adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
01 Aprel 2020 08:33
62776
ƏDƏBİYYAT
A- A+

Kədəri təbəssümlə dilə gətirən şair- Coşkun Karabulut - Günel Natiq yazır

Türk poeziyası dedikdə pafosdan, gurultudan uzaq, sanki pıçıltı ilə deyilən, hisslərə sığal çəkən şeirlərin həzinliyi dolur könlümüzə. Bu şeirlərin güclü fəlsəfi tutumu var; poetik mənalarla zəngindir. Ustad şair Coşkun Karabulutun şeirləri də bu qəbildəndir. İncə, axıcı, dərin, düşündürücü... Məna içində məna gizlidir.

2017-ci ildə "Hardan haraya” şeirlər kitabının Bakıda nəşr edilməsi Coşkun bəyi Azərbaycan oxucularına bir az da yaxından tanıdıb. Kitabın redaktoru və tərcüməçisi şair-publisist Nazilə Gültacdır.

Coşkun Karabulut "Qərib” şeir axınının nümayəndəsidir. Bu cərəyanın nümayəndələri vəzn və qafiyəyə, məcaza, süniliyə qarşı çıxır, şeirdə söz və məna oyunlarına yer verirlər. Coşkun Karabulutun şeirlərindəki incə, fəlsəfi yumor onu bu cərəyanda yazılan digər nümunələrdən fərqləndirir. Sətiraltı mənası olan fikirlər çoxqatlıdır. İncə yumor hadisənin dramını, faciənin mahiyyətini daha çox hiss etdirir. Oxucu anlayır ki, ağlamamaq üçün gülür şair.


HƏYAT –

bir yumurta kimi...

ya quş olub uçacağıq

Ya da bizdən

qayğanaq bişirəcəklər…


Coşkun Karabulutun şeirləri dərin fəlsəfəyə köklənib. Bəzi şeirlər üzə təbəssüm qondarsa da, ürəyi kədərə kökləyir. İnsan taleyinin əslində kədərdən ibarət olduğunu və bu təbəssümün kədərdən qaçmaq üçün bir yol olduğunu anlayırsan...


Dünyada ən ədalətli

insanın kölgəsidi.

Zəncidə də,

ağ insanda da

həmişə qaradı...

içində un varmış kimi

ələyirəm yalandan

könlü xoş olsun, – deyə…


Coşkun Karabulutun şeirləri müəllifin özüylə söhbətidi, özünə də etiraf etmədikləridi, sonda sözün bu tilsimi qırıb hər şeyi onun özünə və oxuculara faş etməsidir. Burda peşmanlıqlar da var, göz yaşları da, təəssüflər də. Bütün bunları o, bircə-bircə sözlə paylaşır, bəzən ona "ustad” deyir. İki ustadın- şairin və şeirin- kimin kimə müraciət etdiyini kəsdirə bilmirsən.



Müəllifin bircə-bircə sözlə paylaşdıqlarını oxuyarkən adam sarsılır, bəzən hansısa şeirin önündə donub qalır. Bəzən bir şeir bütün dünyanın ovqatını ifadə edir. Digər bir şeirin enerjisi isə romanlara sığmaz! Həcmcə kiçik şeirləri oxuduqca düşünürsən ki, həqiqəti ancaq bu qədər sadə şəkildə anlatmaq olar. Gerçəklik oxucunu əslində çox şey gözləmədiyi vaxtda yaxalayır. Həqiqəti onu qəbul etməyə hazır olmadığın bir vaxtda dərk etməli olursan. Və bunun bədəli bəzən çox ağır olur.


Qardan adamlara xidmətimin bədəli,

yığıb saxladığım qardır bir yığın

bu illər ərzində.

Elə ki bir rüzgar gördü,

qar fırtınaları əsər içimdə.

Göz gözü görməz.

