqlar yuxudan oyanmamış aparıb paltarları buz kimi kəhrizdə toxaclayar, uşaqlara yemək bişirər , çay qaynadardı. Bütün günü dincəlmədən balalarına baxardı.

Pəsi

Böyük Vətən müharibəsi başlayanda bizim kəndimiz (istədi-istəmədi dəxli yoxdu) xeyli kişi müharibəyə getdi.. Deyilənə görə , təxminən o boyda kənddə 10-15 kişi qalmışdı. Onlar da ya xəstə olub, ya da əlil.. Həmin bu qalan kişilər kolxozun ağır işlərin görmək məcburiyyətində olublar. Uzun sözün qısası, o vaxt sağlam kişilərdə müharibədən yayına biliblər. Onlarda ya raykom katibləri olub, ya da kolxoz sədrləri. Belə biri bizim kolxoza sədr gətirilir. Adı deyilənə görə, Pəsi olur. Cox əzazil, hökümətə yaxılan, xalqa zülm edən biri olub. Ən pisi isə odur ki , ərləri müharibəyə getmiş gənc və gözəl gəlinlərə bir başqa gözlə baxarmış. Həmin gəlini o qədər imtahana çəkərmiş ki... Eləsi olub ki, sırf ac-yalavac qalmış balasının xatirinə onun istəyinə təslim olurmuş... Eləsi də olub ki...

Bir gün Pəsinin gözü Züleyxanı gördü. İyrənc gözü, doymaz gözü. Əslində 6 uşaq doğduğuna baxmayaraq gəlin gözəlliyindən heç nə itirməmişdi. "Həm də, axı yanında əri yoxdu. Onu tovlamaq, lap şər atmaq da asandı. Tez ələ almaq olar”. Beynində cinlər-şeytanlar oynayan sədr gəlini kolxoz işinə getməsini, dövlətə xeyir verməsini tələb edir. Qucağında 2 yaşlı körpəsinin və əlavə 4 övladının olduğunu bildirən qadın kolxoz işinə gedə bilməyəcəyini bildirir. Onsuzda Züleyxanın bu keçəl, dombagöz kişinin baxışlarından çimçənmiş, iyrənmişdi. (Yeri gəlmişkən, rəhmətlik Abdüləzim baba vardı. Söhbət edirdi ki, o vaxt kişilər belə kolxoz sədri ilə, sovet sədri ilə ucadan danışmağa çəkinirdilər. Cünki bu sədrlər dövlətin üzü hesab olunurdu. Hamı onlarla "bəli-xeyir”lə danışardı.red-Ə.R )

Ona görə də, hökmlə cavab verir:” Gəl, evdə otur mənim uşaqlarımı saxla, mən gedim işləyim”.

Onun belə cəsarəti təbii ki, sədrin xoşuna gəlmir. Gəlinin ona nifrət dolu cavabını həzm edə bilməsə də ,amma məqsədinin xatirinə susub ordan uzaqlaşır.

Növbəti dəfə yenə Züleyxanı idarəyə çağırıb ondan kolxoz işinə getməyi tələb edir. Həm də bunu işçilər olan yerdə edir ki, sabah günahı onda yox, qadında görsünlər. Züleyxanın bəylik genindən gələn hökmranlıq, cəsarət, dürüstlük sədrin cavabını yerindəcə verir:”Gücün çatırsa, gəl məni evdən çıxart, apar işlət, cəsarətin çatırsa gəl. Yabanı qarnına soxaram!”

Yaşamaq və yaşatmaq uğrunda döyüş

Sədr işçilərin yanında biabır olur. Anlayır ki, Züleyxa öz xoşu ilə buna yar olmayacaq. Odur ki. əməli işə keçir. Rayon mərkəzinə, milis şöbəsinə Züleyxanın bəy qızı olduğunu, evində çoxlu qızıl gizlətdiyini yazır. Milislər gəlir. Evi didik-didik axtarırlar. Hətta yastıqların, yorğanların içini söküb baxırlar, evin həyətində müxtəlif yerləri qazırlar. Bütün kənd həmin gün Züleyxanın qaynatası Teymurdan qalmış uçuq-sökük evinin başına yığışmışdı. Züleyxa uşaqlarına sarılıb ağlayır. Bəzən gözünün yaşını silib, milislərə onlarda qızıl olmadığına inandırmaq üçün and içirdi. Uşaqlar isə nə baş verdiyini anlamayaraq ağlayır, qorxu içində çırpınırlar. Nəhayət çox axtarışdan sonra əllərinə heç nə keçməyən milislər oranı tərk edir.

Qadın özünü tox tutmağa çalışsa da atasının, qardaşının , həyat yoldaşının yoxluğu, yanında arxa- dayaq olmamasının acısını yaşayır. Onu olmayan bir şeyin üstündə suçlayırdılar. Yanıb yaxılırdı. Guya qızıl gizlədibmiş...