Ayazlı gecələrdə donub qalıram,

Günəşdən də qorxuram,

əridər yığdıqlarımı…


İnsanın yaradıcı enerjisi sənət əsəriylə onun arasındakı ünsiyyətdən, təmasdan üzə çıxır. İnsan öz potensialını yalnız güclü şeir, ya nəsr əsəri oxuduğu zaman dərk edir. Şübhəsiz ki, bu şeirlər insana öz potensialını göstərən, onu öz enerjisiylə təmin edən şeirlərdi.

Coşkun Karabulut şeirlərinin birində ölümün mövcudluğunu dilə gətirir, amma gəlib-keçən ömrə heyfsilənmir, yağış altında gözləmələrə, xəyala dalmalara, təbəssümlərə, gülüşlərə, hüznlərə, o anların xoşbəxtliyinin ötəri olduğuna heyfsilənir. İnsanın deyil, duyğuların fani olduğuna təəssüflənir şair.


Deyək ki, öldük.

Olsun, hər kəs ölür.

Xəyala dalmalar necə olacaq sonra?..

Uzağa getmələr,

ikiyə bölünmş pəncərə şüşəsindən

boylanan təbəssüm, hüznlər nə olacaq?..


Şair ölümdən yazır, amma onu kədərləndirən ölüm deyil, təbiətdən uzaq düşməsidir. Çünki torpaq insan kimi fani deyil, torpaq- əbədiyyətdir. Aşıq Veysəlin məşhur misralarını xatırlayıram: "Mənim sadiq yarım qara torpaqdı”. "Beton binaların altında ölümün dadı qalmadı”,- deyir Coşkun Karabulut. Ölüm məhz torpağın dadını yaşatdığı üçün gözəldir. Bu, necə bir torpaq sevgisidir? Hətta ölümü də heçə sayır bu sevgi. Qara torpaq ölümlə assosiasiya olsa da, yenə də gözəldir.


Ölümün də dadı vardı, əlbət,

köhnə zamanlar, sevgili Berdan.

Torpaq altında qalmazdıq belə.

Bir yolunu bulub

boy atardıq yenə də.

Tikanlı qızılgülləri,

göyüzünü görmək vardı.

İndiysə

beton binalar altında,

su dolu zirzəmilərin dibində,

sonsuzluqlar boyu qalmaq qorxusu...

Ölümün də dadı qalmadı.

Ölümün də.


Ustad şair sevgini, sevgiylə bütövləşməyi kiçik bir şeirdə elə ustalıqla ifadə edir ki, bu fikri uzun cümlələrlə ifadə etmək istəsən, belə dolğun alınmazdı.


Bu necə işdir,

Məndən Səni çıxardım,

Sən qaldın.

Səndən Məni çıxardım,

Yenə sən qaldın.

Bu necə işdir,

Mən hardayam?..


Sevgi əgər budursa, onun uğrunda candan keçməyə dəyər, çünki son nəticədə yenə sən həyatda qalırsan. Hansı şəkildə qalmağının elə də əhəmiyyəti yoxdur.

Bəzən eşq sadəcə bir nağıldır; nağıl kimi gözəl və xəyali. Bu mənada reallıq daha üstündür. Amma hansını daha çox arzuladığını çox vaxt özün də aydınlaşdıra bilmirsən- gözəl nağılı, yoxsa acı gerçəyi? Və yaxud hansına ağlayasan- yarımçıq qalmış ömrə, yoxsa yarım qalmış nağıllara? Şair də reallığın zərbindən yarımçıq qalmış nağılını belə anladır.


Bir nağıl başlamışdıq

səninlə,

.........

Birdən

göydən üç alma düşdü.

Üçü də başıma düşdü.


Şairin sufi təbiəti şeirlərdə özünü göstərir. Bir pritçanı xatırladım. Yolla bir dəstə adam gedir. Xeyli yol gedəndən sonra dəstənin başçısı deyir: "Çox getdik, özümüzdən, ruhumuzdan aralı düşdük. Bir az oturaq, ruhumuzu dinləyək”.