Amma özünü toxtadırdı. Əmin idi ki, kənd camaatı onun incidilməsinin səbəbini dəqiq bilir. Əksi olsaydı bu müsibətlər başına gələrdimi? Bir yandan da "hökümət”ə etiraz edə bilməyən kənd camaatının ona qarşı qürurlu, sevgi dolu, mehriban , mərhəmətli baxışlarını da hiss edirdi. Bəlkə də, tək kənddə deyil, elə rayonda da yeganə cəsarətli qadın idi axı...

Pəsi ilk dəfə idi ki, neçə deyərlər”daş qayaya rast gəlib” misalına tuş gəlmişdi. Bilirdi, bu yolla əlinə heç nə gəlməyəcək. Amma pislik etməkdən özünü saxlaya da bilmirdi. Odur ki, "ilin sonunda dövlətə vergi ödəmədi” –deyib, yenə Züleyxadan rayon mərkəzinə uzun bir şikayətnamə yazır. Bir payız günü vergi müfəttişləri uçuq-sökük daxmaya hücuma keçirlər. O daxmadan köhnədən qalmış 5-6 əşyanı- palazı, kilimi, yorğanın və döşəyin içindəki yunu belə söküb aparırlar.

Əlacı yenə balalarına sarılıb ağlamağa qalırdı. Amma camaat arasına çıxanda yenə də hökmünü, boynunu, başını əyməzdi.. Şax gəzərdi.

Uçuq evin uçuq pəncərsindən, sona qədər düz-əməlli örtülməyən qapısından qışın şaxtası-soyuğu evə dolurdu, uşaqlar titrəyirdi. Amma susurdular, dözürdülər. Az yaşlarıyla analarının hansı zülümləri çəkdiyini görürdülər, anlayırdılar. Elə vaxtlar olurdu ki, gecəni ac yatardı uşaqlar... Bir ovuc arpa, bir ovuc buğda tapanda evdə şadyanalıq olurdu. Sanki bayram olurdu.

Bir gün ana hisli çırağın işığında yemək yeyən balalarına baxanda 9 yaşlı Şəmsinin boşqabının boşalmadığını gördü.

-Niyə yemirsən, ana qurban?

-Ürəyim yemək istəmir. Yuxum gəlir...

Gecənin bir aləmində ana inilti səsinə oyandı. Uşaq od tutub yanırdı, qızdırmadan gözlərini aça bilmirdi ... Ana əlindən nə gəlirdisə etdi, uşağın ayaqlarını ovxaladı, su qızdırıb suya qoydu. Yaş əski ilə boyun-boğazını sildi. Uşaq dincəlmədi, elə hey zarıdı. O biri uşaqlarda yuxudan oyandı. Əllərindən maddım-maddım baxmaqdan başqa bir iş gəlməyən uşaqlar yenidən yuxuladılar. Amma Züleyxa yatmadı. O bilirdi ki, uşaq yorğansız yatdığına görə, soyuqlayıb, sətəlcəm olub. Gecənin o aləmində, qışın şaxtasında kimin qapısını döysün, kimdən imdad diləsin, yalvarsın-yaxarsın "balamı xilas edin” desin, bilmədi. Səhərə qədər bumbuz otaqda təndir kimi yanan uşağın başı üstündən çəkilmədi. Səhər saatlarında isə o uçuq-sökük daxmadan bir ananın fəryad səsləri göyə bülənd olmuşdu. Qonşu qadınlar səsə daxmaya tərəf axnaşdılar. Balaca Şəmsi artıq gözlərini bu dünyaya yummuşdu.

Qeyrətli, namuslu, dəli-dolu –"dəli” Züleyxa

Şəmsinin ölümündə 40 gün ötmüşdü. Züleyxa bu müddətdə ovuna bilməmişdi. Zivəyə paltar sərəndə də, kəhrizdən su gətirəndə də astadan ağlayır, göz yaşlarını balalarından gizlədirdi. Unutmuşdu Pəsini də , kolxozu da, yorğanın –döşəyin içini eşib yununu aparan milisləri də... Arabir sonu görünməyən yollara baxır, yorulanda dönüb ondan şəfqət gözləyən balalarına baxır, sonra da yenə də yaşamına davam edirdi...Balaları üçün çarpışırdı... Bir gün yenə kəhrizdən su gətirəndə atın üstündə çaparaq ona tərəf gələn sədri gördü. Onsuzda kənddə atlı bir tək o idi. At düz Züleyxanın qarşısında dayandı. Baxışlar qarşılaşdı. Bir baxışda hiyləgər təbəssüm, o biri baxışda bala qatili görən ananın ifadəsi.. nifrət, dəhşət, ağrı, acı...