Qələbəliklərdə öz ruhundan uzaq düşmüş Coşkun Karabulut tənhalığın xiffətini edir.


Gəncliyim keçdi

tənha yollardan,

kimsəsiz qaranlıqlardan.

Çatdığım yerdəsə,

çox qələbəlikdi,

İndi,

ara ki, özünü tapasan...


Başqa bir şeirində müəllif tərəf-müqabiliylə ayrı-ayrı dünyaların adamları olduğunu yenə müdrik bir sadəliklə anladır. Amma bir məsələ də var ki, bu "ayrı-ayrı dünyalar” bir-birini tamamlayır, çünki insan həmişə əks qütbə can atır.


Mən göyüzüyəm,

Sən yerüzü.

Məndə qanad oyunları,

Səndə ayaq oyunları.

Bir-birimizi tamamlayırıq.


Qocalığı imitasiya edib zamandan qaçmaq istəyən şair alt qatı olan, zamanla mübarizədə yenilməyən söz söyləyir.


Saçımı bəyaz etdim,

üzümü qırış-qırış;

Görməsin uşaq qaldığımı,

qısqanıb da

köhnəltməsin məni zaman.


Yaşamla ölümün arası bircə andır. Cəlaləddin Rumi belə deyirdi. Coşkun Karabulut yaşamla ölümü bir-birinin içində görür.


Başımda bir qələbəlik,

kimisi ağlamaqda.

Kimi yanıb yaxılır,

ölən var, açıq-aydın.

Maraqlandım, kimdir deyə,

Özümü gördüm, uzadılmış.

Mamaçanı gözləyirdim halbuki,

mamaçanı çağırın, deyəcəkdim,

yenidən doğulmaqçün.

Bağladılar çənəmi...


Coşkun Karabulutun şeirlərində xəfif yurd həsrəti var. 1956-cı ildə Qarsın Sarıqamış elində doğulan şairin ana tərəfi əslən Şəkidəndir. Ana yurdunu görmək həsrətiylə yaşayan şairi eyni zamanda tərəddüdlər sarırdı. Görəsən...


Eşqləri, sevdaları,

Gülüşləri, baxışları,

Hopubmu hər bir yana?..

O torpaqdan gələrmi

Babalarımın ətri?..

Hüzün yağarmı göydən?..

Dolaşan ölməz ruhları,

"Xoş gəldin” deyərmi görən?


Şair-publisist Nazilə Gültacın təşkilatçılığıyla gerçəkləşən "Könül körpüsü” layihəsində keçən il Azərbaycana gələn Coşkun Karabulut Şəkini də ziyarət etdi, babaların yaşantılarını, sevdalarını, hüznlərini, gülüşlərini, baxışlarını gördü, duydu, kövrəldi. Yəqin ki, Coşkun bəy bu hüznləri, sevdaları, təbəssümləri fani zamana təslim etməyəcək, onlara öz şeirlərində yaşarılıq verəcək.

Coşkun Karabulut sözü sirdaşı, qardaşı, doğması bilir, sözün ilahi həqiqətinə sığınır: "Əgər bir şair sözlərdən həqiqəti dilə gətirmək üçün istifadə edərsə, o zaman bu sözlər gülə-oynaya şeirə daxil olmağa can atarlar. Və şairə əziyyət vermədən sətirlərdə yoldaşlıq edəcəkləri sözləri özləri seçərlər. Bu şeirlər şairi xoşbəxt etdiyi kimi, illər sonra da olsa, oxucuları xoşbəxt edər, onlara həyat sevinci verər”,-deyir şair.

Coşkun Karabulutun olumdan və ölümdən sadə bir müdrikliklə bəhs edən şeirləri əsla oxucuya xəyanət etməz, onları darda qoymaz. Əksinə, illər sonra da olsa, xoşbəxtlik və yaşam enerjisi bəxş edər...