- Qız, belə gözəl canı xarab eləmə, qurda -quşa yem olacaq axırda, Vallah balalarına da baxacam, sənə də...

Züleyxa 40 gün içində boğduğu nifrəti, ümidsizliyi, bala itkisinin verdiyi acını, ata-qardaş -ər yoxluğunun verdiyi əzabı bir anda sanki vulkan kimi püskürdü:

-Ay oğraş, sən məni nə hesab edirsən, a binamuş... Mən İsmayıl bəyin qızıyam eeeyy, mən Cabbar bəyin bacısıyam, Əşrəf bəyin arvadıyam... sənin kimi çaqqala boyunmu əyərəm?... Ay arsız- namussuz...ay....

Evlərdən cölə başlar uzandı. Taxta qapılar taqqıldadı. Hamı elə bildi ki, kiminsə qara kağızı gəlib. Özlərini səs gələn tərəfə atdılar. Züleyxa atın üstə karıxıb qalmış sədrin nəslini-kökünü, ölüsünü-dirisini sadalayırdı. Camaatın nifrətli baxışını görən atlı ata bir qırmanc vurub ordan sürətlə uzaqlaşdı. Züleyxa isə o hayqırtıdan sonra yerə çöküb ağlayırdı.:” Sənin kimisinə yem olmaqdansa qara torpağa yem olaram... 4 balam da mənim namusuma-qeyrətimə qurban olsun... Onlar da gözümün qabağında ölsə, səni seçmərəm, haramzada...”

Qadın artıq Pəsini ötənlərdə qalmış dərdlərinin də -atasının, ərinin axırına çıxan Sovet höküməti kimi görürdü. Artıq ona elə gəlirdi ki, qardaşını da Pəsi yurdundan perik salıb. Ölən qızının da, Şəmsinin də qatili Pəsidir. Sonuncu murdar təklifdən sonra isə Pəsini at üstündə sağ gəzdiyini gördükcə, nifrəti birə min artırdı. Elə uzaqdan Pəsinin atının ayaq səslərini eşidən kimi yenə içindəki vulkan püskürür, odu-alovu ətrafa yayılırdı. Yenə insanlar küçələrə axışır, sədrə nifrətlə baxırdılar. Sədr artıq camaatın baxışından qorxmağa başlayırdı, artıq o həndəvərə hərlənməməyə, Züleyxanın gözünə görünməməyə çalışırdı. Ona yaltaqlananlar isə "əmrə tabe olaraq” Züleyxaya "dəli” adını qoşub camaatın gözündən salmağa başlamışdılar. Sədrə xoş getsin deyə... Amma hamı-bütün kənd anlayırdı ki, Züleyxaya bu adı təhqiramiz şəkildə yapışdırmağa calışanların əxlaqı da pozuqdu, evlərindəki qadınların da namusdan xəbəri yoxdu.

Maraqlısı o idi ki, "Dəli” adı Züleyxanın xoşuna gəlmişdi. Arada dodağının ucu ilə öz adına da gülümsünürdü. O addan sonra nə Pəsini görmürdü, nə onun səsini eşitmirdi, nə onun cəhənnəmi xatırladan baxışlarını üzərində hiss eləmirdi.

 

İllər keçdi. Əşrəf müharibədən qayıtmadı. Züleyxa övladlarını namusu, leyaqəti ilə böyütdü, ev-ailə sahibi etdi. Nəvə sevinci yaşadı. Böyük bir nəslin fəxrinə, böyük bir kəndin qeyrət simvoluna çevrildi. Kəndimiz ermənilər tərəfindən alınmamışdan illər öncə Züleyxa da haqqın dərgahına qovuşdu. Onun həmyaşıdı olanlar hər məclisdə mütləq o qadından danışardılar. Amma "dəli” sözünü psixi xəstə kimi yox, igidlik, dəliqanlılıq kimi hörmətlə ifadə edirdilər. Hec vaxt unutmaram, kəndimizin ağsaqqaları, Abdüləzim baba, Abdulla baba, Gəray baba, Şəkər nənə, Afizə nənə, Maya nənə, Balış nənə Züleyxa haqqında elə hörmətlə danışırdılar ki, sanki, Allahın bacısı qızından danışırdılar... Bəli, buda indi işğalda qalan kəndimizin bir insanı... Bir gəlini, bir anası, bir nənəsi...

P.S. İndi düşünürəm, nə yaxşı ki, Züleyxa mənim nənəm olub, nə yaxşı onun oğlu Rəşidin qızıyam... Nə yaxşı tanıyanlar məni nənəmə oxşadır .. Nə yaxşı...

Əntiqə Rəşid

 


 

TƏQVİM / ARXİV